Страницы

03.05.2017

İltimas Məmmədov: Ayda 30 min “paket” alırdım…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə hazırkı nazir müavini İltimas Məmmədov da dindirilib.
Oxu.Az Virtual Azərbaycan saytına istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, İltimas Məmmədov, nazirlikdə hökm sürən korrupsiya və mənimsəmə əməliyyatlarından xəbərdar olduğunu təsdiqləyib.
Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə “obşıy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib. İltimas Məmmədov isə mətbuata açıqlamasında “bu barədə danışmaq istəmədiyini” deyib.
Hazırda nazirin birinci müavini olan İltimas Əhməd oğlu Məmmədov istintaqa ifadəsində göstərib ki, 23 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini, 22.06.2014-cü il tarixdən hazırkı vaxta kimi isə nazirin birinci müavini vəzifəsində işləyir. İltimas Məmmədov ifadəsində bildirib ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov tərəfindən nazirliyin ayrı-ayrı qurumlarından aylıq olaraq pulların yığılmasından məlumatı olmayıb. O, nazirliyin strukturlarından aylıq haqqın yığılması barədə istər keçmiş nazir Əli Abbasovla və ya Aparat rəhbəri Vidadi Zeynalovla aralarında hər hansı söhbətin olduğunu inkar edib. Bununla belə, İltimas Məmmədov deyib ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. İltimas Məmmədovun dediyinə görə, o, bir dəfə nazir Əli Abbasovdan bu haqda soruşub. Nazir isə ona belə cavab verib ki, işçilərə aylıq “paket” verilməsi razılaşdırılmış məsələdir, yəni narahat olmağa dəyməz. İ.Məmmədov iddia edir ki, nazirliyin digər işçilərinə verilən aylıq “paket”dən xəbərsiz idi.
Göründüyü kimi, nazirin birinci müavini rabitə sistemində hökm sürən korrupsiyadan qidalananlardan biri olub, ancaq o, hələ də vəzifədədir. Bəli, ola bilər ki, İltimas Məmmədov nazirliyin strukturlarında dövlətə çatacaq gəlirlərin mənimsənilməsi, xərclərin şişirdilməsi və pulların “katyol”a toplanıb bölüşdürülməsi işinə birbaşa rəhbərlik etməyib. Amma həmin “katyol”dan ona da pay çatıb və üstəlik, özünə ev tikmək üçün bir dəfəyə 1,5 milyon manat da götürüb.

İltimas Məmmədov kimdir? (musavat.com)

İltimas Əhməd oğlu Məmmədov Əli Abbasovun müavinlərindən biridir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cü ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub. 2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiylar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı. İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) "Rabitə ustası" fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalələrin müəllifidir. Ailəlidir, üç övladı var.

Комментариев нет:

Отправить комментарий