Страницы

02.06.2021

SSRİ hələ də günahkardır

Məmməd Süleymanov

Təkcə aborigen siyasətçilər deyil, əcnəbi qurumların neft qoxusuna buralara təşif buyuran başbilənləri də məsuliyyət hissini tam itirərək tez-tez son onilliklərin biabırçılıqlarını şərh edəndə bir sakramental cümlə işlədirlər: “Bunların hamısı totalitar Sovet rejiminin qüsurlu praktikasının təkrarıdır”.
De-yure 21 ildir SSRİ yoxdur, ancaq yenə də günahkardır. Nəsil yenilənib - hələ də bugünkü bədnam dünya düzəninin baiskarları insanları SSRİ ilə qorxudurlar.
SSRİ-siz yaşanan bu illərdə mənə bircə sahə göstərin ki, sosializmin qürubu ilə irəliləyiş edib. Ədəbiyyatından mədəniyyətinə, siyasətindən iqtisadiyyatına, demoqrafiyasından qanunvericiliyinə qədər hamısı mənfidədir. Baiskar isə yenə də SSRİ-dir.
Şərqi Avropa və eks-SSRİ-nin yerində peyda olmuş, neoliberal reseptlərlə idarə olunan dövlətlərin hamısında vəhşi kapitalizm və insanların hüquqsuzluğudur. Və sən demə, səbəb də ondaymış ki, bu ölkələr “ifrat kommunistmiş”. Çauşeskunu devirən rumın xalqı, Moskvaya nifrət edən Baltikyanı millətçiləri, gürcülər və albanlar da - hamısı ona görə tənəzzüldədir ki, SSRİ-dən hələ də “qopa bilməyibmiş”. Azərbaycan da istisna deyilmiş - məgər bu xalq KQB generalını təkrar qəbul etməklə bunu sübut etmədimi? Ya bu ölkənin iqtidarı da, müxalifəti də SovİKP-nin keçmiş üzvlərindən təşkil olunmayıbmı?
Müasir siyasətdə normal məntiq və sağlam ağılın qəsdən arxa plana keçirildiyinə hər gün bir daha əmin oluruq. Postkommunist dövlətlərdə “kommunizm” axtaranlar nədənsə unudurlar: SSRİ-nin süqutundan sonra keçmiş sosialist ölkələri Qərbdəki patronların bir fiti ilə dövlət iqtisadiyyatını böyük fəxr hissi ilə dağıtmadımı? Tələm-tələsik özəlləşdirmələr aparmadımı? Daxili bazarını Qərbin zir-zibili üçün açıb qloballaşmaya öz töhfəsini vermədimi? Burda idarəçilikdə kommunizm kabusu görən yalançılar niyə boyunlarına almırlar ki, dünyanın 6-da 1-ində proseslər məhz antikommunizm və Qərb neoliberalizmi istiqamətində, BVF-nin və Dünya Bankının reseptləri ilə, transmilli korporasiyaların istədiyi tərzdə getdi?! Özü də həsəd aparılacaq sürətlə.
On milyonlarla adamın taleyi kapitalizmin vəhşi çarxları arasında əzildi. İşsizliyin artımı yüksək ixtisaslı kadrların dəyərini kəskin aşağı saldı. Keçmiş sosialist dövlətləri qul bazarı üçün donora çevrildi. Bir müddət bizlərə nağıl oxudular ki, əcnəbi investisiyalar bizdə istehsalı artıracaq, iqtisadiyyatı və həyat şəraitini yüksəldəcək. Buyurun, nəticələr göz önündədir.
Bir tərəfdən, 20 ildir sürətlə və fasiləsiz olaraq antisovet layihə reallaşdırılır, digər tərəfdən isə deyirlər ki, bu günkü müsibətlərdə yenə Sovet günahkardır. Pis rəqqasa konkret anatomik nahiyəsi mane olur.
Bizim gəlib çıxdığımız quyu heç də 1980-ların ziyalı və siyasətçilərin söylədikləri arzulara uyğun deyil. Bu, Qərbin istəyinə uyğundur.
Ağıllı başlar bu günə gəlib çıxacağımızı görürdü. Xalq isə yox. Odur ki, bu, əsl ideoloji şok oldu. Anti-xalq siyasət, dağılan iqtisadiyyat, “xammal dövləti”, neoimperializm, dəyərlərin aşınması, lümpenləşmə... - bütün bunlar izah tələb edirdi. Odur ki, Qərbdə izah axtarıb tapdılar, indi də aborigenlərə təkrarladırlar. Guya ki, keçmiş sosialist dövlətlərində yaşayan xalqların bu günə düşməyinin səbəbi ölkələrinin hələ də kommunist olaraq qalmasıdır.
Bu ideoloji formul illərlədir Qərb mətbuatı və siyasətçilərinin vasitəsilə səsləndirilir. Bu səbəbdən də Avropa Şurası kommunizmlə stalinizmi eyniləşdirən qərar qəbul edir. Bununla da yüz milyonları bədbəxt edən neoliberalizm qurbanlıqların özlərini günahkar çıxarır.
Məsələn, Rumıniya - yeganə Şərqi Avropa ölkəsi ki, vətəndaşları kommunist partiyasının hakimiyyətini əldə silah devirib (yəqin çox sevdiyindəndi). İndi onlara deyirlər: Pis yaşayırsız? - Özünüz günahkarsız, iqtisadi sistemi dəyişmədiz. Halbuki rumınlar ölkələrini kapital dəllalların sərmayələri üçün açdı, əmək miqrantları üçün donor oldu, dövlət müəssisələrini bağladı... İndi də onlara deyirlər ki, hələ də onları Çauşesku ilə bağlayan telləri tam qıra bilməyiblərmiş.
Bu, paradoksdur - miskin həyat tərzinə və tapdanan insan haqlarına görə sosializmi günahkar çıxarmaq. O sosializmi ki, 20 ildir yoxdur.
Unutmayın: işlər pis getdikcə bu ideoloji şantaj da artacaq. Paradoks: bir tərəfdən postsovet məkanın hakim elitaları keçmiş ideologiya ilə “alver etməklə” öz legitimliyini saxlamaq istəyirlər, digər tərəfdən isə Qərbdə neoliberal elita onlara qarşı eyni arqumentləri səsləndirir. Bir-biri ilə didişmək üçün.
Azərbaycandakı “elita” uğursuzluqları “70 illik Sovet rejimi” ilə izah edir. Bu “elita”nı vurmaq istəyən Qərb də emissarlarının dili ilə Azərbaycan hakimiyyətini “Sovet praktikası”nı dirçəltməkdə suçlayır. Əcəb əlverişli şantajdır. Hamının işinə yarayır.
Vəziyyət nə qədər pis olarsa, SSRİ və keçmiş kommunist rejimləri bir o qədər çox suçlu çıxarılacaq.
Ancaq ildən ilə bu şantaja inananlar azalıb. Az müddət deyil. Başlarda ayılma gedir. Və bu gündən narazılıq nə qədər böyükdürsə, onu dəyişmək istəyi də, tələbatı da, yanğısı da bir o qədər artır...

Комментариев нет:

Отправить комментарий