Страницы

16.02.2017

ŞƏRQ-QƏRB DİXOTOMİYASI KONTEKSTİNDƏ SUBSTANSİYA ANLAYIŞININ PROBLEMATİKASI

Rəhim Həsənov

Özlüyündə mövcud olan anlamına mütabiq gələn substansiya haqqında irəli sürülən fikirlər olduqca əski dövrlərə istinad edir. Müxtəlif situasiyalarda dəyişməyən, müxtəlif vəziyyətlərə qarşı davamlı və əbədi olan substansiya anlayışının əsas xarakteristikası mövcud olması üçün özündən başqa heç bir şeyə ehtiyacı olmamasıdır. Substansiya terminin meydana gəlməsi sonrakı dövrlərə təsadüf etsə də bu ideya haqqında mövcud olan fikirlər daha əski dövrlərə şamil olunur. Bu baxımdan hələ substansiya haqqında ilk sadəlövh ideyalar Qədim Hindistanda, Qədim Çində və Qədim Yunanıstanda irəli sürülmüş, zaman keçdikcə bu fikirlər daha da təkmilləşdirilmişdir. 
Terminoloji cəhətdən latıncadan götürülmüş substansiya (yunanca Hypotasis) kateqoriyasının hərfi mənası “əsasında duran”, “mahiyyət” kimi ifadələrə mütabiqdir. Bir fəlsəfi kateqoriya kimi sunbstansiyanı “özünün bütün formalarının, insan və onun şüuru da daxil olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində götürülmüş obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nəzəri inikasının əsaslı kateqoriyası” [1, səh.393] kimi xarakterizə etmək olar.
Dünyanın başlanğıcında dəyişməz və sabit bir mahiyyətin dayanması ideyası çox əski dövrlərdən başlayaraq düşüncə sahiblərini narahat etmişdir. Buna müvafiq olaraq ilkin materiyanın nədən ibarət olması haqqında meydana gələn ilk fikirlər sadəlövh baxışlara istinad edirdi. Substansiya haqqında irəli sürülən ilk ideyalar sadəlövh xarakter kəsb etsə də, bu ideologiyaların əsasında kainatın vəhdətinin izah olunması məsələsi dururdu və zaman keçdikcə bu məsələ daha mürəkkəb ideyalar formasında öz həllini tapmağa çalışırdı.
Həm Şərq və həm də Qərb fəlsəfəsində substansiyanın nədən ibarət olması barədə müxtəlif və bəzən də bir-biri ilə ziddiyyət təşkil edən nəzəriyyələr irəli sürülmüşdür. Qədim yunan filosofu Miletli Fales (e. ə. 640-548) substansiya probleminə ilk dəfə əsaslı şəkildə toxunan düşüncə sahiblərindən biri idi. Tədqiqatçılar tərəfindən ilk yunan filosofu  kimi tanınan Miletli Fales dörd əsas ünsürdən biri olan suyu substansiya kimi  qəbul edirdi. Bu nöqteyi-nəzərdən də Falesə görə kainatdakı bütün mövcudatın əsası mayedən ibarətdir. “Fales kainatın fundamental "inşaat blokunun" nədən ibarət olması barədə məsələ qoymuşdur. Substansiya (ilk başlanğıc) təbiətdə dəyişməz elementdir və müxtəliflikdə vahidlikdir. Substansiya problemi bu vaxtdan başlayaraq yunan fəlsəfəsinin fundamental problemlərindən biri oldu”. [2, səh.111]
Falesdən fərqli olaraq Milet məktəbinin digər nümayəndəsi və Falesin şagirdi olan Miletli Anaksimandr (e.ə. 610-e.ə. 540) substansiyanın apeyrondan (yunanca qeyri-müəyyən maddə)  ibarət olmasına inanırdı. Yunanların ilk elmi kitabı olan “Təbiət haqqında” əsərinin müəllifi olan Anaksimandrın irəli sürdüyü apeyron ifadəsi ilkin materiyanı xarakterizə edirdi. Həyatın başlanğıcının dənizdən yaranması haqqında fərziyyə irəli sürən Anaksimandr canlıların təkamül yolu ilə inkişaf etməsinə də inanırdı. Anaksimandrın şagiridi olan kortəbii dialektik Miletli Anaksimenə (e. ə. 588-525) görə isə substansiya havadan ibarətdir. Anaksimen havanın həyat üçün zəruri bir amil olması fərziyyəsini irəli sürür və canlıların yaranmasında da havanın mütləq bir substansiya olmasına şübhə etmirdi.  Həmçinin onu da qeyd edək ki, Anaksimen ruh haqqında fikir söyləyən ilk filosoflardan biridir. Bütün canlıların ruhu olması qənaətinə gələn Anaksimen substansiya kimi qəbul etdiyi havanı ruh ilə eyniləşdirirdi. 
Dərin və müdrik düşüncəyə malik olması nöqteyi-nəzərdən “Qaranlıq” təxəllüsü qazanmış Efesli Heraklit (e.ə. 535-475) ilkin materiyanın alovdan, oddan ibarət olması barədə fərziyyə irəli sürmüşdü. Heç şübhəsiz ki, Heraklit bu fərziyyəni önə sürərkən Zərdüştdən (e. ə. 628-551) bəhrələnmişdi. Ümumiyyətlə, onu da vurğulamaq istərdim ki, substansiya haqqında fəlsəfə tarixində monist, dualist və eklektik baxışlar mövcud olmuşdur. Zərdüştlük fəlsəfəsində substansiya haqqında mövcud olan dualist baxışlardan qədim yunan filosofu Empedokles (e.ə. 490-430)  da təsirlənmişdi. “Empedokles fəlsəfəsində bir-biri ilə savaşan Sevgi və Nifrət dualizmi vardır ki, o da bu ünsürləri hərəkətə gətirir. Öncə Sevgi hökmranlıq edir. O bütün dünyanı birləşdirir, tamlıqda saxlayır. Sonra Nifrət gəlir, o isə hər şeyi parçalayır, ayırır və bunun nəticəsində növlər yaranır. Bu proses də daim təkrarlanmaqdadır. Tədqiqatçılara görə Empedoklesin bu düşüncələri ilə Zərdüştlük arasında bənzərliklər vardır. Belə ki, Zərdüştlükdə də xeyrin substansiyası olan Hörmüzün şərin təcəssümü olan Əhrimənlə qarşıdurması dünyanın əsasını təşkil edir”. [3, səh.26]
E.ə. VI-V əsrlərdə Hindistanda meydana gəlmiş ilk atomizm məktəbi olan Vayşeşika (sanskritcə "fərqli", "fərqlənən")  təliminə görə isə beş substansiya mövcuddur: Su, Torpaq, İşıq, Hava və Efir. Qədim Yunanıstanda meydana gələn atomizm təliminin məşhur nümayəndələri olan Levkipp (e. ə. 500-440), Abderalı Demokrit (e. ə. 460-370) və Epikür (e. ə. 342-270) də kainatdakı bütün mövcudatın əsasında kiçik və bölünməz zərrəciklər olan atomların durması fərziyyəsini irəli sürdülər. Qədim hind fəlsəfəsində mühüm yer tutan və altı teist məktəbindən biri olan Vedanta təliminə görə (sanskritcə «Vedin sona çatması») Brahmanlar mütləq substansiyadır və hər şey Brahmanlardan meydana gəlir və sonda da abstrakt təfəkkür obyekti olan Brahmanlara doğru qayıdır. Yuxarıdakı nümunələrdən də göründüyü kimi qədim dövrdə mahiyyət etibarilə bir-birinə bənzəyən sadəlövh dialektik materializmə xas olan analoji fikirlər həm Şərqdə, həm də Qərbdə mövcud idi.
Caynizimə görə isə canlı və cansız substansiyalar mövcuddur. “Mövcud olanlar caynizmdə nəfslərlə eyniləşdirilən yalnız insanın deyil (onun nəfsi ən mükəmməldir), bütün predmetlərin malik olduğu canlı substansiyalara (civa) və cansız substansiyalara (aciva) bölünür ki, buraya daxildir: atomlardan (anu) ibarət materiya (pudqala- birləşməyə və ayrılmaya məruz qalan), məkan (akaşa), zaman (kala), hərəkət və sükunət şərtləri (dharma və adharma).” [4, səh.251] Şərqdə caynizm fəlsəfəsində irəli sürülən bu iki müstəqil substansiya barədə mövcud olan ideoloji baxışlar daha sonralar Qərbdə Rene Dekart (1596-1650) tərəfindən təkmilləşdirilir.
Ensiklopedik biliyə malik olan Aristotel (e.ə. 384-322) substansiyanın tədqiq edilməsini birbaşa olaraq varlığın incələnməsi ilə əlaqadar olaraq izah edirdi. Aristotelə görə kainatın əsasında beş element torpaq, su, hava, od və efir dayanır, bu elementlərdən dördü səmaltı dünyanı, beşincisi isə səmanı yaradır. Aristotelin substansiya haqqında irəli sürdüyü bu fərziyyə Vayşeşika təlimində irəli sürülmüş subsansiya haqqındakı ideyalara mütabiq idi. Ümumiyyətlə, dörd element (torpaq, su, hava və od) ideyası Şərqdə də uzun müddət aparıcı ideyalardan birinə çevrilmişdir. Substansiya haqqında Orta əsrlərdə Şərq ölklərində irəli sürülən fikirlər də olduqca diqqəti cəlb edir. Bu baxımdan Orta əsrlərdə Şərqdə meydana gələn məşşailik (Şərq peripatetizimi) adlı fəlsəfə məktəbinin nümayəndələri də Aristotel fəlsəfəsindən bəhrələnmişdilər. Ərəbdilli Şərq ölkələrində də cövhər adlanan substansiya problematikasına müraciət edilmiş və müxtəlif əqidəyə, fərqli dünyagörüşünə malik olan mütəfəkkirlər tərəfindən müzakirə mövzusuna çevrilmişdir.
Məşhur Azərbaycan filosofu Bəhmənyar (993-1066) da substansiya barədə dolğun fikirlər irəli sürmüşdür. “Bəhmənyarın varlıq təlimində mümkün varlıq öz növbəsində substansiya (əl-cauhər) və aksidensiya (əl–arad) olmaqla iki qismə bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər mövcuddursa onların varlığı ya bir substratda, ya da qeyri–substratda olur. Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə substansiyadır". Farabi və İbn Sina kimi Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer vermişdir. "Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud deyildir." "İzahat" kitabında da bu fikir üzərində əsaslı dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan heç bir şey substansiya deyildir". [5]
Həmçinin digər məşhur Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-1191) də substansiyanın cismlərə və qeyri-cismlərə bölünməsindən bəhs edir, burada cismin itaətedici, qeyri-cismin isə itaəetetdirici olmasını xüsusi vurğulayır, kainatda hər şeydən qoşa yaradılması konsepsiyasını önə sürürdü. Sührəvərdinin XII əsrdə irəli sürdüyü bu fikirlərə biz sonralar Dekartın fəlsəfəsində də rast gəlirik. Substansiya haqqında geniş araşdırma aparan Benedikt Spinoza (1632-1677) isə dualist substansiya ideyasına qarşı çıxır, vahid substansiyanın mövcud olması ideyası israrla önə sürür və bunu öz əsərlərində təsbit etməyə çalışırdı. “Məlumdur ki, karteziançılıq sistemində (Dekart) bu iki atributun hər biri müstəqil substansiya kimi təhlil olunurdu. Spinozada isə həmin substansiyalar (maddi və mənəvi) vahid substansiyada birləşdirilirdi. O bu vahid substansiyanı Allah adlandırır və qeyd edirdi ki, Allahdan başqa heç bir digər sub¬stansiya mövcud deyildir. Spinoza "Etika"nin birinci hissəsində yazırdı: "Allahdan başqa ayrı substansiya nə mövcud ola bilər, nə də ki, başa düşülə bilər". Deyilənlərdən məlum olur ki, Spinoza Allahı substansiya ilə eyniləşdirir, onları bir anlayışda birləşdirirdi. Onun fəlsəfəsində Allah təbiətdən yüksəkdə durmur, o, təbiətdənkənar yaratmaq qabiliyyətinə malik deyildir. Allah təbiətin özünə daxildir. Beləliklə, Spinoza Allahı təbiətdə əridirdi, elə onun panteizmi də özünü bunda göstərirdi”. [6, səh. 308]
Ümumiyyətlə, Spinoza substansiyanın xarakteristikasını verərkən latınca “causa sui” istilahından istifadə edirdi, bu isə öz-özünün səbəbi olan anlamına gəlir. Dekartın dualist substansiya ideyasına Corc Berkli (1685-1753) də qarşı çıxır və maddi substansiyanın mövcudluğunu inkar edirdi. İbranilərin yaratdığı dini-fəlsəfi təlimdə də “ən-sof” adlanan tək və bütöv substansiya mövcud idi. Substansiya təsəvvüf fəlsəfi sistemində mistik və dərk olunmaz bir xarakterə malikdir. Təsəvvüf düşüncə sistemində “zat” deyə haqqında bəhs olunan substansiya da əzəli və əbədidir, lakin təsəvvüf fəlsəfəsində bu “zat”ın hansı tərzdə mövcud olması barədə heç bir fikir bildirilmir. “Əslində varlıqda Tanrı zatından başqa hеç nə mövcud dеyil. Bütün mövcud olan mənəvi və maddi varlıqlar Tanrı zatının müxtəlif ölçü, görünüş və rənglərdəki təzahüründən başqa bir şеy dеyil. Nəimi bir hədisə istinadən həmin fikri bеlə ifadə еdir: "«Yox tanrıdan özgə»- söylədik biz/ Çün mərifət əhli insanıq biz". Xaliqlə məxluq, yaradanla yaradılan mahiyyət еtibarilə vahid və еyni substansiyadır. Nəsimi də: "Mən gənci-nihani, küntə-kənzəm,/ Mən gənci-nihan, nihan mənəm mən" dеdikdə məhz bunu nəzərdə tuturdu”. [7, səh.64]
Panteizmin məşhur nümayəndəsi olan Cordano Brunoya (1548-1600) görə isə substansiya kainatın özüdür, vahid, dəyişməyən və sonsuz bir zamanda mövcud olan bu substansiya ilahi mahiyyət kəsb edir. “C.Brunonun panteizmində vahid substansiya hər şeyin başlanğıcı, sonu, mahiyyəti, ən nəhayət, özü olsa da dərkedilməzdir, çünki sonsuz və hüdudsuzdur. Lakin, əgər nəzərə alsaq ki, hər varlıq ruhlar ruhunun ali ağlına da malikdir, onda belə bir nəticə alınır ki, sonsuz substansiyanın ona məxsus hissəsini dərk etməklə immanent və kainatdan kənarda mövcud olmayan Vahidi də dərk etmiş olar”. [8, səh.128]
Zaman keçdikcə substansiya haqqında mövcud olan ideyalar daha mürəkkəb xarakter kəsb etməyə başladı. Bu nöqteyi-nəzərdən klassik alman fəlsəfəsinin nümayəndəsi olan akademik filosof Georq Vilhelm Fridrix Hegelin (1770-1831) də substansiya haqqındakı fikirləri maraq doğurur. Obyektiv idealizm cərəyanın tərəfdarı olan Hegelə görə substansiya bütöv və tam bir xarakterə malik olsa da heç də təkcə deyil. Hegel Spinozadan fərqli olaraq subsatansiyanın sadə bir mahiyyət kəsb etmədiyini bildir və bu baxımdan dünyanın əsasında mürəkkəb və vahid bir substansiya durduğunu ifadə edirdi. Əslində Hegelin substansiya haqqında irəli sürdüyü bu ideyalara təsəvvüf fəlsəfəsində substansiya haqqında söylənilən fikirlərin tarixilik və varislik nöqteyi nəzərindən ideolji davamı kimi baxmaq daha məqsədəuyğundur.
Pozitivizmin nümayəndələrinin substansiyanı adi şüurun qalığı kimi dəyərləndirməsinə baxmayaraq bu kateqoriya fəlsəfə tarixində uzun müddət müzakirə obyektinə çevrilmişdir. Ümumiyyətlə, substansiya haqqında həm Qərb və həm də Şərq fəlsəfəsində irəli sürülən fikirlər, ideyalar, nəzəriyyələr ontologiya (varlıq haqqında təlim) bölməsinin aparıcı mövzularından biri olmuşdur.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT:
1.Fəlsəfə ensiklopedik lüğət. Bakı, “Azərbaycan Ensiklopediyası” nəşriyyatı, NPB,1997
2.Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, “Zəkioğlu” nəşriyyatı, 2007.
3.Əlizadə A.A. Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016
4.Haribhadra. Altı fəlsəfənin toplusu. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, BDU, 1999
5.https://az.wikipedia.org/wiki/Bəhmənyar_Azərbaycani#sitat_qeyd-Zakir83-7
6.Zeynalov M.B. Fəlsəfə tarixi (Qərb fəlsəfəsi). Bakı, Azərbaycan, 2001.
7.Babayеv Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı, «Nurlan», 2007.
8.Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı, 2006

Комментариев нет:

Отправить комментарий