Страницы

19.02.2019


1930-cu illərdə mülkünü itirmiş bəylər və hegemonluqları əllərindən alınmış qolçomaqlar gizli müsavatçıların təbliğatı sayəsində sadəlöhvcəsinə inanırdılar ki, guya türklər 1918-ci ildəki kimi gəlib yenə də torpaqlqrı əvvəlki sahiblərinə qaytaracaqlar. Tədqiqatçı Həbibulla Manaflı iddia edir ki, qolçomaq və keçmiş bəylərin Türkiyə heyranlığı guya milli-dini dəyərlərlə bağlı imiş, guya dini heysiyyəti “tapdanan” xalq Türkiyənin timsalında öz dini dəyərlərinin xilasını görürmüşlər. Amma Manaflı bir şeyi unudur ki, 1928-ci ildə Türkiyədə “dövlətin rəsmi dini” haqqında maddə konstitusiyadan çıxarılmış və bununla da din dövlətdən ayrı elan edilmişdi. 1929-cu ildə isə Türkiyə dövlətində Azərbaycanda olduğu kimi əlifba islahatı keçirərək ərəb əlifbasından imtina etmiş, yeni latın qrafikalı əlifbaya keçilmişdi, hansı ki Molla Mustafa Əlicanov eyni islahatları Azərbaycanda “küfr” elan etmişdi. İndi sual olunur: necə olur ki, Azərbaycanda bu qəbildən islahatları küfr elan edib latın əlifbalı kitabları yandırtdıran, müəllimləri öldürtdürən Molla Mustafa eyni “küfrü” təkrar edən Türkiyəni xilaskar kimi təbliğ edirdi? Guya Molla Mustafanın Atatürkün Türkiyə Cümhuriyyətində apardığı islahatlardan xəbəri yox idi? Bəyəm o bilmirdi ki, Türkiyənin özündə geyim islahatları, əlifba islahatı, dini idarələrə aid torpaqların müsadirə olunması prosesi gedir? Yoxsa cənab Mollanın Türkiyə Cümhuriyyətində ictimai yerlərdə çadra, baş örtüyü, papaq qoymağın qadağan olunmasından xəbəri yox idi? Bəlkə möhtərəm Mollaya Atatürkün müasirləşmək islahatlarını süngüylə qarşılamış din xadimlərinin kamalist məhkəmələrin hökmüylə dar ağaclarında bitmiş aqibətləri məlum deyildi? Bəyəm Molla Mustafa 20-30-cu illərdə kamalist inqilab məhkəmələrində nə qədər dindarın kəlləsinin getdiyindən xəbəri yox idi? Sözügedən tarixdə Türkiyə Cümhuriyyətində dövlət məktəblərində dini dərslərin tədrisinin qadağan olunması, Quran kurslarının, mədrəsələrin bağlanması faktları Türkiyə xüsusi xidmət orqanlarına şpionluq edən Molla Mustafalara, Hüseyn Əsədulla oğullarına məlum deyildi? Bəlkə “Ayasofya” məbədinin dini ayinlər üçün qadağan olunaraq muzeyə çevrilməsi faktından xəbərsiz idilər?! Yox, gecə-gündüz Türkiyədən, Parisdən təlimat alan bu adamlar hər şeydən xəbərdar idilər. Onda sual çıxır, əgər dedikləri kimi davaları “din”, “millət” davası idisə, “küfrlə” məşğul olan Türkiyə dövlətinə niyə nifrət etmirdilər, “mayası allahsızlıqla yoğrulmuş Lenin bayrağı altında ancaq satqınlar yaşayar” deyənlər nə üçün “allahsız” Atatürkün bayrağı altında, həm də paşaların tapdağı altında yaşamaq üçün dəridən-qabıqdan çıxırdılar? Cavab çox sadə və aydındır: çünki dava din davası yox, yorğan davasıydı, mülk, pul davasıydı!

Комментариев нет:

Отправить комментарий