Страницы

19.11.2017

 İkinci Dünya Müharibəsi dövründə ABŞ ordusunun “Kottec” əməliyyatı dünya hərb tarixində ən gülməli əməliyyat kimi qeydə alınıb, belə ki amerikanlar həmin əməliyyatı həyata keçirərkən boş adada heç bir düşmən ilə üz-üzə gəlmədən ağır itkilərə məruz qalmışlar. Heç bir ins-cins olmayan adaya hücum edən amerikan ordusundan bircə güllə də atmadan 150-yə yaxın əsgər həlak olmuş, 250-yə yaxın əsgər yaralanmış, 130 əsgər xəstələnmiş, 191 əsgər isə itkin düşmüşdür.
 Sakit okeanda yaponlarla yaranan gərginlik zamanı amerikanlar Attu və Kıska adalarını tutmaq üçün hərəkətə keçdilər. Adaları dənizdən ABŞ kreyser və esminesləri, havadan isə ABŞ və Kanada təyyarələri aylarla mütəmadi bombaladılar. 1943-cü ilin 11 mayında amerikan ordusu ilk əvvəl Attu adasına soxuldu və ağlamalı duruma düşdü. Adada özlərindən qat-qat az olan və zəif silahlanmış yaponlarla döyüş zamanı amerikanlar tərəfdən 579 əsgər öldü, 1148 əsgər yaralandı, 2100 əsgər isə donvurmadan qırıldı. 3 həftə davam edən qızğın döyüşlərdən sonra amerikanlar güc-bəla ilə adanı tutdular; cəmi 28 yapon əsgəri əsir götürdülər ki, onların içində bircə nəfər də olsun zabit yox idi. Bir il ərzində hərtərəfli blokadaya alınmış, ətraf aləmlə əlaqəsi və təhcizatı tam kəsilmiş xırda bir adanın tutulması üçün bu qədər itki verilməsi hərb tarixində nadir hadisələrdən biridir.
 Lakin ən maraqlısı qonşuluqdakı Kıska adasının tutulması zamanı baş verdi. ABŞ ordu komandanlığı Kıska adasını ələ keçirmək üçün “Kottec” adlı əməliyyat planı hazırladı. Əməliyyat 1943-cü il 15-24 avqust arasında həyata keçirildi. Adaya basqın edən ABŞ ordusunun xəbəri yox idi ki, adada heç kəs yoxdur; izolyasiyaya alınmış yaponlar müdafiənin lüzumsuzluğunu başa düşərək çoxdan adanı sakitcə tərk etmişdilər. Lakin boş adaya hücum edən ABŞ ordusu ağır itkilər verməsəydi, onda ABŞ ordusu olmazdı. Hücum etməmişdən qabaq ağıllı amerikan ordusu adanı başdan-başa 8 dəfə bombaladı. Amerikanlar adaya 135 ton bomba və təslim olmaq haqqında tonlarla vərəq səpələdilər. Bundan sonra 100-dən çox gəmidə 29 000 ABŞ və 5 500 Kanada əsgəri adaya hücuma keçdi. Esmines gəmisi adaya yan alarkən minaya toxunaraq partladı, 71 matros öldü, 47 matros isə yaralandı. Adanın artilleriya atəşi ilə səhvən bombalanması zamanı 32 amerikan əsgəri həlak oldu və 50 əsgər yaralandı. İki gün ərzində amerikan desantçıları cəmi 5-7 kilometr irəliləyə bildilər və ilişib qaldılar. Adanın içinə doğru getdikcə amerikanları vahimə basırdı ki, yaponlar onlara tələ qurmuşlar. Lakin qəhrəman yankilər əvvəl-axır heç bir yapona rast gəlmədilər. Adada çoxlu yeraltı tunellər vardı ki, onları araşdıran zaman 191 ABŞ və Kanada əsgəri itkin düşdü! 130 əsgərin əlini, ayağını və digər bədən üzvlərini don vurdu. Boş yapon dzotunu nəzərdən keçirərkən 34 ABŞ dəniz piyadası minaya düşdü, onlardan 2-si öldü, qalanları yaralandı. Yaxınlıqdakı Kanada əsgərləri partlayış gələn istiqamətə atəş açdılar, ABŞ əsgərlərinin onlara tərəf pulemyotlardan cavab atəş açması nəticəsində 5 Kanada əsgəri dünyasını dəyişdi. Bu zaman admiral Kikneyd döyüş gedən ərazinin bombalanmasını əmri verdi, “Abner Reyn” gəmisindən əraziyə atılan artilleriya mərmiləri 7 ABŞ və 3 Kanada əsgərini öldürdü, 150-yə yaxın əsgəri isə yaraladı. Beləcə amerikanlar bir-birini gülləbaran edərək qırdılar. 21 avqustda minomyot batareyası itən əsgərləri axtarmaqdan qayıdan kəşfiyyatçıları heç bir səbəb olmadan bombaladı. Sağ qalan kəşfiyyatçılar minomyotçuların üstünə hücum etdilər və hamısını güllələdilər. Beləcə amerikan ordusu bircə yapon əsgəri də öldürmədən tar-mar oldu və biabırçı vəziyyətə düşdü. İtki hesabı ilə götürdükdə Kıskanın “müdafiəsi” yapon ordusunun ən yaxşı əməliyyatlarından biri sayılır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий