Страницы

17.06.2018

Xəyallarda uçan adam

Zamiq Kövsəri

Mən öz kölgəsindən qaçan adamam,
Qəlbin düşməninə açan adamam.
Sən yerin üstündə sürünən canlı,
Mənsə xəyallarda uçan adamam.

Sən öz varlığında itən birisən,
Tikanlı çöllərdə bitən birisən.
Mən sənin yanında donan bir heykəl,
Sən mənim yanımdan ötən birisən.

Mən dağam, hər şeyə dözən biriyəm,
Zirvəsi göylərdə gəzən biriyəm.
Sən mənim zirvəmə çıxan ilk insan,
Mən məni səninlə əzən biriyəm.

Mən aşiq olmağın havasındayam,
Hələ də bir bəyin libasındayam
Sən gəlin paltarı köhnələn ana,
Mən hələ o toyun davasındayam.

Bəlkə də mən hələ böyüməmişəm,
Ayaq açmamışam, yeriməmişəm,
Həsrət atəşində bumbuz olmuşam-
Nə əcəb istidən əriməmişəm!

Mən elə bilirdim həmən biriyəm,
Görünür əhdinə dönən biriyəm
Sən isə həmənsən- həmən vəfasız
Mən bu gün biriyəm, dünən biriyəm...

Комментариев нет:

Отправить комментарий