Страницы

06.03.2017

Azərbaycan əsilli Rusiya milyarderinin həyat hekayəsi – Vahid Ələkbərov necə varlandı...

Həmid Herisçi

ADI, SOYADI: VAHİD ƏLƏKBƏROV. DOĞUM TARİXİ: 1 SENTYABR 1950, BAKI, AZƏRBAYCAN SSR. BOYU: 170 SM. ÇƏKİSİ: 78 KİLOQRAM. ULDUZ BÜRCÜ: QIZ. ŞƏXSİ KAPİTALI: 14, 8 MİLYARD DOLLAR.
Deyilənə görə, Bakıdaykən qara qəpiyə möhtacmış o. Bibi-Heybət tərəfdəki qayaların üstünə çıxıb dənizə qarmaq atar, tilov ucundakı ruzusunu saatlarla gözləyərmiş.
Günlərin birində bu gözləmə intizarına həyatın özü sanki nöqtə qoyur. Xoşbəxtlik, qəfil özü ayaq açıb gəlir Vahid Əlkbərovun yoxsul, cırıltılı qapısına. Burda sözü verək Vahid Ələkbərovun özünə: “50 il öncə, hələ Bakıda ikən, qonşuluğumuzdakı yaşlı qadınların biri mənə qədim əskinazlarla dolu köhnə bir çanta etibar etdi. Amma gözlədim, ardınca qayıtmadı. Çantanı açınca, sanki öz sonrakı bəxt kitabımı da açdım. Ulduzum məhz bu andan səmada parıldadı. Day o gündən yüksəlməyə başladım. Oğlum Yusifin kolleksiyamla maraqlanmadığını görüb, onu ictimaiyyətə ötürmək qərarına gəlmişəm”.
***
Deyilənə görə, oxşar taleyi vaxtilə əfsanəvi Hacı Zeynalabdin Hacıyev də yaşayıb. Əvvəlcə, bənna işlərkən, sökdüyü qədim divarın arxasından nəhəng xəzinə tapıb. Sonralar, iz azdırmağa xatir girişib neft işinə.
Görünür, neft işinə girişdimmi, vəssalam, bu əbədi süjeti daim təkrarlamağa məhkumsan. Əvvəl, sarı qızılı aşkarlamalısan öz yolunda, sonra qara qızılı.
Neft hasilatının hər yeni dövründə təkrarlanan bu qatı mistik mövzu, növbəti dəfə düşür Vahid Ələkbərovun bəxtinə.
***
Yadda saxlayın, Vahid Ələkbərovun maraq dairəsi heç vaxt təkcə elə neft-qaz sahəsi ilə məhdudlaşmayıb. Bakıdakı kasıb vaxtlarından başlayaraq ta indiyədək o, poçt markalarını öz əzik, nimdaş albomuna yığmaqda davam edir. Həmin əzik albomunu ən əziz xatirə nümunəsi kimi qoruyub saxlayır öz şəxsi kitabxanasında. Zövqlü filatelist- yəni poçt markalarının kolleksioneri kimi tanınıb vaxtilə bizim tozlu Bakıda. Nizami küçəsindəki “Filatelist” dükanından kölgəsi əskik olmayıb bir vaxt. Moskvaya transfer olunca kolleksiyasının çərçivəsi, istiqaməti azca dəyişib.
***
Hə... 70-ci illərdə Sibir neft mədənlərinə ayaq açan Ələkbərov başlayır yaxşı pullar qazanmağa. Qərara gəlir filatelist həvəsi ilə yanaşı numizmatika ilə də məşğul olsun. Qədim pulları, sikkələri, əskinazları alıb yığır öz şəxsi kolleksiyasına. İllər keçir, zaman ötür. Hər iki kolleksiya, böyüyüb özünə daha geniş ərazi tələb etməyə başlayarkən Ələkbərov başa düşür hə.... artıq vaxtdı... Kolleksiya, öz şəxsi istifadə dövrünü uğurla başa vurub. İndi onu ictimailəşdirmək, belə deyək, geniş ictimaiyyətin istifadəsinə ötürmək vaxtıdır.
Axır bütün bunlar öz məntiqi sonluğu ilə- Moskvanın Afanasyevski döngəsindəki Beynəlxalq Numizmatika Muzeyinin açılışı ilə nəticələnir. 2015-ci ilin payızında Vahid Ələkbərov öz qonaqlarını, nəhayət, yığır bu bahalı, dəbdəbəli ünvana. Kolleksiyasını gizləyən ağır pərdəni azcana yuxarı qaldırır. Qonaqlar, mass-media nümayəndələri gördüklərinə heyran qalıb bir an sanki başlarını itirirlər. Muzeydə Vahid Ələkbərov kolleksiyasından 700 eksponat var. Hər il onların sayı durmadan bir az da artır.
***
İndi tale özü Vahid Ələkbərovu bu prosesin növbəti mərhələsi, pilləsi ilə yenidən imtahana çəkir deyəsən. Poçt markaları, qədim pul sikkələri ictimailəşdiriləndən sonra növbə gəlib çatıb Vahid Ələkbərovun şəxsi səhmlərinə. Malik olduğu neft-qaz infrastrukturlarına. Rusiyanı, Azərbaycanı, dünyanın digər guşələrini hörümçək toru kimi bürümüş yanacaqdoldurma məntəqələrinə. Və sairə və ilaxır.
Vaxtilə Vladimir Putinlə Mixail Xodorkovski arasındakı nifaqdan, qarşıdurmadan öz xeyrini tapan Vahid Ələkbərov, deyəsən bu dəfə yamanca ilişib. Xodorkovskinin acı taleyini öz həyatında təkrarlamağa başlayıb. 2016-cı ilin mart ayından üzü bəri bu acı proses xeyli sürətlənib. Necə deyərlər “qulaqlarımıza qurğuşun”. Görün, bu barədə dövrü mətbuat indi nə xəbərlər verir: “Rusiyanın məşhur neft şirkəti “Lukoyl”un aksiyalarının qiyməti çərşənbə günü keçirilən ticarət hərracında kəskin aşağı düşüb. Həmin tendensiya bu gün də davam edib. Başqa sözlə desək, şirkətin qiymətli kağızları Moskva birjalarında noyabrın 2-si 3,9 faiz, növbəti gün isə daha 1 faiz ucuzlaşıb”.
Virtualaz.org saytı isə, Rusiya nəşri “Finans”a istinadən bildirir ki, bu, Kremlin şirkət tərəfindən yığılan valyuta ehtiyatlarına göz qoymasından sonra baş verib. Başqa sözlə, “Lukoyl” prezidenti Vahid Ələkbərov “Rosneft”lə bağlı dövlət başçısı Putinlə apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.
Proses, 2016-cı ildən start götürərək indiyədək davam edir. Bir an səngiyib tükənmir.
Rusiyalı ekspert Maksim Koroboçkin yazdığı analitik məqalələrin birində bütün bunları belə təsvir edib: “Vahid Ələkbərova elə gəlir ki, onun iti, nurlu baxışları aysberqləri belə əritmək qüdrətindədir. Nahaq, çox nahaq. Bu, qətiyyən belə deyil. O, son vaxtlar çox astaca, pəsdən dodaqları altında nəsə mızıldanır. Əmrlərini də, bax bu cür, pıçıltılı səsi ilə ətrafdakılarına çatdırmaq istəyir. Day düşünmür ki, onun bu kəkələməsini başqaları anlamaya da bilər. Bəyəm o, qorxmur ki, bu mızıltılarını başqaları qəfil səhv eşidər birdən?”
Mətndəki “başqaları” sözünü nağdlaşdırsaq, qarşımızda Kreml rəhbərliyini, ilk növbədə Vladimir Putini görməyə məhkumuq. Deyilənə görə, Ələkbərovun ofisindəki onun fotoşəkili ənənəvi cür, yəni rəngli deyil. Ağ-qaradır. Bu da, Putinlə Ələkbərov arasındakı soyuq münasibətlərdən xəbər verir guya. Hər halda, müasir Rusiya mətbuatı bunu dönə-dönə, dəfələrlə təkrarlayır son zamanlar. Qarşıdurmanı soyutmur. Tam tərsinə, daha da qızışdırır.
Vahid Ələkbərov dəfələrlə Vladimir Putinin etimadını doğrultmağa səy göstərib. Misal üçün, Soçi Olimpiadasına hədiyyə olaraq Krasnopolyansk Hidro Elektrik Stansiyasını öz hesabına təmir edib. Ancaq bu dəfə daş qayaya rast gəlib sanki. 
“Nə baş verib?”. İndi mən məcburam bu suala elə cavab verəm ki, ürəyinizdə mövzuyla bağlı bircə xal da qalmasın. 
Cavab isə budu, eşidin. 2013-cü ildə Vahid Ələkbərov, nəhayət, öz vəsiyyətnaməsini yazıb notariatda onu öz imzası ilə təsdiqləyir. Öz səhmlərini oğlu Yusifə vəsiyyət edir. Bircə şərtlə- o, bu səhmləri bir başqasına qətiyyən sata bilməz.
Ancaq...
***
Ancaq indi hal-hazırda həmin səhmlər Yusifə gəlib çatınca çəkidə, dəyərdə deyəsən xeyli “arıqlaya” bilər. Dövrü mətbuatda şirkətin müasir maliyyə durumu bax bu dramatik ştrixlərlə müşayiət olunur axı indi: “Azərbaycan əsilli Rusiya milyarderi Vahid Ələkbərov və onun ortağı Leonid Fedun Rusiyanı tərk etməyə hazırlaşırlar. Virtualaz.org bildirir ki, bu haqda “Moscow-Post” qəzeti yazıb. Nəşr qeyd edir ki, “Lukoyl” şirkətinin şərikləri Vahid Ələkbərov və Leonid Fedunun aktivlərini Rusiyadan çıxarmaq barədə gizli niyyətləri dolayısı ilə öz təsdiqini tapır. Belə ki, keçən ilin nəticələrinə görə, şirkət neft hasilatını 2015-ci illə müqayisədə 8,6% (91,992 milyon tona qədər) azaldıb. Şirkətin prezidenti daha əvvəl həqiqətən də təxminən 200 neft quyusunun işini dayandıracağını elan etmiş və bunu olduqca sadə arqumentlə- Rusiyanın və OPEK-in mövcud siyasəti ilə əsaslandırmışdı. Düzdür, “Lukoyl” ona qədər Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, hasilatı havayı azaltmaq istəmir və dövlətindən kompensasiya alacağına bel bağlayır”.
***
Vahid Ələkbərov vaxtilə, 1996-cı il seçkiləri zamanı Boris Yeltsinə küllü miqdarda vəsait ötürüb. Nəticədə “prezidentin səlahiyyətli nümayəndəsi” adını qazanıb özünə.
Ancaq oxşar təcrübəsini bu dəfə o təkrarlamağı bacarmadı deyəsən.
Qulağına pıçıldayanda ki, bəs ağıllı ol, sikkə, marka kolleksiyalarını ictimailəşdirdiyin kimi, zəhmət çək, öz neft-qaz səhmlərini də ictimailəşdir, hə, Ələkbərovun rəngi-ruhu bozarıb. Kəkələməyə başlayıb ki, bəs mən axı səhmlərimi oğlum Yusifə vəsiyyət etmişəm və s.i. və ilaxır.
***
Bunun da çarəsi var. Əlinə qələm verib səni notariat kontorunadək müşayiət edərlər. Məcbur edərlər oğlun Yusifə ötürdüyün vəsiyyətnaməni yenidən redaktə edəsən.

musavat.com

Комментариев нет:

Отправить комментарий