Страницы

23.01.2020

Rusiyada problemli kreditlər silinir, bəs Azərbaycanda?

Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin əməkdaşları ötən il ölkə vətəndaşlarının 2,2 trilyon rubl (38,6 mlrd. ABŞ dolları) məbləğində problemli kredit borclarını siliblər. Rusiya mətbuatı yazır ki, bu borcların imkansızlıq ucbatından ödənilməsi mümkün olmayıb. 2017-ci ilin sonuna rusiyalıların 50%-dən çoxunun bağlanmamış krediti olub.
O da sirr deyil ki, Rusiyada hər hansı addım atılırsa, qısa müddət sonra onun Azərbaycanda da tətbiqi reallaşır. İqtisadi və qanunvericilik baxımından Azərbaycan daha çox qonşu Rusiyanın təcrübəsinə üstünlük verir. Problemli kreditlər isə Azərbaycan iqtisadiyyatına  da ciddi zərbə vuran faktorlardan biridir. Bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır. Kredit alanlar arasında imkansızlıq ucbatından borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir.
Bəs görəsən, ölkəmizdə ödənilməsi mümkün olmayan borclar, borc sahibinin imkansız olduğu  məhkəmə qaydasında təsdiq olunduğu halda bağışlana bilərmi? Azərbaycan qanunvericiliyində bu məsələ necə əks olunub?
“Yeni Müsavat”a açıqlamasında bu suallara cavab  verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycan məhkəmələrinin bu cür qərarlar verəcəyini gözləmir: “Mən hesab etmirəm ki, ölkəmizdə də Rusiyanın bu təcrübəsi tezliklə tətbiq oluna bilər. Ancaq əslində bu təcrübə Rusiyada yeni deyil, illərdir tətbiq olunur. Azərbaycan qanunvericiliyi də bu məsələlərdə Rusiya qanunvericiliyi ilə eynidir, çünki vaxtilə qonşu ölkənin qanunları əsasında hazırlanıb. Konkret olaraq, "İcra haqqında" Qanun... Bu qanunda deyilir ki, icra məmuru məhkəmə qərarını iki ay ərzində icra etməlidir. Onu maksimum bir ay  uzada bilər. Bu, o deməkdir ki, icra məmuru məhkəmə qərarını 3 ay ərzində icra etməlidir. Qanunda daha sonra deyir ki, icrası mümkün deyilsə, onu dayandırmalıdır, xitam verməlidir. Həmin qanunda o da qeyd olunur ki, söhbət borcdan gedirsə, icra məmurunun vəzifəsidir ki, borclunun nə qədər əmlakı olduğunu müəyyənləşdirsin. Varsa, həmin əmlak əsasında ödənilməlidir, yoxdursa işə xitam verilməlidir. Maksimum 3 aya bu proses yekunlaşmalıdır. Biz isə təcrübədə onu görürük ki, illərlə icra məmurlarında borc işləri var və onlar qanuna riayət etmirlər, işləri bağlamırlar. Bəzən heç müəyyənləşdirmirlər ki, borclunun əmlakı var, ya yox. Əslində özləri də gözəl bilirlər ki, əmlak yoxdur. Əmlak  ya ona görə yoxdur ki, insan həqiqətən imkansızdır, ya da ona görə yoxdur ki, borclu dələduzdur, yüz minlərlə vəsaiti xərcləyib, əmlakını isə başqa adamların adına keçirib. Bu halda icra məmurları hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, məsələ araşdırılsın. Lakin onlar bunu da etmirlər. Azərbaycanda məmurlar arasında ən çox korrupsiyalaşanlardan biri də məhz icra məmurlarıdır. Onların əməkhaqları həddindən artıq azdır, səlahiyyətləri isə əksinə, çoxdur. Ona görə də onlar vəzifələridən sui-istifadə edirlər".
Hüquqşünasa görə, Azərbaycanda ödənilməsi mümkün olmayan borclar üzrə məhkəmə işlərinin illərlə davam etməsində mental xüsusiyyətlərimizin də əhəmiyyətli rolu var: “Rusiyada da korrupsiya faktları var. Ancaq Rusiyada məhkəmələrin, icra məmurlarının bu cür etməməsinin səbəbi milli mentalitetdir. Məsələn, Azərbaycanda bir vətəndaşın borcu var və ödəmək imkanı yoxdur. Bu halda icra məmuru işə xitam vermir, əksinə, deyir ki, mənə "hörmət" elə, əks halda səni həbs etdirəcəyəm. Azərbaycanda borca görə qanunsuz inzibati həbslər var. Onların təşəbbüskarları da icra məmurlarıdır. İcra məmurları çox gözəl bilir ki, qarşısındakı azərbaycanlıdır və bizdə ailə münasibətləri, qohumluq münasibətləri güclüdür. Vətəndaşı həbslə qorxutduqdan sonra bütün qohumlar yığışıb kömək edəcək, ən pis halda icra məmuruna müəyyən qədər "hörmət" edəcəklər. İcra məmuru da düşünür ki, pulları çoxdursa borcu bağlayacaqlar, azdırsa, ən azından ona müəyyən qədər rüşvət verəcəklər. Bu baxımdan daim borcluları təzyiq altında saxlayırlar. Rusiyada isə qohumluq münasibətləri elə də güclü deyil. Orada heç kim başqasının borcunu verməz, icra məmurları da bunu bilirlər və məcbur olub borcu bağlayırlar. Bizdə qanuna görə əgər borcu olan vətəndaşın bir evi varsa, o əlindən alına bilməz. İcra məmurları isə vətəndaşı elə qorxudurlar ki, gedib evini özü satsın və borcu ödəsin. Rusiyada isə heç kim bunu etmir. Vətəndaş özü evini satmaq istəsə belə, həyat yoldaşı qoymayacaq. Orada ailə bağları bizdəki qədər güclü deyil və rus qadın qorxmur ki, evini satmasa, ərini tutarlar. Bizdə ailə münasibətləri daha güclüdür və bundan da məhkəmə proseslərində sui-istifadə edirlər".
Ə.Həsənov onu da qeyd etdi ki, hazırda borclunun müflis olması səbəbindən ödənilməsi mümkün olmayan kredit borclarının məbləği ilə bağlı dəqiq statistika yoxdur: “Mən bizə müraciət edənlərdən görürəm ki, problemli kreditlərin ən azı 50 faizi həqiqətən imkansız  olan vətəndaşlara məxsusdur. Bəziləri də var ki, əslində pulları var, ancaq baxanda görürsən ki, adlarında heç bir əmlak yoxdur. Əgər bu gün problemli kreditlər 2 milyard manata yaxındırsa, onun 50 faizi ödəmə imkanı olmayan borclulara aiddir”.

Nərgiz LİFTİYEVA              “Yeni Müsavat”

Комментариев нет:

Отправить комментарий