Страницы

14.02.2020

Neftçalada seçicilər bunları bilmədiyi üçün Kamil Musəvi sadə adamların qarşısında at oynadır

Bir neçə gündür məni düşündürən bu məsələ ilə bağlı yazıb-yazmamaq dilemması qarşısında qalmışam. Yazmamağı çox istəsəm də, insan saxtakarlığının inanılmaz ölçüləri məni yazmağa vadar etdi. Qəhrəman obrazı ilə maskalanmış simanın kimliyinə aydınlıq gətirməyi və bu adamın əsl simasını göstərməyi özümə borc bildim. Ünvanlayacağım suallara cavab vermək iqtidarında olacaqmısan “qəhrəman” Kamil Musəvi?
İlk öncə orta məktəbi pis qiymətlərlə bitirən Musəvi hər hansı bir universitetə girməyin mümkünsüzlüyünü dərk edəndən sonra hərbidə verilən yüksək əməkhaqqından tamahlanaraq Azərbaycan Alı Hərbi Məktəbinə daxil olur. Başqa sözlə, ayrı bir seçənəyi qalmadığı üçün bu yolu tutur. Oranı bitirdikdən sonra xüsusi təyinatlı olmaq istəyir. Hazırlıq kursundakı “naqruzka”ya dözməyib ixtisasını dəyişir. Yalandısa desin yalandır. Minaya düşənə qədər heç bir əməliyyatda iştirak etməyən Musəvi məlum əməliyyata gedəndə həyəcanını dəf etmək üçün bir neçə sakitləşdirici dərman içir ki, onların da heç bir faydası olmur. Yüksək həyəcan öz işini görür və özü də daxil olmaqla 3 nəfər yaralanaraq hospitala düşür. Sual: necə olur ki, eyni əməliyyatda yaralandığınız halda, sənə xüsusi qayğı və diqqət göstərilir? Səni öz şəxsi maşınında Türkiyəyə aparıb müalicə etdirən, sənə zərər verilməsindən qorxduğu üçün palatanın qarşısında günlərlə ac-susuz, yuxusuz qarovul çəkən, cibinin pulunu xərcləyən 2 nəfər qeyrətli iş adamı indi hardadır? Və sən onlara təşəkkürünü necə bildirdin?
Sənin reklamını edən, xəbər saytlarında az qala yalvararaq məlumatlar verən, dərdini ictimailəşdirən, qolundan tutaraq qapı-qapı gəzdirən, məktubları ilə Heydər Əliyev Fondunun qapısını yağır edən qeyri-hökumət təşkilatının rəhbəri olan xanıma sən necə təşəkkür etdin? Sənə 3-cü ev verilərkən “Kamil, sənə 2 ev verilib, bəlkə bu evdən imtina edəsən, onu da başqa əlil qazimiz alsın” deyəndə kəskin etirazını bildirib, həmin xanımın (təhqir olunacağını nəzərə alaraq xanımın adını yazmırıq) səndən rüşvət istədiyini deyərək özünü “lezvalıyanda” heçmi vicdanın sızlamadı? Məhz o QHT rəhbərinin fəaliyyətinin nəticəsində səni tanıyan və sevən insanları sosial şəbəkələrdə onun üstünə yönləndirib təhqir etdirəndə hansı hissləri keçirdin?
Bəzi müharibə veteranları və əlilləri sən deputat olacağın təqdirdə onların dərdinə qalacağın barədə yanlış fikirdədirlər. Onlar bilmirlər ki, bir iş adamı sənə turizm firması hədiyyə edib, güzdanında 4-5 firmadan əməkhaqqı kartı gəzdirirsən, getdiyin tədbirlərdən 300-1000 manatarası qonorar alırsan, daha nələr, nələr... Sağlığına qismət. Daha da artıq olsun. Orta statistik Azərbaycan vətəndaşından yaxşı yaşadığın halda, indiyə qədər hansı Qarabağ qazisinə və ya əlilinə əl tutmusan, dərdini ictimailəşdirmisən?
Deyəcəksiniz ki, onun özünün köməyə ehtiyacı var. İnanın, Kamil bu gün maddi durumuna və stabil gəlirinə görə əlil və qazi qardaşlarımızdan köməyini əsirgəməyən xeyirxah insanların əksəriyyətindən yaxşı durumdadır. Yüz min manatlıq maşında gəzərkən, Bakıda lyuks mənzildə yaşayarkən, Qazaxdakı evinizi tamamən söküb yerində villa tikərkən, heçmi düşünmədin bir tikə çörəyə möhtacı olan, döyüş yoldaşların olan əlil qazilərimizi? Populist çıxışlar etməkdən başqa hansı bir məsələni qaldırmısan Qarabağ qaziləri ilə bağlı? (İnsafən, demək lazımdır ki, yaxşı danışıq qabiliyyəti var).
Dərindən tanımayanlar səni qəhrəman kimi təqdim edirlər. Minaya düşərək yaralanmaqdan və əməliyyatı pozmaqdan başqa hansı döyüş xatirəndən danışa bilərsən? Danış, qoy insanlar da öz qəhrəmanını daha dərindən tanısın. Türklər demişkən, eyvallah, yaralanmısan. Bu bir insan faciəsidir və mən bir insan kimi hər hansı bir hərbçimizin azacıq da olsa xəsarət almasına günlərlə acıyıram. Ancaq qəhrəmanlıq bu işin harasındadır? Qeyri-peşəkarlıq edərək minaya düşmək və özündən başqa 2 nəfərin də yaralanmasına səbəb olmaqdırmı qəhrəmanlıq? Döyüş meydanında qan tökmüş Mübarizin, Albertin, Əlyarın, Allahverdinin və neçə-neçə Vətən övladının ruhu təhqir edilmirmi? Sən qəhrəmansansa, Mehdi Mehdiyev, Bozqurd Etibar, Fred Asif bəs kimdir? Bəlkə də çoxunuz dediklərimi tanımırsınız. Çünki onların Musəvi kimi “raskrutkası” yoxdur...
Televiziya kanallarının, kütləvi tədbirlərin “vazkeçilməz” iştirakçısına çevrilmisən. Niyə? Yoxdurmu səndən başqa bu ölkədə Qarabağ əlili? Niyə onların haqqına girirsən? Doymadınmı əldə etdiklərindən? Bəlkə bir az da onların tanınma və xalqımızın qayğı və xeyriyyəçiliyindən faydalanma vaxtıdır?
Sən yaxşı hərbçi ola bilmədin, ancaq pul qazanmağın yollarını yaxşı bacardın. Fərqı yoxdur necə. Saxtakar, əlil adı ilə manipulyasiya edən Məmmədəlini müdafiə etdin. Niyə? Çünki eyni yolun yolçususunuz. Təqribən bir il bundan qabaq Binəqədi Rayon Polis Şöbəsinə nə üçün müraciət etmişdin? De qoy hamı bilsin. Məmmədəlinin dəstəsi kimi pul qarşılığında başqasının qanunsuz tikintisinə “krışalıq” edirdin. Qonşular etiraz edəndə qaçdın girdin polisə ki, qoymayın, məni döyürlər.
İndi də deputat seçkilərindən pul qazanmaq yolunu tutmusan. Aydın düşüncəli insanlar yaxşı başa düşürlər ki, sən pul alaraq kiminsə sifarışıni yerinə yetirmək üçün o dairəyə gəlmisən. Sual olunur: niyə məhz 60 saylı Salyan-Neftçala seçki dairəsi? Niyə doğulub boya-başa çatdığın Qazax yox, yaşadığın Bakı yox, uğrunda sağlamlığını “qurban verdiyin” Qarabağ yox, məhz bu dairə? Bircə onu demə ki Azərbaycanın hər bölgəsi vətəndir. Vallah, adamın əti tökülür. Orasını bildik. Qarabağ da, Qazax da, Şamaxı da, Quba da VƏTƏNDİR! Amma niyə məhz Salyan-Neftçala dairəsi? Bu sualın cavabını səmimi verə bilməzsən! Çünki iç üzün görsənəcək. Qəhrəman qazidən dəllal qaziyə çevriləcəksən. Səmimi deyirəm, o dairədən kim seçilir-seçilsin. Bunun mənə heç bir isti-soyuğu olmayacaq. Ancaq zəmanəmizin “Ostap Bender”inə (“12 stul” filminin qəhrəmanı – M.Q.) “dur” deməyin vaxtıdır.
İmzalarını toplayarkən səni “Milli Qəhrəman” deyərək təqdim edirdi nümayəndələrin. Heçmi utanmadın onlara bu təlimatı verərkən? Bağışlayın bizləri, qazi və şəhid milli qəhrəmanlarımız. Bu cür saxtakarların sizin titulunuzdan istifadə etməsinə bizik günahkar. İnsanı layiq olmadığı səviyyəyə qaldıranda mütləq artığını istəyəcək.
Salyanda yerli qazilər sənə etiraz edən kimi “quyruğun qapı arasında qaldı”, dərhal “Facebook” da cənab İlham Əliyevlə və Mehriban xanımla şəkillərini paylaşaraq, öz aləmində tərəfini bəlli etdin. Ancaq Salyanın Qaraçala kəndində radikal müxalifətin nümayəndəsi Ədalət Yusifovla görüşünü niyə gizlətdin və siz nələri müzakirə etdiniz onunla? Köməyi müqabilində nələr vəd etdin ona? Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin və Müsavat Partiyasının nümayəndələri ilə səmimi görüşlərini və yardım istəməni niyə paylaşmadın? Sən kimə xidmət edirsən? Sənin niyyətin nədir?
Namizədlik vəsiqəni götürməyə gələrkən özünlə Qazaxdan 30 adam, Bakıdan 20 adam gətirmişdin. Nə məqsədlə? Özünə qoçu dəstəsimi yaratmısan? Məqsədin qarşıdurma yaratmaqdır? Mən heç şübhə etmirəm, sabah seçicilərinlə görüş keçirəndə möhtəşəm görüş effekti yaratmaq üçün Bakıdan, Qazaxdan camaatı yığacaqsan Salyana. Hurrey qoymayın, Kamil gəlir. 
Deyəcəksiniz ki, bunları niyə indi yazıram? Beş ay bundan qabaq haradaydın? Cavab verirəm. Beş ay bundan qabaq mənim, ona yaxşılıq edib altını çəkən, onun kimliyini bilən və ya başa düşən insanların bu faktlardan xəbəri vardı. Sadəcə, heç kim ona baş qoşmurdu. Ancaq indi onun deputatlıq iddiasına düşməsi ictimai məsələdir. Və ictimai təhlükəli məsələdir.
90-cı illərin əvvəlində də xalq Rəhim Qazıyevin populist çıxışlarından hər dəfə cuşa gəlirdi və məhz xalqın istəyini və əhval-ruhiyyəsini nəzərə alan Əbülfəz Elçibəy onu müdafiə naziri təyin etdi. Nəticəsi nə oldu? İtirilən Şuşaya görə R.Qazıyev bir güllə tapmır ki, təpəsinə çaxsın. Saxta və riyakar qəhrəmanlara yerini göstərmək lazımdır. Bəlkə hər kəs qəbul etməyəcək demək istədiklərimi. Ancaq mən bunu deməliydim. Vətən naminə. Zaman hər şeyin güzgüsüdür.
Təbliğat işlərinə necə başlamısan? Saxta, populist və təhdid dolu. Bakıdan, Şəkidən gətirdiyin 25-30 nəfəri kənd-kənd gəzdirib, dükan qabağında dayanan eycahan adamlarla 5 dəqiqəlik “görüşlər” keçirirsən. Nələr vəd edirsən onlara? Nədən ibarətdir platforman? Gələcəm, gedəcəm, yanınızda olacam, qan tökəcəm, yaxşı deputat olacamdan başqa nə demisən? Xoruzun quyruğu görsəndi. Nə məqsədlə 60 saylı dairəyə gəldiyin bəlli oldu. Ortalığı qatmaq, qan tökmək. Kimin sifarişini yerinə yetirirsən, Kamil? Xəlil Rza kimi Vətən şairi, oğlu Təbriz kim qəhrəman yetişdirən Salyan torpağı sənin kimi “qəhrəmana” öz layiq olduğun yeri göstərəcək!
Həmçinin, müraciət edirəm televiziyalara, internet kanallara, vətənpərvərlik mövzusunda tədbirlərin təşkilatçılarına. Çağırmayın bu adamı efirlərə. Onun bəs edəcək qədər pulu var. Axtarın kəndinizdən, rayonunuzdan olan, gözdən-könüldən uzaq qalan qazi və əlillərimizi. Kamilin cibinə basdığınız pulları daha çox ehtiyacı olan insanların arasında paylayın. Bu, Allaha da xoş gedər. Bəlkə onlar Kamil kimi danışa bilməyəcəklər, pafoslu sözlər deyə bilməyəcəklər. Ancaq olsun! Qoy onların da üzü gülsün!
Dayan, Kamil Musəvi, dayan! Maskan tam yırtılmadan dayan!!!

Məhəmmədəli QƏRİBLİ            baki-xeber.com

Комментариев нет:

Отправить комментарий