Страницы

01.08.2018

Qızılbaş və Rus təsiri

Rahib Hətəmov
 
Azərbaycan xalqının formalaşması yerli Qafqazdilli və İrandilli xalqlar ilə Səlcuq Oğuz Türklərinin konsolidasiyası nəticəsində baş verdi.
Azərbaycan millətinin formalaşmasında birbaşa Səfəvi Şiə ideologiyası ilə Rus maarifçi hərəkatının birgə iştirakı rol oynamışdır.
Biz Səfəvi ideologiyası ilə Anadolu Türklərindən fərqli topluma çevrilərək onlarla qaynayıb qarışmayan və nəticədə müstəqil xalq olan müstəsna xalqa çevrilmişik.
Rus "əsarəti" nəticəsində Azərbaycanda ilk dəfə ana dilimizdə məktəblər (1829-cu ildə açılan Rus-Tatar məktəbləri) fəaliyyətə başlamışdır.
1860-1865-ci illərdə Axundovun fəaliyyəti nəticəsində tarixdə ilk dəfə Azərbaycan dilində dram əsərləri səhnələşdirilmişdir. 1873-cü ildə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyulmuşdur.
Aleksandr Çernyayevskinin fəaliyyəti nəticəsində ilk dəfə Azərbaycan türklərinə "Ana dili" dərsliyi ərməğan edilmişdir.
1875-ci ildə ilk dəfə Həsən Bəy Zərdabinin başçılığı ilə "Əkinçi"qəzetinin çapı, ardınca "Ziya", "Ziyayi-Qafqaziyə", "Kəşkül", "Şərqi-Rus"qəzetlərinin fəaliyyətə başlaması, 1878-ci ildə "Qori" müəllimlər seminariyasının Azərbaycan filialının açılışı, 1906-ci ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Azərbaycan dilində ilk dəfə "Molla Nəsrəddin" jurnalının çapı, 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəyovun ilk opera yaratması xalqımızın əvəzsiz nailiyyətləri sırasındandır. Bütün bunlar qardaş Rus xalqının birbaşa köməyi sayəsində baş vermişdir.
Əsl Azərbaycan intelligensiyası məhz rusların sayəsində yaranmışdır. Rus "işğalı" rəncbər xalqı ziyalı xalqa çevirmişdir.
Rusiya imperiyasının tərkibinə girəndən sonra vətənimiz çiçəkləndi. Ticarət genişləndi, müxtəlif sənət sahələri inkişaf etdi. Çoxlu yaşayış binaları, karvansaralar və məscidlər tikildi. Əsrlər boyu davam edən ağır töycüyə son verildi. Rəiyyət zəhmətinin bəhrəsini özü görməyə başladı. Sənətin müxtəlif sahələri inkişaf etdi. Bakı, Gəncə, Lənkəran kimi şəhərlərimiz alimlər, yazıçılar və şairlər şəhərinə çevrildi.
Osmanlı dövlətindın fərqli olaraq Rusiya dövləti öz ərazisində müsəlmanlara da xristianlarla bərabər eyni hüquqlar vermişdi. 1787-ci ildə imperatriça II Yekaterinanın əmri ilə Sankt-Peterburq Elmlər Akademiyasının tipoqrafiyası müsəlmanlara pulsuz paylanmaq üçün Quran nəşr etmişdi. Şiə və sünni ruhani təşkilatlarının yaradılması tam azad idi. Qeyd edək ki, 1894-cü ildə təkcə Kazan dairəsində 1474 dini məktəb və mədrəsə vardı, 1911-ci ildə onları sayı 1822-yə qalxmışdı. Həmin məktəblərdə dini dərslərlə yanaşı elmi dərslər də keçirildi və dünyəvi təhsil proqramı klassik gimnaziyalardakından qətiyyən fərqlənmirdi. Dövlət müsəlman xalqlar üçün çoxlu tarix, fəlsəfə, folklor, elmi və ədəbi kitablar nəşr edirdi. Təkcə 19-ci əsrin ikinci yarısında Rusiya şəhərlərində müsəlman millətlərin dilində 27 milyon nüsxə (3 min adda) kitab buraxılmışdı. 1901-1917-ci illər ərzində isə müsəlmanlar üçün 47 milyon (6,2 min adda) kitab çap olunmuşdu. Peterburq və Kazan şəhərlərində müsəlmanların öz qəzetləri nəşr edilirdi. 1917-ci ilə kimi Rusiya müsəlmanlarının 100-ə yaxın adda qəzet və jurnalı çıxırdı. Rusiya müsəlmanları başqa ölkələrin müsəlmanlarından intellektual və etik xüsusiyyətlərinə görə seçilirdilər. Müsəlmanlar tacirlərə alverdə xüsusi imtiyazlar verilmişdi. Çar ordusunda xidmət edən müsəlmanların öz molla, axund və ya müəzzinləri olurdu. Həmin ştatlar üçün dövlətdən ayrıca məvacib ödənilirdi. Fərqlənən müsəlman əsgərlər üçün Rusiyanın xüsusi hərbi mükafatları yaradılmışdı. 1907-ci iı seçkilərindən sonra Rusiya Dövlət Dumasında 34 müsəlman deputat yer almışdı. Qəribə olsa da, etiraf etməliyik ki, həmin dövrdə müsəlmanlar Rusiya imperiyasından başqa heç yerdə şad və xürrəm, ən əsası, sülh və sabitlik içində yaşamırdılar.
Rusiya birləşdikdən sonra Azərbaycanın sayseçmə oğulları İmperiyaya xidmət etməyə başladılar. Tanınmış ədib Abbasqulu ağa Bakıxanov Qafqazda ordu komandanı dəftərxanasında mütərcim kimi çalışmaqla, dövrünün görkəmli şəxsiyyətləri ilə ünsiyyətdə olmuşdu, bu da onun dünyəvi mədəniyyəti mənimsəməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Onun 1833-cü ildə Peterburqa, 9 aya yaxın isə Varşavaya uzunmüddətli səfərləri, özünün qeyd etdiyi kimi, “Avropa mədəniyyəti ilə yaxından tanış olmaq” xarakteri daşıyırdı. Rus mədəniyyəti ilə tanışlığı onun “mən ürək və ağıl üçün maraqlı olan çox şey gördüm və onlardan faydalanmağa çalışdım” kimi etirafına səbəb olmuşdu. Bakıxanovun A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, polyak şairi Faddey (Tadueş-Lada) Zablotski, xarici səyyahlar olan qraf Suzanne, K.Kox, F.Bodenşted, gürcü şairləri A.Çavçavadze, Q.Orbeliani, eləcə də erməni şairi X.Abovyanla münasibətləri Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya aspektindən maraqlı və əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq mədəni əlaqələrin öyrənilməsi məsələsində A.Bakıxanov proseslərin tarixiliyinin dəqiqləşdirilməsinə üstünlük verərək yazırdı: “Tarix doğma torpağın keyfiyyətləri ilə, onun üzərində məskunlaşmış tayfaların xarakteri ilə tanış edir, xalqların bütün qarşılıqlı əlaqələrindən nəticə çıxararaq zərər və faydanı göstərir”.
Azərbaycanlı ziyalılar Rusiyanın ən mötəbər ali və elm ocaqlarında təhsil alır, elmi dərəcələrə yiyələnirdilər. XIX əsrdə Azərbaycanın Rusiya ilə elmi əlaqələrinin həyata keçirilməsində Kazım bəy Məhəmməd Əli Hacı Qasım oğlunun müstəsna rolu vardır. Rus təhsili alan, yaradıcılıq fəaliyyətini Kazan (1826-1849) və Peterburq (1849-1870) universitetlərində həyata keçirən bu görkəmli alim Rusiya elmi dairələrində böyük nüfuz qazanmışdı. Geniş bilik dairəsilə filologiya, tarix, din, mədəniyyət, qanunşünaslıq elmlərinə və müsəlman Şərqinin coğrafiyasına dərindən bələd olan Mirzə Kazımbəy bir çox dillərdə mükəmməl yazır, dövrün bir çox dəyərli şəxsiyyətlərilə ünsiyyət saxlayırdı. Onun N.İ.Lobaçevski, L.N.Tolstoy, N.Q.Çernışevski ilə yaradıcılıq əlaqələrindən Azərbaycan mədəniyyəti çox faydalanırdı. Onun A.S.Puşkinin “Bağçasaray fontanı” poemasının Azərbaycan dilinə edilmiş tərcümə əsəri belə faktlardandır. Görkəmli alimin kiçik qardaşı Əbdül Səttar Kazımbəy də Kazan Universitetində mühazirəçi kimi çalışırdı. Rusiya ilə mədəni əlaqələrin aparılmasında digər görkəmli şərqşünas Mirzə Cəfər Topçubaşovun da rolu vardır. O, Rusiyada çalışaraq, Azərbaycanda elmin inkişafı üçün böyük töhfələr vermişdir.
Abşeron yarımadasında vulkanik hadisələrin öyrənilməsi üçün Qafqaz geologiyasının atası sayılan Y.V.Abix, onun ardınca isə digər rus geoloqları K.İ.Lısenko, V.İ.Arxipov və Q.B.Xalatovun Azərbaycandakı fəaliyyəti bu sahədə milli mütəxəssislərin, ümumilikdə elmi sahənin formalaşmasına təkan verdi. Artıq 1879-cu ildə Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi açıldı və M.Hacınski, İ.Rzayev, F.Rüstəmbəyov və A.Mirzəyev kimi alimlər bura cəlb olundu. Rusiya xətti ilə Strasburq Universitetində ali təhsil almış, üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim olan Mövsüm bəy Xanlarov Almaniyada Rudolf Fittiqin laboratoriyasında çalışmış, kimya doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi.
Elmi əməkdaşlıq sahəsində ən maraqlı tarixi fakt Həsən bəy Zərdabinin Rusiya alimləri və ziyalıları ilə əlaqələri idi. Ali təhsilini Moskvada almış milli mədəniyyətin bu görkəmli şəxsiyyəti hələ gənc ikən N.A.Dobrolyubov, D.İ.Pisarevin mütərəqqi dünyagörüşlərini mənimsəməklə yanaşı, bir çox Rusiya alimi ilə mədəni ünsiyyət saxlamış, yaradıcılıq əlaqələri qurmuşdu.
Mütərəqqi düşüncəli ziyalılarımız Rusiya ilə mədəni əlaqələrin inkişafına, ünsiyyətin yaradılmasına hər vəchlə cəhd göstərirdilər. Bu, xüsusilə ədəbiyyatda özünü daha qabarıq şəkildə əks etdirirdi. Azərbaycanlı şair, yazıçı və dramaturqların Rusiya ədəbiyyatının görkəmli simaları ilə yaradıcılıq əlaqələri, rus müəlliflərinin əsərlərindən iqtibas, Azərbaycan dilinə edilmiş tərcümələr, qabaqcıl mədəni təcrübənin mənimsənilməsi və s. hallar 19-cu əsr Azərbaycan ədəbiyyatının əsas aspektlərini təşkil edir. 19-cu əsrin 1-ci yarısında Qasım bəy Zakir, İsmayıl bəy Qutqaşınlının rus ədəbiyyatı, mədəniyyəti ilə yaxınlığı və bu sahədə mədəni əlaqələrin vüsəti maraqlı amillərdəndir. 1835-ci ildə Qutqaşınlının hələ Varşavada hərbi xidmətdə olarkən, fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” adlı hekayəsi nəşriyyat sahəsində beynəlxalq əlaqələrin tarixi baxımından inkişafından xəbər verir. Mirzə Şəfi Vazehin Avropada məşhurlaşan poeziyası M.L.Mixaylov, Y.Markov, M.Ramişev, sonradan İ.S.Prodon tərəfindən tərcümə edilərək Rusiya oxucularına təqdim olundu. Onun şeirlərinin külliyat halında çıxması N.Eyfertin tərcüməsi nəticəsində baş verdi və kitab 1880-ci ildə Moskvada çapdan çıxdı. Görkəmli rus bəstəkarı və pianoçusu A.Q.Rubinşteynin Vazehin şeirlərinə musiqi bəstələməsi faktı da Azərbaycanın mədəniyyətinin yeni məzmunda təşəkkül tapması kontekstində maraqlı faktlardan biridir.
19-cu əsrin 2-ci yarısı artıq Azərbaycan və rus ədəbi əlaqələrinin qüvvətlənməsi baxımından yeni bir səhifənin açılması dövrü idi. Rusiya ilə mədəni əlaqələrin bu qaynar dövrü bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi- estetik prinsiplərin, növ və janrların inkişaf tapmasına səbəb olmuşdur. Yeni yaradıcılıq metodunun- realizmin bir ədəbi metod kimi formalaşması və ədəbi prosesdə hakim mövqe tutması məhz Rusiya təsiri nəticəsində baş vermişdir. Rus ədəbiyyatından iqtibas edilən maarifçiliyin görkəmli nümaynədələri M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, S.Ə.Şirvani, Z.Marağayi və başqaları ədəbiyyata bir çox müasir ştrixlər gətirməklə Azərbaycan ədəbiyyatını daha sivil və yaddaqalan etmişlər. Bu sahədə M.F.Axundovun müstəsna xidmətləri vardır. Axundov mədəni əlaqələrin qurulması məsələsində rus dilinin öyrənilməsinə üstünlük verir, rus dilini yaxşı bildiyindən qabaqcıl rus mədəniyyəti ilə də yaxından tanış olmağa cəhd edir və müsbət nəticələr qazanırdı. O bu haqda dostlarından birinə ünvanladığı məktubda belə deyir: “Mən rus dilini yaxşı bilirəm. İndiki əsrdə rus dili elmi sahəsində və başqa sahələrdə inkişaf edir və incə fikirləri ifadə etmək üçün bu dil misilsiz bir dildir”. Onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması” Rus-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyırdı. XIX əsrin II yarısında Azərbaycanda ədəbi prosesin təkmilləşməsində mühüm cəhət kimi qiymətləndirilən milli komediya janrının yaranması faktının kökündə də Axundovun rus ədəbiyyatındakı dram janrına üstünlük verərək milli ədəbiyyatda onun iqtibasına çalışması faktı durur. Eyni təsirlər N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, o cümlədən, Cənubi Azərbaycan ədiblərinin yaradıcılığında da müşahidə olunur.
Rusiya mədəniyyətini əxz etmək ideyasından bəhrələnənlər qabaqcıl ədəbi ənənələrini Azərbaycan ədəbiyyatında təzahür etdirərək, onun daha müasir olmasını təmin etdilər. Bu aspektdə fəaliyyətin təbliğatçılıq əsasında aparılmasına şərait yaradan məqamlardan biri də 19-cu əsrin 2-ci yarısında Azərbaycanın müxtəlif şəhərlərində təşkil olunmuş “Məclisi-Şüəra” (Bakı), “Beytüs-Səfa” (Şamaxı), “Fövcil-Füsəha” (Lənkəran), “Məclisi-Üns” (Şuşa), “Məclisi-Fəramüşan” (Qarabağ), “Əncüməni- Şüəra” (Ordubad) kimi ədəbi məclislərdə rus mədəniyyəti nailiyyətlərinə, maarifçilik ideyalarına yiyələnən şairlərdən bəhrələnmək “kampaniyası”na üstünlük verilməsi idi. “Beytüs-Səfa” məclisinin təşkilatçısı, görkəmli şair S.Ə.Şirvani mədəni inteqrasiyanın qızğın tərəfdarı olmaqla, mütərəqqi düşüncə və ideyalarının, prinsiplərinin əməllərilə üst-üstə düşdüyünü sübuta yetirmişdir. Görkəmli şair dini təhsil almış olsa da, yeni üsullu məktəblərin açılmasına üstünlük verir və burada fəaliyyət göstərirdi. Onun görkəmli rus pedaqoqu A.O.Çernyayevski ilə yaxın dostluq əlaqəsi pedaqoji fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdi.
19-cu əsrdə Azərbaycanın Rusiya ilə inteqrasiyasına, mədəni əlaqələrin inkişaf dinamikasına güclü təsir göstərən əsas amillərdən biri də ölkədə yaranmış mətbuat oldu. 1875-ci ildə H.Zərdabi tərəfindən işıq üzü görən “Əkinçi” qəzeti Şərq dünyasında müasir üslubda nəşr edilən mətbu orqanı olduğu üçün böyük əks-səda doğurdu. Qəzetin Peterburq, Moskva, Cənubi Qafqaz, Dağıstan və İran müxbirləri var idi. Qəzet səhifələrində Avrasiya xalqlarının mədəniyyətinin təbliğ edilməsinə, tərcümələrə başlıca yer verilirdi. XIX əsrin axırlarında- yəni 1879-1890-cı illərdə Tiflisdə nəşr olunan azərbaycandilli “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” qəzetlərində rus ədiblərindən Lermontov, Krılov və Şedrin və s. əsərlərinin Azərbaycan dilinə tərcümələri dərc edilirdi. Eyni vaxtda “Kəşkül” qəzetində görkəmli klassikimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri rus dilinə tərcümə olunaraq dərc edilmişdi.
1873-cü ildə Muğan bölgəsinin Privolnoye kəndində Rus imperiyasının Maarif nazirliyi rəsmi olaraq məktəb açdı. Əvvəllər iki sinifdən (oğlanlar və qızlar ayrılıqda) ibarət olan bu məktəb 1885-ci ildə “zemskoe normalnoe uçilişe” statusu aldı. O zaman bu məktəbdə 500 addan ibarət 10 000 nüsxə kitab fondu olan 2 kitabxana fəaliyyət göstərirdi. Kitabxananın biri şagirdlər üçün, digəri isə kütləvi oxucular üçün nəzərdə tutulmuşdu. Tarixi mənbələr göstərir ki, 19-cu əsrin axırlarında və 20-ci əsrin əvvəllərində müxtəlif vaxtlarda məktəbin bu zəngin kitab xəzinəsində Rus imperiyası Akademiyasının alimləri, Sankt-Peterburq və Kazan Universitetlərinin müəllimləri tədqiqat aparmış və Muğan torpağının qədim tarixi, coğrafiyası və etnoqrafiyasını öyrənmişlər. Məktəbin direktoru Rus imperiyası Maarif Nazirliyinin “yüksək dərəcəli pedaqoqu” sayılan, təcrübəli müəllim D.İ.İvanov familiyalı şəxs idi. Məhz onun səyləri nəticəsində fəaliyyət göstərən Muğanın ilk təhsil ocağında dərslər cəmi 4 ay- oktaybr ayının 15-dən dekabr ayının 15-ə qədər, bir ay fasilədən sonra yenə yanvar ayının 15-dən mart ayının 15-ə qədər keçirilirdi. Mənbələrdə göstərilir ki, 1889-cu ildə kənd icması tərəfindən yeni tədris binası tikilib istifadəyə verilmişdi. Həmin dərs ilində məktəbdə təhsil alan şagirdlərin sayı 450 nəfəri ötüb keçmişdi. 20-ci əsrin əvvəllərində bu məktəb digər kəndlərdə də siniflər açmağa başladı.
Qeyd etmək yerinə düşərdi ki, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin əsasını qoymuş ziyalılar da məhz Rus məktəblərindən çıxmış, rus müəllimlərin təhsil verdiyi ziyalılar idi.
Sovet Rus dövründə dünyada analoqu olmayam savadsızlığın ləğv edilməsi proqramı həyata keçirilmişdir ki, Azərbaycanın hər kənd və qəsəbəsində, hətta ucqar kəndlərində belə məktəblər açılmışdır. Türkiyədən və İrandan fərqli olaraq ölkəmizdə savadsızlıq tam ləğv olunmuşdur.
Özünü müsəlman dünyasının "brendi" hesab edən Türkiyədə Türk dilində televiziya ilk dəfə 1978-ci ildə açılmışdır. Amma bəyənmədiyiniz "işğalçı" Rus dönəmində bizdə 1956-cı ildən Azərbaycan televiziyası (Aztv) fəaliyyət göstərmişdir.
Liberastlar nə qədər ağız büzsələr də, həqiqət bundan ibarətdir ki, Azərbaycan xalqının yaranmasında Şiə-qızılbaş ideologiyası, Azərbaycan millətinin yaranmasında isə Rus "işğalı" dönəminin maarifçilik hərəkatı əsas rol oynamışdır.

Комментариев нет:

Отправить комментарий