Страницы

16.05.2017

Rus Ordusu Qarabağda

Təkcə 1990-cı il ərzində Rus ordusu erməni silahlı qruplaşmalarına qarşı 160 əməliyyat keçirmiş, yüzlərlə terrorçu məhv və ya tərksilah edilmiş, baza və müdafiə istehkamları dağıdılmışdı. Ayaz Mütəllibovun “Koltso” əməliyyatı zamanı Rus hərbçiləri Gəncə ətrafındakı 30 kəndi ermənilərdən boşaltmışdılar ki, bu da Gəncənin gələcəkdə itirilməsinin qarşısını almışdı. Rusiya Silahlı Qüvvələrinin 23-cü diviziyası Xanlar və Goranboyun kəndlərində oturuşmuş erməni terrorçularını buradan qovub çıxarmışdı. “Koltso” əməliyyatı zamanı AXCP mətbuat konfransı keçirib beynəlxalq jurnalistlərə bildirdi ki, Mütəllibov Rus ordusunun əli ilə erməniləri qırır. “Demokratik” AXCP dünya ictimaiyyətinə müraciət ünvanlayıb Qarabağ ermənilərini Mütəllibov təcavüzündən qorumağa çağırdı. “Koltso” əməliyyatı yalnız Moskvada QKÇP çevrilişi yatırılandan sonra dayandırıldı. Buna baxmayaraq, “Koltso” əməliyyatı nəticəsində 24 kənd ermənilərdən büsbütün boşaldıldı: Xanlar rayonunda 2 kənd, Goranboy rayonunda 3 kənd, Şuşa rayonunda 5 kənd, Hadrut rayonunda 14 kənd. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında vurulan vertolyotda azərbaycanlı generallar- İsmət Qayıbov və Məhəmməd Əsədovla yanaşı 2 rusiyalı general- Mixail Lukaşov, Nikolay Jinkin və qazaxıstanlı general Sanlal Serikov da vardı. Rus desantçıları 1992-ci ildə Mardakerti büsbütün ermənilərdən təmizləyib Azərbaycan ordusuna təhvil vermişdi. Cəbhəçilərin söydüyü Rus əsgərlərinin sayəsində DQMV-nin 52 faizi Azərbaycan ordusunun nəzarətinə keçmişdi. O vaxt Bayram Bayramov deyəndə ki, hələ Qarabağ indiki kimi bizim olmayıb, naxçıvanlı cəbhəçilər onu xalq düşməni elan etdilər. Rusiya müdafiə naziri Pavel Qraçov orduya əmr vermişdi ki, bu münaqişədə ermənilərə yox, azərbaycanlılara dəstək verilsin (Bu həm də onunla əlaqədar idi ki, Ermənistanın o vaxtkı rəhbərliyi Qərbyönümlü siyasət yürüdürdü). Keçmiş müdafiə naziri Rəhim Qazıyevin də etiraf etdiyi kimi, Sovet qoşunlarının əmlakı bölünərkən Rusiya Müdafiə Nazirliyi Azərbaycana nəzərdə tutulduğundan da qat-qat artıq silah-sursat və hərbi texnika vermişdi. Həmin dəstəyin sayəsində erməni daşnakları minlərlə itki vermişdilər. Məşhur Ağdərə döyüşündə ermənilərin 6 tank, 4 BMP və 1 BTR-inin qabağına məhz rusların köməyi sayəsində Azərbaycan tərəfi içində 80 tank olmaqla 160 zirehli texnika çıxara bilmişdi və döyüş ermənilərin süqutu ilə nəticələnmişdi. Erməni veteranları indi də şikayətlənirlər ki, Rus ordusu bizə heç nə vermədiyi halda azərbaycanlıları təpədən dırnağa kimi silahlandırmağa çalışırdı. Sırxavəndə hücumların intensivliyini erməni tərəfi Rusiya ordusunun azərbaycanlılara 100 tank verməsi ilə izah etmişdi. “Kommersant” qəzeti yazmışdı ki, Sırxavənd döyüşlərində həlak olmuş 200 Azərbaycan döyüşçüsünün əksəriyyəti salavyan görünüşlüdür. 1992-ci ildə Azərbaycan ordusuna səfərbər olunmuş ilk 2700 könüllüyə Gəncədəki Rusiya Silahlı Qüvvələrinin 104-cü hava-desant diviziyasının 37 zabiti təlim vermişdi. Qarabağda erməni terrorçularının qorxduğu yeganə qüvvə Rus speçnazı idi. Ermənilərin müdafiə xətlərini o vaxt general Vladimir Şamanovun rəhbərlik etdiyi 328-ci paraşüt-desant polkunun əsgərləri yarırdılar. Mardakertin alınması döyüşlərinə şəxsən Şamanov özü rəhbərlik etmişdi. Məhz Şamanovun Gəncədə yerləşən polku ermənilərin DQR ordusunun Şaumyandakı əsas bazasını darmadağın etmişdi. Qarabağ müharibəsində göstərdikləri şücaətlərə görə general Şamanov və 104-cü hava-desant diviziyasının bir çox zabitləri Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunmuşdular. Rusiya Silahlı Qüvvələrinin 4-cü ordusu Şaumyan və Mardakert rayonlarını tutaraq burada Azərbaycan bayrağı dalğalandırmışdı. Xankəndinə ilk dəfə Azərbaycan bayrağını cəbhəçilərin xalq düşməni elan etdiyi Polyaniçko sancmışdı. Azərbaycan Ordusunun yaranmasının ilk aylarından çoxlu sayda Sovet və Rus kontraktnikləri ermənilərə qarşı vuruşmuşdu.

Qarabağın süqutu hakimiyyəti diversiya və təxribat yolu ilə zəbt etmiş cəbhəçilər tərəfindən Rus ordusunun Azərbaycandan qovulmasından sonra başlandı.

Комментариев нет:

Отправить комментарий