Страницы

14.02.2020

“Əli Həsənov mənim haqqımda Prezidentə dezinformasiya ötürmüşdü” – Bir xəyanətin tarixi

Eldar Sabiroğlu

Öncə bundan başlayaq. Xəyanətin konkret tərifi varmı? Kimsə deyə bilərmi? Tarixi-Nadiri yarıya qədər vərəqləsəm də, mən belə tərifə rast gəlmədim. O qədər şeytani vəsfəsədir ki, hərə anladığı tərzdə ona müxtəlif mənalar verir. Lakin xəyanəti arxadan vurulan bıçaq zərbəsi ilə müqayisə edənlərlə bölüşürəm. Gözlənilmədən və üzbəüz dayanmadan vurulan bu yaranı adətən, yaxınlar, özünə dost bildiyin, inandığın adamlar kürəyə saplayır. Arxayın olursan və günün birində ürəkdən bağlı olduğun nakəsin zərbəsi səni birdəfəlik yerə sərməsə də, elə sarsıdıcı təsir edir ki, ömrün boyu unuda bilmirsən və ağrını hər an, hər dəqiqə canında hiss edirsən!!!
Ağlıma gətirmədiyim halda dost saydığım birindən gördüyüm xəyanətin üzərindən 23 il keçməsinə baxmayaraq, bu günün özündə belə sözlə ifadə etməyə çətinlik çəkirəm. Evimdə kəsdiyimiz çörəyi tapdalayan bir namərdi vaxtında tanımadığıma görə çox peşmanam. Bu “lüstüranın dağıdıcı gücü”ndən daha təhlükəli və daha dəhşətli xəyanət idi. Lakin xəyanətini onun öz başında çatlatdım.
Zuğulbada hökumət bağında ailəmlə istirahət edirdim. Çox düşünürdüm bu barədə. Sadəcə onun yolunu getmək istəmirdim. Sonda daşındım və prezidentin köməkçisi Tariyel Ağayevə telefon açıb prezident Heydər Əliyevlə danışmaq istəyimi bildirdim. Təxminən üç saatdan sonra telefona zəng gəldi. Dəstəyi götürdüm və Prezidentin səsini eşitcək sevindim. O məni atamın adı ilə çağırardı. Soruşdu ki, Sabir nə məsələdi?
Mən fikirlərimi çatdırdım və “yaxşı” deyib dəstəyi qapadı. Məsələ bundan ibarət idi ki, evimdə duz-çörək kəsən bir adam (həmin vaxt PA-da çox mühüm bir vəzifəyə təyin olunmuşdu) mənim barəmdə ölkə başçısına xeyli yalanlar uydurub çatdırırmış. Guya mən bəzi qüvvələrlə birləşib hakimiyyətdəki narazılarla onlar arasında körpü yaratmışam. Məqsədimiz isə guya Heydər Əliyevi devirib o zaman prezident seçkilərinə hazırlaşan müxalif lideri hakimiyyətə gətirmək imiş. Halbuki nə elə bir plandan xəbərim vardı, nə də mən indiyə qədər başıma gələn min bir oyundan sonra belə Heydər Əliyevə hörmətimi itirməmişəm. Məntiqlə həmin vaxt mərhum Heydər Əliyevi buraxıb hansısa müxalif lideri dəstəkləməzdim. Mən haqqımda Prezidentə ötürülən dezinformasiyanı eşidəndə şok oldum. Məni ən çox heyrətləndirən isə bu yalanın ən yaxın dost bildiyim birisi tərəfindən uydurulması idi. Heydər Əliyevlə söhbətə can atmağımın səbəbi də məhz bu qaranlıq məqamlara aydınlıq getirmək idi. Mərhum ölkə başçısının münasibətindən anladım ki, o mənim səmimiyyətimə inandı. Allah ona qəni-qəni rəhmət eləsin, doğrudan inanılmaz dərəcədə böyük şəxsiyyət, həm də böyük insan sərrafı idi.
Elə həmin günün axşamı bağdakı qapımız döyüldü. Açdım ki, xəyanətkardır. Məni saxta gülüşlə bayırda söhbətə dəvət etdi. Hiss etdim ki, çox pərişandır. “Prezident məni biabır etdi. Axı səni həmişə özümə yaxın qardaş bilmişəm, evində çörək kəsmişəm, bacımın açdığı süfrəni necə unuda bilərəm?” Onunla söhbətimizin və ona dediklərimin üzərinə təfsilatı ilə qayıtmağı rəva görmürəm. O dərsini möhkəm almışdı…
Həyatımda ilk dəfə idi ki, “dostun” xəyanətini alırdım. Təsəvvür edin, üstündən illər keçsə də, qəlbimdə açdığı izlərin yeri dolmur. Sən demə, mən tanıya bilməmişəm. Xeyirdə, şərdə o olan zaman adamlar ağızlarına qıfıl vururmuşlar. Güdaza verdiyi “dostların” barmaq sayısı sərhədini çox aşıb…
Xəyanət və xəyanətkar haqda məşhur Dostoyevskinin müdrik bir fikri yadıma düşdü. Çoxdan oxuduğuma görə, mümkündü ki, olduğu kimi tam ifadə etməyim. Lakin mahiyyət təxminən belə idi: “Sizə kimsə əsəbləşib əl qaldırarsa, onu bağışlayın. Çünki bu, əsəbin nəticəsi olaraq tez yanan və tez də sönən əlamətdir. Xəyanəti isə bağışlamayın. Bağışlanarsa, təkrarını bir də görəcəksiniz. Çünki xəyanətkarlıq onun ruhuna hopub”.
Xəyanətdən yayınmaq mürəkkəb məsələdir. Axı xəyanətkarın içi görünmür. Sifəti maska ilə örtülü olduğundan şirin dilinə inanırsan. Ən münasib yol yenə də Dostoyevskinin göstərdiyi yoldu. Xəyanəti bağışlamaq olmaz!!!
P.S. Vaxt var idi, hegemonluq edən Əli Həsənov indi Sabirabad pambığından yumşaq bir “məhsula” dönüb. Pislik və xəyanət qanına işlədiyindən yaxşılıq etmək imkanı bioloji olaraq demək olar ki, tam tükənmişdi. "Kaspi"yə vəsait ayrılmadığından əndişəyə düşən keçmiş ideoloq haray-həşir salmağa başlayıb. Necədi, yoldaş Həsənov? Yaxın keçmişlərdə dövlətin vəsaitini mətbuata o paylayar və xeyli də özü üçün oğurlayıb evdəki şəxsi bankirinə təhvil verərdi… /konkret.az/

Комментариев нет:

Отправить комментарий