Страницы

06.03.2017

Putin Haaqa Məhkəməsindəki erməni hakimi işdən necə çıxardıb

Həmid Herisçi

Xocalı soyqırımı ilə əlaqədar mətbuatda gedən məqalələrdə tez-tez, dəqiqəbaşı Beynəlxalq Haaqa Məhkəməsinin adı çəkilir. İddia olunur ki, guya biz ora müraciət etsək, vəssalam, anında işlərimiz təkərə düşəcək. Guya burda bircə əngəl var ortada- Azərbaycan dövlətinin məhkəməyə yazılı şəkildə müraciətinin yoxluğu.
Deyəsən, bizləri “Haaqa, haqq-həqiqət” sözləri arasındakı səsləşmə, oxşarlıq yoldan çıxarıb. Musiqisi, bəli razıyam, oxşardı bu tam fərqli sözlərin. Ancaq neynək. Xalqımızın musiqi duyumu bu dəfə deyəsən bərk aldadıb bizləri. Yadda saxlayın, “Haaqa, haqq-həqiqət” sözləri ancaq Azərbaycan şairlərinin qoşma, gəraylılarında qafiyələnib çox aldadıcı hisslər, fikirlər yoluxdura bilər hamımıza. Həqiqətə gəldikdə isə bu, tam fərqli anlayışlardı. Üstəlik, unutmayın, şairlərimizdən fərqli olaraq hüquqşünas alimlərimiz bu fərqli məfhumları hələ ki qafiyələndirə bilmir.
Vəziyyət “Məşədi İbad” filminin lap son kadrlarını xatırlatdı mənə. Sərvər tapancasının dəstəyi ilə Məşədi İbadın keçəl başını döyəcləyir. Məşədi İbad, çar-naçar, öz iddialarından əl çəkir. Təklif olunan yazılı sazişi imzalayıb, Gülçöhrəni axır birdəfəlik unudur. Dul bir qadınla kifayətlənərək əvvəlki iddialarını məcburi yaddan çıxarır.
Deyirsiz bəs Haaqa Məhkəməsində ermənilər eynən Məşədi İbadı kimi davranacaqlar? Sərvərsifət bir hüquqşünasımızın qarşısında əlacsız qalaraq təklif edilən sənədi imzalayacaqlar, hə? Bir-iki kəndlə, obayla kifayətlənib, Qarabağdan öz mənfur əllərini geri çəkəcəklər guya?
Ay-hay, yatıbsız fil qulağında, dünya-aləmdən qətiyyən xəbəriniz yoxdu.
Əvvəla, biz gecikmişik. Haaqa Məhkəməsinin 15 hakimindən biri təcrübəli, necə deyərlər, “qulağı tüklü” bir erməni - Rusiyanı təmsil edən yüksək ixtisaslı diplomat Kirill Qoratsiyeviç Gevorkyandı. Haaqa Məhkəməsinin gizli səsverməsi nəticəsində 2015-ci ildən ta 2023-cü ilədək o, burda kefimizə soğan doğrayacaq. Qoymayacaq bizi rahat nəfəs almağa. Məhkəməyə göndərdiyimiz sənədləri zibil qutusuna atacaq.
Yaxşı, kimdi görəsən bu erməni daşnak dığası? Necə olub o, bu yüksək vəzifə kürsüsünə yiyələnib?
DOSYE: GEVORKYAN KİRİLL QORATSİYEVİÇ. 1953-cü ildə dünyaya göz açıb. Doğulduğu yer bioqrafiyasında göstərilmir. 1975-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutunu (MQİMO) fərqlənmə diplomu ilə bitirib. İngiliscə, fransızca tam sərbəst, rahatca danışır. Rusiya prezidentinin 29 avqust 2007-ci il fərmanı əsasında fövqəladə səfir statusu daşıyır. Niderland krallığında Rusiya Federasiyası səfiri vəzifəsini icra edib bir ara. Moskvanı dəfələrlə ən yüksək siyasi toplantılarda təmsil edib. BMT statuslu bir çox beynəlxalq qurumların fəal iştirakçısı, belə deyək “peşəkar futbolistidir”. SSRİ dövründə “müşahidəçi” statusu ilə silahlanaraq BMT-nin insan haqları üzrə bir çox sammitlərində iştirak edib. Qısası, dünyada day o diplomatik iclas, sessiya, sammit qalmayıb ki, Kirill Gevorkyan orda Rusiyanı təmsil etməsin.
Uzun müddət Rusiya XİN-də Hüquq departamentinə başçılıq edən bu şübhəli şəxs çox ciddi peşəkar diplomat, beynəlxalq hüquq prinsiplərinin usta xiridarıdır. Uqanda, Ruanda, Yuqoslaviya kimi ölkələrdə baş vermiş soyqırım hadisələrinə vaxtilə məhz o, öz hüquqi (!) qiymətini verib. Görünür, qondarma “erməni soyqırımı” kartını daim cibində gəzdirən bəzi pərdəarxası qüvvələr elə-belə gətirməyiblər onu vəzifə başına. “Gevorkyan” soyadının Haaqa Beynəlxalq Məhkəməsində mövcudluğu özü artıq Türkiyəyə, elə bizə də bir növ gizli xəbərdarlıqdı. Yəni "özünüzü yığışdırın, Xocalı nədi, Sumqayıt nədi? Burda "erməni soyqırımı" üzərində ciddi iş gedir. Hər an sizləri bu məşhər... üzr istəyirəm, Haaqa Məhkəməsinə çıxarıb sizə problem yaradarıq".
Haaqa Məhkəməsində deyirsiz Gevorkyanın qara qaşlarına, ala gözlərinə aşiq olub ona ildə elə belə 160 min dollar aylıq pul ödəyirlər? Sağlıq olsun, təqaüdə çıxsa, onu BMT-nin xüsusi qərarı ilə əlavə mükafat-filan da gözləyir bəlkə.
Gevorkyanın ailə məsələsinə gəlincə, həəəə, burda da bizimlə, Bakıyla bağlı çox sayda maraqlı faktlar, gizlinlər, sirlər mövcuddu.
***
Bakılı şahmat qrossmeysteri Harri Kasparov lap gənc vaxtlarında- 21 yaşında Leninqradda ikən özündən 16 yaş böyük məşhur teatr-kino ulduzu Marina Mstislavovna Neyelovaya bir könüldən min könülə vurulur. Sonralar həyatının bu epizodunu Kasparov öz bioqrafiyasında belə təsvir edəcək: "Marina Neyelovayla intim münasibətlərimiz Neva sahillərində iki ildən çox sürdü. Marinanın dəcəl səs tembri, çox erotik bədən quruluşu məni yoldan çıxardı. Savadı, kinayə dolu danışıq tərzi də xoşdu. Marinanı qucaqlamayanda, adətən telefon dəstəyini qucaqlayar, saatlarla onunla telefon əlaqəsi saxlardım".
Kinossenarilərinə layiq bu cəlbedici eşq macərası axır öz məntiqi son nöqtəsinə bilirsizmi nə vaxt gəlib çatır?
Deyim də cavabını... Marina özündən 16 yaş kiçik Harri Kasparovdan uşağa qaldığı vaxt. Nağıllardakı kimi, göy guruldayır, şimşək çağır bu dəli sevda üzərində. Kasparovun anası Klara Şaqenovna iki pəncəsini bir başmağa dürtüb qışqırır ki, bəs bu körpə Harrininki deyil. Bir Allah bilir Marinanın hansı aşnasındandı...
Körpəyə Nika adını vermiş Marina bir müddət qalır bu çağayla teatr səhnəsi arasında. Axır, məclislərin birində öz növbəti qurbanını, daha doğrusu, növbəti ermənisini- Kirill Gevorkyan Qoratsiyeviçi taparaq, həm öz taleyini, həm beşikdəki Nikanı ona etibar edir. Siz bu şıltaq Marinanın bir bəxtinə baxın. SSRİ-nin lap ac vaxtlarında, 80-lərin sonunda bu sevgi cütlüyü Parisə köçür. Gevorkyan orda diplomatdı, Marina isə... Marina isə qalıb Moskvayla Paris arasında. Gah teatr səhnəsində görünür, gah ən bahalı Paris dükanlarında...
Hə... Kirill Gevorkyanı Azərbaycana bağlayan incə, ancaq xoşagəlməz tellər, gördüyümüz kimi, bir deyil, iki deyil. Onlarcadır. Üzərinə bir Xocalı iddiası da gəlsə, görərsiz, Kirill Gevorkyan lap cin atına minəcək. Anadan əmdiyimiz südü çalışacaq burnumuzdan gətirsin.
***
Barmaqlarını qatlayıb saysan, Rusiya XİN-də yüksək vəzifə daşıyan azərbaycanlılar guya sayca az deyil. Siyahıya bir diqqət edin. Görün kimlərin adı var bu siyahıda:
Əzimov Ənvər Sərvəroviç - xüsusi tapşırıqlar üzrə məxfi səfir.
Əhmədov Stanislav Ənvəroviç - Afrika departamentinin direktor müavini.
Mamedov Georgiy Ənvəroviç - Kanadada səfir.
Həkimov Bəxtiyar Mərufoviç - Asiya və Sakit okean hövzəsi departamentinin direktoru.
Şirinskiy Mirqiyas Mirqiyasoviç - Ruandada səfir.
Əzizov İsgəndər Xumaroviç - Birinci Asiya departamentinin direktor müavini.
Qarayev Vaqif Məmmədəli oğlu - İraqda baş konsul.
İsgəndərov İlyas Farxadoviç - Yaxın Şərq və Şimali Afrika departamentinin rəisi.
Musrafabəyli Əli Midhədoviç - İranda baş konsul.
Nurizadə Aleksandr Böyükoviç - Birinci Avropa departamentinin rəis müavini.
Ancaq...
Ancaq bu siyahının lap başında, əlifba sırasına zidd olaraq, birinci yerdə həmişə Hüquq departamentinin sabiq rəisi Kirill Gevorkyanın adı çəkilir nədənsə. Səbəb? İndi inanmıram kimsə buna düzgün cavab versin. Belə yerdə adətən təcrübəli diplomatlar “Torbada pişik var” deyərək, susmağa üstünlük verirlər. O ki qaldı siyahıdakı bizimkilərə. Ehhhh, onların RF XİN-dəki erməni lobbisinə çatmağına hələ çox var. Haaqa Beynəlxalq Məhkəməsinə düşməkdən ötrü isə gərək əvvəlcə beynəlxalq hüquq sahəsi üzrə yüksək mütəxəssis statusunu qazanasan. Sonra Kirill Gevorkyan kimi bir başqasının köhnə arvadı ilə evlənəsən, balasını doğmaca balan biləsən və s. i. və ilaxır.
***
Ancaq Allah böyükdü, necə deyərlər... Kirill Gevorkyanı yerində oturtmaq üçün Allah bizə şans verib. Haaqa Məhkəməsinin nizamnaməsinə əsasən əgər zərərçəkən tərəfin, hakimlər arasında öz vətəndaşı yoxsa, o bir fəndə əl ata bilər. Kənardan bir hakimi işə cəlb edib öz iddiasını ona tapşırar. Həmin kəsin Azərbaycan vətəndaşı olması mütləq deyil. Beləsinə Haaqa Məhkəməsində xüsusi status verib adına “Ad hoc” deyirlər.
***
Haaqa Məhkəməsinin cari icraatında bir xeyli iş var - misal üçün, Gürcüstanın Rusiyaya qarşı iddiası (Cənubi Osetiya, Abxaziya məsələsi). Kosova müstəqilliyinin qanunsuzluğu və sair.
Misal üçün, 1962-ci ildə Tailand ilə Kombodja qədim Preax-Vixaer məbədinin kimə məxsusluğu ətrafında mübahisəyə girib axır onu ötürürlər Haaqa Məhkəməsinə. 2013-cü ildə məhkəmə qərar çıxarır ki, bəs bu 4,6 kilometrlik ərazi Kombodjaya məxsusdu. Bəs Tailand gərək bu torpaqları birdəfəlik öz coğrafi xəritəsindən silsin.
Kosova düyünü ilə bağlı məhkəmənin 22 iyun 2010-cu il qərarı isə öz birmənalılığı ilə seçilir. Orda deyilir ki, Kosovanın müstəqilliyi beynəlxalq qanunlara zidd deyil. Qanunidir. Vəssalam!
27 iyun 2011-ci ildə isə Haaqa Məhkəməsi əlini qana boyayıb. Liviya prezidenti Muəmmar Qəddafinin həbsinə sanksiya verərək əslində bu ölkəni labüd ölümə sürükləyib.
2014-cü ildə, iyul ayında Haaqa Arbitraj Məhkəməsi Rusiyaya qarşı ciddi bir addım atıb. Qərar çıxarıb bəs guya YUKOS şirkəti səhmdarlarına Moskva nə az, nə çox - 50 milyard zərər vurub. 15 fevral 2014-cü il tarixinə qədər göstərilən məbləği ödəməsə, Rusiya gündə 2,6 milyon dolar cərimə ödəməlidir guya.
Bu və ya digər oxşar səbəblər, xüsusən Krım mövzusunun Haaqa Məhkəməsində müzakirəsi Vladimir Putinin səbir kasasını axır daşdırıb. 19 noyabr 2016-cı ildə o, bütün ittihamlara imzaladığı bircə qərarla cavab verib. Elan edib bəs bu tarixdən sonra Rusiya Federasiyası Haaqa Məhkəməsini yuxuda belə görmək istəmir.
Nəticədə Kirill Gevorkyanın ipi də gedib əldən, iti də.
Allah böyükdü... O, həmişə əzazillərin cavabını özü verir. İşi Haaqa Məhkəməsinə saxlamır.

musavat.com

Комментариев нет:

Отправить комментарий