Страницы

03.06.2020

Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə nə əlaqəsi… – OFFŞOR SİRLƏRİ AÇILANDA

Xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir neçə ölkəyə səpələnmiş offşor biznes imperiyasını araşdırarkən maraqlı məqama rast gəliblər. Məlum olub ki, Mahmudovun oğlunun və qızının adına olan, hesabları Men adalarındakı “Cayman National” bankında yerləşən offşor şirkətlərini “Northern Wychwood Limited” adlı firma idarə edir.
Bu detal Eldar Mahmudov işdən çıxarılandan və onun qudası Cahangir Hacıyev həbs olunandan sonra mətbuatda onların barəsində dərc olunan məlumatlara görə Anar Mahmudovun və Nərgiz Mahmudovanın şirkətlərinin (cəmi 6 şirkət) bankdakı hesabının bağlanması zamanı üzə çıxıb. Məlum olub ki, həmin “Northern Wychwood Limited” adlı firmanın adı “Panama sənədləri”ndə yer alır.
“Panama sənədləri” bir neçə il əvvəl Panamada hüquqi şəxslərin qeydiyyatı ilə məşğul olan “Mossak Fonseka” adlı şirkətin məlumat bazasının hakerlər tərəfindən ələ keçirilib yayılması ilə ortaya çıxmışdı. Nəticədə dünyanın bir sıra liderlərinin və ailə üzvlərinin Panamada offşor bizneslərinin olduğu aşkarlanmışdı.
Mahmudovun ailə biznesi barədə faktlar isə ötən il “Cayman National Bank”ın məlumat bazasının ələ keçirilməsi nəticəsində üzə çıxıb. Jurnalist araşdırmasında bildirilir ki, bank Mahmudovun ailə şirkətlərinin hesablarını bağlayarkən onların “Northern Wychwood Limited” adlı firma tərəfindən idarə olunduğunu aşkarlayıb. Və Mahmudovların çirkli biznesləri ilə bağlı narahatlıq daha da artıb. Çünki həmin firmanın adı “Panama sənədləri”-nin açıqlanmasından sonra Zimbabvedə yaranmış qalmaqalda hallanırdı.
Bəs Mahmudovun ailə şirkətlərini idarə edən firma Zimbabvedə hansı işlərə bulaşıb? Bu, Mahmudovların da qara qitə ilə hansısa bağlılığına dəlalət edirmi? Axı Afrika brillyant və digər qiymətli minerallar yataqları ilə tanınır. Eldar Mahmudovun isə milli təhlükəsizlik naziri olarkən brillyant monopolisti olduğu məlumdur.
Virtualaz.org bu epizodu araşdırmağa çalışıb. İnternet mənbələrində “Northern Wychwood Limited” firması və onun Zimbabvedəki əlaqələri haqda materiallar yer alır.
Əvvəlcə firmanın özü və nə işlə məşğul olması barədə. Saytında göstərilir ki, “Northern Wychwood Limited” müştərilərinə onların bizneslərinin korportativ və etibarlı idarəçiliyini təklif edir. “Dərin kök salmış dəyərlərə, dürütslüyə və işgüzar qabiliyyətə malik olaarq biz sizlərin aktivlərinizin təhlükəsizliyini təmin edirik və biznesinizi beynəlxalq səviyyədə inkişaf etdirməkdə kömək edirik”,- firma özü barədə bunları bildirir.
Qeyd olunur ki, “Northern Wychwood Limited” Men adalarında yerləşən, korporativ və trast (investisiya) xidmətləri təklif edən lisenziyalı firmadır. “Biz hesab edirik ki, hər bir situasiya unikaldır. Sizə fərdi xidmətlər təklif edərkən biz aktivlərinizin etibarlı qorunması strukturunu da təklif edirik”,- firma bildirir.
Başqa sözlə, bu firma Mahmudov kimilərinin çirkli yollarla əldə etdikləri aktivlərin offşor zonada gizlədilməsi və qorunması, onların idarə edilməsi kimi xidmətlər təklif edir. Məsələn, sizin Men adalarında bir neçə offşor şirkətləriniz varsa və onlara nominal icraçı direktorlar axtarırsınızsa firma dərhal sizə köməyə gələ bilər.
Afrikanın təbii sərvətlərlə zəngin, amma yoxsul ölkəsi Zimbabvedə isə “Northern Wychwood” platin yataqlarını istismar edən holdingin rəhbərlərinin pulları offşor zonada “yumasına” yardım edib. “Panama sənədləri”ndə üzə çıxıb ki, “Northern Wychwood” Men adalarında “HR Consultancy Services” adlı şirkət qeydiyyatdan keçirib və qeydiyyat prosedurunu asanlaşdırmaq üçün Panamanın “Mossak Fonseka” hüquq şirkətinin xidmətlərindən istifadə edib.
Sızan sənədlər göstərib ki, “HR Consultancy Services” Zimbabvenin platin yataqlarını istismar edən “Zimplats” (Zimbabwe Platinum Mines Private Limited) şirkətinin yüksək rütbəli rəhbərlərinə qeyri-leqal ödəmələr həyata keçirib. Başqa sözlə, zimbabveli menecerlər Zimbabvenin Mərkəzi Bankının xəbəri olmadan “Zimplats” şirkətindən pulları offşor firmaya ötürüblər və ordan özlərinə əlavə maaş qismində götürüblər. Hərçənd qalmaqal yarananda şirkət özü offşor firma ilə əlaqəsinin olduğunu inkar edib.
Yəni indiki halda Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə birbaşa əlaqəsi aşkarlanmır, amma aşkarlanan budur ki, zimbabveli və azərbaycanlı korrupsionerləri offşor Men adalarında eyni firma “gizlətmişdi”… /virtualaz.org/

Комментариев нет:

Отправить комментарий