Страницы

06.02.2017

Fəxrəddin Əli - Əcəlin səsi

Oturub bir qədər düşünürdüm ki,
Bərkdən pəncərəmi döydü bir nəfər.
Açdım ki, soruşum istəyin nədir?
Gördüm dili laldır, halı birtəhər.

Qaçdım arxasıyca qapıya tərəf,
Boylanıb yerində görə bilmədim.
Əlimi dişlədim, gözümü ovdum,
Sakitcə oturdum yerə, bilmədim.

Həqiqətdə heç döyülməmişdi,
Demə nə pəncərə, nə sakit qapı.
Ömrümdə bu qədər yeyilməmişdi,
Əyilən boyuma ölçülən sapım.

Pəncərəmi döyən əcəlin səsi,
İçimi yesə də danışmağı yox.
Nahaqq addım atıb evimə girsə,
Küsməyin yeri var, barışmağın yox...

Həyat basdıracaq, göməcək kimi,
Görünür açılan bəsirələrdən.
Əcəl yetişməmiş öləcəyimi
Bilirəm döyülən pəncərələrdən...

Комментариев нет:

Отправить комментарий