Страницы

29.02.2020

İntiqam Küskün - Belə bir gün gələcəkmiş

Xoş ətirli qızıl gülüm,
Yağmur kimi, sən gözəlsən.
Ləçəyində şəbnəmlərlə
Qəlb oxşayan bir qəzəlsən.

Qatardan qalma durnasan,
Çiskinli fəsli-payızda.
Payızı gözəlləşdirən
Müşk iyli, qızıl xəzəlsən.

Sənsiz həyat bir cəhənnəm,
Səninləsə bir cənnətdir.
Ruhum mənim, gözəllikdə,
Sən mələklərdən əzəlsən.

Gündüz şəmssən, gecə qəmər,
Həmişə fəsli-baharsan.
Küskünü tərk edib getsən
Onun üçün sən əcəlsən.

***
Qəhr edib dərd-qəm əlindən, dili-bican olmuşam,
Düşmüşəm gen cənnətimdən, tərki-canan olmuşam.

Zülm edib yarım məni salmış bəlalət dəştinə,
Qüsseyi qəmdən yazan qəmkeş qəzəlxan olmuşam.

Qalmayıbdır bir kəsim ki, halimi sorsun mənim,
Vəsli yarə yox ümidim, çəşmi-giryan olmuşam.

Sızlaram sübhü-məsa fəryad edən bir ney kimi,
Neylədim ki, qüssədən çaki-giriban olmuşam.

Getməyin vaxtı çatıb, dostlar, halallıq istərəm
Küsküna, köç eyləyən karvana sarvan olmuşam.

***
Mən bilməz idim ki, belə bir gün gələcəkmiş,
Ruhum kədəri, dərdi atıb bir güləcəkmiş.

Viranə könül xaneyi-abad olacaqmış,
Göz yaşlarımı dərdə əlacım siləcəkmiş.

Bir qönçə gülü etdi sirab, çeşmeyi-didəm,
Dərdimə əlac olduğunu gül biləcəkmiş.

Hər gün anıram ol bağı ki, bağ gülə həsrət,
Ol bağda bitən, qönçə çiçəklər solacaqmış.

Bəsdir dəxi Küskün, eləmə bunca ahu-zar,
Hicran odunu söndürən ol yar olacaqmış.

Комментариев нет:

Отправить комментарий