Страницы

03.05.2017

İlqar Əliyevin intihardan öncəki ifadəsi- POLKOVNİK 20 İLLİK DOSTUNU SATIB

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev intihar etməmişdən 5 gün əvvəl ibtidai istintaqa ifadə verib.
Gununsesi.info MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin və Azər Mehdiyevin cinayət işi üzrə ittiham aktına istinadən bildirir ki, İlqar Əliyev 2015-ci ilin dekabrın 15-də prokurorluğun müstəntiqinə verib. Dekabrın 20-də isə özünü saxlandığı kamerada asıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən İlqar Əliyev Maqsud Mahmudovun ərizəsində haqlı olduğunu bildirib: “Sabiq nazir Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplamaq barədə baş idarə rəisi Elçin Quliyevə şifahi göstəriş vermişdi. Elçin Quliyev də məsələ ilə məşğul olmağı mənə tapşırdı. Mən Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları yoxlayarkən onun Mark Şamilov adlı şəxslə konfliktinin olduğunu müəyyən etdim”.
İlqar Əliyevin ifadəsində görə, bundan sonra Mark MTN-ə çağırılıb, Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə edib və təfərrüat nazirə məruzə olunub: “Daha sonra Tərlan Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək kömək göstərilməsini xahiş etdi. Markla Antiterror Mərkəzində əsasən Ramil Hümbətovn məşğul olurdu, ərizəni də Markdan Ramil alıb mənə verdi. Daha sonra Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyevə Elçin Quliyevdən razılıq aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməyi tapşırdım. Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra Antiterror Mərkəzinin fəaliyyətdə olan ehtiyat zabiti Ayaz Gərayzadə bildirdi ki, Maqsud tanışıdır və ona kömək göstərməyi xahiş edir”.
İlqar Əliyev qeyd edib ki, Azər Mehdiyev Maqsuda xidməti otağında hədə-qorxu gəlib: “Buna görə də Maqsud otaqda qusub, işçilərdən biri bu barədə mənə məlumat verdi. Mən Azərin otağına gedərək Maqsudu orada gördüm. Bir qədər sonra Azər yanıma gəlib Maqsudun 50 min dollar məbləğində pul vermək istədiyini bildirdi. Bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev bu məbləğin az olduğunu, Maqsudun 200 min dollar verməli olduğunu söylədi. Məbləği Azərə dedim və onu yola saldım”.
İlqar Əliyevin ifadəsinə görə, bir qədər sonra Azər yenidən gələrək Maqsudun 150 min dollardan artıq pul verə bilməyəcəyini deyib: “Mən də Elçin Quliyevin yanına gedərək məruzə etdim. Elçin Quliyev də mənim yanımda nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini bildirdi. Sabiq nazir razılıq verərək Maqsudun MTN-dən çıxmasına icazə verdi. Mən də bu barədə Azərə bildirərək Maqsudun MTN-dən çıxmasına icazə verdim. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə, Azər də öz növbəsində mənə verdi. Hətta Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə Ayaz Gərayzadə vasitəsi ilə brilliant və ya digər qızıl-zinət əşyaları göndərdi. Mənsə hər dəfə həmin əşyaları Ayazın özünə qaytardım, Maqsudun söz verdiyi pulları gətirməli olduğunu bildirdim”.
İntihar edən polkovnik onu da qeyd edib ki, təxminən iki ay müddətində Maqsud hissə-hissə 120 000 ABŞ dolları məbləğində pulu Azərə verib: “Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. O da nazirə məruz edərək Maqsud adlı şəxsin 120 min dollar məbləğində pul gətirdiyini dedi. Nazir həmin puldan 70 min dollar məbləğində pulu köməkçisi Vüqar Mahmudova verməyi, qalan 50 min dolları isə baş idarə daxilində bölməyi tapşırdı. Elçin Quliyev də 70 min dolları sabiq nazirin köməkçisi Vüqar Mahmudova göndərdi, 20 min dolları özü götürdü, 10 min dolları mənə, 10 min dollarını aralarında bölmək üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi, 10 min dollar isə ərizəçi Mark Şamilova çatdırıldı”.
Qeyd edək ki, İlqar Əliyevin həbsindən sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev həbsə alınıb. Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
İntihar etməsi səbəbindən İlqar Əliyev barəsində cinayət təqibinə xitam verilib.

gununsesi.info

Комментариев нет:

Отправить комментарий