Страницы

20.05.2021

PUTİNİN GEOPOLİTİK İNQİLABI: BİZ İMPERİYA OLACAYIQ!

Geopolitika Qərbin xarici siyasətinin əsas aləti olsa da, xeyli müddət Rusiya hakimiyyəti tərəfindən iqnor edilmişdi. Bəzən şüurlu surətdə geopolitik düşməninin tərəfində durmaqla, bəzən siyasi hakimiyyət intizamının incəliklərindən baş çıxarmamaq səbəbi ilə, ancaq həmişə öz ziyanımıza olmaqla hakimiyyətdəkilər geopolitikanın prinsiplərini kənara qoymuş, öz işlərində bunları nəzərə almamışdılar. Geopolitikaya belə bir münasibət az qala ölkəmizi itirmək bahasına başa gələcəkdi. 90-cı illərdə Rusiya süqutun astanasında idi, amma bizim geopolitik düşmənimiz olan ABŞ maneəsiz şəkildə Dünyaya ağalıq edirdi. Ta ki Putin siyasi səhnəyə çıxanadək.
İlk dəfə Rusiya hakimiyyətinin hərəkətlərində geopolitik məntiq məhz Putinin hakimiyyətə gəlməsindən sonra meydana çıxdı. O oliqarxların atlantist məzmununu dərk edərək onları idarəetmədən qovdu, Rusiyanın regionlarını sərt şəkildə mərkəz ətrafında sıx birləşdirdi, bununla da böyük məkanın dəyərini qiymətləndirdi. Rusiyada geopolitik inqilab belə başladı- qərarlar qəbul edilərkən geopolitik prinsiplərə yeni yanaşmalar formalaşdı. Onun hakimiyyətinin ilk səkkiz ili Rusiyaya geopolitik özəllik qazandırmağa sərf edildi.
Böyük Rusiya arzusu ilə yaşadığımız uzun və iztirablı günlərimiz əslində uzun deyil- tarix miqyasında bir saniyəyə bərabər bir zaman kəsiyidir. Putinin Münhen çıxışındakı sözləri atlantizmin buludusuz səmasında göy gurultusu kimi səsləndi: “Müasir dünya üçün birqütblü model nəinki qəbuledilməzdir, ümumiyyətlə qeyri-mümkündür”. Bu döyüşə çağırış idi. Atlantizmin planetə şəriksiz ağalığına qarşı edilmiş birbaşa çağırış. Putin xəbərdarlıq etdi- Rusiya qayıdır.
Lakin həmin vaxt Qərb Rusiyanı ciddi qəbul etməyi unutmuşdu. Ümumiyyətlə tarixin verdiyi dərslər orda çox tez unudulur. Amerika 200 il ərzində dünya hegemonluğuna ona görə can atmamışdı ki, soyuq müharibə nəticəsində əldə etdiyi, heç də bizim xeyirimizə olmayan bu hegemonluqdan asanlıqla imtina etsin. Çağırış etdinsə- cavab ver. Amerikaya öz birqütblü planları ilə düşdükləri yeni reallığı yoxlamaq lazım gəldi. Rusiyanın elan edilmiş geopolitik özəlliyinin reallıqla nə dərəcədə uyğun olmasını əməli işdə yoxlamaq, amerikan strateqlərinin dediyi kimi “reality chek” etmək lazım idi.
Və budur- ağlını itirmiş gürcü aqressor gecə vaxtı yatmış Qori şəhərini bombalayır. Amerika diqqətlə Rusiyanı izləyir: “Geopolitik özəllik? Çöxqütblü dünya modeli? İndi cavab ver...” “Deyirlər sizin Putinin korlamağa başladığı Qərblə münasibətləri düzəltməyə hazır olan mülayim, liberal prezidentiniz var”. Lakin bu, yerimədi. Bəli, Medvedyev mülayimdir- insanlarla ünsiyyətdə. Daha dəqiqi, sakit və özünə güvənən biridir. O aqressorun zərbəsini sərt şəkildə dəf etdi. Döyüş çağırışına cavab verdi, döyüşü sonadək- qələbəyədək apardı.
Yeni prezident Dmitri Medvedyev Putindən geopolitik inqilabın estafetini qəbul edib Amerikanın döyüş çağırışına cavab verdi. Praktikada göstərdi ki, artıq birqütblü dünya yoxdur. “Rusiya bütün qərarların bir dövlət- hətta ABŞ kimi ciddi dövlət tərəfindən belə qəbul edildiyi dünya quruluşunu qəbul edə bilməz, belə bir dünya dayanıqlı deyil və daim konfliktlər təhlükəsi ilə üz-üzə olacaq”- deyə Medvedyev öz xarici siyasət doktrinasında bəyan etdi.
Avrasiyaçılıq və atlantizm- geopolitikanın iki qütbü yenidən dünya siyasətinə qayıtdı. Rusiya yenidən tarixə qayıtdı.
Putin özünün tarixi Münhen nitqində Qərb ictimaiyyətinə dedi: “Rusiya min ildən artıq dövlətçilik tarixi olan, həmişə müstəqil xarici siyasət yürütmək imtiyazından istifadə edən ölkə olmuşdur. Biz bu gün də bu ənənəni dəyişmək fikrində deyilik”.
Öz içində isə bunu dedi: “Rusiya minillik imperiya tarixi olan bir ölkədir. Rusiya həmişə imperiya olmuşdur”.
Və imperiya da olacaq. Biz imperiyanın ərəfəsində yaşayırıq...


Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий