Страницы

02.02.2017

Doktor Əli Şəriəti - Zülm və məzlum

Bax belə dostum. Bizlər yatıb yuxuya qərq olduğumuz dünyanın maddi problemləri altında əzilirik. İndiki kölələr kreditlə yaşayıb, borcla ölürlər. Var olan gücümüzlə kölələşdirməyə qarşı mübarizə apararkən, Allaha dua edərək həqiqi ilahi gücə çatmağa çalışırıq.
Savadlı insanların düşüncələrini az-çox bilirəm. Tarixin axışında əsrlər boyu atalarımız yoxsulluq içində yaşamış insanlar olmuşdur. Mən şəxsən əsilzadələrlə maraqlanıram. Amma əsilzadəliyi qızıl və gümüşdən gələnlərə deyil. İnsan mədəniyyət və mirasına marağım var. Diqqətimi çəkən də bizdən əvvəl yer üzündə yaşayanların buraxdıqları əsərlərin yaxşı və pis tərəflərini araşdırmaqdır. Üslubunda incəlik və zərafətin göz oxşadığı Delfi məbədini gördüm. Yunanıstanda, İtaliyada memarlıq nümunələri olan məbədləri, sarayları və muzeyləri gəzdim. Uzaq şərqdə insan əli və beyni ilə tanrılar və onların elçiləri üçün inşa edilən məbəd-dağlar var. İnsanlardan qalmış bu əsərlər mənim üçün böyük dəyər daşıyır. Keçən il Afrikaya getdiyimdə Misir ehramlarını görmək istədim. Əhatəsinin çox böyük olmasına görə mədəniyyətin bu nümunəsi beynimi məşğul edirdi. Tarixin yeddi möcüzəsindən biri olan piramidaları görmək mənim üçün çox vacib idi. Üçü böyük, üçü kiçik olan bu piramidalar Şahlara məzar olaraq inşa edilmişdi. Piramidalara gedən yolda addımlayırdıq. Bələdçimizin bizə danışdıqlarına heyrətlə qulaq asırdım. Fironlar üçün inşa edilən piramidalarda on minlərlə insan bir qarın yeməyə işlədilmişdilər. Sadəcə üç böyük piramida üçün altı milyon daş istifadə olunmuşdu. Bu daşların hər birinin təxmini ağırlığı 2 tondur. On minlərlə insan Şahlarının məzarını inşa etmək üçün bu ağır daşları daşımaqla məşğul olmuşdular. Sadəcə 3 piramidanın inşaat müddəti 70 il olaraq hesablasaq hadisənin əzəməti daha da gözlərimizdə canlanır. İçinə sadəcə padşahlarının mumyalanmış cəsədin üçün qoymaq üçün milyonlarla daş kütlələrini ömürlərinin axırına kimi daşımaq məcburiyyətində qalan on minlərlə adam. İllər boyu insanlar şahlarına məzar düzəltmək üçün işləmişlər və ölmüşlər.
Piramidaların içində 5 mərmər daşdan düzəldilmiş qəbirlər var. Mərmərlərdən dördünü divar, birini isə tavan üçün istifadə ediblər. Qəbirin tavanı üçün istifadə edilən mərmərin ağırlığını təsəvvür etmək üçün piramidanın ən təpəsinə kimi yığılan daş kütlələri düşünmək kifayət edər. Beş min illik bu tavanın belə ağır kütləni hələ də daşıması ağlasığmazdır. Yollarda sağa-sola səpələnmiş daşların nə olduğunu bələdçimizdən soruşdum. Cavabı məni daha da heyrətləndirdi. Bunlar ölən işçilərin məzarları idi. Bəzən bu işçi kölələrin yüzlərləsi bir gündə öldüyünü dedi mənə. Bu daşları daşıyan işçilərin cəsədləri o qədər dəyərsizdi ki, bir xəndəyə yüzlərlə meyid basdırılırdı. İşçilərə aid məzarların yanında oturub düşünməyə başladım. O xəndəklərdə basdırılan insanları özümə elə yaxın hiss edirdim ki, elə bil eyni ailədən idik. Sinifləndirmə və irqlərə ayırmaq kimi bir fikrim yoxdur. Sadəcə bu məzlum ruhlara qarşı içimdə bir səmimiyyət yaranmışdı. Yenidən baxdım piramidalara. Bütün əzəmətlərinə rəğmən çox yad və uzaq hiss etdim onları. Tarix boyu məndən əvvəl yaşayan nəsillərin sümükləri üzərinə inşa edilən bu möhtəşəm mədəniyyət nümunələrinə qarşı içimdə böyük bir nifrət yaranmağa başladı. Məndən əvvəlkilər böyük Çin Səddini hördülər. Belindəki ağır yüklərə tab gətirə bilməyib ölənlər daşlarla birlikdə divarlara hörülürdülər. Avropada şəhərlərin böyüyüb inkişaf etməsi və şəhər metrolarının inşası milyonlarla afrikalının kölə kimi çalışdırılmasının nəticəsidir. XVIII əsrdə Avropada başlayan sənaye inqilabı az bir müddətdə bütün Avropaya və eyni zamanda Amerikaya da sıçradı. Amma Qərbdəki sənaye hərəkatının baş verməsi milyonlarla insanın sosial həyatının məhvi ilə mümkün olmuşdu. Sənaye inqilabında qadın və uşaqlar da ağır şəraitdə ən qəddar şərtlərlə işləmişdilər. Olan hər zamankı kimi yenə də məzlum insanlara olmuşdu. Belə inşa edildi böyük mədəniyyət abidələri. Atalarımın ətləri və qanları ilə. LƏNƏTLƏDİM MƏDƏNİYYƏTİ.
Minlərlə il atalarıma edilən zülmə qarşı içimdə nifrət alovlanmağa başladı. Bütün bu xəndəklərdə basdırılan insanların bir vaxtlar eynilə mənim keçirdiyim hissləri keçirdiyini düşündüm. Onlardan birinə keçən beş min ildə nələr olub keçdiyini demək üçün bir məktub yazdım. O, bu beş min ili heç tanımırdı. Lakin hansı ad və şəkildə olursa olsun, köləlik yenə də var idi və davam edirdi. Beş min il əvvəlki kölə qardaşıma bunları yazdım.
Nə bizi tanıyan, nə də bizim tanıdığımız insanlara qarşı müharibəyə soxdular bizi. Heç vaxt xor baxmadığımız insanları öldürməyə məcbur edildik. Bəziləri bizimlə eyni sinif, din və ya irqdən olub eyni taleyi bölüşürdülər. Uzun vaxt ərzində kimsəsiz, qoca ana və atamız bizimlə əlaqə yaratmağın yollarını axtardılar. Lakin axtaran gözləri heç bir yerdən məlumat ala bilmədi. Bu müharibələr bir-birilərini yaxından tanıyan iki qrupun davası idi. Öldürənlər də, öldürülənlər də bir-birilərini heç tanımırdılar. Amma eyni taleyi paylaşırdılar. Onlar məzlum insanlardı. Və bir-birilərinə düşmən deyə xitab edirdilər. Bu məzlum insanlar düşmənlərini özləri seçmə haqqına sahib deyildilər. Məzlum xalqı idarə edənlər düşmənin kim olduğuna da qərar verənlər idilər. Nəticə etibarilə idarə edənlərin düşmənləri onların da düşməni olurdular. Amma bu düşmən və dostlar idarə edənlərin öz taxtlarını qoruması üçün vaxtaşırı dəyişdirilirdilər. Vaxtilə çox pis təqdim olunanlar yaxşı, yaxşı təqdim olunanlar isə pis təqdim olunurdu. Bəzən dost bildiklərimiz düşmən, düşmən bildiklərimiz dost elan olurdular. Və biz dostumuzla düşmənimizi tanıya bilmədik. Məzlum xalqlar bunun səbəbini soruşmağa heç vaxt cəsarət edə bilmədilər. Təbiətdəki digər canlılardan bizi fərqləndirən xüsusiyyəti istifadə etməyə bizə icazə vermədilər. Bizi müharibə etməyə məcbur etdilər. Ölməyə, öldürməyə məcbur etdilər. Əgər qalib gəlsəydik, başqaları idi qənimətlərə sahib duranlar, biz deyil. Bizlərə isə kasıbçılığımıza heç faydası olmayan medallar və qəhrəmanlıq nitqləri təqdim olundu.
Dostum, sən öldükdən sonra böyük dəyişikliklər oldu. Fironlar və tarixin azğın gücləri fikirlərini dəyişdirdilər. Sevindik buna biz də. Əvvəllər ruhların sonsuz olduğuna və buna görə də əgər cəsəd qorunarsa ruhun cəsədlə olan əlaqəsinin itməyəcəyinə inanırdılar. Ona görə də bizə bu böyük və əzab verən məbədləri inşa etdirdilər. Amma indi daha da ağıllandılar. Ölümü çox da fikirləşib, dərd etmirlər özlərinə. Necə də gözəl! Artıq bu köhnə inanclarından imtina etdilər. Məzar inşa etmək üçün ağır daş kütlələri daşımaqdan qurtulduq artıq.
Dostum, çox təəssüf ki, bu şad xəbərin ömrü qısa oldu. Sən dünyadan köçdükdən sonra bizi işlətmək üçün yenidən ölkəmizə ayaq basdılar. Bir daha ağır yükləri daşımaq məcburiyyətində qaldıq. Bu dəfə məzarları üçün deyil. Artıq bunun əhəmiyyəti yox idi çünkü. Bu dəfə sarayları üçün. Yanlarına ailəmizin basdırıldığı böyük sarayları üçün.
Ümidsiz idik. Amma yaşamaq üçün yenidən bir işıq göründü. Böyük rəhbərlər, yol göstərənlər gəldilər dedilər. Zərdüşt, Budda, Konfutsi... Xilas üçün böyük bir qapı açıldı. Tanrılar elçilər göndərdi ki, biz köləlik sifətindən qurtulaq. İşkəncənin yerini ibadət aldı. Amma çox bəxtsiz idik. Bizə yol göstərən bu elçilər zamanla öz evlərindən çıxıb saraylara yerləşdilər. Filosof Konfutsiyə inamımız tam idi. Çünkü insanların və cəmiyyətin problemlərinə əl atmışdı. Amma şahzadələrin dostu olmuşdu. Onsuz da bir şahzadə olan Budda da tərk etdi bizi.
Dostum, sən məzarlar üçün qurban olarkən, biz saraylar üçün qurban olduq. Bir müddət sonra peyğəmbərlərin və mənəvi müəllimlərin xələfləri olduqlarını iddia edənlər ortaya çıxdılar. Fələstindən İrana, Misirdən Çinə və yer üzündə mədəniyyətin olduğu hər yerə məbədlər, saray və məzarlar üçün yük və daş daşımaq məcburiyyətində qaldıq. Yenə də mərhəmət naminə tanrıların təmsilçiləri və guya peyğəmbərlərin xələfləri bizdən istifadə etməyə başladılar. Yenə də müqəddəs müharibələr adıyla cəbhələrə getdik. Tanrılar, bütlər və məbədlər üçün öz məsum uşaqlarımızı qurban vermək məcburiyyətində qaldıq.
Dostum, səndən minlərlə il sonra yaşayıram. Tanrıların kölələrdən həmişə nifrət etdiyini düşünmüşəm. Din köləlik sistemini gücləndirirdi sanki. Filosof Aristotel belə bəzi insanların kölə, bəzi insanların idarə edən olaraq doğulduğunu iddia edirdi. Artıq kölə olaraq doğulub, taleyimin kölə olaraq davam etməsinə təslim olmuşdum. Belə ümidsizliklər içində boğularkən dağdan Allah tərəfindən göndərildim deyən bir insanın endiyini eşitdim. Yeni bir aldatma sənəti, yoxsa yeni bir zülm metodudurmu deyə düşünüb titrədim.
"Yer üzündə zəiflər, yoxsullar və kölələr üçün mərhəməti bol olan Allah tərəfindən göndərildim" deyirdi. Təəccübləndim, hələ də inana bilmirdim. Görəsən həqiqət idi bu? Allah kölələrə səslənirdi. Xilas olacaqlarını və yer üzünün varisi olacaqlarını vəd edirdi. Şübhələrim var idi. Onun da Misir, Hindistan və Çində olduğu kimi saxta peyğəmbərlərdən biri olacağından şübhələnirdim. Adı Məhəmməd idi. Dağların arxasında qoyunlarla məşğul olan bir çoban olduğunu dedilər. Təəccübləndim. Niyə Allah peyğəmbərini çobanların arasından seçmişdi? Amma onun ata-babaları da peyğəmbər imiş, hamısı da çoban imiş. Bu zəncirin sonuncu halqası imiş o. Sevinc və təəccübdən titrədim, ağzımı aça bilmədim. Dostlarımı da çevrəsində gördüyüm üçün izləməyə başladım onu. Məhəmmədin çevrəsi məzlum insanlarla dolu idi. Bilal, Həbəşdən olan bir kölə. Salman kölə olaraq alınıb-satılmışdı, İrandan olan evsiz bir insan. Əbuzər səhradan gəlmiş, adsız və yoxsul bir dost və başqa dostları. 
"De ki, mənə inanmağınızın qarşılığı olaraq sizdən hər hansı bir məbləğ istəmirəm. Və mən o saxtakarlardan deyiləm".
Məhəmməd peyğəmbərə inanırdım. Çünkü sarayı palçıqdan düzəldilmiş bir neçə otaqdan ibarət idi. Yükləri daşıyan və otaqları düzəldən işçilərdən biri idi. Qapısının ağzı xurma ağacından və yarpaqlarından düzəlmişdi. Onun sahibi olduğu hər şey sadəcə bu idi. Onun sarayı bu idi.
Güclərini və xəzinələrini düşmənlərindən qorumaq üçün bizi müharibəyə sövq edən liderlərdən qaçdım və peyğəmbərin gətirdiyi təlimə sığındım. Onunla və kimsəsiz, evsiz kölələrlə yaşadığımı hiss etdim. Məhəmməd peyğəmbər mülayim xasiyyəti və əxlaqi keyfiyyətlərilə insanlar üçün bir nümunə idi. Bəyənmədiyi insanlara qarşı səbrli və mülayim idi. Lakin hər şeyi gözə alaraq öz inandığından imtina etməmiş, onu bütün ləkələmələrə qarşı müdafiə etməyi bacarmışdı. Onun mübarizəsi sadəcə Allaha olan ibadətlə yekunlaşmırdı. Dinin bir həyat tərzi olduğunu göstərmişdi. İçində iqtisadi, sosial, hərbi, siyasi məsələlər toplusu bir təlim idi bu. Məhəmməd peyğəmbər eyni zamanda ədalətli bir dövlət başçısı idi. Ədaləti yalnız seçilmişlərin deyil, bütün insanların istifadə edəcəyi bir ölçü olaraq təqdim edirdi. Qanunları təbii və insan fitrətinə uyğun idi.
Lakin Məhəmməd peyğəmbərin vəfatından çox vaxt keçməmiş yenidən hər şey dağılmağa başladı. Ey dostum, yenidən onun adına məbədlər yüksəldi göy üzünə. Çox keçmədən o təbii sadəlik yerini möhtəşəm, əzəmətli inşaatlara buraxdı. Çox qəribədir. Beş min il sonra bir insan tapmışdım. Allahdan danışan, sultanlar üçün deyil, kölələr üçün səslənən. Saraylara bağlanıb insanlardan uzaqlaşan deyil, İnsanların rifahı üçün dua edən birini tapmışdım. Bütün dünya üçün çalışan bir insan tapmışdım. Qızını belə cəzalandıracaq qədər ədalətli idi. Kürəkəni və qızı bizim kimi işləyirdi. Həyatı boyunca yoxsulluq və aclıq çəkirdilər. Nəvələri şəhadət mərtəbəsinin varisləri olan bir adam tapmışdım. İnsanların xoşbəxtlikləri üçün dua eden birini tapmışdım. Təbliğ üçün getdiyi yerdə lağa qoyulub, daşlanaraq geri döndüyündə belə dua edirdi. "İlahi, xalq tərəfindən xor görüldüyümü yalnız sənə ərz edib, yalnız sənə şikayət edirəm. Ey mərhəmət sahibi, hər kəsin zəif görüb belinə mindiyi çarəsizlərin çarəsi sənsən".
Dostum, kainatın yarısını, bəlkə də hamısını nəzarətdə saxlayan bir cəmiyyətdə yaşayırıq. İnsanlıq yeni bir köləlik modelinə keçib. Hər nə qədər də olsa, fiziki köləlik olmasa da, həqiqətdə sizdən daha pis bir köləlik taleyimiz var. Düşüncələrimiz, iradələrimiz və qəlblərimiz kölələşdirilmişdir. Seçilmişlərə itaət etməyənlər, oliqarxik diktatorluğa qarşı çıxanlar, köləliyi qəbul edə bilməyənlər cəzalandırılırlar. Dostum, indiki kölələr ayrı-ayrı adlar altında istehsal sahələrində qəddar üsullarla işlədilirlər. Məzlum insanlar maşın və robotlardan fərqsizdirlər. İnsanlıq iqtisadiyyat naminə qurban edilir. Kirlənən insanlar bütün gücləri ilə əhatəmizdə olan təbii gözəllikləri məhv etməyə çoxdan başlayıblar. Dünyamız ekoloji balansını qorumaqda acizdir. Ozon təbəqəsi deşilmiş, heyvanlar və bitkilər yaşamaq uğrunda sanki mübarizə aparırlar. Məzlumların sosial həyatları iqtisadiyyat naminə qurban edilir. Materialist hegemonluq insani dəyərləri yox edir. Bütün insanlar iqtisadi uğursuzluqların böhranların işkəncəsini çəkirlər.
Bax belə dostum. Bizlər yatıb yuxuya qərq olduğumuz dünyanın maddi problemləri altında əzilirik. İndiki kölələr kreditlə yaşayıb, borcla ölürlər. Var olan gücümüzlə kölələşdirməyə qarşı mübarizə apararkən, Allaha dua edərək həqiqi ilahi gücə çatmağa çalışırıq. Allahım, əqidəmi problemlərimin əlindən qurtar və qoru. Bizlər səndən başqa sahibi olmayanlarıq. İlahi, sən bütün mələkləri bir tək Adəmə səcdə etdirənsən. İndi Adəmoğlunun idarəçilərin ayaqlarına necə əyilib səcdə etdiklərini əlbəttə ki, görürsən. BİZƏ AZADLIQ VƏ İZZƏT BAĞIŞLA!

Tərcümə etdi: Sahil Qənbərli

Комментариев нет:

Отправить комментарий