Страницы

07.05.2017

Etibar Cavad - Buyursun

Quşlar, xəbər verin nazlı yarıma,
Qurdum can evimdə məzə, buyursun.
Hicran alovunda ahu-zarıma,
Yanan sinəm üstdə közə buyursun.

Kəsməsin ülfəti, tapıb qeyrəti
Göstərib yenidən eşqdə qüdrəti,
Tullayıb kənara kin-küdurəti
Geysin libasını təzə, buyursun.

Gülləri pəs edər, güldən gözəldi,
İmanlı, təqvalı, dindən gözəldi.
Elə cəmalı var, gündən gözəldi,
Gəlməsin nəzərə, gözə, buyursun.

Yoxdu ondan gözəl incəbel kimi,
İpək qara telli, şirindil kimi...
Gəlib naz eyləsin kükrək sel kimi
Coşa ilham pərim sözə, buyursun.

Nə hikmət var imiş qadın adında,
Nə qüdrət var imiş eşqin dadında?
Cəhənnəm atəşli hicran odunda
Yanmasın, Etibar dözə, buyursun!

Комментариев нет:

Отправить комментарий