Страницы

27.02.2017

Tuvalılar Böyük Vətən Müharibəsində

 Ukraynada vuruşan Tuva kavaleriyası alman qoşunlarını vəlvələyə salmışdı. Köhnəlmiş və kirli kimi görünən milli paltarlar geyinmiş, boyunlarından yekə-yekə gözmuncuqları asmış tuvalılar arıq-uruq atların belində qırğı kimi şığıyarkən indiyədək belə mənzərə ilə rastlaşmamış alman əsgərlərini vahimə bürüyürdü. Əsir düşmüş Reyxstaq zabiti dindirilmə zamanı bildirmişdi ki, onlar qıyıqgöz tuvalıları şüuraltı olaraq “Atillanın ordusu kimi qəbul etmişdilər və bu səbəbdən döyüş qabiliyyətini tamamilə itirmişdilər”. Tuvalı döyüşçülər cəbhədə onunla ad çıxarmışdılar ki, əsir götürmüdülər və düşmən sayca çox olanda belə təslim olmayıb son damla qanlarına kimi vuruşurdular. İş o həddə çatmışdı ki, alman hərbçiləri tuvalılara “der Schvarze Tod”- “Qara Ölüm” adı qoymuşdular.
 Böyük Vətən Müharibəsi dövründə Tuva xalqı Sovet Ordusuna 40 min döyüş atı, 50 min cüt xizək, 10 min kürk gödəkçə, 10 minlərlə cüt valenka ayaqqabı, 60 ton yun, çoxlu ərzaq və oduncaq verdi. Cəbhədəki əsgərlərə Tuvadan 389 vaqon müxtəlif hədiyyələr göndərildi. Bundan başqa, Tuva 30 milyon rubl dəyərində olan bütün qızıl ehtiyatını və öz ərazisində ildə 11 milyon rubl dəyərində qızıl çıxarışını SSRİ-nin ixtiyarına verdi. 1944-cü ildə Tuva aratları Ukrayna kolxozlarına 26 min baş mal-heyvan yolladılar. Həmin mal-heyvan Ukraynada kənd təsərrüafının dirçəldilməsində mühüm rol oynadı. Ümumilikdə Tuvadan SSRİ-nin müharibə nəticəsində dağılmış regionlarına 750 min baş mal-heyvan göndərildi. Nəzərə almaq lazımdır ki, 1921-ci ildə yaradılmış Tuva Xalq Respublikası müstəqil respublika olmuşdu və yalnız 1944-cü ildə (könüllü şəkildə) SSRİ-nin tərkibinə girmişdi.
 1943-cü ildə 25-ci tank polkunun tərkibində Tuva tankçıları cəbhəyə yola düşdülər. Tuva könüllüləri Ukrayna, Moldaviya, Rumıniya, Macarıstan, Çexoslovakiyanın faşist işğalçılarının azad edilməsində mətinliklə vuruşdular. Kiçik leytenant Çurquy-oola göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adı verildi. O cümlədən T.Nürsət, X.Uynuk-ool, K.İdam, B.Bieçe-ool, S.Portuy-ool, T.Qızıl-Tasa, O.Dırtık kimi fərqlənmiş tankçılar müxtəlif orden və medallarla təlfif olundular.
 1944-ci ilin qışında 200 Tuva atlısı kapitan T.Keçil-oolun rəhbərliyi altında gecə ikən sürətli hücuma keçərək Rovno şəhərindəki kərpic zavodunda müdafiə mövqeyi qurmuş almanlara hücum edərək onları həmin ərazidən qovub çıxardılar. Sonra onlar dəmir yolu qovşağına hücum edərək düşmənə əsaslı zərbə endirdilər. Təkcə öndə gedən baş leytenant O.Oolak 12 faşisti qılıncla doğradı. Tuvalılar 60-a yaxın alman əsgərini öldürdülar və onlar qaçmağa məcbur oldular. Rovno vilayətinin azad edilməsi zamanı tuvalılar iki dəfə mühasirəyə düşsələr də, hər dəfə az itki ilə mühasirədən çıxa bildilər. Tuvalıların etdiyi müdafiə mövqeyə almanların piyadalardan və tanklardan ibarət ordusunun hücumu zamanı onlar çoxlu itki versələr də, düşməndə heyrət doğuran qəhrəmanlıq göstərdilər. Qızğın döyüşdə 11 pulemyotçu və tank hücumuna qarşı silahları işlədən qrup həlak oldu. Pulemyotçu serjant Mon-quş Çotun göstərdiyi şücaət isə dillərdə əzbər oldu. Qəlpə pulemyotunu zədələdikdən sonra o avtomatdan atəş açmağa başladı, lakin patronları qurtardı və almanların mühasirəsinə düşdü. Üç alman əsgəri ona yaxınlaşıb əlindəki avtomatı almaq istəyərkən Mon-quş birini avtomatın qudağı ilə vurdu, silahda qalan axırıncı patronla atəş açıb ikincini öldürdü, sonra isə sıçrayıb üçüncünü yıxaraq boğmağa başladı. Mon-quş onun avtomatını götürüb səngərin içinə tullandı və qaçaraq almanlardan uzaqlaşa bildi. 1944-cü ilin yazına kimi gedən qanlı döyüşlərdə Tuva eskadronu müharibə meydanında ad qoydu. 26 may 1944-cü ildə Sovet hökuməti tərəfindən tuvalıların şücaəti layiqincə qiymətləndirildi. Kapitan T.Keçil-ool, baş leytenant M.Bayskılan və sıravi O.Sençiy Qırmızı Bayraq Ordeni ilə təltif olundular. Tuva eskadronunun 21 döyüşçüsü 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni, 3 döyüşçüsü Qırmızı Ulduz Ordeni, 17 döyüşçüsü isə Şöhrət Ordeni aldılar. Böyük Vətən Müharibəsi zamanı ümumilikdə Sovet Ordusunda 8 min tuvalı xidmət etdi, onlardan 5 mini göstərdikləri şücaətə görə müxtəlif mükafatlara layiq görüldü.

İbrahim Sel, “Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu”
Böyük Vətən Müharibəsi zamanı ümumilikdə Sovet Ordusunda 8 min Tuva türkü xidmət etdi, onlardan 5 mini göstərdikləri şücaətə görə Sovet hökuməti tərəfindən orden və medallara, müxtəlif mükafatlara layiq görüldü. Qarabağ müharibəsi zamanı isə kürd hökuməti açıq-aşkar bildirdi ki, talışdan və ləzgidən milli qəhrəman çıxmaz; milli qəhrəman adını da monopoliyaya çevirib yalnız öz yerlilərinə verdilər, kənar xalqların nümayəndələrinə hətta ən yüksək qəhrəmanlıq nümunəsi göstərəndə belə xırda mükafatı da rəva görmədilər. İndi siz deyin, kim daha çox türkçü idi: Stalin, yoxsa isa qəmbərlər, isgəndərlər, elçibəylər?

Lotu Hikmətin “Dayı”sı

Həmin gün, 2009-cu il oktyabrın 13-ü Moskvanın mərkəzində yerləşən “Vaqankovskaya” qəbiristanlığının ətrafını OMON tam mühasirəyə almışdı. Əzizlərinin qəbrini ziyarətə gəlmiş qoca nənələri belə içəri buraxmırdılar. Yesenin, Vısotski, Abdulov kimi dahilərin də dəfn olunduğu qəbiristanlıqda həmin gün başqa bir əfsanəni torpağa tapşıracaqdılar.
İzdihamın böyük olacağı əvvəldən məlum idi. Ən azı ona görə ki, bir neçə gün əvvəldən Moskva xəfiyyəsi dəqiq məlumat almışdı: keçmiş MDB ölkələrindən 300-ə yaxın “oğru” dəfndə iştirak edəcək. Onların çoxunun isə bir-birini görməyə gözü yox idi. Məhz bu səbəbdən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi.
“Yaponçik”i - Vyaçeslav İvankovu dəfn edəcəkdilər. Bir ay əvvəl Moskvada yerləşən “Tayskiy slon” restoranından çıxanda güllələnmişdi. O vaxtdan da komadaydı. İki gün əvvəl isə dünyasını dəyişmişdi. Rusiyada sonuncu dəfə “Yaponçik” səviyyəli avtoritetin qətlə yetirilməsi 1994-cü ildə qeydə alınmışdı. O zaman Moskvada Otari Kvantrişvili öldürülmüşdü. “Yaponçik”in öz vəsiyyəti idi, həm anasının, həm də dostu Otari Kvantrişvilinin qəbirləri də “Vaqankovskaya”da yerləşirdi.
Həm polis, həm də dəfnə rəhbərlik edən “Ded Xasan” ən yüksək səviyyədə təhlükəsizlik tədbiri görmüşdülər. Amma heç kimin xəbəri yox idi ki, dəfnə xüsusi olaraq iki nəfər killer də göndərilib. Dəfn başa çatandan sonra isə onlar öz missiyalarını həyata keçirəcəklər. Killerlər dəfnə Ramizi, “Qorbatı Ramiz”i vurmaq üçün göndərilmişdilər. Vurdular da…
***
...Ramizin vurulması xəbərini “Ded Xasan”a “Starıy Fayton” restoranında çatdırmışdılar. “Ded” adətən bu restoranda nahar edir, bütün “razborka”larını da burada keçirirdi. Ənənəvi olaraq qızardılmış farel sifariş vermişdi. Amma yeməyi dadmağa belə imkan tapmamışdı. Mühafizəçi içəri girib, “Qorbatı”nı vurdular demişdi. “Ded” naharı yarımçıq qoymuşdu. Bir neçə dəqiqəlik araşdırmadan sonra məlum olmuşdu ki, Ramizi 3 saylı Moskva şəhər xəstəxanasına yerləşdiriblər. “Ded” dərhal ora getmişdi. Xəstəxananın mühafizəçiləri, həkimlər və tibb bacıları belə bir personanın qəfil xəstəxanaya gəlməsindən narahat olmuşdular. Hər ehtimala qarşı polis belə çağırmışdılar. “Ded” dərhal Ramizi əməliyyat edəcək həkimlə danışmışdı. Həkim “Qorbatı Ramiz”ə 2 güllə vurulduğunu, vəziyyətinin kritik olduğunu demişdi. “Ded Xasan” əməliyyat bitənəcən xəstəxanada oturmuşdu. Həkimlərə elə beləcə də demişdi: “Nəiyn bahasına olursa-olsun, sağ qalmalıdır”.
Əməliyyatdan 3 gün sonra “Qorbatı Ramiz” yüksək məxfilik şəraitində Moskvadakı özəl klinikaların birinə köçürülmüşdü. Düz bir ay həmin özəl klinikanı xüsusi mühafizəçilər qorudu…
***
Kriminal aləmdə onu “Dayı” deyə çağırırdılar. Sabirabadın Kürkəndi kəndində anadan olmuşdu, 1952-ci il noyabrın 28-də. Tarix elmləri namizədi Əliheydər Fərzəliyevin ailəsində, Sabirabad şəhər 1 saylı məktəbin rus sektorunu bitirmişdi.  Bundan sonra Politexnik İnstitutuna qəbul olunmuşdu. Elə həmyerlisi, Sabirabadlı Hikmət kimi onun taleyini məhz bir bıçaqlanmadan sonra alt-üst olub. Tələbəykən davaya düşüb.
Yaxın qohumu danışır: “Politexnikin qarşısında keçiddə dava düşmüşdü. Bir neçə nəfər bıçaqlanmışdı. Ramiz də qrup yoldaşlarını ələ verməmək üçün bütün günahı öz boynuna götürmüşdü. İlk dəfə məhkum həyatını onda yaşadı. Xələcdə yatırdı. Heç bir il olmadı, azadlığa çıxdı. Bilirsiniz necədi? Bəziləri elə bilir ki, Ramizin ömrü türmələrdə keçib. Elə deyildi. Düzdür, çox çılğın uşaq idi. Xırda bir ədalətsizliyə, haqsızlığa dözə bilmirdi. Nə vaxt görürdün, kiminləsə dalaşdı. Atasından çəkinirdi. Və hər dəfə də nəsə eləyəndə atasına düzünü deyirdi. Hər dəfə də görürdük ki, dava eləsə də, kimisə döysə də, haqlıdı. Məsələn, bir dəfə tramvayda gedəndə görüb ki, bir kişi bir qıza sataşır. İrad bildirib ki, eləmə. Amma həmin adam bunu təhqir edib. Ramiz də onu tramvaydan yerə atmışdı. Bir dəfə avtobusda bir cibgirin sərnişinlərdən birinin pul kisəsini çıxardığını görüb. Onu döymüşdü. Amma hər dəfə də atası gedib milisdən çıxarmışdı. Elə o vaxt milis də bəzən qanunlardan yan keçərək onu etdiklərinə görə cəzalandırmırdı”.
***
Ramizin yolu həbsxanaya bir də 1982-ci ildə düşür. Və bu dəfə də haqsız yerə. Həmin il Sabirabadda dəhşətli bir qətl törədilir. Kürün qırağından iki qadının meyiti tapılır. Milis qatilləri tapa bilmir ki, bilmir. Günlərin bir günü Fərzəliyevlərin qapısını döyürlər. Ramizi və ondan başqa bir dostunu həbs edilər. Qətli onların boynuna qoymaq istəyirlər. “Bu işdə Ramizin heç bir günahı yox idi. Sadəcə, Sabirabad milisini, prokurorluğunu yuxarıdan incidirdilər ki, qətllərin üstü açılmalıdır. Ramizi isə rayonda vurub-tutan birisi kimi tanıyırdılar. Heç bir günahı olmada tutub apardılar”,- deyir qohumu.
Atası həmin vaxt rayonda yox imiş. Hadisəni eşidib, təcili Sabirabada qayıtmışdı. Amma gec idi. Bundan sonra Əliheydər müəllim oğlunu axtarmağa başlayır. Əvvəlcə Bayıla gedir. Bayıl türməsində belə bir adamın saxlanılmadığını öyrənir. Daha sonra Xələcə üz tutur. Xələcdə də ona deyirlər ki, burda Ramiz Fərzəliyev adlı dustaq yoxdur. Respublikanın hər yerini gəzir Əliheydər müəllim- Naxçıvandan Gəncəyə qədər. Bir gün, özü də düz 4 aydan sonra xəbər tutur ki, oğlunu Şuşa türməsində saxlayırlar. Şuşada görüşə bilir Ramizlə. Ramiz atasını düzünü deyir: “Mən heç kimi öldürməmişəm. Mənə şər atarlar”. Atası onun sözünə inanır. Və dərhal da ədalətin bərpa edilməsi üçün mübarizəyə başlayır. Amma yenə də heç nə eləyə bilmir. Ramiz Fərzəliyev və dostunun işi Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. Orda isə Ramizi güllələnmə cəzası gözləyirdi...
“Çox ağır yer idi Şuşa türməsi. Təsəvvür edin, o qədər də böyük olmayan bu həbsxanada 800-900 adam saxlanılırdı. Özü də “qırmızı zon” sayılırdı. Ora nə düz-əməlli yemək aparmaq olurdu, nə də hansısa sovqat. Dustaqlara da olmazın əziyyət verirdilər. Dustaqların arasında böyük hörməti vardı Ramizin. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görürdü, mübahisə edirdi. Buna görə də tez-tez karserə salınırdı”.
Ramizin məhkəməsi bir aya yaxın çəkdi. O vaxtkı qanunlara görə, onu ölüm cəzası gözləyirdi. Amma istintaq düz-əməlli heç nəyi sübut edə bilməmişdi. Elə prokuror da hökm oxuyanda güllələnmə cəzasından vaz keçdi. Ramiz Fərzəliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Hakim isə bir gün belə aşağı düşmədi. Fərzəliyev 15 il müddətinə azadlıqdan məhrum edildi.
Ramizi Azərbaycanda çox saxlamırlar. O, Saratov şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəni etap olunur. Düz 10 il orada cəzasını çəkir. Burada o, “Çikun” ləqəbli İqor Çikunov və “Xapala” ləqəbli Vladimir Xapalovla tanış olur. Bu həmin “Xapala”dı ki, 90-cı illərdə Saratova nəzarət edirdi. Onunla hətta yerli hakimiyyət orqanları belə hesablaşmaq zorundaydılar.
Yaxın qohumunun dediklərindən: “Atası yanına gedirdi tez-tez. Evdəkilərdən isə heç nə istəmirdi. Bircə onu deyirdi k, mənə çoxlu kitab göndərin. Ya yanına gedəndə, ya da bağlamayla ona kitablar göndərirdik. Sizə bir maraqlı məqamı da deyim. O, bütün rus ədəbiyyatını oxumuşdu. Rus dilində təhsil almışdı deyə, əsasən bu dildə oxuyurdu. O azadlığa çıxanda Saratovda böyük bir kitabxanası qaldı. Həmin kitabxana hələ də o türmədədi”.
Ramiz 1992-ci ildə azadlığa çıxıb Sabirabada qayıdır. Artıq əmisi oğlu Hikmət Muxtarov kriminal aləmdə söz yiyələrindən biriydi. “Sabirabadlı Hikmət” kimi keçmiş SSRİ-də tanınırdı. Amma maraqlısı odur ki, Hikmət ona “Dayı” deyirdi. Ümumiyyətlə, bu dayı məsələsi də maraqlı mövzudur. “Təkcə Hikmət yox, çoxları onu “Dayı” deyə çağırırdı. Ona “Qorbatı” ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər. Amma Saratovda türmədə yatanda ləqəbi “Kobra Ramiz” olub”.
Həmsöhbətimiz bir məqama da toxunur. Dediyinə görə, həmin illərdə bir neçə sabirabadlı gəncin meyitinin ermənilərdən alınıb verilməsində onun böyük xidmətləri olub. “Sərdar Həmidovla da arası yaxşıydı. Atası Əliheydər müəllim Bakıda xəstəxanada yatırdı, Sərdar da, qardaşı İsgəndər Həmidov da ona baş çəkməyə gəlmişdi. O da yadımdadı ki, 93-cü ildə Sürətin dəstəsi rayonlarda icra hakimiyyətlərini devirəndə, ona xəbər göndərmişdi. Surətə demişdi ki, çalış, Sabirabada tərəflərə fırlanma. Yadımdadı, Sürətin dəstəsi Hacıqabuldan geri dönmüşdü”.
Ramiz Saratovdan gələndən, dustaqlığa son qoyandan sonra bir daha həbsxana həyatı yaşamadı. Amma kriminal avtoritetlər arasında böyük nüfuz sahibi idi. Həm Hikmət, həm rəhmətlik Lotu Bəxtiyar, sonradan Masallı Mamedin özü belə ona qanuni oğru adı verilməsini təklif ediblər. Amma hər dəfə etiraz edib. Oğru dünyasındakı tanınmışlara məsləhətlər verən “Dayı” özü “oğru” ləqəbini götürməkdən imtina etmişdi. “Heç nədə gözü yox idi. Amma əvəzində başına and içdikləri dostları var idi. Həmişə deyirdi, mənim bütün varlığım sizlərsiniz. O, adının və hörmətinin pula görə zədələnməsini istəmirdi. Həmin dövrdə Azərbaycanda “obşak”a nəzarət onun ixtiyarında olub. Ramiz uzun müddət “obşak”a nəzarət edib. Bir də Biləcərili Qurban olub. Onlar çox təmiz və ədalətli olduqlarından “obşak” onlara tapşırılmışdı. Yəni hamı bilirdi ki, yığılan pullar qəpiyinə qədər ədalətlə xərclənir”,- deyir həmsöhbətimiz.
2001-ci ildə doğmalarının, dostlarının təklifi ilə evlənir. Bir qızı olur. Adətən Moskvada qərar tutur. Çünki bu şəhərdə çoxlu dostları vardı. Elə Lotu Hikmət də məhz Moskvada yaşayırdı deyə, bu amilin də təsiri vardı. “Çox hissiyyatlı adam idi. Anası rəhmətə gedəndə hamını evdən çıxarıb cənazəylə bir saat bir yerdə qaldı. Çıxanda ağlamaqdan üz-gözü şişmişdi. Təskinlik verdik. Qayıtdı ki, anamdan üzr istəyirdim, ona əziyyət verdiyimə görə”.
***
2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” və “Culfalı Bayram” Moskvada öldürüldü. Bu qətl azərbaycanlı kriminal avtoritetlər arasında çaşqınlığa səbəb oldu. Yeni liderin kim olacağı, başqa kriminal qruplaşmalarla əlaqələr sual altındaydı. Məhz belə bir vaxtda “Qorbatı Ramiz” bu çaşqınlığın qarşısını ala bilir. “Dayı” Masallı Mamedin üzərində dayandı...
Amma eyni zamanda onu başqa bir məsələ narahat edirdi. Rusiya hüquq-mühafizə orqanları Hikmətin qətlinin üstünü açmaqda sanki maraqlı deyildilər. Günün günorta vaxtında, Moskvanın mərkəzi küçələrindən olan “Leninqrad prospekti”ndə iki nəfər-özü də kriminal avtoritetlər qətlə yetirilmişdi. Və maraqlıdır ki, bu cinayət indiyədək açılmayıb. Hikmət və Bayram kriminal “razborka”larınmı qurbanı olub, ya bu tamam başqa bir səmtdən gələn qətllər idi, hələ də məlum deyil.
Amma “Qorbatı” bu cinayətin axırına çıxmaq qərarına gəlir. İşə hətta “Yaponçik” belə qoşulur. Sonradan “Yaponçik”in özü də qətlə yetirilir. Amma Ramiz cinayətkarların izinə düşə bilir. Və hər şeyin məlum olacağını az qalmış… yoxa çıxır.
***
...Onu evdən çıxanda vurmuşdular. 5 güllə dəymişdi. Soyuq qış günündə baş vermişdi qətl. Və həmin vaxtdan onun meyitini tapmaq mümkün olmamışdı. Dostları, yaxınları, onun itkin düşdüyünü bilib gəzmədikləri yer qalmamışdı. Morqları, xəstəxanaları, təcridxanaları belə. Ramizin meyiti bir də 9 ay sonra, qar əriyəndə tapılmışdı…
Onu Sabirabadda dəfn etdilər, böyük təntənəylə. Bir ildən sonra isə elə anadan olduğu Kürkəndi qəbiristanlığında böyük qəbirüstü abidəsi qoyulur, Sabirabadlı Hikmətin məzarının yanında…

Səbuhi Məmmədli            news.lent.az

Bir türk generalı Rusiya ordusuna necə rəhbər gətirildi

Həmid Herisçi

Sergey Şoyqu Yeltsini Sibirdə şamanlara müalicə etdirib, Putinin məşhur fotosessiyasını Tuvada çəkdirib; Çingizxanın müharibə və ordu taktikasını rus əsgərinə öyrədib...
Dilimizdə məşhur “Yuxum çin oldu” ifadəsinin həqiqi mənasını mənə bilirsinizmi kim öyrətdi?
Deyim də kim - Rusiya Federasiyası müdafiə naziri Sergey Kujuget oğlu Şoyqu!
Məhz o, mənə özü dedi ki, qədim türk, o cümlədən Tuva dilində “şın” sözü “həqiqət, reallıq” mənasını verir. Mənim üçün kəşf kimi görünən bu hadisə, Şoyqu üçün çox adi, sadə məntiq çərçivəsində izah olunan xırda, həm də şəxsi bir məsələ idi. Leytenant rütbəsindən sonra dərhal general-mayor paqonlarına yiyələnmiş bu çox müdrik insan, gözlərini yumub ağzını açdı mənim üçün.
Sergey Şoyqunun zəngin yaddaş dəftərçəsindən bu dramatik epizod, məncə, heç vaxt silinən deyil. “Həqiqət” mənasını verən bu qədim türk sözü ilə Sergey Kujuget oğlu Şoyqunu, hələ uşaqlıq vaxtlarında, atası Kujuget tanış edib. Necə tanış edib, harda... həəə, bu barədə indi mən sizə çox maraqlı bir əhvalatı danışmaq istəyirəm.
***
Sergey Şoyqunun dünyaya göz açdığı uzaq Tuva diyarı Rusiya Federasiyasının ən ucqar, mən deyərdim, ən it-bat ünvanlarından biridir. 1944-cü ildə SSRİ tərkibinə könüllü şəkildə qatılmış bu diyarda əhalinin pasportlaşması əvvəlcə ciddi maneələrlə üzləşir. Pasportçu rus qadınları burda yerli əhali ilə öz aralarında əvvəlcə dil tapıb ünsiyyət qura bilmirlər. Bir çox rəsmi sənədlərdə kobud səhvlərə yol verirlər. Çanaq həmişə kasıbın başında çartlar. Şoyqunun atası Kujuget də bu cür səhvlərin növbəti zavallı qurbanına çevrilir. Pasportunu açarkən görür, ay dadi-bidad, familyası ilə adının yeri tərs düşüb. Yazıq neynəsin? Məcbur qalır həmin bu tale hökmü ilə razılaşmağa. Bir müddət, görünür, bu tərs pasportuna qətiyyən isinişmir. Yorulur ruslara başa salmaqdan ki, bəs həqiqi adı filan-filandı, sənəddəki kimi deyil. Ancaq bu cür demaqoqluğu, ipə-sapa yatmamağı əks reaksiya yaradır yuxarılarda. Ruslar onun həqiqətpərəstliyini görüb, yazığı bir başqa cür dəyərləndirirlər. Götürüb, qəzet redaktoru təyin edirlər.
Qəzet də nə qəzet - Moskvada çıxan “Pravda”nın qısa xülasəsi.
Şoyqunun atası bu təyinatı alıb, əvvəlcə bərk sevinsə də, axırda dərin xəyallara dalır. Bilmir “Pravda” kəlməsini tuva türkcəsinə necə tərcümə etsin. Məcbur qalır yerli şamanlara müraciət etməyə. Şamanlar da o düyünü birtəhər açıb yazığa izah edirlər ki, qəm yemə. Bəs “Pravda” sözünün türkcə analoqu “ŞIN”dı, vəssalam.
Həmin “Şın” qəzetinin uzun zaman baş redaktoru işləmiş Kujuget Seree oğlu Şoyqu sonralar keçir bədii yaradıcılığa.
Həqiqətpərəstliyini, “şın”a olan sonsuz sədaqətini, məhəbbətini isə oğlu Sergeyə ötürür.
***
Amma...
Amma odlu-alovlu o vaxtkı narahat Rusiyadan qaçıb dünyanın sanki qurtaracağına köçmüş bu rus mütəxəssis qadınlarına, gəlin, eyni gözlə baxmayaq. Aralarında görünür “adam dilində” danışanlar da var dı. Belələrindən biri - Oryol vilayətindən gəlmiş İrina Aleksandrovna Antipova, taleyin hökmü ilə o vaxt həmin bəxtsiz türk balasıyla görüşür. Başqaları kimi səhv demir bu yazıq Kujuqetin adını. Bu da bəs edir ki, aralarındakı isti münasibətlər sonra məhəbbətə çevrilsin. Ailənin ilki - qaragöz oğlan uşağı, deyilənə görə, hələ beşikdəykən öz qeyri-adiliyi ilə başqalarından seçilirmiş. 1955-ci ilin mayında doğulmuş həmin Sergey Şoyqunun, sözsüz, bir türk adı da var. Yəni atası Kujuget Şoyqunun başına gəlmiş “ad-familya macərası”, məncə, növbəti dəfə onun da bəxtinə yazılıb.
Həmin o adı Şoyquya pıçıldasam, görəsən, nə baş verər indi, həəə? Qan yaddaşı dərin yuxudan oyanarmı heç? 
Anası İrina belə hərəkət edib vaxtilə. Başqalarından fərqli olaraq Şoyqunun bəxtsiz atasını öz həqiqi adıyla səsləyib.
Segey Şoyqunun psixoloji portretini yaradarkən diqqətli olmalı, bütün bu incəlikləri göz ardına vurmamalıyıq.
***
Söhbətimizin bu şirin nöqtəsində ata Şoyquyla birdəfəlik vidalaşıb, keçək oğul Şoyqunun həyat macəralarına.
1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu “tikinti mühəndisi” diplomu ilə bitirən Sergey Şoyqu başqaları kimi dabanına tüpürüb yad ünvanlarda öz bəxtini sınamır. Qayıdır doğma Tuva diyarına. Tikinti meydançalarında gecəni gündüzə qataraq müsbət nəticələr qazanır bu çətin, həm də əsəbi sahədə. Yerli kommunist rəhbərliyinin marağını özünə cəlb etməyi bacarır. Nəticədə namizədliyi rəhbər vəzifələrə layiq görülür. Şoyqu bir də gözünü açıb görür ki, artıq Moskvadadır. Kabinetinin pəncərələrindən Kremlin cəlbedici qala divarları görünür.
Bu da səbəbsiz deyil. Atasıyla Boris Yeltsin arasındakı isti münasibətlərin məntiqi nəticəsidir. Qısası, məhz bu zaman, 90-cı illərin əvvəlində Şoyqunun bəxt ulduzu gur alışıb, qoşulur Kremlin al ulduzlarına. Şoyqunun bir vacib cəhəti var- o, əla komanda üzvüdür. Yeltsin komandasında o elə ilk günlərdən öz sədaqəti ilə başqalarını kölgədə qoyur. Yox yerdən Fövqəladə Hallar Nazirliyini yaradıb başqaları kimi gözə kül üfürmür. Tam əksinə, girişir əməli fəaliyyətə.
1993-cü ildə, 3 oktyabrdan 4-nə keçən gecə Şoyqu öz etibarını birə min artırır Yeltsinin gözündə. Öz cəbbəxanasından çıxardığı sursatı, silahları Yeltsin tərəfdarlarına paylayır. 1996-cı il seçkiləri zamanı taleyi tükdən asılı Yeltsin yenə də bax bu Çingiz xan övladını xatırlayır. Seçki qərargahını Şoyquya tapşırıb yenə də uduzmur.
Məhz bundan sonra Sergey Şoyqu Kreml tanrılarıyla eyni status qazanaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurası üzvü seçilir. 2012-ci ildən, yadda saxlayın, onun bu statusu daimi xarakter alır.
***
Ancaq qəribədir, bu gur siyasi fəaliyyəti dövründə belə, Şoyqu öz vətəni Tuva ilə, qədim türklərin “şın” ruhuyla öz daimi mistik... bəli, məhz mistik əlaqələrini unutmur, kəsmir. Yeltsini növbəti dərin stressdən, yuvarlandığı içki aludəçiliyindən məhz Tuva şamanları vasitəsilə çıxarır.
Beləliklə, Şoyqunun “daimi statusu”nu təkcə elə Rusiya Federasiyası Təhlükəsizlik Şurası ilə məhdudlaşdırmaq düzgün olmaz. Sibir şamanları arasında da onun “daimi statusu” mövcuddu, biləsiz. O, daim güclü ekstrasenslərin əhatəsindədir. Deyilənə görə, lap elə uşaqlıq dövründən məşhur bir Tuva şamanıyla dostluq edib bu əlaqəsini indiyədək saxlayır. Atası kimi, müalicəvi otlardan baş çıxarır, bəzən özü şəxsən girişir bu otlardan dərman hazırlamağa. Sonralar, Putinin qılıncının arxası da, qabağı da kəsdiyi vaxtlar Şoyqu bu təcrübəsinə yenə də müraciət edəcək. Vladimir Putini doğma Tuvasına dartıb gətirib, ona burdakı füsunkar Turan mənzərələrini sevdirəcək. Son nəticədə, Vladimir Putin məhz bu Çingiz xan diyarlarında öz məşhur fotosessiyasını keçirəcək. Qurşağadək soyunaraq dəryada balıq sevdasına düşəcək orda.
İndi Sergey Şoyqu bu Çingiz xan mistikasını, ənənəsini Rusiya ordusu sıralarında təcrübədən keçirir bəlkə də. Şamanlarla kəşfiyyatçıları xüsusi dəstələrə cəmləyib qeybdən informasiya almaq istəyir. NATO-nun belini qırmaq istəyir bu qədim Çingiz xan ənənələri üzərində.
***
Lakin...
Lakin Şoyqu təkcə Çingiz xan ənənələrini deyil, həm də köhnə sovet ənənələrini, təcrübəsini davam etdirir Rusiya Baş Ordu Qərargahının tam razılığı ilə. Misal üçün, o, Moskva parklarının birində iri ölçülü məşhur Reyxstaq maketini quraşdırıb. Sonra da gənc kadetlərə, Suvorov adına hərbi məktəb məzunlarına əmr edib ki, bu maketi həqiqi Reyxstaq bilib, onu 1945-ci ildəki kimi yenidən fəth etsinlər. Maketin ətrafında gənc təxribatçıların məxfi bazası mövcuddu. Partizan düşərgəsinin açılışı isə gələn ilə planlaşdırılır.
Gənc istedadları, elmi-texniki kadrları ordu sıralarına cəlb etməyə xatir Şoyqu görün bir hansı fəndə əl atıb? Öz Çingiz xan... üzr istəyirəm, Rus ordusu tərkibində “elmi takımlar”, “kiberordu” hissələri yaradaraq ən güclü gənc fizikləri, mexanika ustalarını, İKT mütəxəssislərini yığıb ora. Nəticədə həmişə hərbi çağırışa dodaq büzən gənc intellektuallar, indi tam tərsinə, orduda xidmət etməyə can atırlar. İndi bu ordu sıralarında elmi-texniki inkişafa tam şərait yaradılıb axı. İntelektuallar bu takımlarda hərbi hazırlıq kursu keçib yeni-yeni silah növləri ixtira edirlər.
Azərbaycan ordusu da oxşar təcrübəni öz sıralarına daşıyıb intellektualları öz sıralarına cəlb etməlidir, məncə.
***
Bu Tuva balasının Rusiya hərbi naziri kürsüsünə gəlişi düşür 2012-ci ilin 6 noyabr tarixinə. Sadə olmur bu təyinat. Elə sabahısı günü münəccimlər ordusu, sifariş əsasında bu təyinata kölgə salmaq istəyirlər. Aleksandr Leuşkanova, volqoqradlı astroloqa, Şoyqunun ulduz falını sifariş edib iddia edirlər ki, bəs guya göy cisimləri bu təyinata tam ziddir. Guya ulduzlar deyir ki, Şoyqu bir-iki il sonra mütləq Rusiya prezidenti kürsüsünə yiyə çıxacaq.
Düzü bu, əslində bir cavab olur Sergey Şoyqunun mistik “şın” təcrübələrinə. Rəqibləri elə bilir, guya bu təyinat Tuva şamanlarının xidmətidir. Guya Şoyqu bu vəzifəsini qazanmağa xatir, min cür cadu-pitidən istifadə edib. Timuçin kimi yerli qara şamanlara müraciətdən sonra Çingiz xan adına layiq görülüb orda.
Sonra mətbuatda Şoyquya qarşı silsilə kompromatlar nəşr edilir. Müxalifətçi Aleksandr Navalnının bir saytında buddist monastrlarını xatırladan malikanənin fotoları yayınlanır. İddia edilir ki, bəs guya bütün bunlar Şoyquya məxsusdu. Dəyəri 18 milyon dollardan çoxdu və s. i. və ilaxır.
Əsl həqiqət - “şın” hardadır burda, indi deyə bilmərəm.
Şoyquya zidd qüvvələrin tərkibində hər cür haramzadəyə rast gəlmək mümkündü indi. Təəssüf, bu siyahıda Navalnı kimi liberallar da var. Rusiya bürokratiyası, Şoyqunun başını münəccimlərdən sonra liberallar sifariş etsə də, bütün cəhdləri əbəsdir.
Şoyqunu qoruyan qüvvə “şın” adlanır. O da liberalların, məmurların dişincə deyil. Gedib özlərinə bir başqa yerdə qurban axtarsınlar.
***
Bayaq yuxarıda dedim ki, bəs Şoyqunun bir məxfi türk adı da var. Deyəsən, o adı indi Şoyqunun qulağına pıçıldamağın əsl vaxtıdır. Bakıya növbəti səfəri zamanı onu gərək biz, məhz bu adıyla... öz adıyla çağıraq.
Görək, qan yaddaşının oyanmasına bu bəs edəcəkmi?

musavat.com

Ayaz Mütəllibov Qarabağın itirilməsindən danışdı

Xocalı faciəsi ilə əlaqədar ölkə gündəmində əsas müzakirə olunan şəxslərdən biri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. Buna səbəb də əsrin faciəsinin onun prezidentliyi dönəminə təsadüf etməsi, eyni zamanda martın əvvəllərində ölkə rəhbərliyi postundan istefa verməsidir. Eks-prezidentlə bu və ya digər gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- Ayaz müəllim, Azərbaycanla Rusiya arasındakı diplomatik əlaqələrin qurulmasının 25 ili yaxınlaşır. Bu illəri necə dəyərləndirirsiz? İtirdiklərimiz, yoxsa qazandıqlarımız çox olub?
- Diplomatik münasibətlərin davamlılığını və indiki səviyyəsini çox yaxşı qiymətləndirirəm. Rusiya və Azərbaycan arasındakı diplomatik körpü etibarlıdır. Azərbaycan bundan heç nə uduzmur.

- Şimal qonşumuzla əlaqələrin hansı üstünlükləri var?
- Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya dövlətli və imkanlı ölkədir. Bütün dünya istəyir ki, Rusiyanın resurslarından istifadə etsin. Belə ölkənin Azərbaycana qonşu olması, onun üçün iqtisadi və tranzit imkanları yaradır. Biz bu imkanlardan istifadə etməliyik. Bundan əlavə, Rusiyada bir neçə milyondan artıq azərbaycanlı çalışır və ailələrini dolandırırlar. Faktiki olaraq, azərbaycanlılar bu saat Rusiyanın iqtisadi rıçaqlarını əllərində saxlayırlar və böyük imkan sahibidirlər. Azərbaycan Rusiyada olan azərbaycanlıların imkanlarından istifadə etməklə, ölkəmizi düşdüyü iqtisadi böhrandan qurtara bilər, Rusiya ilə ciddi iqtisadi əlaqələr qurar. Siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərini Qarabağa yönəltməli idik. Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni. Əlbəttə ki, o dövrdə bilirdik ki, Qarabağın açarı Rusiyanın əlindədir və yeni Azərbaycan dövləti Rusiya ilə dostluq münasibətlərini pozmamalı idi. Biz daha çox üstünlüyə nail ola bilərdik. Ancaq Rusiyaya qarşı mövqe tutduq.

- Cənubi Qafqazda söz sahibi olan Rusiya ilə dostluq bu qədər önəmlidirmi?
- Bəli. Bu saat Rusiya güclənməkdədir. Bunu ABŞ-ın yeni prezidenti Tramp və onun ətrafı yaxşı bilir və Rusiya ilə yaxınlaşmaq istəyirlər. Dərinə getsək, görərik ki, bu proses çox sürətlə və açıq şəkildə gedir. Biz niyə Rusiyaya yaxın olmayaq? Çünki gizlin deyil ki, Qarabağın taleyi Rusiyanın əlindədir.

- Əgər münasibətlər gərginləşərsə, ölkəmizin müstəqilliyinin təhlükə altına düşəcəyi barədə hər zaman fikirlər səslənir. Bu fikirləri bölüşürsüz?
- Yox, çünki 2 mart 1992-ci ildə Azərbaycanı BMT-yə tanıtmışam. Bu nə deməkdir? Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun ərazi bütövlüyünə xələl gətirə bilməz. Rusiyaya qarşı belə fikirləri ortaya atanlar Azərbaycan-Rusiya dostluğunu istəməyənlərdir və bu münasibətlərə xələl gətirənlərdir. Biz bunun nəticəsində Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq.

- Niyə xalq arasında daim Rusiya tənqid hədəfi olur, bu dövlətlə əlaqələr qınanır? Bu, tarix boyu başımıza gələn bəlaların çoxunda rus izinin axtarılması, xüsusilə Dağlıq Qarabağın itirilməsində Rusiyanın əlinin olması kimi fikirlərlə bağlıdır, yoxsa başqa səbəblər var?
- Əlbəttə ki, xalqın adından heç kim danışa bilməz. Xalq bu saat bir tikəsinin hayındadır. Xalqın belə fikirləri yoxdur. Bu, bəzi siyasətçilərimizin iddialarıdır. Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər. Bunu yayanlar istəyirlər göstərsinlər ki, ruslar ermənilərin arxasında durublar. Daha düzünü desək, azərbaycanlıları bununla qorxudurlar. Əksinə, biz düzgün siyasət qursaq, ruslar bizim tərəfdə olacaqlar, çünki Azərbaycan bir ölkə kimi Rusiyaya daha yaxındır və onun maraq dairəsindədir. Bir vaxt vardı, düzgün siyasət nəticəsində ruslar Azərbaycandan erməni yaraqlılarını çıxarırdılar. Qarabağda da məsələləri sülh yolu ilə həll edə bilərdilər.

- Xocalı faciəsinin növbəti ildönümü gəlir. Hər ilin bu günlərində tənqid hədəfi olan əsas şəxs olursunuz. 25 il öncəki o faciəyə 25 ildən sonra baxışınız...
- Bu faciə olmaya da bilərdi. Qarabağ cəbhəsində olanlar vahid cəbhədən çıxış edib, düşmənin qarşısını ala bilərdilər. Əslində isə onlar mənim işlərimə mane oldular. Göndərdiyim köməyi Xocalıya yox, başqa istiqamətə yönəltdilər. Xocalı köməksiz qaldı. Əfsuslar olsun ki, hakimiyyət davası edib, cəbhəni başsız qoymuşdular. Bundan istifadə edən erməni yaraqlıları Xocalıya divan tutdular.

- Xocalı faciəsinin ildönümü ərəfəsində Çingiz Mustafayevin çəkdiyi süjetlə bağlı yenə gərəksiz iddialar gündəmi zəbt etdi. Bu məsələyə o zamankı ölkə rəhbəri olaraq mövqeyiniz necədir?
- Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Bu yaxınlarda sosial şəbəkələrdə yenə də onun çəkdiklərini yayıblar. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir. Son aylarda ikinci Qarabağ savaşının başlayacağı ilə bağlı fikirlərə daha çox rast gəlirik. Hətta ikinci aprel savaşının olacağı barədə iddialar da var. Xüsusilə düşmən ölkədəki parlament seçkiləri ilə əlaqədar Ermənistanın qarışacağı vurğulanır. Bunu ölkəmiz adına bir şans kimi dəyərləndirirlər... Bu sirr deyil ki, Azərbaycan tərəfi sülh yolu ilə Qarabağı və torpaqlarımızı qaytarmasa, beynəlxalq hüquq normalarına arxalanıb, torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik. Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Cənubu Qafqazda müharibənin getməsi, NATO qoşunlarının da bura girməsi deməkdir. Odur ki, Rusiya tərəfi öz mövqelərini Cənubi Qafqazda itirməmək üçün, müharibə onun marağında deyil. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram.

- Son vitse-prezident və bir nazirliyin ləğv edilib, digərinə birləşdirilməsini struktur islahatlarının başlanğıcı kimi qəbul etmək olarmı?
- Bəli. Yeni yaranmış strukturların mahiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yönəldilib.

- Hakimiyyətdən gedişinizin 25 ilinə az müddət qalır. O illərə bugünkü baxışınız necədir? Getməsəydiniz hakimiyyətdən, nələr dəyişə bilərdi? Torpaqlarımız itirilərdi yenə?
- Hakimiyyətdən getməyim ölkədə siyasi vəziyyəti daha da kəskinləşdirdi, Qarabağın itirilməsinə səbəb oldu. Hamı bilirdi ki, mən rus hərbiçiləri ilə danışmışdım və martın 6 -da Qarabağdan erməni yaraqlılarını təmizləyəcəkdim. Ancaq qoymadılar. Məni hakimiyyətdən uzaqlaşdırdılar...

musavat.com

“Amerikanı dəlmə-deşik edərik” deyən Dmitri Roqozinin şəcərəsində türk izi

Həmid Herisçi

Tutduğu vəzifələrin uzun siyahısı bir səhifəyə sığmaz. Sinəsini bəzəyən orden-medalların çəkisi tərəzinin bir gözünü xeyli aşağı əyər. Ən vacibi - o, indi Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədridir. Demək, indən belə Rusiya ilə aramızda nə qədər düyünlü-düyünsüz söhbətlər varsa, hamısı bax bu şəxsin dar süzgəcindən keçəcək.
Belələrinin psixoloji portreti adətən öncədən çəkilib yuxarılara təqdim olunur. Bioqrafiyası zərrəbinlə öyrənilir. Barəsində xüsusi qovluq açılır. Bütün dosyelər, kompromatlar yığılır ora. Üzərinə “Tam məxfi” qrifi vurulub yerləşdirilir dəmir seyflərin əlçatmaz dərinliyinə.
Gəlin, indi mən sizi bu məxfi dosye ilə yaxından tanış edim.
***
DOSYE: DMİTRİ OLEQOVİÇ ROQOZİN. 21 dekabr tarixində Moskvada dünyaya göz açıb. Ulduz falı 50 faiz Stalininki ilə, 50 faiz Mixail Saakaşvilininki ilə demək olar eynidir. Stalinə loyallığı, görünür, şəxsi bioqrafiyasının bu gizli ştrixi ilə bağlıdı. Saakaşvili ilə isə onun göydəki... bəli, məhz göydəki bəxt ulduzları barışmır. Hələ ki bu döyüş kosmosdan yerə enməyib. Yerə enincə, döyüşün həqiqi qalibi axırda bəlli olacaq.
Çəkisi - 89 kiloqram. Hündürlüyü 179 sm. Ən çox sevdiyi meyvə bizim yapon xurması, xirnikdir. Azərbaycan tərəvəzlərinin əvəzsiz dadını heç vaxt unudan deyil. Milli mətbəximizə xüsusi dəyər verir. Biləndə xirniklə, pomidorla dolu 500 TİR yeni il ərəfəsində Rusiya-Azərbaycan sərhədində ilişib qalıb, tənbəllik eləməyib. Bakıdan avtomobilini sürüb düz sərhəd qapısına. Rusiya qapılarını məhz özü açıb bu uzun karvanın burnu ucunda. Karvanı Rusiyaya buraxıb. Sonra öz tvitter səhifəsində görün bir nə yazıb: “Qarşıdan Yeni il gəlir. Biz gözləyirik Azərbaycandan Rusiyaya gətirilən meyvə-tərəvəz, habelə digər məhsullar sərhədi maneəsiz keçəcək. Bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”.
Qısası, operativ, əlüstü iş görənlərdəndi. İşləri düyünləmir. Əksinə, düyünləri açmağa, müşkülləri həll etməyə meyllidi.
İstənilən an o, “uf” demədən yüzlərlə, minlərlə lüzumsuz kadrı qələminin bircə imzasıyla gedər-gəlməzə, təqaüdə, istefaya göndərə bilər. Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri təyin olununca, düyməni basaraq katibəsini təcili içəri çağırıb. Komissiya üzvlərinin siyahısını isti-isti, təcili sifariş edib. Qələmini süngüyə çevirərək siyahı üzərində bir xeyli işləyib. Sonra dövrü mətbuatdan bəlli olub ki, energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov komissiya üzvlüyündən çıxarılıblar.
Hazırladığı təzə siyahı isə görünür, hələ müzakirə mövzusudur.
***
Hələ 9-cu sinif şagirdi ikən bir əlaçı kimi vaxtından əvvəl, imtahansız-filansız Moskva Dövlət Universitetinin 1-ci kursuna qəbul olunub. Ancaq deyəsən, jurnalist həmkarları ilə münasibətləri bir o qədər cur deyil. O da Donald Tramp kimi öz açıqlamalarını tvitterə ötürür, nəinki dövrü mətbuata. Bölüşdüyü statuslar həmişə pərdəarxası mənasıyla seçilir. Misal üçün, Bakıdan yazdığı “Soyuq və günəşli Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının birgə iclası başlayıb”. Tvitter statusu görün bir nə qədər çox mənalıdır. Statusda aramızdakı soyuqluğa da işarə var, qaynar münasibətlərə də.
Roqozin sözün həqiqi, hərfi mənasında şahin baxışlı xüsusi dövlət xadimidir. Əvvəla, o, təcrübəli pilotdur. “Rosaviatsiya”nın 2015-ci ildə verdiyi xüsusi lisenziyaya görə Roqozin helikopterin sükanı arxasında rahat əyləşib onu istədiyi ünvana sürə bilər. Amerika jurnalı “Forbes” Roqozini “Rus xarici siyasətinin baş şahini” adına deyirsiz təsadüfən layiq görüb, hə?
Qısası, Dmitri Oleqoviç dünyaya, o cümlədən Azərbaycana təkcə yerdən deyil, göydən də baxmağı bacarır. Rusiya müdafiə sənayesinin bu baş memarı Azərbaycan səmasına bizdən də yaxşı bələddi. Bilir ki, dünyanı tən ortadan bölən meridian xətt - adına “Haushoffer qövsü” deyilən yarıq, Rusiya-Azərbaycan-İran hava ərazisini birləşdirir. Bircə saatlığa bu dəhlizi qapat, vəssalam, Şərqdən-Qərbə, Qərbdən-Şərqə gedən bütün aviasiya trafiki anında pozulacaq. İndi NATO təyyarələri bu xəttin ancaq Azərbaycan hissəsindən ötüb öz uzaq hədəflərinə - Əfqanıstana yetişə bilirlər. Amma bir gün Azərbaycan Roqozinin xahişi ilə bu dəliyi bağlasa, görün, nə baş verər bütün dünyada? Ara qızışar, məzhəb itər. NATO qalar yana-yana. Şərqdən Qərbə, Qərbdən Şərqə bircə addım belə ata bilməz. Dünyada, bir görün, nə qədər silkələnmələr baş tutar?
***
Dmitri Oleqoviç Roqozinin şahin xisləti, iti baxışları həm də onun sərrast atıcı olması ilə də əlaqədardır. Xüsusi şəxsi kolleksiyasında yüzlərlə nadir silah nümunəsi toplanılıb. Hə... unutmuşdum az qala. Roqozin özü həm də silah ixtiraçısıdır. Rusiyada qeydə alınmış 2570851 saylı patentin sahibidir. Deyilənə görə, bu sənədə o, ixtira etdiyi tam yeni tüfəngə görə layiq görülüb.
Oğlu - 34 yaşlı Aleksey Roqozin də Rusiya hərbi-sənaye kompleksində atasının yerişini təkrarlayır elə bil. 2010-cu ildən cavan olmasına baxmayaraq “Promtexnologiya” silah fabrikində çalışır. Vəzifəsi də əladır - direkror müavini.
***
Oxatan bürcü altında doğulmaq faktı da Roqozinin iti baxışlarını, cəldliyini elə lap uşaqlıq günlərindən təyin edən ən vacib cəhətlərindən biridir.
KQB-də qulluq etmək arzusu lap elə uşaqlıq günlərindən başlayaraq Roqozini daim təqib edib. Tələbəliyinin birinci ilində seçib evləndiyi Tatyana Serebryakova, deyilənə görə, yüksək vəzifəli KQB zabitinin qızıdı. Yəni Roqozin öz seçimini edərkən, bir oxatan kimi, çox uzaq hədəfləri güdür həmişə. Onun əsas baş hədəfləri yaxında deyil, çox-çox uzaqlardadı.
***
İndi keçək Roqozinin siyasi səhvlərinə.
Müasir Kreml sakinlərinin ucdantutma hamısı prezident Vladimir Putini nümunə götürərək onun kimi iki əlli, yəni ambidekstr olmaq istəyir. Roqozin də bu siyahıda istisna deyildir.
Ancaq ambidekstr olmaq arzusu Roqozini elə ilk günlərdən sərt imtahanlara məruz qoyub.
Ambidekstr olmağın bir şərti də hər iki əldən eyni anda atəş açmaq bacarığıdır. Atıcılar arasında “Makedonsayağı atış üsulu” deyilən bu döyüş taktikası Roqozinə həmişə baha başa gəlib. Dmitri Oleqoviç bir dəfə bu bacarığını lentə çəkərək onu tvitter səhifəsinə yerləşdirib. Sonra istəyib bu istedadını bütün Rusiyaya tirajlasın. Klipin çəkilişi zamanı ehtiyatsızlıq ucbatından Roqozin görün bir nə qələt edib?!
Öz ayağını kor gülləylə yaralayıb...
Sonra tələm-tələsik hərəkət edərək tvitter səhifəsindəki o köhnə videolentini silib tamam. Yeni il ərəfəsində Kremldə keçirilən qəbuldan kənarda qalıb. Putinin iti baxışlarından bütün bunlar yayınmayıb. Növbəti dövlət iclaslarının birində Putinin Roqozinin ünvanına işlətdiyi “Qalstukunuzu niyə yaxşı düyünləmirsiz?” iradı, görünür, boş yerdən yaranmayıb.
Bəziləri isə bunu başqa səbəblərlə izah edirlər. Deyirlər, Roqozinin rəhbərliyi altında tikilmiş “Vostoçnı” kosmodromunda fəhlələr aylarla maaşdan məhrum qalırmışlar. Kosmodromdan havaya raket buraxılışı ilk təşəbbüsdən alınmayıb. Nəticədə Putinin qaşları çatılıb. Qalstuk barədə məlum iradını da Putin məhz o zaman- 14 may 2016-cı ildə səsləndirib.
***
Dmitri Oleqseyeviç Roqozinin çox saylı istedadları sırasında aktyorluq da var. Roqozin barəsində məqalə müəllifi Zoya Svetova bunu nəzərə alaraq görün bir nə deyib: “1981-ci ildə Roqozin öz sənədlərini Ümumittifaq Kinematoqraflar İnstitutunun aktyorluq fakültəsinə verib konkursdan qələbəylə çıxsa da, ay dadi-bidad, tezliklə sənədlərini geri götürür. Gedib girir Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə. Beləliklə ölkəmiz o zaman bir istedadlı aktyoru itirir. Əvəzində bir jurnalist, bir siyasətçi qazanır özünə”.
Yox... Zoya Svetova, deyəsən, Roqozini yaxşı tanımır. Onun istedadı təkcə elə aktyorluq, jurnalistika, siyasətlə məhdudlaşmır. Unutmayın, Roqozinin istedadları sırasında yazıçılıq da var. Məsəl üçün, o, bir neçə il əvvəl “Boron Joltok” adlı avtobioqrafik əsərini qələmə alıb. Bu əsərində o, anası Natalya Borisovna Mitkeviç-Joltokun qədim şəcərəsi ilə çox öyünür. Bəlli olur ki, 1908-15-ci illərdə Roqozinin ulu babası general-mayor Nikolay Mitkeviç Joltok Moskva polismeysteri olub. Sonra Denikinlə birgə Leninə qarşı son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.
Roqozin bu əsərində öz nəslinin Avropa qanadını çox qabartsa da, qədim türk kökləri barədə danışmağı nədənsə unudur. Biz də məcbur qalırıq indi ona bu türk köklərini xatırlatmağa.
Demək belə. Məni yaxşı-yaxşı dinləyin. Roqozinin ulu babası Baygildey Rozqozin (Rza+xoca) hələ 1560-cı ildə Rusiya qulluğuna girərək Moskva tərəfindən Noqay yurduna səfir təyin edilib. Roqozinin bir başqa qohumu Taşlık Vasilyeviç Razqozin 1596-cı ildə Tver şəhərində vəzifə sahibi imiş.
Dmitri Oleqoviçə məsləhət görərdim, öz nəslinin Avropa köklərini deyil, məhz türk kötüklərini öyrənib qələmə alsın. Avropa Şurası Krım hadisələrinə görə Roqozini çoxdan qara siyahısına salıb axı. Yəni Avropa istiqaməti Roqozin üçün çoxdan qapalıdır. Prespektivsizdi. Məsələn, 10 may 2014-cü ildə Rumıniya hökuməti öz hava ərazisindən istifadə etməyi Roqozinə yasaq edib. Roqozin öz köhnə adətincə Rumıniyanın cavabını özünün tvitter səhifəsində verib. Deyib bəs növbəti dəfə Rumıniya üzərindən hərbi bombardman təyyarədə uçacaq.
Yox yerdən yaranmış diplomatik skandalı başqaları həll edib.
Sözümün “mustafa”sı odur ki, Roqozin Avropa deyil, Avrasiya mənşəlidir. Qoy o öz türk köklərini unutmasın. Ruzi-bərəkət bizdədi. 
Bizdən fərqli olaraq Avropada bu gün onu heç kim gözləmir.

musavat.com

25.02.2017


“Mən rus adamıyam, amma ömrü boyu tatarları şər və böhtandan qorumuşam”.


Tarixçi alim Lev Nikolayeviç Qumilyovun Kazanda qoyulmuş heykəlinin postamentində yazılmış sözlər

"Müsavat" lojası

1950-ci il, 26 martda İstanbulda təsis edilən "Müsavat" adlı masson lojasının emblemi…

76 üzvü olan Lojada əsasən azərbaycan əsilli insanlar təmsil edilirdilər. Lojanın rəhbəri ilk zamanlar Şükrü Hazım TİNER olub.

Nyuton naturfəlsəfəsinin əsas mahiyyəti

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı

Bir çox tədqiqatçılar bəşəriyyətin düşüncə tarixində üç böyük elmi inqilabın olduğunu vurğulayır və bu elmi inqlabların bayraqdarlarının Aristotel (e.ə.384-322), İ. Nyuton (1643-1727) və A. Eynşteyn (1879-1955) olduğunu göstərirlər. Əsasən təbiət fəlsəfəsi ilə bağlı olan bu fikirlər elmi ideyaların inkişafına böyük təkan vermişdir.[1, səh. 125]. Kainatın geosentirik sistemindən heliosentirik sisteminə keçməsinə əsalanan ikinci elmi inqilabın səbəkarı məşhur ingilis mütəfəkkiri, klassik mexanikanın yaradıcısı İsaak Nyutonun irəli sürdüyü ideyalar naturfəlsəfədə böyük bir iz qoymuşdur.
Nyutonun 1687-ci ildə yazdığı “Natural fəlsəfənin riyazi əsasları” adlı əsəri uzun müddət müzakirə obyektinə çevrilmiş, bu əsərdə irəli sürülən ideyalar düşüncə sahiblərini daima narahat etmişdir. Nyuton bu məşhur əsərini yazdığı zaman astronomiya elmi böyük bir nüfuza malik idi və əsasən yunan naturfəlsəfəsi daha geniş yayılmışdı.  Bu dövrdə Keplerin planetlərin hərəkəti haqqında üç qanunu  hələ də öz lazimi qiymətini almamışdı, Ptolomey (90-168) astronomiyasına alışan insanlara bunlar çox qəribə təsir bağışlayırdı. Müasir astronomiyanın banisi sayılan məşhur alman astronomu İ. Keplerin (1571-1630) planetlərin hərəkəti haqqında qanunları elm adamlarından  dəstək gözləyirdi. İtalyan fiziki və astronomu Q. Qalileyin (1564-1642) dəniz suyunun qabarması və çəkilməsi barəsindəki fikirləri belə yanlış idi.
Ptolomeyin geosentirik modelinə qarşı çıxan Nyuton ideyaları ilk öncə ilahiyyatçıların təzyiq obyektinə çevrilmişdi, bu isə təbii bir proses idi. Nyuton təbiət hadisələrinin izahını verərkən təcrübələrə, mexanika qanunlalarına söykənməklə bərabər, kainatı maddədən və maddənin mexanikliyindən ibarət olduğunu irəli sürməklə kifayətlənmək yersiz olardı. Nyuton dünyada baş verən proseslərin əsasında müəyyən bir ahəngin durduğunu və heç də cansız, rəngsiz, soyuq və ölü bir sistem olmadığını göstərirdi. “Ümumdünya cazibə qanunu Günəş sistemi haqqında heliosentirik təsəvvürü nəinki başa çatdırdı, eyni zamanda kainatda baş verən çoxlu miqdar proseslərin, o cümlədən fiziki və kimyəvi proseslərin izahı üçün elmi əsas verdi, dünyanın vahid fiziki mənzərəsinin əsasını təşkil etdi.” [2, səh.316].
Nyutonun fikrincə günəş sisteminin sistemli hərəkəti, planetlərin və ulduzların eyni ahəngi yalnız fövqəltəbii bir hərəkətin var olmasına dəlalət edilməlidir. Bu fövqəltəbii qüvvə daim, əbədi bir halda bütün kainatı öz hökmü altında idarə edir, kainat bu təbiətüstü qüvvənin məhsuludur və belə bir qüvvə Allahdan başqa heç bir varlıqda mövcud ola bilməz. Nyuton zaman və məkan kateqoriyalarını da Allahın iradəsi ilə bağlayaraq, mütləq zaman və mütləq məkan anlayışlarını ortaya çıxardır.
Ümumdünya cazibə qanununun da təbiətüstü qüvvələrlə bağlı olduğunu iddia edən Nyuton ilk təkanverici qüvvənin də Allah olduğunu qeyd edir və deizm mövqeyini müdafiə edirdi. Nyuton ilk mühərrik və səbəb kimi Allahın varlığını qəbul etməsi ideyası əslində mexanika qanunları ilə zidd olan bir ideya idi. Riyazi mexanizimi ilk dəfə elmə tətbiq edən,  ümumdünya cazibə qanununun riyazi formullarının izahını verən, hərəkət qanunlarının dinamika problemini araşdıran Nyutonun Allahın mövcudluğu fikrini irəli sürməsi bir təsadüf ola bilməzdi.
Nyutonun “Natural fəlsəfənin riyazi əsasları” kitabına ön söz yazan R. Kotes etiraf edirdi ki, Nyuton ingilis fəlsəfəsində təbiət elminin inkişafına böyük və qeyri-adi bir təkan vrmişdir. Bəzi müasirləri isə bunun əksinə gedərək fizikanın fəlsəfi problemlərinin  izahının qeyri-mümkün olduğunu qeyd edir, Nyutonun ideyalarına rişxənd bəsləyirdilər. 
Məşhur holland fiziki X. Hyügens (1629-1695) və alman filosofu Q. Leybnits (1646-1716) Nyutonun cazibə qanununun əsl mahiyyətini və bu qaunun səbəbini göstərmədiyi qeyd edir, Nyutonun ideyalarının fəlsəfəyə zidd olması fikirini irəli sürürdülər. İngilis fiosofu B. Rassel (1872-1970) isə bunlrın əksinə olaraq yazırdı ki, Nyutonun cazibə qanununu o qədər uzun zaman içərisində hakmi mövqeyə malik olmuş və o qədər çox şeyi izah etmişdir ki, burada nöqsan axtarmağa yer qalmamışdır.
Con Bernal (1901-1971) Nyutonun yazdığı “Natural fəlsəfənin riyazi əsasları” kitabını “”yeni elmi Bibilya” deyə adlandırmış və qeyd etmişdi ki, bu kitab “Bibilyada izah olunmuş metodların genişləndirilməsi mənbəyidir”. Bibilyaya istinad edən xristian ilahiyyatçıları isə iki cismin bir-birini cəzb etməsinin qeyri-mümkün olduğunu vurğulayır və Nyutonun cazibə qanununun bütün madiyyatlardan üstün olduğunu diktə edirdilər. R. Bentley, S. Klark kimi ilahiyyatçı filosoflar Nyutona düşmən münasibət bəsləyirdilər, Nyuton sistemini Bibilya sistemi ilə əvəz edirdilər. [3. səh.256].
Ümumiyyətlə, Nyuton kainatın mütləq bir formada mükəmməl olduğunu qeyri-real hesab edir, kainatın mükəmməliyində bir nöqsanın olduğunu vurğulayırdı. Bu nöqsanın səbəbini onunla izah edir ki, əgər kaunat mükəmməl bir formada yaradılsaydı, o zaman Allaha ehtiyac hiss olunmazdı. Elə bu səbəbdəndir ki, tanrı kainatın bütün nöqsanlarına müdaxilə edir, bu nöqsanları ortadan qaldırmağa cəhd göstərir.  Leybinits Nyutonun bu fikirlərini saatsaz ilə saat arsındakı münasibətə oxşadırdı. Kainatda mövcud olan sistem pozulduğu zaman ilk təkanverici nizamlayıcı, tənzimləyici rolunu oynayır.
Nyutonun dini fikirləri ilə elmi fikiləri arasında heç bir fərq mövcud deyildir, bu fikirlər bir-birini tamamlayır. O, Allahı nəzəri və riyazi ifadələrlə izah edərək, kainatdakı ahəngin, uzlaşmanın və intizamın əsasında duran varlığın Allah olduğunu yazırdı. Təbiətdə mənasız və təsadüfi xarakterə malik olan heç bir cisim, heç bir hadisə mövcud deyildir. Nyuton gerçəklikdə mövcud olan bütün sturukturlarının, hətta heyvanların bütün orqanlarının, bizə mənasız görülən hər bir təzahürün fövqəltəbii qüvvələrin məhsulu olması ilə izah edir və bu təzahürlərin yersiz olmadığını göstərirdi. [4. səh.250].
Nyuton klassik mexanikanın və klassik fizikanın təməlin formalaşdıran hərəkətin üç qanunu haqqında məlumat verirdi. Ətalət qanunu, qüvvə və təcilin mütənasibliyi qanunu, təsir və əks-təsirin bərabərliyi qanunu deyə adlandırılan bu üç qanunda bir çox nəticələr əldə edilmişdir. Nyutonun əldə etdiyi nəticələr uzun bir müddət hakimiyyətdə olmuş və XIX əsrin axırlarınadək öz təsirini qoruya bilmişdir. Bu fikiri irəli sürən Eynşteyn qeyd edirdi ki, Nyuton bir sıra dəqiq elmlərin nəzəri əsasının yaradılması sahəsində ilk təşəbbüs göstərmişdir.
Obyektiv gerçəkliyin dərk olunması məsələsinə müsbət münasibət bəsləyən Nyuton gerçəkliyin insanlar tərəfindən dərk olunmasına inanırdı. Bu inama əsaslanaraq cazibə qanunu üzərində iyirmi il çalışmış, ciddi riyazi hesablar aparmış, bu hesabları dəfələrcə təkrarlamış və özünün qeyd etdiyi kimi “olduqca düzgün” bir formaya salmışdır. Nyutonun iyirmi il ərzində apardığı gərgin əməyin, ağır düşüncənin şah əsəri hesab olunan cazibə qanunu bütün siyasi təzyiqlərə, kilsənin və xüsusilə də puritanların təqibinə qarşı Nyuton tərəfindən ardıcıl bir surətdə müdafiə olunurdu.
Kral cəmiyyətinin qurucusu olan kral II Karlın (1630-1685) elm xadimlərini, elmi fikirləri fanatik dünyagörüşlərdən qoruması səbəbi də Nyutonun ideyalarının möhkəmlənməsi və yayılmasına dəlalət edir. Nyutonun dövründə elmi bilklərin sitezləşdirilməsi prosesi gedir, ilahiyyatçıların mürtəce baxışları ifşa olunurdu. Nyutonun özü isə xristianlığın əsasını təşkil edən ata, oğul və müqəddəs ruh üçlüyü konsepsiyasını tək tanrılı bir sistemlə əvəz edirdi. Yerin altında cəhənnəm və yerin üstündə cənnət olması fikirlərinə istehsalı baxışlarla tənqid obyektinə çevirirdi. “Nyuton yaradıcı üçün hələ “ilk təkanı” saxlamışdı, lakin öz Günəş sisteminə sonra hər hansı müdaxilə olunmasını qadağan etmişdi.”[5, səh.173].
Nyutonun məkan və zaman haqqında irəli sürdüyü fikirlərdə materialist və teoloji ünsürlər ehtiva olunur, qeyri-ardıcıl bir mahiyyət kəsb edən bu fikirlərdə mövcud olan ziddiyyətlər hər bir tədqiqatçını özünə cəlb edir. Məkan və zaman haqqında klassik təsəvvürlər yaradan Nyuton mütləq məkan və zamanın mövcudluğuna inanırdı. Bu inam iki yüz il, yəni, Eynşteynin nisbilik nəzəriyyəsinə qədər heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. 
Məkan və zaman kənar təsirlərdən asıl olmayaraq mövcud olub, bərabərsürətli bir tərzdə irəliyə doğru hərəkət edir. Bu sabit hərəkət mexanika qanunlarından asılı olmadığı üçün mütləq bir mahiyyəti özündə ehtiva edir. Nyuton mütləqləşdirmə ideyasının mövcud olması qənaətinə cisimlərin üzərində apardığı çox saylı təcrübələrin sonunda gələ bilmişdi. O, təcrübə vaxtı cisimlərin ölçülərin zaman axını və məkan parametirləri ilə hərəkətin sürət və istiqaməti arasında bir bağlılığın olmadığını müşahidə edir. Eyni zamanda Nyuton mütləq məkan və mütləq zaman arasında asılılığın olmadığını qeyd edirdi. 
Nyutonun məkan və zaman kateqoriyalarını mütləqləşdirmə prosesində bəzi istisnalar da mövcud olmuşdur. Uzun müddət təcrübə aparan Nyuton fəzadakı cisimlərin bir-birinə nisbətən və bir-biriylə asılı olaraq hərəkət vəziyyətlərinin dəyişilməsi prosesi ilə də tanış olmuşdu. Elə bu səbəbdən də nisbi məkan və nisbi zaman  anlayışlarının da var olması mümkün ola bilər. Mexanik fəaliyyətlərin gedişatı zamanı ortaya çıxan nisbilikdən fərqli olaraq, mütləq zaman və mütləq məkan sabit, real və obyektivdir. Mütləq məkan və mütləq zaman anlayışı daha geniş və daha optimal olaraq, nisbi məkan və nisbi zaman  anlayışlarını da özündə ehtiva edir. 
Hisslərlə dərk olunmayan mütləq məkan və mütləq zamandan fərqli olaraq, nisbi məkan və nisbi zaman  anlayışları hisslərlə dərk olunandır. Daim dəyişkən və fəaliyyətdə olan nisbi məkan və nisbi zamandan fərqli olaraq, mütləq məkan və mütləq zaman sabit və bircinsli bir xarakterə malikdir.
Məşhur fransız alimi Laqranj Nyutondan bəhs edən zaman qeyd edirdi ki, yalnız bir kainat olduğu kimi onun qanunlarını da izah edən yalnız bir nəfər ola bilərdi. XVIII yüzillikdə yaşamış fransız riyaziyyatçıları Nyutonun yazdığı “Natural fəlsəfənin riyazi əsasları” əsərini “bəşər ağlının ən böyük əsəri” deyə adlandırırdılar. Zaman keçdikcə Günəş sisteminin nizamının pozulacağından bəhs edən Nyutonun narahatçılığına Leybinits araşdırmaları son qoymuşdu.
Nyutonun apardığı çox saylı tədqiqatların sonunda elmi əqli fikirlər “təbiət fəlsəfəsi” anlayışı ilə əvəz olunmuş, təbiət fəlsəfəsi, təbiət haqqında dəqiq elmin əsaları formalaşmağa başlamışdır. Deduktiv metoda böyük əhəmiyyət verən Nyuton predmetlərin mexaniki yerdəyişməsi haqqında biliklər sistemi əsaında klassik mexanika anlayışını ortaya çıxartmışdır. Nyutonun elm tarixində gördüyü ən əhəmiyyətli işlərdən biri də klassik mexanikanı ideyalar və anlayışlarla sistemləşdirməklə ikinci qlobal elmi inqilabı sona çatdırmış olmuşdur. Bu qlobal elmi inqilab Qaliley dinamikası və Kepler qanunları ilə hərəkətə başlasa da sözsüz ki, həlledici zərbəni Nyuton ideyaları vurmuş, bu barədə son söz, yekun rəy Nyutonun olmuşdur. Nyuton mexaniki təbiətşünaslığın inkişafında keçid pilləsində durur və burada mexaniki təbiətşünaslığın Nyutonaqədərki pilləsi və mexaniki təbiətşünaslığın Nyuton pilləsi.
“Nyuton təbiət hadisələrini riyaziyyat qanunlarına tabe etməyə çalışmış, təbiət hadisələrini hərəkət hadisələrinə görə müəyyən edərək bu qüvvələrə əsasən qalan hadisələrin izahını vermiş, müxtəlif mərkəzi qüvvələrin təsiri altında Günəş sistemi planetlərinin hərəkətini və bu qüvvənin Günəşə doğru yönəldiyini göstərmişdir.” [6, səh.275].
Bir çox tədqiqatçılar Nyuton dövrünü düşüncə və elm tarixində “böyük yüzillik” deyə bəhs edirdilər. Bu “böyük yüzilliyin” əsas səbəbkarı olan Nyuton cavan yaşlarında belə saray adamlarından böyük dəstək görmüşdür. Kembirc universitetində təhsil aldığı müddətdə müəllimlərin “dahi” deyə adlandırdığı İ. Nyuton kral I George (1660-1727) tərəfindən də xüsusi bir iltifat görmüşdür. [7]
Ensikolpedik biliyə malik olan bu məşhur ingilis filosofunu kral I George daima müdafə edir və xüsusilə də onu monadaolgiya nəzəriyyəsinin banisi olan Leybnitsin hücumlarından qoruyurdu. Və elə bu səbəbdəndir ki, Nyuton iztirabsız və qayğısız bir həyar keçirmişdir. Ölümündən sonra da bu dahi alimin fikirləri böyük bir hörmətlə qarşılanmış, Nyutonun davamçıları onun orinal və ölməz ideyalarını təbliğ etmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Məmmədov Ə., Bəşirov R. Müasir təbətşünaslığa koseptual yanaşma.   Bakı, 2001
2. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997.
3. Adıvar A.A. Tarih boyunca ilim ve din. İstanbul, Yükselen matbaa, 1969.
4. Gökbörk M., Felsefe tarihi. İstanbul, 1996.
5. Engels F. Təbiətin dialektikası. Bakı, 1966.
6. Azərbaycan Sovet Ensiklopediyası.VII cild. Bakı, 1983.
7. www.ru.wikipedia.org

24.02.2017






Qədim Misir fironlarının şəpitlərinin altlığında zəncirə vurulmuş yəhudi əks olunurdu.

Aqil fironlar dünyanın xilasını yəhudi tayfalarının sürgünə göndərilməsində görürdülər.

23.02.2017

Azər Bandoj - Dövranımız

Zülm əlindən qəhr olub dövranımız,
Çıxmış ərşə naleyi-əfqanımız.

Yer üzündə yox ədalətdən əsər,
Yoxdur insanlıq, ölüb insanımız.

Arxadan kəsdik başın şəmşir ilə,
Canını verməkdədir vicdanımız.

Verdik əldən namus ilən qeyrəti,
Yox dala qaytarmağa imkanımız.

Ailə məfhumuna vermir dəyər,
Qərbləşibdir Azəribaycanımız.

Çox həyasız bir zəmanəymiş, aman,
Cütləşib oğlan ilə oğlanımız.

Mərdlər namərd əliylə həbs olur,
Məskəni-mərd oldu tün zindanımız.

Görsənir axırzəmanın fitnəsi,
Rəhm qılsın bizlərə Rəhmanımız.

Yazmasam mən haqq-ədalətdən əgər,
İnciyər bu Bandoji nalanımız.

Qızıl Ordu bəşəriyyəti bəladan xilas etdi

Cəmil Şirvanov

"Qızıl ordu bizim ölkəni 1920-ci ildə işğal edib; 20 yanvar qırğınını törədib" və s. və i. Deyib duranların nəzərinə çatdırmaq istəyirəm.
1) Qızıl ordu 1920-ci ildə ölkəmizi işğal etməyib. Bakıda sosialist inqilabı qalib gəldi. Oyuncaq müsavat hökuməti hakimiyyəti xalqa təhvil verdi. Yalnız bütün bunlardan sonra Qızıl Ordunun kiçik bir bölməsi (vacib şəxslərin mühafizəsi ilə əlaqədar) Bakıya zirehli qatarda gəldi. Maraqlısı budur ki, xilaskar adlandırdığınız Nuru Paşa da həmin qatarda işğalçı adlandırdığınız ordunun başında gələnlərlə bir yerdə gəldi Bakıya.
2) Qızıl Ordu həmin ordudur ki, bəşəriyyəti alman faşizmi adlı bir bəladan xilas etdi.
3) Məhz Qızıl Ordudan çəkinərək Qərb imperiyaları öz koloniyalarının müstəqilliyini tanımalı oldu. 
4) Məhz Qızıl Ordunun sayəsində Vyetnam xalqının ABŞ tərəfindən edilən soyqırımı dayandırıldı.
5) Məhz Qızıl Ordunun sayəsində Mərkəzi Asiyanın və Yaxın Şərqin ABŞ tərəfindən işğalı baş tutmadı. Məhz Qızıl ordunun Əfqanıstana vaxtında girməsi həm də İrandakı İslam İnqilabının beşikdəcə boğulmasına imkan vermədi.
6) 20 yanvar hadisəsi isə tam ayrı mövzudu. Şəxsən mən 20 yanvarda həlak olanları şəhid yox, qurban hesab edirəm. Çünki bu hadisə MKİ-DTK-AXC üçlüyünün provokasiyası, xalqı qırğına verməkdən başqa bir şey deyildi. Hadisədən 25 il keçəndən sonra ABŞ barmağı bir sənədlə "göründü". Hələ bundan sonra nələr açılacaq, nələr! Müqayisə üçün deyim. Azərbaycan hökumətinin Nardarana və Respublikanın digər rayonlarına ordu yeritməsi ilə 20 yanvar zamanı Bakıya Sovet ordusunun yeridilməsi arasında prinsipial fərq yoxdur. Çünki hər iki hadisədə dövlət aparatı konstitusion quruluşun pozulmasına yönələn hərəkətləri qabaqlamaq üçün yerlərə ordu yeritmişdi. Sabah Lənkəranda və yaxud da Gəncədə iğtişaş baş verərsə, ordu yeridilərsə, orduya bir güllə atmaq bəs edər ki, ordu qırğın törətsin. Onda gərək bu ordunu da düşmən elan edək?! Bu məntiqlə yanaşsaq milli ordumuz da 1919-cu ildə də, 1991-dən bu tərəfə də çox "qələtlər" edib. Onda 26 iyun gününü də düşmən ordunun yaranması günü kimi rədd edin!
P. S. Bu siyahının bəndlərini çoxalda bilərəm. Amma məncə kifayət edər.

NARAHAT ÜRƏYİN PIÇILTILARI

Böyükxan Bağırlı

Həkim-şair Əfrahimin son illərdə çap olunan kitabını bir neçə dəfə oxuyandan sonra istedadlı şairimizin yaradıcılığı haqqında təəssüratımı açıqlamağı özümə mənəvi borc hesab etdim. Bəri başdan deyim ki, kitab elə ilk misralarından oxucunu çəkib aparır. Hara aparır, necə aparır? Bunu kitabı birnəfəsə oxuyandan sonra duyursan, hiss edirsən, həyəcanlanırsan. Vətəndaş narahatlığı, yurd, el-oba, torpaq təəssübkeşliyi büsbütün bu kitabdakı misraların canına, qanına hopub. Adətən insan ağır vəziyyətdə olan, ağrısı, acısı onu üzüb əldən salan doğmasına, can-ciyərinə, simsarına baxanda əzab çəkir, ürək ağrısı keçirir. Müəllif bu məlum hissləri "Göylərdən uca Vətən" şeirində elə poetik dillə təqdim edir ki, "dərdi su yerinə axan Vətən"in balası kimi içində axan isti göz yaşları səni yandırır, bütün vücudunu sarsıdır:

Gözü mənə baxan Vətən,
Mən sənə baxa bilmədim.
Dərdi su yerinə axan Vətən,
Damla olub suyunda axa bilmədim.

Bu poetik etiraf əslində vətəndaş etirafıdır. Həm də Vətən sevgisi aşılayan çox səmimi etiraf:

Başı göylərdən uca Vətən,
Gözün üstündə yer verdin mənə,
Ayağın altında ölə bilmədim. -

demək əslində çox uğurlu tapılmış ədəbi deyim tərzidir və məcazi məna daşıyır. Təpərli oxucunu misra-misra "Vətənin oduna yanmağa" səfərbər edir.
"Ana torpaq", "Vətən ki, dəyişən deyil", "Vətən" şeirlərində artıq bu fikrin yeni poetik çalarla, yeni poetik yozumlarla inkişafının şahidi oluruq. 
Əfrahim poetik palitrasında tünd, isti rəhg seçmir və fikir müstəqim şəkildə təqdim olunur:

Mehinlə saçım daranar,
Külək başıma dolanar,
Təbriz adlı bir yaram var,
Nəfəsinlə sarı, Vətən!

Bu, artıq Vətən yarasından əzab çəkən şair harayıdır.
Əfrahimi yaxından tanıyıram. Xaraktercə narahat adamdır. Bəlkə bu ona sənətindən keçib, həkimdir. Özü də sənətini sevən həkim. İşində olduğu kimi vətəndaş narahatlığı, cavabdehliyi onun bütün ədəbi yaradıcılığının leytmotivini, ana xəttini təşkil edir. Bu baxımdan "Bu gecə atları apardı Həmzə" şeiri daha xarakterikdir. Bu şeirdə xalqımızın rəhmdilliyi, ürəyigenişliyi tutarlı detallarla əlvan, poetik boyalarla təsvir olunur. Sonda Keçəl Həmzə kimi nankorlar ona-xalqımıza yerə-göyə söğmayan baş ağrısı gətirir. Şair xalq eposundan ustalıqla bəhrələnərək ürək yanğısı ilə haray salır:

...Bu dərin quyunu kim qazdı bizə?-
Bu gecə atları apardı Həmzə.
...Hardasan, Xan Eyvaz, ey Dəli Həsən?
Hardadır dəlilər yolları kəsə?
Bu gecə atları apardı Həmzə.

Əfrahim şeirlərində təsvir olunan detallar o qədər həyatidir ki, şirin, incə, realist müşahidələrinə heyran olursan. Məsələn, "Şair Vaqif İbrahimin xatirəsinə" şeirində gözəl, realist bir tablo yaradıb:

Sahildəki
Bir daşın
Üstündə əyləşmişdi
Şair Vaqif İbrahim.
Balıq tuturdu.
Allah, bu necə işdi?-
Bir də gördü
Tilovuna
Balıq əvəzinə
Şeir düşdü...
Düşdü...

Bəli, şair qələmi ilə əsl rəsm əsəri yaradılıb.
Aşağıdakı misralara da diqqət yetirək:

...Biz qurban olmamış boyuna, Vətən,
Bizi də çəkdilər oyuna, Vətən.
Dedik damla olaq suyuna, Vətən,
Qarışdıq sulara, sellər apardı.

deyən şairin Vətən sevgisi, el-oba məhəbbəti ilə döyünən ürəyi o qədər aydın görünür ki, onu heç bir rentgen plyonkası bu qədər təmiz cizgilərlə əks etdirə bilməz.
"Yollar qayadan asılır", "Ələndik, ələk bilmədi", "Bu yurd əvvəlki yurd deyil", "Dərd, əl ağacın deyiləm", "Ürək, məni rahat burax" və başqa yazılarında da poetik obrazlar canlıdır, müşahidələr daha sərratdır, deyim tərzi düşündürücü və seçiləndir. Əfrahim poeziyasının əsas cəhətlərindən biri sözə qənaətlə yanaşmaq, xəsisliklə sənət süzgəcindən keçirməkdir. Göz yaşı kimi şəffaf dağ çaylarınin dibindəki çaylaq daşları, suotu ləçəkləri apaydın göründüyü kimi hər bir şeirdə, hər bir misrada oxucu Əfrahimin şair, sənətkar ürəyinin pıçıltılarını eşidir.
Torpaq məhəbbəti ilə, ata-ana həsrəti ilə, sevgi müqəddəsliyi ilə  üz-üzə qalan oxucunun ürəyini sonda "Bu şəhər həsrət yeridir" poeması söz-söz, misra-misra titrədir. Orijinal ifadə vasitələri, bədii keyfiyyətləri ilə diqqəti cəlb edən bu poema  yığcam və lakonikliyinə baxmayaraq böyük mətləbləri açması ilə çox təsirlidir.
Bunlar bizə Əfrahimdən innən belə də bir-birindən daha gözəl, daha təravətli şeirlər ummağa əsas verir. Ona uğurlar arzulayırıq!