Страницы

23.05.2021

"Paşinyan ermənilərin Elçibəyidir"

Yerevanda “Erməni Milli Konqresi” partiyasının seçkiqabağı qurultayı keçirilib. Qurultayda partiyanın sədr müavini Levon Zurabyan çıxış edərək deyib ki, Ermənistanda yaranmış indiki situasiya milli faciədir: fəlakətli məğlubiyyət, insanların həlak olması, suverenliyin itirilməsi, pərt və qəzəbli xalq, kollapsa yuvarlanmış, amma hakimiyyət uğrunda mübarizə aparan dəhşətli siyasi elita.
Levon Zurabyan Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr haqda da danışıb. O deyib ki, 250 Azərbaycan əsgəri gəzintiyə çıxırmış kimi “Ermənistan ərazisini tutub”, amma hakimiyyət hələ də Facebook-u tərk edib real həyata qayıda və baş verənlərə adekvat reaksiya verə bilmir.
Levon Zurabyanın sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə bütün dünyanı özünə qarşı qaldırdı, habelə ATƏT-in Minsk Qrupu formatında aparılan danışıqlardan imtina etdi, Azərbaycana müharibəyə başlamaq üçün fürsət yaratdı. Müxalif siyasətçi deyib ki, əgər Nikol Paşinyanda ağıl olsaydı, 2019-cu ildə təklif edilən nizamlama planını (“Lavrov planı”,-red.) qəbul edərdi. “Çünki bu plana görə erməni tərəfi ancaq 5 rayonu qaytarmalıydı, Laçın və Kəlbəcərin taleyi gələcək nəsillərə, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən sonraya buraxılırdı. Sülh müqaviləsi həmin beş rayonlarda sülhməramlı qüvvələrin yerləşdirilməsini və onların demilitarizasiyasını nəzərdə tuturdu, yəni bu o demək idi ki, Azərbaycan qoşunları müharibədən əvvəlki mövqelərindən bir santimetr də irəli gedə bilməzdi”, -Zurabyan “Lavrov planı”nın mahiyyəti haqda danışarkən deyib.
Onun bildirdiyinə görə, Nikol Paşinyan sərsəmcəsinə Azərbaycan hərb maşını texnologiyasının üstünlüklərinə məhəl qoymayaraq bu layiqli sülh planını rədd etdi və ölkəni məğlubiyyətə apardı.
“Nikol Paşinyan özünə nə qədər haqq qazandırmağa, baş verənlərə görə ordunu günahlandırmağa çalışsa da bu, işləmir. Bu alçaldıcı məğlubiyyətin başlıca günahkarı, başlıca arxitektoru erməni Elçibəydir. Nikol Paşinyan ermənilərin Elçibəyidir”,- Levon Zurabyan bildirib.
Qurultayda daha sonra partiyanın lideri Levon Ter-Petrosyan da çıxış edib. O, deyib ki, səhhətinə görə çox danışa bilməyəcək, amma məğlubiyyətin səbəblərini göstərəcək. Ter-Petrosyan məğlubiyyətin səbəbinin 1998-ci ildən bəri Ermənistanda hakimiyyətdə olanların avantürist və məsuliyyətsiz siyasəti olduğunu bildirib. “Məğlubiyyətin əsası 1998-ci ildə status-kvonu saxlamağa və bir qarış da torpaq güzəştə getməyə əsaslanan səhv inancla qoyuldu. Məğlubiyyətin yekununu isə Nikol Paşinyan özünün “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə elan etdi. Və bu Ermənistan üçün də, Qarabağ üçün də son oldu”,- keçmiş prezident vurğulayıb.
Ter-Petrosyan deyib ki, 23 il boyu hakimiyyətlər özlərini qumarbazlar kimi apardılar, yeni “stavka”lar qoyub daha çox udmağa çalışdılar, bunun üçün artıq udduqlarını da ortaya qoydular. /virtualaz.org/

Комментариев нет:

Отправить комментарий