Страницы

20.05.2020

Meydanda gizli gedişatlar

Sabir Rüstəmxanlı. Meydan xatirələri

Meydanda yüzlərlə şüar dalğalanırdı... Vəzirovdan başqa bütün rəhbərlik gəlib-gedirdi. MK-nın, Nazirlər Kabinetinin, DTK-nin, Daxili İşlər Nazirliyinin işçiləri gecə-gündüz burdaydı. “…Müəllim, buyurun”. Hərə öz yerini göstərir. Yuxarı başa keçirmək istəyirlər. Meydanın təsirindən doğan, bu saxta, müvəqqəti mehribançılıqdan ətim ürpəşir. Bu idarələrdə toqquşmalarım olmamışdı. Heç vaxt aranın açılmasına imkan verməmişdim. Salam, xoş-beş, müəyyən məsafəyə qədər yaxınlıq, amma sərhədlər qorunmaq şərti ilə. “…Sənki səndə, mənki məndə”. Elxan da, Aydın da, Kamal Abdulla da, Nurəddin Mehdixanlı da məndən daha ünsiyyətcildirlər, tez qaynayıb-qarışırlar. Mən içimə çəkilməyi xoşlayıram. Həm də gün ərzində o boyda çıxışlardan sonra mən burda, bunlarla nə danışım? 
Saatlarla kütlənin təndir kimi adamı qarşılayan isti, canlı nəfəsiylə üz-üzə dayanandan sonra bu adamlar nə isə tamam ayrı təsir bağışlayır. Meydandan sonra bu möhtəşəm salon cəzibədarlığını itirir. Kukla teatrının dekorasiyasına dönür. Burdakılar da gizli əllərlə, gizli millərlə oynadılan kuklalara bənzəyir. Kimdir bunlar? Bütün ömrü boyu əlləş-vuruş, komsomol, partiya pilləkənlərində yürü, en-qalx, axırda zorla bir yer keçiriblər ələ… Vəzifə, kabinet, telefon, maşın, katibə, pul, rüşvət, dünyanın ən gözəl yerlərində istirahət imkanları, toxunulmazlıq… Adi vaxtlarda kimdir bu kütlə onlar üçün? İcraçı, fəhlə, qapının o üzü, aşağı təbəqə… Özləri də əsilzadə, kübar-filan deyillər, elə bu aşağı təbəqədən çıxıblar, amma insan unutqandır, keçmişindən tez qopmaq üçün izləri silir, qohum-əqrəbayla, dostlarla əlaqəni nə qədər tez kəssən başın o qədər sakit olar, həm də bu əlaqələr onlara nə verir ki? Unutqanlıq o yerə çatır ki, sanki elə analarının qarnından kreslo ilə bir doğulublar...
Hisslərimi Elxanla bölüşəndə qolumdan tutub məni küncə çəkdi, iki kətil gətirib, birini mənə doğru itələdi, oturduq:
– Qəribə, sadəlöhv adamsan e! Nələr baş verdiyini görmürsən! Meydanda Qarabağ davası gedir? Təbriz, Bütövlük, Azərbaycana azadlıq… Gözəl şüarlar… Amma burda vəziyyət ayrıdır. Başın qarışıb, axşamacan mikrafondan qopa bilmirsən. Amma mən buralarda müşahidə aparıram. Səninlə mehriban görüşən bu adamlar iki-üç komandadır, hər biri də səni ələ keçirmək istəyir.
Hirsləndim:
– Nə səfeh-səfeh danışırsan, necə yəni ələ keçirmək? Nəylərinə lazımam onların?
– Bir dəqiqə dinlə! Meydan Vəzirovu laxladır… Onun vəzifəyə gətirdikləri, biri elə sənin dostun Vəli, meydanı sakit, qansız dağıtmağın tərəfdarlarıdır. Yerdə qalanlar isə Vəzirovdan sonranı düşünürlər. Ondan sonra kim olacaq? Ən azı üç dəstə var. Amma ən güclüsü və fəalı Heydər Əliyevin dəstəsidir…
– Nə üyüdüb tökürsən, Heydər Əliyev hara, meydan hara. Xəstə kişidir, oturub Moskvada.
– Moskvada otursa da barmağı burdadır. Qulağına “Biz səninləyik” deyənlərin də bir hissəsi onun adamlarıdır. Hələ ki, onlara lazımsan, bir azdan vurub atacaqlar kənara. Liderliyin onlara sərf eləmir, çünki öz adamları saymırlar səni… Amma Nemət onların adamıdır… Mənə inan! Bütün güclərini yönəldiblər ora. Bu gün sən Neməti tərifləyirsən. Sabah onun diliylə söyəcəklər səni!
Bizə yaxınlaşan Nurəddin sonuncu sözləri eşitdi və yanımızda oturub, gülə-gülə dedi:
– Elxanın sözlərini zarafat sanma! Bilirsən niyə gülürəm? On dəqiqə əvvəl BK-nın şöbə müdiri Etibar bir neçə adamla söhbət edirdi. Aralarında tanıdığım da var. Məni də dəvət elədi. Özününkü sayır məni də! Gördüm başındakılara deyir ki, “Sabirin lider olmasına qətiyyən yol vermək olmaz. Çalışın, Nemət çıxsın qabağa, ön cərgələrdə düzülüb “Nemət” deyə-deyə tələb edin onu!” Allaha şükür, Etibarın kimin adamı olduğunu özün bilirsən. Onu vəzifəyə kim gətirib?
Elə bil üstümə soyuq su tökdülər:
– Nə olsun, atasıyla mən də dost olmuşam, bir yerdə işləmişik. Etibar da gözümüzün qabağında böyüyüb, səmimi oğlandır. Yumurtadan çıxan kimi belə ayrı-seçkilik salmaz…
Elxan məni sakitləşdirdi:
– Əsəbləşmə! Nurəddinin eşitdiyi də sənə siqnal olmalıdır. Burda elə qüvvələr işləyir ki, Etibar onların yanında xırda adamdır. Deməsəm də, özün hiss edəcəksən! Sənin bu oyunda oynamağını istəmirik.
Başımı tutub oturmuşdum. Gözümdə meydanın və bu salonun rəngləri dəyişilirdi. Bütün olub-keçənləri yenidən götür-qoy etmək lazımdır. Amma Nemət məsələsinə heç inanmırdım. Dünənin uşağıdır, bu yaşda belə oyunlara niyə qoşulursan axı?! Əliyev gələndə nə olacaq ki? Hər halda Vəzirovdan pis olmaz! Güclü adamdır, bəlkə o bir əncam çəkəcək. Amma kim deyir o özü istəyir bunu! Şaxtada vurublar, şikəst olub deyirlər. Yüz cür şaiyə gəzir... Kimdir buraxan onu Moskvadan? Qorbaçov imkan verər ki, dünən işdən çıxartdığı adam gəlib Azərbaycanın başında dayansın?!
Bunlar heç, amma Nemətin belə bir əlaqəsi varsa burda bir qəbahət yoxdur. Amma meydanda niyə tez-tez “Məni Əliyevlə bağlamaq istəyirlər, Əliyev kimi xalqını qula çevirənlə mənim nə əlaqəm ola bilər?” – deyir.
Və doğrudan da əlaqə yoxdursa, bu sözləri niyə tez-tez təkrar edir. Bu xof hardan gəlir?
Elxan əl çəkmirdi:
– Hə… Cavan fəhlə dostumuzun bicliyi də burdadır! Elə on gün əvvəl, Naxçıvanda sənin kitabının müzakirəsində Əliyevi ağ yuyub qara sərməmişdi… Sonra da əlaqəsindən danışmışdı. Yəqin bu da bir gedişdir. Vəssalam. Nəticəni özün çıxar və adamlara bu qədər inanma!..
Amansız sözlərdi. Ertəsi günsə deyilənlərin ilk əlamətlərini duydum. Bəlkə diqqətli olsam əvvəldən də bu gizli gedişatları sezə bilərdim, neyləməli, mən şəkkahlıqla yaşamağa öyrəşməmişəm…

ps-nota.com

Комментариев нет:

Отправить комментарий