Страницы

01.08.2018

NAXÇIVANDA DAHA BİR ŞOK - Baş nazirin müavini arvadbazlığa görə həbs olundu!

Son illər nazirlərin, generalların işdən çıxarılması və hətta həbsi ilə nəticələnən silsilə qalmaqalların qeydə alındığı Naxçıvan hakimiyyətində yeni çalxalanma var. “AzPolitika.info”ya Muxtar Respublikadakı mötəbər mənbələrdən daxil olan məlumata görə, bugünlərdə daha bir neçə yüksək vəzifəli məmur vəzifəsindən azad olunub, aralarında saxlanılanlar var.
MR hökumətindəki növbəti qalmaqalın əsası iyunun 21-də gözlənilmədən baş nazirin birinci müavini Asəf Məmmədovun vəzifəsindən azad olunması ilə qoyulub. Əhali arasında “tikinti naziri” kimi tanınan Asəf Məmmədov Naxçıvan hakim elitasının odioz fiqurlarından biri idi. Baş nazirin birinci müavini kimi uzun illərdi “yağlı” tikinti sektorunu kurasiya edən A.Məmmədov MR rəhbəri Vasif Talıbovun inanılmış adamlarından biri hesab olunurdu. Lakin ötən ay – iyunun 21-də Vasif Talıbov baş nazirin birinci müavini Asəf Məmmədovun vəzifəsindən azad edilməsi barədə fərman imzaladı.
Məlumata görə A.Məmmədovun vəzifəsindən azad olunmasından dərhal sonra onun fəaliyyəti təftiş olunmağa başlayıb və təbii ki, “xəyanət və cinayət” motivlərini aşkarlamaq o qədər də vaxt aparmayıb. Məlum olub ki, A.Məmmədov bir sıra digər vəzifəlilərlə əlbir olaraq, tikinti və təhcizat məsələlərində “dəhşətli şişirtmələrə yol verib” və beləliklə də külli miqdarda dövlət vəsaitini mənimsəyib. Məsələn, məlum olub ki, real qiyməti 20-30 manatdan baha olmayan 1 küknar ağacını A.Məmmədov dövlətin “belinə” 250 manata rəsmiləşdirib. Hüquq-mühafizə orqanları tərəfindən bu səpgili faktların toplanmasından sonra Asəf Məmmədovla yanaşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Yaşıllaşdırma İdarəsinin, Nəbatət Bağının rəhbərləri və digərləri vəzifələrindən uzaqlaşdırılaraq həbs olunublar. Onlar, təxminən 1 həftə istintaq altında saxlanıldıqdan sonra MR-i tərk etməmək şərtilə sərbəst buraxılıblar. İstintaq davam edir.
Dünən isə, artıq xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2001-ci ildən vəzifədə olan Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Yəni faktiki olaraq 2 aya yaxındır vəzifəsindən uzaqlaşdırılan başçı ilə bağlı artıq sərəncam da var.
Bəs, Vasif Talıbovun ən inanılmış adamlarından hesab olunan və bir neçə ildir Naxçıvanda geniş vüsət alan tikinti sektorunu kurasiya edən Asəf Məmmədovun qəfildən “vurulmasının” səbəbi nədir? Bu barədə mənbələr müxtəlif versiyalar səsləndirirlər. Əsas versiya “haqq-hesabda” xəyanətə yol verilməsi olsa da, baş nazirin birinci müavininin qadın düşkünlüyünə və harınlığa görə “vurulduğu” da iddia olunur. Deyilənə görə Muxtar Respublikada həm də çoxarvadlı məmur olması ilə məşhur olan A.Məmmədovun növbəti eşq macərası MR rəhbərini qəzəbləndirib. İddiaya görə yaşı 60-dan artıq olan baş nazirin birinci müavini Bakıda bir məclisdə görüb-bəyəndiyi gənc xanıma onunla münasibət qarşılığında villa təklif edib. Qadının razılığından sonra A.Məmmədov ona 500 minlik villa və bahalı “Mercedes” alıb. Lakin hansısa səbəbdən bir qədər sonra işlər qaydasında getməyib və hətta harın məmurun növbəti eşq macərasının “razborkasının” Ali Məclisin qəbul otağında davam etdirilməsinə də cəhd edilib. Məhz burda A.Məmmədovun yeni və köhnə qadınları arasında dava-dalaş baş tutub. Xəbər MR rəhbərinə çatdırıldıqdan dərhal sonra A.Məmmədov vəzifəsindən azad olunub və qazamata atılıb.
Xatırlatmaq yerinə düşər ki, Naxçıvan hökumətində oxşar qalmaqal bir neçə il əvvəl də qeydə alınmışdı. Belə ki, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev öz kabinetində qısqanclıq zəminində döyüldükdən sonra işdən qovulmuşdu. /azpolitika.info/

Комментариев нет:

Отправить комментарий