Страницы

26.02.2019

Bakı İngilis General-Qubernatorluğu

Bakı İngilis General-Qubernatorluğu — Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918-ci il noyabrın 17-də Bakını zəbt etmiş ingilis qoşunları komandanlığının hərbi-inzibati hakimiyyət strukturunun adı belədir.
Birinci Dünya müharibəsində (1914-18) məğlub tərəf kimi Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan çıxarmağa məcbur olmuş, Cənubi Qafqaz Böyük Britaniyanın təsir dairəsinə qatılmışdı. Öz tabeliyində kifayət qədər güclü qoşun hissələri olmayan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və yenidən toplanmış Azərbaycan Milli Şurası istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı U.Tomsonla danışıqlara başlamaq məcburiyyətində qalmışdı. İrandakı ingilis qoşunlarının komandanı general U.Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Musa bəy Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyəti göndərilmişdi. Danışıqların sonunda general U.Tomson 1918-ci il noyabrın 17-si gündüz saat 12-dən Bakı şəhərində hərbi vəziyyət elan olunacağını bəyan etmişdi. Hərbi vəziyyət müddətində U.Tomson Bakı şəhərinin hərbi qubernatoru elan edilirdi. Azərbaycan hökuməti noyabrın 18-də rəsmi məlumatında bildirirdi ki, müvəqqəti olaraq, yalnız Bakıya daxil olmuş müttəfiq qoşunları ancaq hərbi hakimiyyəti təmsil edəcəklər. Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrinə müdaxilə etməyə başlamışdı. Belə ki, 1918-ci il noyabrın 29-dan Xəzər donanmasının bütün ticarət gəmiləri də ingilis komandanlığının sərəncamına keçmişdi. Ticarət donanmasını idarə etmək üçün başda mayor Braun olmaqla, "İngiltərə Dəniz Nəqliyyatı" şirkəti təsis olunmuşdu. İngilislər sərəncamlarında olan Bakı ticarət limanının maliyyələşdirilməsini Azərbaycan Hökumətinin öhdəsinə buraxmışdı. Neft sənayesini də nəzarətdə saxlamağa çalışan ingilislər tezliklə "Britaniya Neft İdarəsini" təsis etdilər. 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər Bakıdan 113,5 milyon manatlıq 30 milyon puda qədər neft aparmışdılar. Onların göstərişi ilə Bakıdan daşınan bütün neft məhsullarına heç bir aksiz rüsumları qoyulmur və bütün yüklər maneəsiz buraxılırdı. General U.Tomson ingilis zabitlərini yoxlamağı Azərbaycan Cümhuriyyətinin dəmiryolu işçilərinə qadağan etmişdi.
Mülki idarəçilik sahələrinə də müdaxilə edən ingilislər pul əsginaslarının buraxılmasını öz nəzarətinə götürmüş, əhalinin ərzaqla təminatı sistemini yenidən qurmuş, neft hasilatı və dəmiryolu sahələrində mövcud əmək münaqişələrini özləri həll etmək üçün Əmək İdarəsi yaratmışdılar. İngilis komandanlığının əmri ilə Azərbaycan Hərbi Nazirliyi silahlı qüvvələri ilə birlikdə Bakıdan çıxarılaraq Gəncəyə köçürülmüşdü.
1919-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan hökuməti Bakı-ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparırdı. Bu məqsədlə Azərbaycan hökumətinin Paris sülh konfransındakı (1919-20) nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova da tapşırılmışdı ki, əldə olan bütün vasitələrlə İngilis General-Qubernatorluğunun ləğvinə çalışsın. Azərbaycan Xarici İşlər Nazirliyinin Topçubaşova teleqramında göstəriliridi: "Nəyin hesabına olursa-olsun, Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsinə nail olmaq lazımdır. Əks təqdirdə idarəçilik nöqteyi-nəzərindən dözülməz hesab edilən ikihakimiyyətlilik alınır. Sonra sizdən belə bir xahişimiz var ki, ingilis komandanlığının bizim maliyyə işlərinə qarışmamasına nail olasınız". Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini pozan bu məsələ ilə bağlı Avropa və Amerika dövlətlərinə etiraz notası göndərilməsini, Avropa mətbuatında bunun Azərbaycanın daxili işlərinə müdaxilə olduğu barədə yazı verilməsini vacib sayırdı.
Digər tərəfdən uzun müddət Azərbaycanda qaldıqlarına görə etiraz edən, vətənə qayıtmaq istəyən ingilis əsgərlərinin sıralarında intizamsızlıq güclənirdi. Artıq Azərbaycan hökumətinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə əmin olan müttəfiq komandanlıq 1919-cu il aprelin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin azsaylı kontingentinin Bakıda yerləşdirilməsinə razılıq verilmişdi. İngilis komandanlığı Azərbaycanı tərk etməzdən əvvəl hərbi ləvazimatı Könüllü orduya, Hərbi Dəniz Donanmasını isə hələ 1919-cu ilin əvvəllərində Denikinə vermişdi. Azərbaycan hökuməti buna qarşı kəskin etiraz notası ilə çıxış etdi. İngilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, ordunun hərbi sursatını və hərbi gəmilərinin bir hissəsini Azərbaycan hökumətinə qaytarmışdılar. /az.wikipedia.org/

Комментариев нет:

Отправить комментарий