Страницы

04.07.2018

Azərbaycan-Rusiya münasibətləri yeni strateji müstəvidə: Ermənistan təlaşda

Azərbaycan Silahlı Qüvvələrinin iyulun 2-dən start verdiyi genişmiqyaslı hərbi təlimlərin keçirildiyi ərəfədə Rusiya Dövlət Duması Korrupsiya ilə Mübarizə üzrə  Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqalarının təmsil olunduqları nümayəndə heyətinin Azərbaycana səfəri Ermənistanda böyük təşviş və ajiotaja səbəb olub. 
Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində "Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçirilən konfrans və  onun mümkün nəticələri hazırda  erməni mətbuatının diqqət mərkəzindədir.
Xüsusilə də Aleksandr Duqinin konfransda səsləndirdiyi fikirlər Ermənistan tərəfinin narahatlığını pik həddə çatdırıb. Duqin konfransda qeyd edib ki,  Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir və bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır:  “Bu prosesə iki ölkənin ictimai xadimləri cəlb edilməmişdi, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var. Rusiya və Azərbaycan xalqları ittifaqı bütövdür, həqiqidir. Biz Azərbaycanın sülh şəraitində yaşamaq hüququ ilə həmrəyliyimizi ifadə etmək istəyirik. Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə əsas müttəfiqidir. Rusiyanın strateji planlarında Azərbaycanın rolu artmaqdadır, ölkələr arasında bir sıra məsələlər üzrə ortaq mövqelər yaranıb. Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın razılığıdır".
Ermənistanın armenianreport.com saytında bununla bağlı iyulun 3-də işıq üzü görən materialda Duqinin bu bəyanatına münasibət açıqlanıb. Açıqlamada təkcə bir ekspertin yox, ümumilikdə, ortada qalmış işğalçı dövlətin ümidsizliyi aydın sezilir: “Prinsipcə bizə çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla  bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər (onlar formal olsa belə) birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın koleydeskopda sabah nə olacağı bəlli deyil. Aydın oldu ki, Moskva erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib. Duqin məlum olduğu kimi, çoxdan Kremlin adamı hesab olunur”.
Konfransın mövzusuna da ayrıca toxunulan yazıda dərin narahatlıqla bildirilib ki, “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlandırılması Bakıda olduğu kimi Moskvada da əvvəlcədən bütün mərhələlərdə razılaşdırılıb. Əgər Azərbaycan açıq şəkildə Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi adlandırılırsa, deməli, Əliyev və Putin müəyyən razılığa gəlib. Bu adlandırma regiondakı geosiyasi vəziyyəti kardinal şəkildə dəyişməklə Moskva və Bakının rəsmi mövqeyini ifadə edir”.
Məsələnin çox komik tərəfi isə indiyə qədər forpost olan bir ölkənin ekspertinin məlum yazıda rəsmi Moskvanı Rusiyadakı erməni diasporunun fəaliyyəti, eləcə də Federasiya ilə iqtisadi və hərbi-siyasi əməkdaşlığa son verməklə təhdid etməsidir. Yazı müəllifi Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılması kimi “orijinal” təklif də irəli sürüb. Forpost ölkənin yazarının “gözünü qan elə örtüb” ki, “Azərbaycanla dostluq edirsinizsə, Ermənistandan rədd olun!”  şəklində Rusiyaya qəzəbini püskürüb. Rusiyanın ünvanına ən gülməli təhdid isə sonda səsləndirilib: “Ermənistan nəhayət NATO-nun qapısını döyəndə, Rusiya çox təəssüflənəcək”.
Görünən budur ki, Azərbaycan-Rusiya münasibətlərinin yeni strateji müstəviyə qaldırılması apardığı işğalçılıq siyasəti nəticəsində “Əli aşından da, Vəli aşından da olan” Ermənistan tərəfini kəskin hiddətləndirib və çıxılmaz vəziyyətə  salıb.

Sevinc Abdullayeva, “İki sahil”

Комментариев нет:

Отправить комментарий