Страницы

06.04.2017

Etibar Həsənzadə - Danışan ürəklər

İNCƏ YARIM

Baxışında gülüşlər, dodağında təbəssüm,
Sanki, indi açacaq üzündə qönçə, yarım.
Nə gözəl rəsm çəkib dodağında təbəssüm,
Sanki, zərif çiçəksən çiçəkdən incə yarım.

Cilvələr duruşunda, həm əda, həm nazında,
Bir hava çal, sevgilim, əlindəki sazında.
Mizrab yenə tellərdə, barmaqlar pərdələrdə,
İkimizin yerinə danışsın incə yarım.

Coşdur yenə təbimi, səslənim misralarda,
Etibaram, sevgidən gözəl dastan bağlayım.
Yalan olsun Leyli də, unudulsun  Əsli də,
Düşsün dildən dillərə bu dastan, incə yarım.

İNCƏ-İNCƏ

Gəl nazəndə gözəl, üzündə gülüş, 
Əlində kamanın çal incə-incə.
Dillənsin könlümdə sevgi telləri,
Axsın dödağımdan söz inc -incə.

Sən bax gözlərimə, danışaq səssiz,
Qoy axsın hisslərim qəlbinə səssiz.
Gör nə ağrılar var içimdə sənsiz,
Qəlbimi əridir eşq incə-incə.

İnləsin kamanın qoy segah üstə,
Axsın bulaq kimi ürəyim üstə.
Şeirlər söyləyim musiqi üstə,
Duyğular dillənsin qoy incə-incə.

O gözəl gözlərin baxmasın xumar,
Ürəyim sevgindən yenə pay umar. 
Dağınıq saçların üzündə xumar, 
Darayım onları mən incə-incə.

Ala gözlərinin baxışı süzgün, 
Söyləyir ahəstə eşqini düzgün.
Etibaram, sevgindən ürəyim üzgün,
Qoy eşqdən söyləyim mən incə-incə.

NƏ GÖZƏL

Gəzirsən bağçada, bağça nə gözəl.
Hər yanın gül-çiçək, ətri nə gözəl.
Saçların dağılmış çiyinlərinə,
Dağılmış tellərin bilsən, nə gözəl.

Dalmısan xəyala, fikrin uzaqda,
Mən də dayanmışam səndən qıraqda.
Məni görməsən də, gülüm, bayaqdan,
Baxdığım mənzərə bilsən, nə gözəl.

Sən güllərə, güllər sənə tən gələr,
Sevgidən hisslərim tüğyana gələr.
Misralar qəlbimdən dilimə gələr,
Qəlbimə sığmayan hisslər nə gözəl.

Şeirə düzdüyüm sənə yozular,
Qaldırma başını, ahəng pozular.
Sevirəm, ay gözəl, duysan nə olar,
Etibarın sevgisi bilsən nə gözəl.

SƏNİN DEYİLMİ

Bu həsrət səninmi, yoxsa mənimmi?
İkimizin adına, de mən çəkimmi?
Sən çəkmə, qəlbini bu həsrət yıxar,
Qəlbindəki surətim sənlə deyilmi?

Aramızda məsafə baxışlar qədər,
De, baxım üzünə axı nə qədər?
Qəlbimdə atəşlər məhşərə qədər,
Danışan baxışlar bəsin deyilmi?

Bu dilsiz söhbətlər bir dastan qədər,
İkimizin sevgimiz ömrümüz qədər.
Əllərim çatmır ki, baxışlar qədər,
Danışan ürəklər bəsin deyilmi?

Tələsmə, bu həsrət bir vaxta qədər,
Zamanı gəlincə ayrılıq bitər.
Aradan keçsə də, fəsillər, illər,
Etibarın sevgisi sənin deyilmi?

TALAN

Qəlbimdə ağrılar, eşqimdir bəlam,
Yorğunam sevgindən, sən isə yalan.
Nə qədər gözləyim, müddəti yox ki,
Cavabsız sevgidən bu könlüm talan.

Bəlalı sevgindən başımda duman,
Baxdım gözlərinə qəlbimdə güman.
Sənin heç insafdan xəbərin yox ki,
Sənsiz keçən həyat talandır, talan.

Bir gəldin, bir getdin, gedişin yaman,
Arxanca baxmaqdan gözlərim nalan.
Geriyə bir kərə baxmağın yox ki,
Sanki getdiyin yol olubdur talan.

Varlığım səninlə olubdur tamam,
Sənsiz bu həyatı var deyə sanmam.
Etibaram, səndən dönməyim yox ki,
Nə qədər etsən də ömrümü talan.

SƏN MƏNİM EŞQİMSƏN, SEVDİYİM DEYİL

(Bu şeirdə oxuduğum bəzi materiallardan istifadə etmişəm)

Gəl nazlı gözəlim, çox sual vermə:-
Məni az sevirsən, -söyləyib keçmə.
Səni sevənlərlə məni bir tutma,
Sən mənim eşqimsən, sevdiyim deyil.

Ürəyimin yarasını qanatma,
Məni görüb, məndən uzağa qaçma.
Axı qəlbindəyəm, özündən qaçma,
Sən mənim eşqimsən, sevdiyim deyil.

***
Gülüb mənə, -fərqi nədir?- deyirsən,
Ya aşiqsən, ya da guya sevirsən.
Fərqini söyləyim, sən də biləsən,
Bu aşiq oğlanı çox üzməyəsən.

Sevgiylə aşiqlik bir qəlbə sığmaz,
Aşiqlik dağıdar, sevgi yaradar.
Sevgi xoşbəxtliklə səadət verər,
Eşqsə bədbəxtliyin açarın verər.

Sevgi dolu evlilik həyat gətirər,
Amma eşq sevgidən bəlalı gələr.
Gözü kor aşiqlik sevinc gətirər,
Gözlər açılanda peşmanlıq gələr.

Sevgi həyatında xoş izlər qoyar,
Eşqsə ürəyində dərin yaralar.
Sevgi şərbət deyə başa çəkilər,
Eşqi zəhər deyə qanıb içərsən.

Sevgi ürəyinə meh kimi əsər,
Eşqsə qasırğatək içinə əsər.
Sevgini söyləyər, həm bölüşərsən,
Eşqisə heç zaman söyləyəməzsən.

***
Sevmək sevdiyini qəlbdə görməkdir,
Eşq isə hər yerdə görə bilməkdir.
Sevgi zaman-zaman unudulursa,
Eşq ömür boyunca unutmamaqdır.

Sevgi odu ürəyində yanarsa,
Eşq odu ürəkdə zəbanə çəkər.
Sevgi ömrə incə naxış çəkərsə,
Eşq sənin ömrünü əcələ çəkər.

Sevgi özlüyündə qarşılıq istər,
Eşqsə qarşılıqsız və dərin olar.
Sevgi gözəlliyi, mümkünü istər,
Eşqsə imkansızı və mümkünsüzü.

Anlada bildimmi, bilməm, gözəlim,
Eşq ilə sevginin bütün fərqini.
Səndən vüsalını kim istədi ki,
Etibarın eşqisən, sevdiyi deyil.

Комментариев нет:

Отправить комментарий