Страницы

05.03.2020

Türkiyə kəşfiyyatının Vilnüsdə sensasion gecə əməliyyatı - FETÖ-nün şifrəli xəbərləşmə proqramı MİT-in əlinə keçdi

Həmid Herisçi

Elə lap bu son günlərdə Türkiyə kəşfiyyatı Milli İstihbarat Təşkilatı (MİT), Litvanın paytaxtı Vilnüsdə çox uğurlu məxfi əməliyyat həyata keçirib.
musavat.com xəbər verir ki, qara geyimli, əli fanarlı MİT-çilər gecənin xain vaxtı Vilnüs küçələrində kölgə kimi görünüb, tez də gözdən itiblər. 
Şəhərdəki izləmə kameralarından uğurla yan ötüb gəlib yetişiblər şəhər kənarındakı ikimərtəbəli qədim binanın qapısına. Bir-iki uğursuz cəhddən sonra qapını aralayıb içəri sızan MİT-çilər, mühafizəçilər üzərinə yuxu dərmanı fısqırdıb, cəld qalxıblar ikinci mərtəbəyə. Aman verməyiblər yollarını kəsən digərlərinə. Qarşılarına çıxanı iki qat qatlayıb əl-qolunu sarıyıblar. Ağızlarına əski parçası tıxayıb bir küncdə əyləşdiriblər.
Gəlib yetişiblər binadakı ByLock mobil xəbərləşmə sisteminin tam məxfi serverlərinə. Cəmi-cümlətanı yarım saat MİT-çilərə bəs edib ki, serverlərin yaddaşını kopyalayıb surətlərini öz flaşkartlarına yükləsinlər.
Əməliyyatın təhlükəsizliyinə cavabdeh xüsusi kommandoslar bu vaxt eşikdə dayanıb qulaqcıqlarına gələcək “Son!” siqnalını gözləyirmişlər. Vaxtı çatanda o siqnal səslənir. Əməliyyat iştirakçıları üç dəstəyə parçalanıb, müxtəlif istiqamətlərdə gözdən itirlər.
Əldə edilmiş qənimət - ByLock mobil xəbərləşmə sisteminin yaddaş arxivi, üç fərqli flaşkarta yüklənir bu zaman. Tapşırılır üç dəstənin hər birinə. Atışma, izləmə baş versə, dəstə üzvlərindən biri, mütləq bu qəniməti Ankaraya çatdırmalı imiş. Digər iki dəstə üzvləri isə atəşi öz üzərinə götürüb, litvalıların diqqətini əməliyyatın üçüncü iştirakçısından kənara yayındırmalı idi.
Şükür. Türkiyə MİT-nin tarixinə qızıl həriflərlə yazılacaq bu əməliyyat tam uğurla nəticələnir. Qalır indi o qənimətləri de-şifrə edib 15 iyul hərbi qiyamının pərdəarxası sirlərini öyrənmək.
 ***
Türkiyə MİT-i avantüra, macəraçılıqdan min addım kənarda duran bir sağlam məxfi qurum kimi tanınır bütün dünyada. Ciddi dəlil-sübut olmadan bu qurum, ölkə kənarında, özü də Litva kimi sakit bir ölkədə heç vaxt məxfi əməliyyat keçirməz. Yaxşı, görəsən yel hardan əsib, qoz hardan yerə tökülüb? Niyə türk komandosları Hollivud filmlərinin süjetinə müraciət etməyə məcbur qalıblar? Niyə uzaq Vilnüs şəhərində bu cür təhlükəli, beynəlxalq qanunları pozan əməliyyata start veriblər?
Səbəb bax, budu. Dövrü mətbuatda getmiş bu son xəbərə, xahiş edirəm, diqqətlə yanaşasınız:
“Rusiyalı mütəxəssislər səfir Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşa məxsus mobil cihazın şifrəsini açıb. Bu barədə Türkiyə mətbuatı, Rusiya kəşfiyyatına məxsus mənbələrə istinadən xəbər verib. Bildirilir ki, 4 mərhələli şifrəni açmağa müvəffəq olan mütəxəssislər, mobil cihazda bir sıra dəlillər əldə ediblər. “Takvim” qəzeti yazır ki, dəlillər qatilin FETÖ terror təşkilatı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olduğunu üzə çıxarıb. Bildirilir ki, o sui-qəsddən əvvəl ByLock proqramı vasitəsilə 6-sı qırmızı, 2-si narıncı kateqoriyada yer alan fətullahçılarla əlaqə qurub. Qəzet yazır: “Terrorçunun telefonundan alınan siqnallara görə, səfirin qatili bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İraqdakı bir ofisində qeydə alınıb. Yəni bu idarənin Ərbil şəhər ofisi yaxınlarında bir xeyli vaxt keçirib. Həmin vaxt ərzində terrorçunun mobil cihazındakı siqnal 7 saat ərzində kəsilib. Qatilin bu vaxt ərzində kimlərlə ünsiyyət qurduğunu müəyyən etmək mümkün olmayıb”.
***
Cinayəti araşdıran rus-türk birgə əməliyyat dəstəsi üzvləri bütün bunları incələyib, gəlib yetişirlər Litvadakı bir məxfi ünvana. Türk qaynaqları görün bir bunu necə təsvir edir: “FETÖ-nün şifrəli xəbərləşmə proqramının (ByLock) ən böyük özəlliyi, danışıqların 5 saniyə sonra yaddaşlardan silinməyi, ortada bir iz buraxmaması faktıdır. İstifadəçilərin barmaq izləri, ByLock-da şifrələməni öz üzərinə götürür deyə ortada qəribə sirlər var”.
“Yeni Şafaq” qəzetinin köşə yazarı Bülənd Orakoğlu bu mövzunu türk mətbuatında daşıyan ilk yazarlardan biri, bəlkə də ən birincisidir. Yadda saxlayın, həmin bu şəxs sabiq MİT zabitidir həm də: “FETÖ tərəfindən gizli ünsiyyət üçün istifadə edilən ByLock serverlərinin, Litva paytaxtı Vilnüsdə olduğu aylar əvvəl ortaya çıxmışdı. Türk MİT-i əvvəlcə bu serverlərə qarşı xüsusi kiberhücumlar təşkil edərək təxminən 215 min 92 istifadəçidən 53 minini de-şifrə etməyi bacarır. Lakin, İnterpol xətti ilə Litvaya göndərilən növbəti sorğulara kobudcasına “yox!” cavabı gəlincə, türk istihbaratçıları qaşlarını çatıb, sifətlərini turşudurlar. Qərara gəlirlər, qudurğan litvalıları yerlərində oturtsunlar.
Vilnüsdə ByLock serverlərin bulunduğu binaya gizlicə girən türk gecə nindzaları, son texnologiya avadanlıqları sayəsində səkkiz pilləli şifrəni qırmağa müvəffəq olurlar. ByLock qeydlərinə aid bütün məlumatları qısa müddətdə flaşkartlarına köçürüb hadisə yerindən sürətlə uzaqlaşırlar. Əməliyyat gecəsi  xüsusi təyyarə ilə vətənə dönən türk kiborqları, 215 min ByLock istifadəçisinin bütün köhnə, guya yaddaşdan silinmiş qeydlərini də ölkəyə gətirirlər”.
Bülənd Orakoğlu hesab edir ki, əməliyyat nəticəsində bir sıra köhnə cinayətlərin üstü açılacaq. O cümlədən Rusiya səfiri Andrey Karlovun qətli üzərindəki qara buludlar da seyrələcək. “ByLock istifadəçilərinin şifrələri tam halda, 90 faiz üzə çıxıb” - deyə yazar qeyd edib.
***
Türkiyənin Elm, sənaye, texnologiyalar naziri Faruk Özlü, “Anadolu” xəbər agentliyinə görün bu mövzu ilə əlaqədar nə deyib: “Hamımız ByLock mobil xəbərləşmə proqramına yaxşı bələdik. Sistem, məxfi şifrələnmə əsasında, kriptoqrafik yolla yaradılıb. Müəllifləri, bizim sabiq milli “TÜBİTAK” (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası – “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”) üzvləridir. Heyf, bu təsisat indi bütövlüklə FETÖ nəzarəti altındadır. Proqram müəllifləri Gülənin paralel dövlətində mühüm vəzifə sahibləridi. ByLock istifadəçilərinin sayı, eynən FETÖ-çular qədərdi. Üsyançıların, bu sistem vasitəsilə öz aralarında təmasları 2013-cü ilin sonundan start götürüb”.
Türkiyə MİT-i, hələ ötən ilin may ayından ByLock sisteminin “hizmətçilərə” qulluq etdiyini bilsə də, əvvəlcə buna bir o qədər də diqqət ayırmır. Məsələ bilirsizmi nə zaman ciddiləşib, qabarır? Ötən ilki FETÖ üsyanı zamanı, həəə, açılır sandıq, tökülür pambıq. Bəlli olur ki, “TÜBİTAK”-ın bütün ixtiraları, yedək qurumları Fətullah Gülən şəbəkəsi çərçivəsində ayaqdaymış. Bu qurumlar isə bir deyil, iki deyil, onlarcadır:
1. Marmara Tədqiqat Mərkəzi (MAM);
2. Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana;
3. Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara;
4. Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze;
5. TEKSEB və Texnopark – Gebze;
6. Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul;
7. Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara;
8. Milli Metrologiya İnstitutu (UME) – Gebze;
9. Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara.
***
ByLock mobil xəbərləşmə sistemi bu elm cəngəlliklərindən çıxsa da, tətbiqi elə ilk günlərdən uğursuzluqla nəticələnir. İnformasiya təhlükəsizliyi sahəsində ad çıxarmış bir çox xarici müəlliflər bu sistemi elə əvvəldən çox da etibarlı görmürdülər. Tim Strazzere, Amerika-İsrail mənşəli “SontinelOne” şirkətinin aparıcı mütəxəssisi ByLock sistemini belə xarakterizə edir indi: “Bir neçə dəqiqə ərzində proqramı söküb yenidən qurmaq mümkündü. Mən, hizmətçilərdən fərqli olaraq ona qəti şəkildə etibar etməzdim”.
Bir başqa mütəxəssis, Metyu Qrin də, sistem haqda öz kinayəsini gizlətmir: “İstifadəçi bu sistemdə anonim olaraq qalır. Amma məxfi kod açarlar mərkəzi serverdə şifrəsiz, açıq halda qalır ki, bu da təhlükəsizlik baxımından çox risklidir. Yüksək texnologiya sahibləri bu cür serverlərə rahat daxil olub xəbərləşmə trafikinin yaddaşını tam bərpa edə bilər deyə mən ondan istifadə etməzdim”.
***
FETÖ-çular qəribə adamlardı - öz texnologiyalarından, öz ixtiralarından, öz adamlarından, öz şəbəkələrindən bir addım belə kənara çıxmaq istəmirlər. ByLock nümunəsində bu təcrübə həəə... onları bərk zibilə salır. Ərdoğan tərəfdarları, şəbəkənin zəif halqasını məhz burda aşkarlayıb, sonra öz rəqiblərinə aman vermirlər. Həbslər, dinləmələr, güdülər, pusular məhz bu amilə dirənir - yəni, ByLock istifadəçisənsə, vəssalam, qanın getdi, buyur içəri, Maltəpə cəza evinə.
ByLock mobil xəbərləşmə sistemi yarandığı ilk günlərdə “Applle”, “Google Play” maqazinləri çərçivəsində, 2014-cü ildə dünya bazarına girsə də, tezliklə bu ünvanlar onu öz səhifələrindən silir. Sonradan bu mobil xəbərləşmə sistemi, lazımı təhlükəsizlik tələblərinə cavab verməyən “Android”, “Windows Phone”, “Blakberry” serverlərində görünməyə başlayır.
Axırı da olur bax bu cür...
Heç nə...
Vallah, mən FETÖ-çuların bu texnoloji ixtirasını dayandoldurum tüfənginə bənzədərdim. İndiki zamanda bu cür silahlarla ova çıxmırlar.
İndi, tüfəngsiz ova çıxırlar.

musavat.com

Комментариев нет:

Отправить комментарий