Страницы

01.05.2021

Şuşada Türkiyə konsulluğu açılmasına ehtiyac varmı?

Cəmil Şirvanov

Deyirlər Şuşada Türkiyənin konsulluğu açılacaq. Nə yaxşı. İstəməyənin gözü çıxsın.
Sadəcə mənə bir şey maraqlıdır. Şuşada hansısa konsulluğun açılmasına həqiqətənmi ehtiyac var?
Məncə yox.
Ona görə də düşünürəm ki, bu bir şou xarakterli bəyanatdır. Hətta reallaşsa belə şou xarakterli hərəkət olardı.
Bu xəbəri oxuduqdan sonra bir sıra suallar yarandı beynimdə.
Tutalım bu konsulluq açıldı. O hansı xidmətləri göstərəcək? O xidmətləri Şuşada istifadə edən olacaqmı? Olsa da bu sayda insanlara xidmət göstərilməsi o konsulluğa çəkilən xərcə adekvat olacaqmı? Bunun bizə nə kimi xeyiri dəyə bilər?
Bu suallara cavab axtaranda cavabım bu olur ki, Şuşada həmin konsulluğun açılmasına zaman etibarilə belə hələ çox var. Çünki şəhərin mülki həyata qayıtması, tam məskunlaşması, nəinki Şuşanın, Qarabağın bütünlüklə infrastrukturun qurulması, təhlükəsizlik və sair və ilaxır işlər görülməlidir ki, orada konsulluq fəaliyyət göstərə bilsin. Bu işlər illər çəkəcək.
O vaxta qədər ya at ölər, ya da eşşək.
Tutalım bu işlər görüldü, konsulluq açıldı. Şuşada və ona yaxın ərazidə nə qədər əhali yaşamalıdır ki, o əhalinin müəyyən hissəsinin bu konsulluğa işi düşsün və istifadə etsin ki, bu idarə səmərəli fəaliyyət göstərsin?
Konsulluq fəaliyyətinin nədən ibarət olduğunu bilənlər bilir ki, bu idarə qurulsa, -bütün Qarabağ ərazisi məskunlaşsa, infrastrukturu normal vəziyyətə gəlsə belə- oranın qapısını ayda bir dəfə açan olsa konsul sevinəcək ki, idarəyə adam girdi. Çünki ölkə əhalisinin çox hissəsi Bakı və ona yaxın ərazilərdə yaşayır. Konsulluq xidməti lazım olanda onlar Bakıya üz tutacaqlar.
Şuşa konsulluğunun qapısını açan olmayacaq. Ora ancaq Qarabağ ərazisində yaşayanların getmə ehtimalı var.
Ümumiyyətlə bütün dünya dövlətləri yaxın diplomatik münasibətdə olduğu digər dövlətin paytaxtından əlavə o zaman və o yerdə konsulluq idarəsi açır ki, o yaşayış məntəqəsinin əhalisi çox olsun, həmin əhalinin bu idarənin göstərdiyi xidmətlərə ehtiyacı da müvafiq olaraq çox olsun. Məsələn, ölkəmizin Türkiyənin paytaxt Ankarada səfirliyi, digər böyük şəhəri olan İstanbulda konsulluğu var. İranda paytaxt Tehranda və Təbriz şəhərlərində diplomatik nümayəndəlikləri var. Bu idarələrin digər (İstanbul və Təbriz)  şəhərlərdə mövcudluğu indicə qeyd etdiyim ehtiyacdan doğmuşdur.
Gələk Şuşada açılması elan olunan konsulluğun bizə nə qazandıracağı məsələsinə. Düşünürəm ki, bizə çox şey qazandıracaq. Ən azından, ölkəmizdə diplomatik xidmətlər göstərən idarələrin sayı artacaq. Bu da o deməkdir ki, Şuşada həmin konsulluq üçün icarəyə bina lazım olacaq. Konsulun özünə yaşamağa ev lazım olacaq. Digər işçilərə də həmçinin. Ola bilsin ki, texniki işçi kimi bir neçə Şuşa sakini də işə götürülsün. Bunun bağbanı, süpürgəçisi, "axranı" zadı var. Bütün bunlar puldur.
Üstəlik Şuşada xarici diplomatik nümayəndəliyin olduğunu bilən yerli idarəetmə orqanlarını təmsil edən məmurlar bir az məsuliyyətli olarlar.
Əlqərəz, nə olursa olsun, xalqımız üçün xeyirli olsun)

Комментариев нет:

Отправить комментарий