Страницы

04.03.2021

Hədəfi mənə yönləndirin

Vətən müharibəsinin növbəti günlərindən biridir. Cəbhənin Füzuli-Xocavənd istiqamətində irəliləyən Beyləqan Birliyinin kəşfiyyat taborunun Xüsusi təyinatlı bölüyünün qrupu düşmən tərəfindən yarımmühasirəyə alınır. Hər tərəfdən yoğun atəşə basqısı altında qalan qrup rabitə ilə artilleriya bölmələrini çağırır. Amma yaranan çətinlik səbəbi ilə əlaqə mümkün olmur. Nüzgar yolunun üstündən daha iriçaplı silahlar və tanklar atəş açır. Vəziyyət çox gərgindir. Mühasirəni yarmaq cəhdlərinin hamısı boşa çıxır. Rabitəçi isə durmadan artilleriya bölmələrini çağırır. Cavab gəlmədikcə yaşama ümidi azalır. Vəə... birdən rabitə cihazında səs eşidilir:
- "Ulduz11"... "Ulduz11"... Mən bort komandiri, kapitan Qasimovam, qəbul?..
- Kapitan, "Ulduz11" sizi dinləyir.
- "Ulduz11", hədəfi mənə yönləndirin... Təkrar edirəm, hədəfi mənə yönləndirin...
XTB qrup komandiri Asim Əliyev pilota iki hədəf verir. Ancaq pilot həmin hədəflərin birini vura biləcəyini bildirir. Səbəb cəmi bir aviabombanın olması olur. Çünki döyüşdən çıxmış şahinimizin qanadının altında bir bomba qalıb və onun yenidən döyüş meydanına dönməsi nə qədər risqli olsa da qəhrəman pilot tərəddüd etmək əvəzinə... Nüzgar yolunun üstündə dayanan düşmənin hərbi texnikasını hədəf götürüb "Gizlənməyə etibarlı yer tapın, gəlirəm" ,- deyir.
İki dəqiqə sonra baş verən güclü partlayış sanki torpağı dəniz kimi dalğalandırır. Ətrafdakı toz dumanı çəkiləndən sonra qrup qarşılarındakı düşmən texnikalarının alışıb yandığını müşahidə edir. Şokda olan düşmən atəşi dayandırır. Rabitə cihazında xışıltılı, çox da aydın eşidilməyən bir səs gəlir: "Uğurlar, kişilər... Mən evə qayıdıram... Gələn döyüşlərədək..."
Aviasiya dəstəyindən sonra qrup növbəti döyüş tapşırığını uğurla yerinə yetirir. Üç rəngli müqəddəs bayrağımız növbəti zirvəyə daşınır.
44 günlük zəfər savaşında hər kəsin haqqı, zəhməti var. Səhra hamamını idarə edən əsgərdən tutmuş, kartof soyana qədər hər kəsin...
O ki, qaldı enişə hazırlaşan pilotun yenidən döyüş meydanına qayıtmasına: Dünya hərbi hələ bizi çox müzakirə edəcək...

Elgün Gəncimsoy

Комментариев нет:

Отправить комментарий