Страницы

04.06.2020

"Bura hər an "İkinci Qarabağ" ola bilər..."

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı Qarabağ probleminin həlli məsələsində bir neçə maraqlı məqama toxunub. moderator.az həmin məqamları şərh etmək üçün Türkiyənin Ərciyəz Universitetinin ermənişunas professoru Qafar Çaxmaqlıya aşağıdakı suallarla müraciət edib.
1. Son 100 ildə Ermənistanın hansısa tarixi mənbəsində və ya kitabında İrəvanın onlara verilməsi barədə etiraf kimi qəbul ediləsi nəsə qarşınıza çıxıbmı?
2. Gürcüstanın adını çəkməsə də ölkə başçısı İlham Əliyev deyir ki, bu ölkəyə qarşı da Ermənistanın ərazi iddiası olub və indi də var. Gürcüstan bu günədək niyə Ermənistanın bu nankor qonşuluğuna dövlət səviyyəsində açıq təpki göstərməyib? Yaxud gürcü tarixçiləri bu günədək ermənilərin namərdliyini ifşa edən sanballı əsərlər yaratmayıblar?
Dəyərli professorun bu iki suala cavabını təqdim edirik.
"Prezident İlham Əliyev indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu dəfələrlə vurğulayıb. Şübhəsiz ki, bu hər dəfə Ermənistanda top-tüfənglə qarşılanıb və gerçəklərin söylənməsi onları təşvişə salıb. Bu tarixi gerçəkdir ki, 1918-ci ilə qədər, yəni Ermənistan dövlətinin qurulmasına qədər erməni siyasi fikrində və düşüncə sistemində Qafqazda bir erməni dövlətinə sahib olma ideyası olmayıb. Onlar daha çox Şərqi Anadoluda bir dövlət qurma planını gerçəkləşdirmək istəmişlər və bu da haqsız tələb olduğundan iflasa uğramışdır. Həm də Qafqazda elan olunan erməni "dövləti" Azərbaycanla konfederativ əsaslarda yaradılmalı idi və mayın 11-də işinə başlayan Batum konfransında bunu erməni heyətinin təmsilçiləri dəfələrlə səsləndirmişdilər. Ermənicə qaynaqlarda rast gəlmişəm ki, ermənilər elan olunan Ararat respublikasından vaz keçib başqa bir əraziyə yönəlmək istəmişlər. Onlar bilirdilər ki, 9 min kvadrat kilometrdə dövlət qurmaq mümkün olmayacaqdı və ermənilər bu faktoru qabardaraq onlara paytaxt etmək üçün İrəvanın verilməsini ortaya atmışdılar və tarixi reallıq budur ki, 29 may 1918-ci ildə İrəvan Ermənistana güzəşt edildi. Əgər İrəvan verilməsəydi, Qafqazda elan olunan bu dövlətin yaşamaq şansı yox idi. Ermənicə olan tarix kitablarında bunlardan bəhs edilir, amma onu özlərinə sərf edən şəkildə yazırlar və mən doğrudan da bizim bildiyimiz 1918-ci il 29 may 3 nömrəli protokoldan bəhs etdiklərinə rast gəlməmişəm. Dünən də "Erməni tarixi" ensiklopediya və kitablarına baxdım. Sanki Batum konfransı və onunla bağlı gəlişmələr heç olmayıb. Bu nəyə görədir? Ermənilər gəncliyi fərqli yetişdirirlər. Tarixi də elə yazırlar ki, sanki biz onların ərazilərini əllərindən almışıq. Bu, bizə nifrət ideologiyasıdır ki, onu ermənilər bütün dərs kitablarında davam etdirirlər. Gürcüstanla bağlı Ermənistanın siyasəti Azərbaycanla bağlı yürüdülən ideoloji xəttdən bir qədər fərqli olsa da yenə iddialar eynidir. Erməni planlarında Qarabağı əldə etdikdən sonra sıra Naxçıvan və Cavaxetiyayadır. Ermənilərin toplu halında yaşadıqları Cavaxetiyanın da Ermənistan birləşdirilməsi fikri Gürcüstan-Ermənistan münasibətlərində bəzən gərginlik yaratmışdır. 1918-ci ildə də bu ölkələr arasında ərazilərlə əlaqəli müharibə olmuşdur. Ermənilər o zaman Gürcüstanın kontrolunda olan Loru-Pəmbək və Cavaxetiya bölgəsini onların əlindən almaq istəmişdi və müharibəyə səbəb olmuşdu. O zaman ermənilər planlarının bir hissəsini gerçəkləşdirdilər. Amma Cavaxetiyanı (Ahıska) gürcülərdən ala bilmədilər. "Böyük Ermənistan" düşüncəsində Cavaxetiya erməni ərazisi kimi bilinir və Gürcüstan burda bəzi illərdə dövlət hakimiyyətini belə itirmişdir. Yalnız Saakaşvili dönəmində erməni separatizmi yerində oturduldu. Amma bura hər an "İkinci Qarabağ" ola bilər. Gürcüstanın Ermənistanla mülayim davranmasının kökündə bu separatizm dayanır. Məsələ gürcü tarixçilər tərəfindən diqqətdə saxlanılır. Onların necə bir xəyanətkar olduqlarını gürcülər də bilirlər. Çap olunan əsərlər də var. Buna örnək olaraq Georgi Marxuliyanın kitab və məqalələrini göstərmək olar. Amma bu ölkənin durumu imkan vermir ki, Cavaxetiyada yaşananların kəskin şəkildə qarşısını alacaq addımlar atsın. Bizim mayın 9-da elan etdiyimiz Qərbi Azərbaycan (İrəvan) Respublikası erməniləri qorxutmuşdur. Paşinyanın sahibi olduğu "Haykakan jamanak" qəzeti yazılarından birində qeyd edir: "Buna rəğmən Çaxmaqlı qeyd edir ki, "İrəvan Respublikası" nın məqsədi "tarixi torpaqları geri qaytarmaqdır". "Tarixi torpaqlar" deyincə isə, Yerevan, Syunik, Sevan, Gümrü və Ermənistan Respublikasının digər əraziləri nəzərdə tutulur. Ən pis halda, bütün bu deyilənlər gülünc səslənə bilərdi, əgər Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyevin simasında yuxarıda deyilənlərlə eynilik təşkil edən düşüncələri açıq şəkildə ifadə etməsəydi... Böyük Vətən Müharibəsindəki qələbə ilə əlaqədar rus mətbuatına verdiyi müsahibədə İlham Əliyev demişdir ki, "1820-ci illərdə İran və Türkiyədən yüz minlərlə erməni tarixi Azərbaycan ərazilərinə köçürülmüşdür", halbuki buna qədər indiki Ermənistanin bir çox ərazilərində "Azərbaycan dövlətçiliyi" mövcud olmuşdur". Bəli, bizim bu torpaqlarda dövlətçiliyimiz olmuşdur, xalqımız yaşamışdır, onlar öz torpaqlarından qovulmuşlar. Onların haqq və hüquqları bərpa edilməlidir. Bizim bu qərarlığımız onları  təşvişə salmışdır".

Комментариев нет:

Отправить комментарий