Страницы

18.03.2018

Aldanma

Rahim Hətəmov

Satqınlıq, alçaqlıq yaltaqdan gəlib,
Yalan-palan sözlər qorxaqdan gəlib,
Bu Adəm övladı torpaqdan gəlib-
Bu dünya fanidi, aldanma, qardaş.

Dünyada olubdu fərqli donumuz, 
Dünya zindan olub, yəni zonumuz,
Torpaqdan yarandıq- torpaq sonumuz,
Bu dünya fanidi, aldanma, qardaş.

Ey insan övladı, bəsdirin yetər, 
Bəsdir qan axıtdız, bəsdir müxtəsər.
Dünya kimə qalmış, görmürsüz məgər- 
Bu dünya fanidi, aldanma, qardaş.

Möminə zindandı dünya həyatı,
Yoxdur gözəlliyi, cəvahiratı. 
Bu Rahib söyləyir bu şeriyyatı- 
Bu dünya fanidi, aldanma, qardaş.

Dünya yola salmış çox şah-sultanı, 
Fəhləni, naziri, həm qəzəlxanı.
Bu fəna mülkünün çoxdu mehmanı- 
Bu dünya fanidi, aldanma, qardaş.

İstəyirsən Yapon, ya da Çinə gəl,
Ərdəbil, Təbrizə, ya Nəminə gəl- 
Allaha meylli ol və sən dinə gəl,
Bu dünya fanidi, aldanma, qardaş.

Bir ucu Bakıdır, biri Əhərdir,
Bir ucu Amerika, biri Yəməndir
Axır geyimimiz bu ağ kəfəndir,
Bu dünya fanidi, aldanma, qardaş.

Vardır ölkəmizdə türk, tat, həm avar,
Ləzgisi, talışı, udinlə padar-
Dilimiz fərqliysə, sonumuz məzar,
Bu dünya fanidi, aldanma, qardaş.

Bu dünya sanki bir kinoya bənzər, 
Həm ağ üzü vardır, həm qara əsmər.
Bir cəbhədə xeyir, digərində şər, 
Bu dünya fanidi, aldanma, qardaş.

Hər dəqiqə, hər saat, hər bir anını
Səni öldürərək töksə qanını
Əzrayıl alsa da şirin canını 
Bu dünya fanidi, aldanma, qardaş.

Bu Allah pünhanı aşkar eyləyər, 
Min mıxı bir dənə mismar eyləyər,
Axirət həyatın israr eyləyər, 
Bu dünya fanidi, aldanma, qardaş.

Bu dünya həyatı əbədi deyil,
Yaşamaq-yaratmaq əzəli deyil,
Yapışmaq üçün o heç zəli deyil,
Bu dünya fanidi, aldanma, qardaş.

Комментариев нет:

Отправить комментарий