Страницы

04.03.2021

Hacıbala polad relsləri satırdı — "TRAMVAY ƏMƏLİYYATI" başlaya bilərmi?

Doqquz ildən sonra Bakı küçələri qar gördü. Elə bil qar Bakıdan küsmüşdü. Yağa-yağa gəlirdi, Sulutəpə ərazisinə çatanda dayanrıdı. Sanki şəhər uşaqlarıyla gizlənpaç oynayırdı. Səsi-sorağı gəlirdi, amma üzünü doğru-dürüst görən olmurdu.
Mütəxəssislər deyir ki, bunun tək səbəbi Bakı şəhərinin, bütövlükdə isə Abşeron yarımadasının son illərdə həddən ziyadə çirklənməsidir. Bakı üzərini hər gün duman kimi bürüyən tüstü qatı qarı Bakıya yaxın buraxmır. Ona görə də bu il Ərəbistan yarımadası ilə yanaşı, Bakıya da qar yağdı. Bu isə onu göstərir ki, paytaxtın ekoloji durumu böhran həddinə çatıb. Problemin əsasını isə şəhərdəki nəqliyyat sıxlığı təşkil edir. Hazırda Bakı şəhərində yükdaşımada istifadə edilən avtomobillərin 95 faizi aşağı keyfiyyətli dizel, sərnişin daşımadakı avtobuslarınsa 100 faizi dizel və mavi yanacaqla işləyir. Bunlar isə havaya həddindən artıq tüstü buraxır.
Əksər meqapolislərdə ekoloji təmiz nəqliyyatdan geniş istifadə edilir, yəni tramvay və trolleybuslardan. Bir vaxtlar Bakının küçələrində də tramvaylar, trolleybuslar şütüyürdü. Və Bakı sakinlərinin bu tramvay və trolleybuslarla bağlı çoxlu xoş xatirələri var. Təbii ki, ən çox xatırlanansa tramvay və trolleybusların paytaxtda ən ucuz nəqliyyat vasitəsi olması idi.
Cəmi 3 qəpiyə mənzil başına gedə bilirdin. Amma Hacıbala Abutalıbovun Bakı şəhərinə bəla gəldiyi gündən sonra gözəl paytaxtımızda çox şey pisliyə doğru dəyişdi. Hacıbala müəllimin Bakıya gətirdiyi bəlalardan biri də ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən çox səmərəli olan tramvay-trolleybus parkını məhv etməsi oldu.
Yada salaq ki, keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda tramvay xətti salınıb. 1889-cu ildə Bakıda “konka” (polad rels xəttilə hərəkət edən atlı fayton) tikilib. 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə şəhər Dumasına təklif daxil olub. O zaman Dumada indiki bəzi məmurlara oxşar bürokratlar düz 20 il həmin təklifin reallaşmasına mane olublar.
Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bilib. Şəhərdə tramvay xətlərinin tikintisinə başlanıb. 1924-cü il fevralın 8-də Bakıda elektrik-tramvay yolu istifadəyə verilib. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Onun xatirələrində yazılır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib.
1941-ci ilin dekabrında isə Bakıda trolleybus xətti də işə salınıb. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu 102,5 km-ə çatdırılmışdı. Lakin 80 il Bakı sərnişinlərinə xidmət göstərən rahat, ucuz, təmiz və sürətli tramvaylar 2000-2004-cü illərdə sıradan çıxarıldı. O tramvay və trolleybuslar ki, tək sərnişinlərə xidmət göstərmirdi, həm də Bakının havasını təmiz saxlayırdı. Metronun “Xətai” stansiyasından Montin bazarına qədər uzanan sonuncu tramvay xətti 2004-cü ildə sökülüb. Şəhər rəhbərliyi bunu Mərkəzi Bankın yanında yenicə istifadəyə verilən göydələnin silkələnməsi ilə əsaslandırdı (!). Həmin vaxt tramvay ən ucuz nəqliyyat vasitəsi idi və hazırkı məzənnə ilə gedişhaqqı 5 qəpik idi. Amma sökülmənin səbəbi təhlükəsizliklə əsaslandırıldığından bu, sərnişinlər arasında etiraza səbəb olmadı. O dövrdə metroda və avtobuslarda gedişhaqqı 10 qəpik, bəzi avtobuslarda isə 20 qəpik idi.
Amma tramvay xətlərinin sökülməsinin iki səbəbi var idi. Birincisi, o zaman dəbdə olan dəmir biznesi Hacıbala Abutalıbovun da gözünü qamaşdırmışdı. 10 kilometrlərlə polad relslər və qiymətli çuqundan və dəmirdən olan elektrik dirəkləri sökülərək İrana satıldı. İkincisi, 2000-ci ilin əvvəllərində Bakıda mənzil inşaatı bumu başladı. Və tramvay xətlərinin keçdiyi ərazilər ev tikənlər üçün çox cəlbedici idi. Məsələn, paytaxtın mərkəzində, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən tramvay parkının yerində qısa zamanda göydələnlər inşa edildi. Yəni Hacıbala Abutalıbov öz biznes maraqları üçün həm Bakının tarixini məhv elədi, həm də ekologiyamıza böyük zərbə vurmuş oldu.
Təkrar edirəm, tramvay nəqliyyatda ən ucuz və ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsidir. Birincisi, tramvayın istismarı avtobusun istismarından xeyli ucuz başa gəlir. İkincisi, əgər orta ölçülü şəhərdə avtobus saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq iqtidarındadır. Üçüncüsü, günün sıxlıq çox olan saatlarında tramvaya əlavə vaqonlar qoşmaq olur. Dördüncüsü, tramvayın istismar müddəti 40 ildən artıqdır. Beşincisi, tramvaylar havanı çirkləndirmir, ətraf mühitə mənfi təsir göstərmir. Amma neyləyək ki, professor-müəllim Hacıbala Abutalıbov bütün bu arqumentləri bir kənara atıb, öz biznes maraqları üçün Bakıdakı nəhəng trolleybus-tramvay parkını məhv elədi.
İndi bəzi təşkilatlar Bakıda yeni tramvay xətlərinin yaradılması təşəbbüsü ilə çıxış edir. Amma təşəbbüs çox gecikib. Bu təşəbbüsü ortaya atanlar gərək vaxtında Hacıbala Abutalubova “dur” deyərdi. Lakin bir məsələ də var ki, bizim cəmiyyətdə bütün təşəbbüslər korporativ maraqlar üzərində qurulub. Kimsə dövlət büdcəsindən külli miqdarda pul almaq istəyirsə, həmən yeni bir layihə icad edir. Məsələn, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu bildirib: “2021-2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində bu məsələ də gündəmdədir. 2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir”.
Ay bərəkallah… Tramvay xəttini bərpa etməklə BNA Bakını müasirləşdirmək istəyir. A kişilər, o müasirlik Bakıda var idi də. Niyə dağıtdınız? İndi də gətirib doldurmusunuz şəhəri standartsız avtobuslarla. Halbuki bu avtobusların ekologiyaya vurduğu zərərə görə heç bir dövlət onlardan istifadə etmir. Avropa isə “voobşe” yaxın buraxmır. Avropanı ona görə deyirəm ki, bizim məmurlar nəyinsə qiymətini qaldırmaq istəyəndə, hökmən Avropadan sitat gətirirlər. Amma xalqın dolanışığı, əməkhaqqı söhbəti gələndə Azərbaycanı ya Afrika, ya da Asiyanın hansısa ən geridə qalmış ölkəsi ilə müqayisə edirlər.
Nə isə… Mətləbdən çox uzaqlaşmayaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da bir müddət əvvəl məsələnin gündəmdə olduğunu bildirmişdi. C.Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu demişdi: “Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub (!). İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik, biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsələ üzərində baş sındırır. Amma görünən odur ki, bu qurumların cəhdləri yeni gəlir yerləri icad eləməkdir. Nəzərə alaq ki, tramvay xətləri heç də ucuz başa gələn layihə deyil. Hesablamalara görə, tramvay xəttinin bir kilometrinin çəkilişi üçün ən azı 10 milyon manat tələb olunur. Bu rəqəm bəzən 30 milyona qədər qalxa bilir. Bu hesabla paytaxtda və ərtaf ərazilərdə, Cavid Qurbanov demiş, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 5-10 kilometrlik tramvay xətti çəkmək üçün ən azı 100 milyon manat vəsait lazımdır. Bax, tramvay xətlərinin bərpasını gündəmə gətirən və Bakıdan 45 kilometr kənarda, ucqar bir qəsəbədə tramvay xəttinin çəkilməsinin tək səbəbi həmən 100 milyonlardır. Çünki bizim məmurlar xırda-mırda “summa” ilə iş görmürlər. Necə deyərlər, “summa” da gərək adlarına layiq olsun.
Və bu yerdə Bakı Nəqliyyat Agentliyindən soruşmaq istəyirəm: trolleybus xətlərinin bərpasını niyə gündəmə gətirmirsiniz? Axı o da ucuz və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir. Ən əsası isə trolleybus xətlərinin bərpası qısa zamanda və çox ucuz başa gələr. İndiki trolleybuslar “Bakbus”un mavi yanacaqla və keyfiyyətsiz dizellə işləyən avtobusları ilə təxminən eyni ölçüdədir. Gəlin bir anlığa gözümüzün önünə gətirək: paytaxtın Neftçilər, Zərifə Əliyeva, Parlament, Tiflis, Azadlıq, Nərimanov, Bakıxanov prospektlərində, Hüsü Hacıyev, Hüseyn Cavid, Şərifzadə və digər küçələrində trolleybuslar şütüyür. Və həmin küçələrdə nə avtobusların “qonka”sına rast gəlinir, nə də ekoloji problemlərdən gileylənirik. Hə, ən əsası uşaqlarımız da hər il qar görür. Axı qartopu oynamaq, “qar adam” düzəltmək hər bir uşağın arzusudur. Gəlin, heç olmasa, uşaqlarımıza görə bunu edək. /konkret.az/

Комментариев нет:

Отправить комментарий