Страницы

17.10.2020

İqor Korotçenko: Gəncəyə endirilən zərbələr Ermənistanın cəbhədəki hərbi uğursuzluqlarının nəticəsidir

“Gəncəyə raket zərbələri endirilməsi Ermənistanın ən yüksək hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətdir. Çünki raket hücumu əmrinin ya Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan tərəfindən verildiyi aydın məsələdir. Elə bu şəxslər törədilənlərə görə siyasi və cinayət məsuliyyəti daşıyırlar”.
Bunu report-a rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Gecə vaxtı dinc şəhərə endirilən və böyük itki və dağıntılara səbəb olan raket zərbəsi heç bir hərbi əməliyyat məntiqi ilə əsaslandırıla bilməz. Bu, beynəlxalq humanitar hüquqa, insanlığa qarşı bir cinayətdir və təbii ki, buna görə məsuliyyətə cəlb olunmalıdırlar”, - rusiyalı ekspert bildirib.
“Nə üçün Ermənistan Azərbaycanın mülki əhalisini məhv etmək üçün bu cür barbar üsullara əl atır? Bu, birincisi, cəbhədəki hərbi uğursuzluqların nəticəsidir, çünki Dağlıq Qarabağdakı Ermənistan ordusu geri çəkilir, mövqelərini itirir. İkinci amil İrəvanın Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymaq cəhddir. Açıq şəkildə görünür ki, erməni siyasətçilər Azərbaycan şəhərlərinə dəfələrlə raket zərbələri endirilməsinin cavabı olaraq, Ermənistan şəhərlərindən birinə cavab veriləcəyinə və bundan sonra İrəvanın Azərbaycan təcavüzü barədə hay-küy salmaq və Rusiyadan, KTMT-dən kömək tələb etmək üçün səbəbinin olacağına bel bağlayırdı. Ancaq Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi dinc insanlar deyil, ölkə ərazilərini işğal etmiş erməni əsgərləridir”, - o söyləyib.
Ekspert həmçinin Ermənistanın bundan sonra da qanunsuz hərəkətlər edəcəyi ilə bağlı narahatlığını da bölüşüb: “Hesab edirəm ki, Ermənistan Qarabağda mövqelərini itirdikcə indikindən daha genişmiqyaslı təxribatlar və raket hücumları həyata keçirə bilər. Azərbaycan Ermənistanın yalnız şəhərlərə deyil, həm də Azərbaycanın vacib infrastruktur obyektlərinə - neft-qaz boru kəmərlərinə, su anbarlarına və digər obyektlərə zərbələr endirməsi təhlükəsini çox ciddi şəkildə nəzərdən keçirməlidir. Bu gün rəsmi İrəvan belə dəliliklərə tam hazırdır və bunun qarşısını almaq üçün çox sayıq və diqqətli olmaq lazımdır”.
İ.Korotçenko həmçinin Avropa və ABŞ tərəfindəki ikili standartlar mövzusuna da toxunub: “Dünya susur. Fransada prezident Makron erməni lobbisinin tam nəzarəti altındadır. Avropada erməni lobbistlərin magistral yolları bağladıqlarını və bununla müvafiq hökumətə Ermənistana dəstək vermək baxımından təsir göstərməyə çalışdıqlarını gördük. Bu, erməni lobbisinin fəaliyyətinin predmetidir, o genişmiqyaslı, nüfuzlu və güclüdür, bunu etiraf etməliyik. ABŞ reaksiya vermir və onların susqunluğu çox qəribə görünür. Başqa vaxt azadlıq, insan haqları, məzlumların müdafiəsi kimi mövzularda hamıya dərs keçirlər, amma indi nədənsə ağızlarına su alıb sakitcə dayanıblar. Hələ bu azmış kimi, dövlət katibi Pompeo anti-Azərbaycan yönümlü açıqlamalar verir. Bu da erməni lobbisinin təsirinin nəticəsidir, çünki orada bir neçə həftə sonra prezident seçkiləri olacaq, kifayət qədər böyük erməni diasporu var, nüfuzlu, maddi cəhətdən zəngindirlər. Təbii ki hazırkı siyasətçilərdən heç biri Ermənistanın cinayətkarlıq əməllərindən danışmayacaq, çünki onlara ABŞ vətəndaşı olan ermənilərin səsi lazımdır. Bax vəziyyət belədur, bu ikili standartlar siyasətidir”.
“Əslində Azərbaycan dəfələrlə belə ikili standartlar siyasəti ilə üzləşib. Ermənistan Azərbaycan şəhərlərini raketlərlə atəşə tutur, Avropa tərs kimi bunu görmək istəmir. Bax bu çirkin, xain ikili standartlar siyasətidir”, - deyə İ.Korotçenko fikrini tamamlayıb.

Комментариев нет:

Отправить комментарий