Страницы

04.06.2020

Londona yığdıqları milyonları əllərindən alacaqlar

Cümşüd Nuriyev

Demək olar ki ölkə talan olunub.
***
10 milyonluq əhali üçün bu qədər nazirlik, komitə çoxdur. Hər nazirliyə, komitəyə bir padşah nəyə lazımdır ki, indi də bəziləri padşahlıqdan Allahlığa keçib. Nəmrudlaşıblar, pul bunları elə harınlaşdırıb, qudurdub ki, özlərindən başqa heç kimi saymırlar.
***
Bu adamların hər birinin İngiltərədə yüz milyonları var. Vəzifədən uzaqlaşdırılmış nazirlər də daxil olmaqla, həmin milyarderlərin ölkədən çıxardığı milyonlar geri qaytarılmalıdır. Bizim başıyoxlar bütün sərvətlərini aparıb Londona yığıb, ABŞ ərəb ölkələrinin rəhbərlərinin milyonlarını mənimsədiyi kimi, onların əmlakları da orada batıb gedəcək. Heç kimə sirr deyil ki, London xaricilərin, ən çox da müsəlmanların hesabına öz varidatını artırır, müəyyən müddətdən sonra da həmin milyonçuları bitirirlər. Onları İngiltərə bitirənə qədər, bu işi Azərbaycan özü görməlidir. Onlara aministiya elan olunaraq sərmayələri ölkəyə gətirilməlidir, onsuz da ölkədəki bütün obyektlər onlara məxsusdur, Azərbaycanın bütün varidatı çox az sayda ailələrin əlindədir.
***
Azərbaycanda normal kadrlara qarşı kütləvi soyqırımı həyata keçirildi. Saxta diplom alanlar, sonradan görənlər, cahil adamların hamısı vəzifəyə gətirildi, onlar da oturduqları budağı kəsdilər.
***
Çox uğursuz kadr siyasəti aparılırdı, Yeni Azərbaycan Partiyasından (YAP) da həm deputatlığa göndərilənlər, həm də vəzifəyə təyin edilənlər ancaq bir nəfərin adamları və ya qohum-əqrəbaları idi. YAP-ın 700 min üzvü olmasına baxmayaraq, ancaq eyni adamlar deputat seçilirdi. Ağıllı adamları da camaata söydürürdülər, camaat elə düşünürdü ki, ziyalılar ağzına su alıb oturub. Halbuki ziyalının sözünün heç bir hökmü yox idi, həqiqəti deyənlərə qarşı provakasiyalar aparılırdı, ziyalı da utandığından çəkilib yerində otururdu.
***
Bu qədər iylənmiş deputatın olması ayıbdır, nə özlərinə hörmət qoyurlar, nə xalqa, deputatlıq çox ucuzlaşdırılıb. Bunlar ancaq öz toxunulmazlıqlarından istifadə edirlər, dövlətə badalaq vurmaqla məşğuldurlar. Elə axmaq qanunlar işləyib hazırlayırlar ki, içərisində mütləq rüşvət olsun. Heç bir ölkədə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi bu qədər dəyişdirilməyib. Əmək pensiyaları haqqında qanuna baxın, dəhşətə gələcəksiniz, qanun qəbul olunub və 7 il ərzində 169 dəyişiklik olunub. Bu faciədir. Dəyişikliklər də biri digərini təkzib edir, bu barədə araşdırma aparıram, hazır olanda mətbuata çıxaracam. Bütün bunlar Milli Məclisdə peşəkarların çox olmasının nəticəsində baş verir, qanunvericilikdən xəbərləri yoxdur.

Комментариев нет:

Отправить комментарий