Страницы

17.06.2018

Tofiq Həsənlinin məhbəsdən yazdığı şeirlər

KİMSƏYƏ ÜMİDİM GƏLMƏYİR, ANAM...

Hər gün haray çəkən haqsızlıqlara
İçimdə Anamın kövrək səsidir.
Bir qara tel belə saçlarında yox,
Deyim ki, ağ günün xatirəsidir...

Bəlkəm də bu elə öz günahımdır,
Doğuldum zalımlar ölkəsində mən.
Təkcə rahatlığı tapmışam onun
O ağ saçlarının kölgəsində mən...

Yanına qaçardım səsi gələndə,
İndi yolu kəsən bu dörd divardı...
Zalım hakimlərin vicdanları boş,
Zülmət ölkələrin zindanı dardı...

Saçıma əlini çəkəndə Anam,
Titrək əllərindən şəfa almışam...
Saçımdan əlini çəkəndən bəri,
Yüz dəva-dərmana möhtac qalmışam...

Hər zaman əlləri dəstəmazlıdır,
Alını ibadət izlidir Anam.
Bir gedib halını soruşanı yox,
Nə yaman ürəyi sözlüdür Anam...

Canımı verdiyim xalqımız məni,
Nə yadına salsın, nə alqışlasın.
Kimsəyə ümidim gəlməyir, Anam,
Ümidim Allahdır - O bağışlasın...

SÖZÜN BELİNDƏN GƏLMİŞƏM

Haqqın dilindən gəlmişəm,
Haqqı bilib də gəlmişəm.
Sözün belindən gəlmişəm,
Elə mənlikdi Şairlik!

Həyatın şeir budağı,
Sinəm üstə şair dağı,
Anam məni şair doğub,
Elə mənlikdi Şairlik!

Əbədiyyətdir marağım,
Yox qələmim, yox varağım.
Sözün boyunda var haqqım,
Elə mənlikdi Şairlik!

Söz pıçıltım, söz harayım,
Söz sandığım, söz çarpayım,
Zindanında da var payım,
Elə mənlikdi Şairlik!

Hər yerdə məskənimdi söz,
Mən sözünəm, mənimdi söz.
Gorumdu, kəfənimdi söz,
Elə mənlikdi Şairlik!

Tofiq Həsənli, 17 iyun 2018-ci il, zindan.

Комментариев нет:

Отправить комментарий