Страницы

09.08.2021

Azərbaycanın öz yolu var

Politoloq Cəmil Şirvanov 

Türkiyə NATO ölkəsi olmaqla 90-cı illərin Çeçen müharibəsində Rusiyaya qarşı aparılan Çeçenstan şəbəkə müharibəsinin əsas oyunçularından biri olduğu üçün ABŞ çeçen separatçılarına Azərbaycandan kömək etmək işini Türkiyəyə tapşırmışdı. Rusiyanın başı isə öz daxili problemlərinə qarışmışdı. Ona görə də o illərdə Türkiyənin Azərbaycana “girişməsinə” mane olan amil olmadı. Beləliklə, Türkiyənin Azərbaycan üzərində xeyli təsir imkanlarına yarandı. Xüsusilə də media və təhsil sahəsində. Hal-azırda Azərbaycan Türkiyə üçün ucuz enerji mənbəyidir. Türkiyənin məqsədi Azərbaycanın resurslarından özünə sərfəli şərtlərlə istifadə edib Cənubi Qafqazda hərbi güc kimi peyda olmaq və möhkəmlənməkdir.
***
Azərbaycan 1828-ci ildən Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur. Bu illər ərzində qtisadiyyatımız, mədəniyyətimiz, təhsilimiz, dövlət idarəetməmiz eyni sistemin tərkibi olmuşdur, xarici siyasətimiz isə həmişə Rusiyanın maraqları ilə eyni, ya da ona zidd olmamaq şərtilə yürüdülüb. Azərbaycan formal suverenlik qazandığı 1991-ci ildən sonra belə ölkə rəhbərliyi Türkiyə və Qərb dövlətləri ilə nə qədər yaxınlaşsa da, Rusiyanın maraqlarını və Rusiya ilə olan qarşılıqlı öhdəliklərimizi nəzərə alaraq onun geopolitik rəqibləri ilə hansısa bir hərbi-siyasi ittifaqa girməmişdir. MDB üzvü olaraq hələ də həmin təşkilatdayıq, bu təşkilatın üzvləri ilə sıx siyasi, hərbi, ticari əlaqələrimiz hələ də mövcuddur və bu əlaqələr günü-gündən inkişaf etməkdədir, xüsusilə də Rusiya ilə. Azərbaycan 90-cı illərdə Yeltsin hakimiyyəti dövründə rus siyasi elitasının Rusiyanı Qərbə meyl etdirib öz milli maraqlarını satdığı dövrdə Qərblə nə qədər yaxınlaşmağa fürsət tapa bildisə onu da etdi. Lakin Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya öz düşmənlərinə təslim olmağı dayandırdı, özünün geopolitik subyekt olduğunu sözdə və əməldə sübut etdi. 2000-ci illərin ikinci yarısından bəri yaranmış olan yeni geopolitik situasiyanı nəzərə alan Azərbaycan rəhbərliyi daha da diqqətli davranır, əsas strateji tərəfdaşlarından biri olan Rusiyanın milli təhlükəsizliyinə təhdid ola biləcək hərəkətlərdən çəkinir.
***
Son illərdə Qərb-Rusiya qarşıdurmasının daha da kəskinləşməsi fonunda yaranmış qəliz siyasi vəziyyət Azərbaycan rəhbərliyinin artıq iki stulda otura bilməyəcəyindən, iki qüvvə arasında manevr imkanlarının məhdudlaşmasından xəbər verir. Məhz seçim etmək, hansı vektorla getməli olduğumuzu seçmək zamanımız gəlib çatıb. Bu baxımdan deyə bilərik ki, Azərbaycan rəhbərliyi artıq öz yolunu seçib. Prezidentin 2018-ci ildə açıq mətnli çıxışında bu yol bəyan edildi: “Biz Qərbə inteqrasiya etməyəcəyik”. Azərbaycanın öz yolu var - avrasiyaçı yolu. Bu yolda region dövlətləri ilə birlikdə olacağıq. Öz maraqlarımıza daha çox sərf edən variantı, qonuşularla sıx hərbi-siyasi, ticari, mədəni əlaqələri genişləndirib inkişaf edəcəyik. Özümüz öz ölkəmizin ağası olacağıq. Üstəlik Cənubi Qafqazın açar dövləti olaraq başda Rusiya olmaqla keçmiş postsovet ölkələrinin Türkiyə, İran və Şərqin digər dövlətləri arasında strateji əlaqələrinin və kommunikasiyalarının qurulmasında mühüm rol oynayacağıq. Biz artıq bu rolu uğurla yerinə yetiririk. Biz yalnız region dövlətlərinin bir-birinə inteqrasiyasının tərəfdarıyıq, uzaq qərbdən gələn təsirlərə boyun əymirik və əyməyəcəyik.
***
Azərbaycanın Türkiyə ilə birgə türk ordusu yaratmaq ideyası həyat qabiliyyətli deyil. Sadəcə gəlişigözəl ideyadır. Bu ideyanı mümkünsüz edən çoxsaylı amillərdən biri və ən başlıcası Türkiyənin hələ də NATO üzvü olmasıdır. Rusiya ilə Azərbaycan arasında bağlanmış müqavilələr, yaranmış qarşılıqlı etimad ondan xəbər verir ki, Azərbaycan heç vaxt Rusiyanın düşməni olan NATO kimi bir təşkilatın ordusu ilə birgə ordu yarada bilməz. Əgər yaratmaq üçün cəhd belə etsə, bu hadisə faciələrə səbəb olacaq. Ukraynanın belə bir şeyə cəhd etməsi nəticəsində onun başına nələrin gəldiyini hamımız görürük. Azərbaycan rəhbərliyi də özünün dərin siyasi dünyagörüşü ilə bunu dərk edir və onun belə bir addımı atacağı gözlənilmir. Siyasət meydanında isə istənilən mövzuda nə qədər desən danışıqlar aparmaq olar. Əsas məsələ danışdığına dair konkret addımlar atmaqdır. Bizim atdığımız addımların isə açıq, başa düşülən, səlis geopolitik məntiqi vardır. Biz NATO və Qərbin digər strukturları ilə deyil, Rusiyanın olduğu və aparıcı dövlət olduğu strukturlarla yaxınlaşmaq yolu tutmuşuq.

Комментариев нет:

Отправить комментарий