Страницы

27.07.2019

SSRİ-nin ikinci şəxsi olan kobud mexanik bir qabanın güdazına necə getdi? – Kiriçenkonu taxtdan endirən ov

Tarixə nəzər salsaq, siyasi liderlərin, dövlət məmurlarının çəkişmələrini, siyasi mübarizələrini çox müşahidə etmək olar. Bu isə anlaşılan və təbiidir, çünki siyasət elə həm də mübarizə deməkdir. Amma bəzən məmurlar siyasətdən kənar elə konfliktlərə gediblər ki, çoxlarımız bunu ağlımıza belə gətirə bilmərik. Hətta belə konfliktlər eyni siyasi əqidəli iki siyasətçinin yollarını ayırıb. Nikita Xruşovla Aleksey Kiriçenkonun yolları ayrıldığı kimi…
Baş vermiş konflikt haqqında yazmazdan əvvəl Aleksey Kiriçenkonun həyat və siyasi fəaliyyətinə nəzər salaq.
Kiriçenko 1908-ci ildə Xersonda anadan olub. 4 illik təhsildən sonra maddi sıxıntı keçirən ailəsinə kömək etmək məqsədilə çobanlıq edib. 1927-ci ildə Xersonda texniki peşə məktəbində traktor mexaniki peşəsinə yiyələnib. Bir müddət Xersonun ayrı-ayrı qəsəbə və kəndlərində mexanik işləyib. Daha sonra təhsilini Rostovda Mühəndis-mexanik institutunda davam etdirib. 1930-cu ildə partiya sıralarına daxil olub. 1936-1938-ci illərdə Aleksey Kiriçenko Xerson və Odessada texniki peşə məktəblərində müəllimlik edib.
1937-1938-ci illərdəki repressiyalar zamanı kadr çatışmazlığı yaranan zaman Kiriçenko fəal kommunist kimi Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə dəvət olunub və təlimatçı vəzifəsinə təyin edilib. İki il ötdükdən sonra ona daha böyük vəzifə- kadrlar şöbəsinə rəhbərlik həvalə olunub. Elə həmin dövrdən də onunla Ukraynanın birinci katibi vəzifəsinə təyin olunan Nikita Xruşovun arasında yaxın münasibətlər yaranıb.
Daha sonra Odessa vilayətinin birinci katibi və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyən Kiriçenko 1953-cü ildə Ukraynanın birinci kürsüsünə əyləşib.
1957-ci ildə “antipartiya qrupu”- Georgi Malenkov, Lazar Kaqanoviç, Vyaçeslav Molotov plenumda Nikita Xruşova qarşı çıxıb onu devirmək istəyəndə Aleksey Kiriçenko olduqca kobud və sərt çıxış edərək “qocalar” adlandırdığı üçlüyü ifşa edib. Xruşovun müdafiəsinə qalxan Kiriçenkodan çoxları belə od püskürtüsünü gözləməyib. Və onun bu xidməti cavabsız qalmayıb. Nikita Xruşov elə həmin il- 1957-ci ildə Aleksey Kiriçenkonu Kremlə dəvət edib, Mərkəzi Komitənin katibi vəzifəsinə seçilməsi məsələsini qaldırıb. Plenum Xruşovun irəlu sürdüyü namizədə razılıq verib. Elə həmin plenumda Xruşov bəyan edib: “Aleksey Kiriçenko Mərkəzi Komitənin katibi olmaqla partiya xətti ilə məndən sonra ikinci şəxsdir…”
Kiriçenkoya qarşı fikirlər birmənalı olmayıb. Marşal Georgi Jukov onun haqqında yazıb: “Mənim Kiriçenkoya qarşı münasibətim heç vaxt yaxşı olmayıb. Həmişə təəccüblənmişəm ki, primitiv mədəniyyətə belə malik olmayan bu adam Xruşovla necə dostluq münasibətləri yarada bilmişdi…” Kiriçenko ilə Anastas Mikoyanın arasında da heç vaxt xoş münasibətlər olmayıb. Mikoyanın oğlu Serqo Mikoyan öz xatirələrində bununla bağlı qeydlər edib: “Mərkəzi Komitənin iclaslarında Kiriçenko həmişə yüksək tonla danışıb, hətta az qala qışqırıb. İclasların birində yenə səsini qaldıraraq “mən ölkənin ikinci şəxsiyəm, verilən tapşırıq və göstərişləri vaxtında yerinə yetirmək lazımdır” deyə atamın üstünə qışqırıb. Atam isə onun bu iradını cavabsız qoymayıb: “Yoldaş Kiriçenko, siz bir də özünüzü belə aparsanız, partiyanın ikinci yox, sonuncu şəxsi olacaqsınız…” 1961-1967-ci illərdə SSRİ DTK-nın sədri vəzifəsində işləmiş Vladimir Semiçastnı öz xatirələrində Kiriçenkonun kobud bir şəxs olduğunu vurğulayıb: “Kiriçenko enerjili adam idi. Amma xarakterində diktatorluq açıq-aşkar hiss olunurdu. Elə bu kobudluğu ilə də vəzifə pillələrini sürətlə qalxaraq Ukraynadan Moskvaya, birbaşa Kremlə gəlib çıxmışdı…”
Aleksey Kiriçenkonun Kremldə peyda olması, “ikinci şəxs” statusu alması yüksəkçinli dövlət məmurları üçün əməlli-başlı problemə çevrilib. Məhz Kiriçenkonun göstərişi ilə Kreml məmurlarının xidməti avtomobillərinin sayı 1-ə endirilib, onların “Çayka”ları “Volqa”larla əvəzlənib. Həmçinin Kreml məmurlarının mühafizəçilərinin sayı da Kiriçenkonun göstərişi ilə minimuma qədər ixtisar edilib.
Sonralar Nikita Xruşov da öz məşhur xatirələrində Aleksey Kiriçenkoya daha çox etimad göstərməkdə yanıldığını qeyd edib.
Xruşovla Kiriçenko arasındakı konflikt 1959-cu ilin qışında Zavidovoda baş verib. Həmin qış günündə ölkənin birinci və “ikinci” şəxsi ova çıxıblar. Elə ilk anda gözə görünən qabana hər ikisi atəş açıb. Qəniməti gətirəndə Xruşovla Kiriçenkonun arasında əvvəlcə zarafatla mübahisə yaranıb. Xruşov öldürülmüş qabana yaxınlaşaraq sinəsinə döyüb: “Mənim bütün atəşlərim sərrast olur”. Kiriçenko etirazını bildirib:“Nikita Segeyeviç, axı qabanı mən vurmuşam”. Beləliklə, bu dialoq mübahisə şəklinə keçərək ciddiləşib. Nəhayət, qərara gəlinib ki, qabanın bədənindəki güllə çıxarılsın və kimin silahından çıxdığı müəyyənləşdirilsin. Həmin səhnəni DTK-nın 9-cu idarəsinin rəisi, sonralar DTK sədrinin birinci müavini olmuş general-polkovnik Nikolay Zaxarov belə xatırlayıb: “Biz əvvəlcə elə düşünürdük ki, onlar zarafat edirlər və həqiqətən də Xruşov zarafat edirdi, amma Kiriçenko ciddiləşmişdi, az qala qışqıra-qışqıra danışırdı. Nəhayət o ekspertin gətirilməsini tələb edəndə Xruşov da ciddiləşdi. Gəldilər, gülləni çıxartdılar, bu proses xeyli vaxt apardı. Meşədə Xruşov böyük stol açdırmışdı. O hamını süfrə başına dəvət etdi. Kiriçenko əyləşmədi. Nəhayət cavab gəldi ki, qabanı Xruşov vurub. Hər şey də bundan sonra başlandı. Kiriçenko səsini başına atdı və Xruşova “sən” deyə müraciət edərək onu ittiham etməyə başladı: “Sən göstəriş vermisən ki, belə desinlər. Bax bu, ədalətsizlikdir, sən öz birinciliyindən sui-istifadə edirsən…” Kiriçenko ürəyini boşaltdıqdan sonra sağollaşmadan getdi. Xruşov bu mənzərədən pərt olmuşdu…”
Kiriçenkonun bu və digər əməlləri Xruşovu ciddi düşünməyə vadar edib və o son qərarını verib. O 1960-cı ildə Kremldəki bütün vəzifələrindən azad olunaraq Rostova birinci katib göndərilib. Amma burada da çox qərarlaşa bilməyib. Cəmisi altı aydan sonra Rostov kommunistlərinin Mərkəzi Komitəyə ünvanladığı çoxsaylı şikayətlərə baxılıb və o bu işindən də azad olunub. Artıq siyasətdən tam uzaqlaşdırılan Kiriçenko 1960-1962-ci illərdə Penzada dizel zavodunun direktoru işləyib.
Kiriçenko təqaüdə çıxdıqdan sonra memuarlarını yazmaq qərarına gəlib. İki il bunun üzərində çalışsa da yazdıqları heç nəyə yaramayıb və heç bir nəşriyyat onun savadsız yazılarına sahib çıxmayıb.
Aleksey Kiriçenko 1975-ci ildə, 67 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib. /musavat.com/

Комментариев нет:

Отправить комментарий