Страницы

29.06.2017

Kollektor şirkətləri qoçuluğa başladı

Bankların qanunsuz əməlləri barədə dəfələrlə xəbərlər vermişdik. Bu dəfə isə onlar borcu ödətdirmək üçün inanılmaz yola əl atıblar. Belə ki, kredit borcunu ödəyə bilməyən şəxs girov götürülüb. Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib. Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. Bəhruz Sadiqinin sözlərinə görə, "Bakı Kollektor Agentliyi"nin əməkdaşları onu razılığa gəlmək üçün ofisə dəvət ediblər.
Bəhruz deyir ki, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin. Yalnız polis əraziyə gəldikdən sonra agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar.
Məlumdur ki, neftin qiyməti düşəndən və devalvasiya baş verəndən sonra problemli kreditlərin artması banklara və qeyri-bank kredit təşkilatlarına da təsirsiz ötüşməyib. Bu müəssisələr maliyyə çətinlikləri ilə üzləşdiyindən ixtisarlar aparılıb, filiallar bağlanıb, bəzi xərclər azaldılıb.
Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində aylar ərzində banklarda problemli kreditlərin həcminin artdığı sübut edilir. Kreditlərin toplanmasında çətinliklərlə üzləşən bəzi banklar bunun üçün kollektor agentliklərə müraciət edir.
Lakin burada bir məqam var, müştəri haqqında məlumat bank sirridir və bank bu məlumatları heç bir halda üçüncü tərəfə ötürə bilməz. Buna baxmayaraq kollektor agentliklər bank müştərilərinin kredit tarixçələrinə, ümumiyyətlə, onlar haqqında bankda olan məlumatları əldə edə bilirlər. Həmçinin, insanları aldadaraq özlərini tam fərqli, müxtəlif formalarda təqdim edirlər.
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda kollektor şirkətlərinin fəaliyyəti ümumən qanunsuzdur: “Banklar tərəfindən kollektora borc alanın borcu haqqında məlumat verilməsi bank sirrinin pozulmasıdır. Azərbaycanda kollektor yalnız bir istiqamətdə fəaliyyət göstərə bilər- məhkəmə prosesində bankın maraqlarını müdafiə etmək üçün. Çünki bilirik ki, məhkəmə prosesi açıqdır, bu halda bank məlumatı kollektora verə bilər ki, onu məhkəmədə müdafiə etsin. Bank tərəfindən hər hansı bir şəxsə və yaxud kollektora borclu və onun borcu haqqında məlumatın verilməsi, təzyiqlər, telefon zəngi etməsi barədə tapşırıq verməsi bank sirrinin pozulmasıdır və buna görə bank məsuliyyət daşıyır. Kollektor şirkətlərinin özbaşına vətəndaşları dəvət edib saxlaması, əşyalarını götürməsi halları təəssüf ki, ilk dəfə deyil baş verir. Bu cür hallar zamanla olub. Artıq kollektor şirkətlər özlərini dövlət içində dövlət kimi aparırlar. Bunlar dövlət üçün təhlükəlidir. Vətəndaş həmin kollektordan və bankdan müvafiq dövlət orqanlarına şikayət etməlidir, o cümlədən, ona vurulan zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldıra bilər. Onlar vətəndaşa mənəvi zərər vurub”.
Hüquqşünas qeyd edib ki, vətəndaşın bank ofisindən başqa harasa çağırılması düzgün deyi: “Borclu borca görə başqa yerlərə dəvət olunarsa, getməməlidir. Çünki onlar heç kəsdir. Borclunu yalnız bankın ofisinə, məhkəməyə və icra məmurları harasa dəvət edə bilərlər. Hətta borclu vətəndaş tanımadığı nömrələrdən gələn zənglərə belə cavab verməməlidir. Bir sözlə, vətəndaş hüquqlarını bilməlidir. Təəssüf ki, vətəndaşlarımız çox zaman öz haqlarını bilmirlər, hətta borclu olanda qorxurlar. Kim zəng vurur, onunla danışır. Amma danışmasa, bir də zəng vurub onu təhdid edirsə, dərhal 102 xidmətinə müraciət etməlidir. O danmır ki, onun borcu yoxdur. Banka vaxtında ödəmə edə bilmədiyi üçün yaranan problemlər ancaq məhkəmədə həll olunmalıdır. Amma çox təəssüf ki, vətəndaşlar öz haqlarını müdafiə etmir”.
Əkrəm Həsənov deyib ki, kollektor agentlikləri banklarla müəyyən faiz qarşılığında çalışır: “Banklarla kollektor agentlikləri əvvəlcədən öz aralarında müqavilə bağlayır. Tutaq ki, vətəndaşın banka 5 min manat borcu var. Müqavilə əsasında bankın kreditini qaytarır və nəticədə kollektor şirkət 5 min manatın 2500 manatını götürür. Agentlik faizə işlədiyinə görə əllərindən gələni edir. Qanundankənar olsa da, yeri gələndə borcluya zor tətbiq edir, qorxudur. Azərbaycanda inkişaf etmiş ölkələrdəki kimi borcun qaytarılmasının bir yolu var, məhkəmə. Başqa kimsənin kimsəyə hədə-qorxu gəlməyə ixtiyarı yoxdur. Bank məhkəməyə müraciət etməlidir. Məhkəmə qərar çıxarır ki, vətəndaşın filan banka bu qədər borcu var və ödəməlidir. Bundan sonra həmin qərar icra məmurlarına göstərilməlidir. Əgər vətəndaşın imkanı varsa, borcu ödəyəcək, əks halda, baxmayaraq məhkəmə qərarı var, istənilən halda həmin borc silinməlidir. Qanunlarımız bunu deyir”.

Yeganə Oqtayqızı              cebhe.info

Комментариев нет:

Отправить комментарий