Страницы

08.08.2021

ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?


Bir deyim var: Zaman bütün yaraları müalicə edir. Şeyx Şamilin dövründə heç kəs indiki kimi onun haqqında qəhrəmanlıq dastanları, mədhiyyə rəvayətləri söyməlirdi, əksinə o qədər fəlakətlər və müsibətlər törətmişdi ki, xalq onu söyürdü. Öz şəxsi maraqları üçün Avarıstanın başına min bir oyun gətirdiyinə görə, çobanlıqdan xanlığa qalxmaq yolunda Qafqazı ellərini məsrəfə verib oda-alova qərq etdiyinə görə xalq ona lənətlər yağıdırırdı. Amma indi üstündən bu qədər vaxt keçəndən sonra Şamilin adına olmazın qəhrəmanlıqlar yazırlar, min cür nağıllar uydururlar. Həqiqət isə ABŞ səfirliyinin qrantları hesabına ayaqda qalan media səhifələrində deyil, tarixi mənbələrdə, arxiv sənədlərindədir. Bəzi çılğın oxucularımızdan da xahişimiz budur ki, bizə Şamili ümumən pislədiyimizə görə irad tutmasınlar, burda yazdığımız faktların təkcə birini sübut etsinlər ki, bu belə deyil, elədir. Sübut etsinlər ki, biz hansısa faktı saxtalaşdırmışıq, başqa cür yazmışıq. Biz həmin faktları bir də yoxlayaq, mənbələri bir də nəzərdən keçirək, bəlkə nəyisə nəzərdən qaçırmışıq, düzgün göstərilməyib, yaxud düzgün qavranılmayıb. Sübut edə bilməzsiniz! Bir də yoxlayın, araşdırın- burda sadaladıqlarımızın hamısı faktdır, hamısı düppədüz, dəqiq və qərəzsizdir. Uşaq başı kəsən, arvad çapan qaçaq-quldurdan imam olmaz!
Müasirləri bildirirdilər ki, Şamilin başına yığdığı müridlərində bir-birlərinə paxıllıq vardı, onlar bir-birlərinə böhtan ataraq şərləyir, əllərinə keçən qənimətdən acgözlüklə yapışır, görməmişcəsinə bölüşərkən bir-birləri ilə davaya çıxırdılar. Şamil öz qoşununda nizam-intizamı saxlamaq üçün qanunlar qoysa da, bu qanunlara baxan yox idi. Onun silahdaşları və naibləri əhaliyə zülm verərək incidirdilər. Onun indi tərifləri göylərə qaldırılmış müridləri haqq-ədalətdən çox-çox uzaq adamlar idilər, əllərinin altına düşən ərazilərdə əhalinin maddi vəziyyəti onları qətiyyən düşündürmürdü, yalnız öz qarınlarını və ciblərini fikirləşirdilər. Onların əsas məqsədi cihad yox, xalqın hesabına varlanmaq idi. Şamilin mirzəsi işləmiş Hacı Əlinin qeyd etdiyi kimi, rusların müdaxiləsi olmasaydı da Şamilin adamlarının xalqa qarşı zülmləri, ədalətsizlikləri və tamahkarlıqları əvvəl-axır onun yaratdığı dövləti çökürəcəkdi. Hacı Əli Şamilin ierarxiyasında olan iyrəncliklər barədə belə yazır: “Mən Şamilin yaxınlarının və müşavirlərinin qəblində yalnız paxıllıq gördüm, bir-birinə şər gördüm, hər nə yolla olursa olsun var-dövlət ələ keçirməkdə acgözlük gördüm. İşlərlə yaxından tanış olandan sonra əmin oldum ki, Şamilin hakimiyyəti davamlı deyil, müvəqqətidir, məhv olmağa labüddür. Çünki Şamilin silahdaşları və naibləri xalqa zülm verirdilər, haqq-ədalət və onlara tapşırılmış camaatın dolanışığı heç veclərinə də deyildi. Onlar yalnız özlərini fikirləşirdilər, xalqın hesabına varlanmağa can atırdılar və nahaqdan müsəlmanların qanını tökürdülər. Onların ədalətsizliyi, tamahkarlığı və xalqa qarşı zülmü ifrat həddə çatmışdı”.
Şamil heç vaxt rus qoşunları ilə üzbəüz döyüşə girmirdi. Əvvəla ruslarla üzbəüz döyüşmək ona olduqca baha otururdu. Şamilin əsas döyüş əməliyyatları ruslarla birbaşa müharibə ilə bağlı deyildi. Onun əsas işi rusların dağların döşü boyunca yaratdığı istehkamlardan ibarət kordonu yararaq (Gürcüstanı və Ləzgistanın Avarıstanın hüsumlarından qorumaq üçün Rusiya tərəfindən qurulmuşdu) düzənlikdəki gürcü və ləzgi ellərini çapıb talamaq idi. Ara-sıra Şamilin çağırışı ilə ətraf aullardakı qaçaq-quldurlar bir yerə yığışır, dağların düzənliyə keçdiyi yerlərdən əlverişli bildikləri bir sahədə toplaşaraq hücum üçün plan qururdular. Onlar həmin ərazidə ordu halında qruplaşırdılar, hərə öz funksiyasını müəyyənləşdirirdi, kimin hansı işi görəcəyi barədə sözləşirdilər, sonra düzənlikdəki ellərə hücum etmək üçün həmin yamacdan aşağı səpələnirdilər. Burda Şamilin qoşunu 3 hissəyə ayrılırdı. Birinci hissəsi rezerv kimi dağın yamacındakı meşəlikdə saxlanılırdı, digər iki hissə isə sağa və sola ayrılaraq rusların Ləzgi Kordon Liniyasına aid olan post və istehkamlıarına hücum edirdi. Sağa və sola ayrılan həmin dəstələr Ləzgi Kordon Liniyasını yararaq onun içindən keçid üçün bir növ koridor açırdılar.
Onlar ilk əvvəl yolun üstündəki postlara basqın edirdilər, burdakı rus əsgərlərini qırıb çatırdılar. Koridoru təmizləndikdən sonra Şamilin dəstələri Alazan vadisinə doluşudular, burdakı elləri qorxusuz-hürküsüz tar-mar edirdilər. Onlar ləzgi və gürcü kəndlərini darmadağın edərək əllərinə keçəni götürüb aparırdılar. Kəndlərə od vurur, mal-qaranı qabaqlarına qatıb aparır, sonradan pula dəyişmək üçün əsirlər götürürdülər. Çapqından sonra bu dəstələr yamacdakı meşəlikdə gözləyən rezerv dəstənin yanına qayıdırdı. Bu dəstə arxada ehtiyat kimi gizlənərək gözləyirdi. Bir növ deponu əvəzləyən həmin yerdə dinclərini aldıqdan sonra yenidən kəndlərə basqın edir, bol qənimətlər yığdıqdan sonra isə hamılıqla dağlara qayıdırlar. Dağlılar tarix boyu Tuşetiya, Kaxetiya və Car-Balakən vilayətlərinin kəndlərini çapıb talamaqla, mal-qaralarını qovub aparmaqla, adamlarını girov götürməklə dolanmışlar və ruslar gələndən sonra da bunu davam etdirmək istəyirdilər. Onlar rusların dağlar boyunca qurduğu Ləzgi Kordon Liniyasında müxtəlif dəliklər açmaqla bu dəliklərdən keçib soyğunçuluğa girişir, bol qənimət götürdükdən sonra təcili geri qaçaraq dağlara qayıdırlar və öz aullarına dağılışaraq gizlənirdilər. Onları əlçatmaz və keçilməz dağlarda taparaq likvidasiya etmək mümkün olmurdu və böyük çətinliklər yaradırdı.
Əslində Şamilin müharibəsinin bir məqsədi vardı - rusların Xəzər dənizindən Qara dənizə kimi uzanmaqda olan Ləzgi Kordon Liniyasını ləğv etmək. Ləzgi və gürcü ellərinə “azad” çıxış açmaq. Böyük qənimət yolundakı böyük maneəni aradan götürmək. O birbaşa müharibə aparmırdı və qəfil və qısa yürüşlər taktikasını seçmişdi. Belə yürüşlərdən sonra soyğunçuların ardınca düşən və onları dağlarda axtaran rus ordusu heç bir nəticə əldə edə bilmirdi. Cəld sıçrayışlar strategiyası rus sərhədçilərinin Şamilə qarşı mübarizəsində ikincinin üstünlüyünü təmin edirdi. Dağlılar gözlənilməz yerlərdə dağlardan vadiyə tökülüşür, kordonu yarır, cəld əllərinə keçəni qamarlayıb geri qaçırdılar. Rus sərhədçilərinin əsas qüvvələri özlərini yetirənə kimi onların izi-tozu da qalmırdı. Onlar özlərindən sonra dağıdılmış kəndlər, yanmış evlər, ahu-nalə çəkən insanlar saxlayırdılar. Şamil ordusunu gücləndirəndən sonra o bu cür çapqınçılıq yürüşlərdən osetin və kabardin ellərinə də etməyə başladı, onların da qara günləri başlandı. Şamilin “imaməti” gücləndikcə Belə qısamüddətli yürüşlər, ildırımsürətli əməliyyatlar bütün Qafqazı fəlakətlə üz-üzə qoymağa başladı.
Araşdırmalar göstərir ki, Şamilin hansısa formada böyük bir dövlət qurmaq niyyəti yox idi, elə onun “imaməti” də dağlardakı 5-10 kənddən başqa kənar ərazini əhatə etmirdi. Bu imaməti çox da genişləndirmək Şamilin ilkin planlarına daxil deyildi. Onun strategiyasının mahiyyəti ləzgi, gürcü və kumık ellərinə qısamüddətli çapqınçılıq yürüşlər həyata keçirməkdən ibarət idi. İlk əvvəl dağ aullarından aşağı yerlərə xırda qənimət basqınlardan başqa Şamilin heç bir qeyri-adi hərbi planı müşahidə olunmurdu. “Müqəddəs müharibənin” əsas “döyüş əməliyyatlarını” Gürcüstana soyğunçuluq yürüşləri təşkil edirdi. Bu mənada Şamilin əsgərlərini döyüşçü olmaqdan da çox mal-heyvan oğrusu kimi səciyyələndirmək olar. Şamilin dəstəsinə qoşulanların çoxuna dini amildən də çox qazanc amili stimul verirdi. Katibi Hacı Əlinin dediyi kimi, ələ keçirdikləri qənimət çox acları varlandırmışdı: “Heç indiyədək eşşəyi də olmayan kasıb bir neçə ata yiyələnmişdi və mahid çuxa geyinmişdi. Əlində indiyədək dəyənək də tutmayan adam indi qəşəng tüfəng gəzdirirdi”.
Qənimət olmasaydı hərəkat da olmazdı. Trofey - “qazavatın” əsas yanacağı idi. Rusların varlı Kizlyar qalasını tutarkən də çoxlu bahalı qənimət götürüldü, külli miqdarda gümüş pul ələ keçirildi ki, bundan sonra dağda qənimət eşqi ilə alışıb yanan enerjili gənclər arasında Şamil hərəkatına böyük maraq yarandı, bir çox macəra və yüngül qazanc axtaran dəliqanlılar onun dəstəsinə qoşuldu.
Onsuz da ruslər gələnə kimi burda yaşayan iudey xalqların əsas peşəsi quldurluq olmuşdu və onlar öz soyğunçu hücumları ilə ətraf elləri zinhara gətirmişdilər. Şeyx Şamilin meydana çıxması ilə bu hücumlar və talanlar daha planlı və kütləvi hal aldı. Qafqazın iudey tayfaları əsrlər boyu Gürcüctan, Tuşetiya və Axalsixiyə basqınçılıq yürüşünə çıxırdılar və dolanışıqlarını qoy xalqları soymaq hesabına sürdürüdülər. Bundan başqa, Dağıstan ərazisində daim qan su yerinə axırdı, dava-dalaş kəsilmirdi, ixtilaflar baş alıb gedirdi. Rusların Qafqazda nizam-intizam yaratmağa çalışması və qaçaq-quldurluğa son qoymaq cəhdləri əlbəttə ki ənənəvi dolanışığı soyğunçuluqdan çıxan iudey atıb-vuranlarını razı sala bilməzdi. Beləcə təsnifatlandırsaq, müharibə adlandırılan, əslində isə üsyandan başqa bir şey olmayan bu konfliktin sadə bir səbəbi vardı: Rus qarnizonları olmasaydı, tarixi peşəni- soyğunçuluq reydlərini rahat davam etdirmək olardı.
Lak etnoqraf alim Abdulla Ömərov 1870-ci ildə göstərirdi ki, imamət dövründə gərək ailə başçıları ailə üzvləri ilə mehriban davranaydılar. Müridlər yaratdıqları şəriət qayda-qanunlarına uyğun olaraq tələb qoymuşdular ki, atalar öz oğulları ilə kobud rəftar etməsinlər və onları döyməsinlər. Əks təqdirdə oğul atadan alınır, evindən götürülərək imamətə məxsus kənddə məskunlaşdırılırdı. Belələrinə onlar mühacirlər deyirdilər. Öz ailə üzvləri ilə yola getməyənləri, valideynin üzünə qayıdanları, doğma ocağı ilə uyuşmayanları mühacir adı altında imamət ordusuna toplayırdılar və onlardan hərtərəfli istifadə edirdilər. Məhz bu cür dədə-nənə əmcəyi kəsən, “mühacir” adı altında yığışan qaçaqlar imamət kassasına ən çox pul ödəyən zümrə idi. Bəs onlar bu pulu hardan çıxarırdılar? Gürcü ellərinə soyğunçuluq yürüşlərindən. İmamətin büdcəsi talan və qətliamlar hesabına formalaşırdı. Şamilin ordusunun 600-900 nəfərdən ibarət əsas hissəsini də məhz öz ailələrindən aralanmış və ya müəyyən səbəbdən ayrı düşmüş belə qaçaq-quldur gənclər təşkil edirdi. Hərbi tarixçi Arnold Zisserman bildirir ki, Şamilin əsas naibi olan İlisu sultanı da “mühacirlər” qrupu yaratmışdı; həmin mühacirlər öz ailə ocaqlarından imtina etmişdilər, valideynlərindən üz çevirmişdilər, soruşanda da deyirdilər ki, mən özümü dinə həsr etmişəm, kənar məsələlər ibadətimə mane olmamalıdır. Bəs bu ibadət nədən ibarət idi? At belində gürcü ellərinə cummaqdan. Zisserman yazır: “Mühacir öz evindən, ailəsindən, dünyəvi işlərdən üz çevirmişdi, özünü yalnız dini xidmətə həsr etmişdi. Bu dini xidmətin əsas tələbi kafirlərə qarşı mübarizə və onların öldürülməsi idi. Belə dini məqsədlərlə pərdələnmiş mühacirlər sultanın niyyətlərini həyata keçirmək üçün uyğun gələn şəxslərə çevrilmişdilər. Sultan dağlı mühacirlərə İlisu qaçaqlarını da qoşmaqla onlardan düzənlik ərazilərə basqınlar etmək üçün dəstələr yaratmışdı... Bu şaykalar heç bir çətinlik çəkmədən İlisu vilayətində məskunlaşırdılar, dostlar və himayədarlar qazanırdılar. Onlar varlı-karlı adamları girov götürür, soyğunçuluq edir və hədə-qorxu yolu ilə pul yığırdılar. Mühacirlərin belə cəlbedici, qazanclı, həm də fəxarətli sənəti dillərdə dolaşaraq onları məşhurlaşdırmaqdaydı və digər yüngül qazanc eşqinə düşənləri də özünə çəkməkdəydi. Aullardan onlarla kasıb gənc evlərindən qaçaraq onlara qoşulurdu, kadrlar günü-gündən çoxalırdı. 10 nəfərdən tutmuş 15-25 nəfərə kimi şaykalar yaranırdı. Onlar qısa müddət ərzində İlisu vilayətini başına götürmüşdülər”.
Şamilin katibi işləmiş silahdaşı Hacı Əlinin dediyi kimi, Şamil haqqında sonradan çoxlu hekayət və nağıllar quraşdırılmışdır ki, bunların çoxu yalandır. Şamilin guya daim azsaylı dəstə ilə çoxsaylı Çar ordularını darmadağın etməsi barədə yazılanlar da nağıldan başqa bir şey deyil. Qafqaz müharibəsinin ən ağır döyüşlərindən biri 1847-ci ildə baş verən Salta uğrunda döyüş sayılır. Rus ordusu bu qalanı tutarkən cəmi 535 itki vermişdi, dağlılar isə 3127 adam itirmişdilər. 1851-ci ildə İstisu yaxınlığında döyüşdə Şamilin ordusu 500 nəfərə yaxın adam itirdiyi halda ruslardan cəmi 15 nəfər həlak olmuş və 35 nəfər yaralanmışdı.
1849-cu ildə Qafqazın baş imamı lakların Kamaşa kəndinə basqın edib genosid törətdi. “Şəriətçilər” kəndə girən kimi qabaqlarına çıxanların hamısını ucdantutma qılıncdan keçirdilər. Bundan sonra onlar kəndin evlərinə girib soyğunçuluğa başladılar. Lakin rus rotasının yaxınlaşdığını eşidərkən qorxuya düşdülər və aradan çıxdılar. Şamilin 12 adlı-sanlı naibi xırda rus rotası ilə döyüşə girməyə cəsarət etməyib ərazidən qaçdılar. 1850-ci ildə Çox kəndi yaxınlığında döyüşdə 150 nəfərdən ibarət rus rotası Şamilin tərifli naibi Ömərin başçılıq etdiyi 1500 nəfərdən ibarət qoşununu darmadağın edərək pərən-pərən saldı. Bir müddət sonra Şamil həmin ərazidə özü 7000 nəfərlik qoşunla 800 nəfərdən ibarət rus batalyonuna məğlub olub qaçmağa üz qoydu. 1853-cü ildə Çeçenistandan keçməklə Qazikumıxa yürüşə çıxan zaman naibləri “başlı başın saxlasın” metodu ilə Şamili yenə atıb qaçdılar. 1857-ci ildə şamilçilərin əlində olan Burtunay kəndinə rus qoşunu girərkən Şamilin naib və əsgərləri bircə güllə də atmadan qaçmağa üz qoydular. 1858-ci ildə rus qoşunu Çeçenistanın Tevzan kəndinə girərkən də Şamilin əsgərləri mövqeləri qoyub bircə güllə də atmadan geri çəkildilər.
1839-cu ildə Axulqo kəndində mühasirəyə düşərkən Şamil 9 yaşlı oğlu Camaləddini rusların yanında girov qoyaraq qaçmışdı. Şamil yenidən ruslara qarşı döyüşsə də, ruslar onun oğlunu öldürmədilər, tərbiyə və təhsil verdilər. Camaləddin Peterburqda 1-ci Kadet Korpusunda dvoryan balaları ilə birgə oxudu və rus ordusunda poruçik rütbəsində xidmətə götürüldü. Ona milli avar geyimində gəzməyə icazə verilmişdi və yanına dini işlərini icra edən molla götürülmüşdü. Çar ona yüksək maaş təyin etmişdi və yaşayışını təmin etmişdi. Camaləddin ömrünün axırına kimi Rusiyaya sadiq qaldı. 1854-cü ildə atasının Rusiyaya qarşı döyüşməsinə baxmayaraq Rusiya hökuməti Camaləddinə icazə verdi ki, vətənə qayıtsın. Onun qayıdışı qohum-əqrəbasını çox sevincinə səbəb oldu. Camaləddin səxavətli və ağıllı idi. O Şamilin mülklərini gəzdi, xalqın güzəranı ilə tanış oldu. Şamilin sınıq-salxaq və nizamsız ordusuna baxış keçirəndən sonra o atasına bildirdi ki, sən bu ordu ilə rus Çarına qalib gələ bilməzsən. Camaləddin atasına rus Çarının saysız-hesabsız ordusu, misilsiz qüdrəti və tükənməz xəzinəsi barədə danışdı. Atasını dilə tutdu ki, rus Çarı ilə barışsın və xalqı hədər yerə qırğına verməsin. Lakin bütün bunlar atasının qəzəbinə səbəb oldu. Camaləddin ilə atası arasında soyuqluq yarandı. Atasının ardınca qardaşı, daha sonra isə naiblər və digər həmvətənləri ondan üz döndərdilər. Şamil oğlunu özündən kənarlaşdırdı. Camaləddin təklənib qəm-qüssəyə qərq oldu və baxımsız hala düşdü. O Rusiyada olarkən Çarın xeyir-duası ilə tanınmış general Pyotr Oleninin qızı Yelizaveta ilə evlənmək istəyirdi. Camaləddin ilə Yelizaveta bir-birlərini sevirdilər və məktublaşırdılar. Lakin oğlu ilə araları dəyəndən sonra Şamil oğlunun Peterburqa, qızın da ordan bura yazdıqları məktubları çatdırmağa qoymadı. Bu da Camaləddinin daxili durumunun lap pisləşməsinə gətirib çıxardı. Camaləddin Rusiyadan qayıtmağına peşman oldu. Söhbətlər gəzirdi ki, əsəbi Şamil Rusiya həsrəti çəkdiyinə, “rusa çevrildiyinə” görə oğlunu evin zirzəmisinə salıb orda əsir kimi saxlayır. Şamilin katibi yazırdı ki, həmvətənlərinin ondan üz döndərdiyini görən Camaləddinin səhhəti get-gedə pisləşdi, o qocaldı və xiffət çəkdi. Tezliklə Camaləddin vərəmə mübtəla oldu, yer xəstəsinə çevrildi və ucqar dağ aulunda iztirablar içində öldü.
1851-ci ildə rus ordusundan 20-yə yaxın Terek kazakı arvad-uşaqları və 2 keşişləri ilə birgə Şamilin kişiliyinə inanıb Darqo-Vedenoya onun iqamətgahına gəldilər, ona biət etdilər və yaşamaq üçün torpaq istədilər. Şamil onlara yer göstərdi, onlar burda özlərinə ev və kilsə tikdilər. Lakin evlər tikilib qurtarandan sonra Şamil onları yerlərindən çıxararaq Batlux kəndinə göndərdi, kəndin naibinə onlara ev tikmək üçün yeni yer və əkin sahəsi verməyi tapşırdı. Kazakların şalbandan tikdiyi rahat evlər də Şamilə qaldı. Batlux naibi Şamilin tapşırığını qulaqardına vurdu, qonaqlara aqressiv münasibət göstərdi. Peşman olan kazakların çoxu qaçıb getdi, yerdə qalan 6 nəfərdən ibarət kazak ailəsinin isə gecə Şamilin adamları basqın edərək öldürdülər, başlarını kəsib futbol oynadılar. Bu cür sayslz-hesabsız əməllər Şamilin xalq arasında nüfuzdan düşməsində mühüm rol oynadı.
Şamil hətta onun Şamil olmasında mühüm rol oynamış, qüdrətini göylərə yüksəltmiş adamların da varlandığı görüb onların da var-dövlətinə göz dikirdi. Şamilin xahişi ilə Misirdən onun yanına Hacı Yusif adlı hərb sənətini mükəmməl bilən mühəndis göndərilmişdi. Hacı Yusif Şamilin dəstəsini hərbiləşdirdi, onun əsgərlərini başıpozuq dəstə olmaqdan çıxarıb nizami ordu formasına saldı. Hacı Yusifin yaratdığı qoşun yüzlüklərə və onluqlara bölünmüşdü ki, hər birinin başına komandir- naib təyin olunmuşdu. Hacı Yusif Şamilin daldalandığı kəndlərdə möhkəm müdafiə istehkamları da qurmuşdu. Məhz Hacı Yusfin sayəsində Şamil qüdrətlənərək Dağıstanda söz sahibi olmuşdu. Hacı Yusif Şamilin nəzarət etdiyi ərazilərdə hörmət sahibinə çevrilmişdi və get-gedə o da varlanmışdı. Lakin Şamil naiblərin yalan məlumatını bəhanə gətirərək Yusifə qəzəbləndi, onu qovaraq mal-mülkünü ələ keçirdi. Bundan sonra Hacı Yusif rusların tərəfinə keçdi, peşman olduğunu bildirdi. Ruslar da onun günahını bağışlayaraq yaşamağa yer verdilər.
1852-ci ildə Əfqanıstan Heratından Hacı Xeyrulla adlı dərviş Şamilin ad-sanını eşidib onun yanına pənah gətirdi və ona xidmət etmək istədiyini bildirdi. Dərvişə heç qalmağa ev də vermədilər, bir müddət sonra o məsciddə qalmağa başladı və camaatın verdiyi dilənçi payı ilə dolandı. Camaat Şamilə onun acı güzaranı haqqında şikayətlənəndən sonra Şamil öz xəzinədarını çağırıb tapşırıq verdi ki, dərvişin qayğısına qalsın. Xəzinədar dərvişi evində yaşamağa apardı, lakin onunla insan kimi rəftar etmədi, əsir kimi saxladı, qul kimi işlədərək heç yeməyə bir qarın çörəyi də əməlli-başlı vermədi. Nəticədə dərviş günü gündən arıqlayaraq saralıb soldu, xəstələnərək yer xəstəsi oldu.
Katibi işləyən Hacı Əli Şamilə dedi ki, “bu adam sənin adını eşidib bu qədər uzaq diyardan yanına gəlib, ona yazığın gəlsin, o ki səndən pul istəmir, sadəcə onunla qul kimi yox, insan kimi rəftar etmək lazımdır”. Katib onu bildirdi ki, “biz əgər kasıb-kusubla bu cür davransaq, Allah bizi bağışlamaz”. Əvvəl-axır dərvişin güzəranın yaxşılaşdırılması üçün heç bir tədbir görülmədi. Dərviş özü həmişə camaat içində deyirdi ki, xəzinədar kimi satqınların amansız hərəkətlərinə görə Allah heç vaxt Şamilin dövlətini, varidatını və özünü cəzasız qoymayacaq. Dərvişin sözlərini öz təsdiqini tapdı. Şamilin haqqında eşdib valeh olan, ona sidqi-ürəkdən xidmət etmək üçün yanına gələn bədbəxtlərin hamısı belə acı tale ilə üzləşdilər, peşman oldular və onun iblis xislətinə bələd oldular.
Kürdistandan Məhəmməd adlı mühacir də Şamilin adını eşidərək gəlib onun dəstəsinə qoşulmuşdu. O döyüşlərdə bir sıra igidliklər göstərmişdi və hörmət qazanmışdı. Darqo-Vedeno mühasirədə olanda könüllü olaraq kəndə girmişdi və döyüşərək müdafiəçilərə böyük köməklik göstərmişdi. Lakin Şamilin oğlu Qazi Məhəmməd onun himayəsinə verilən bu adama adi çörək belə vermir, ac saxlayırdı. Şamil xəzinəsindən oğluna 1900 rubl gümüş pul ayırmışdı ki, kasıb mühacirlərə və döyüşçülərə paylasın. Simicliyi ilə ad çıxarmış Qazi Məhəmməd bu pulları onlara vermirdi. Ac-yalavac hala düşən həmin kürd gəlib Qazi Məhəmməddən yeməkçün pul istəyəndə demişdi ki, hələ tezdir, vaxtı çatanda verəcəm. Kürd isə ona cavab vermişdi ki, səndə günah yoxdur, əvvəldən pul görməmisin, özün sultan olmamısan və sultanların necə paylamasından da xəbərin yoxdur. Bundan sonra kürd tüpürərək Qazi Məhəmmədin yanından çıxıb getmişdi.
İndiki Gürcüstanın Tuşetiya, Kaxetiya, Azərbaycanın Car-Balakən əraziləri Şamilin sevimli “yem” yerləri idi. Şamlinin katibinin yazdığı kimi, onun qızıl, ya gümüş çıxarılan mədənləri yox idi, onun qazancı və dolanışığı Gürcüstana, Ləzgi torpağına və Azərbaycan ellərinə soyğunçuluq reydlərindən çıxırdı. 1837-ci ildə Şamilin qoşunu gürcülərin Tuşetiya vilayətinə hücum etdi və qırğın törətdi. Tuşetiyanın Diklo və Şenako kəndləri darmadağın edildi. Sənədlərdə göstərilir ki, hücum nəticəsində Diklo kəndində 37 kişi və 10 qadın öldürülmüş, 17 kişi və 75 qız-gəlin əsir aparılmış, 690 mal-heyvan, 460 qoyun, 90 at və qatır qaçırılmışdı. Kənd sakinləri Şamilin yalanına inanaraq müdafiələrini lazımınca qurmamışdılar və nəticədə belə ağır bədəl ödəmişdilər. Şamilin adamları Qurana and içərək onları inandırmışdılar ki, kəndə hücum etməyəcəklər, lakin qəfildən kəndə doluşaraq yerli-yeksan etmişdilər. Şamilin bandası 1852-ci ildə Gəncə yaxınlığında poçtu qarət etmişdi ki, fəaliyyətdə olduqları dövrdə ən böyük gəlirlərini- 15230 rubl gümüş pulu da məhz burdan götürmüşdülər. O ən böyük vergilərini İrib və Ullu-Kala kəndlərindən alırdı ki, həmin kəndlərdə qaçaq-quldur mühacirlər yaşayırdı. Onlar Gürcüstan, Akuşa və digər yerlərə soyğunçuluğa yollanır və çapıb-taladıqları qənimətin beşdə birini Şamilin xəzinəsinə verirdilər. Şeyx Şamilin tərifli “imamətinin” büdcəsi soyğunçuluqdan formalaşırdı. Bu gəlirlər ildən ilə artırdı və Şamilin regionun ən varlı adamına çevirməkdəydi.
Lakin ruslar tədricən hərtərəfli tədbirlər görməyə başladılar, Ləzgi liniyasının bütün-giriş çıxışlarını bağladılar, nəzarət qoydular. 1854-cü ildə Ləzgi torpağına soyğunçuluq məqsədilə soxulan 100 mühacirdən cəmi 1-i sağ geri qayıtdı- bundan sonra şamilçilər bir də Ləzgi torpağını girməyə cəsarət etmədilər. Rusların sayəsində Car-Balakən, Şirvan, Şəki və Azərbaycanın digər şimal elləri rahat nəfəs aldılar.
Belə olan halda şamilçilər öz ellərini soyub talamağa başladılar. Yazıqlar neyləsinlər, ac qalmayacaqdılar ki? Gürcüstana və Ləzgistana girə bilməyən şamilçilər yürüşlərin istiqamətini üzü Dağıstana sarı döndərdilər. Əvəzində Çudaxar, Darqo, Akuşa və Dağıstanın digər şərq ellərinin qara günləri başladı. Bundan sonra ruslar vacib keçid məntəqəsi olan Kutişada qarnizon yerləşdirdilər, qüllələr tikdilər, nəzarəti daha da sıxlaşdırdılar. Mürid yürüşləri bir da səngidi, Şamilin gəlirləri azaldı. Ulu-Kalada məskunlaşmış mühacirləri həbs etməyə başladılar və onlar qaçıb dağılışdılar. Nəticədə Şamilin dəstəsinin ağalıq etdiyi regiondan başqa ellərə bütün giriş-çıxış yolları ruslar tərəfindən bloklandı. Belə olan halda şamilçilər adətləri üzrə bir-birlərini çapıb talamağa başladılar, öz aralarında “milli” qırğınlar düşdü. Naiblər bir-birlərinin evini yıxmaq və var-dövlətinə sahiblənmək üçün Şamilə yalan məlumatlar verir və rəqiblərinə şər atırdılar. Başqasının malını ələ keçirmək üçün ən rəzil üsullara girişirdilər. Öz məkrli məqsədlərini həyata keçirmək üçün insanları günahlı-günahsız öldürürdülər. Şamilin katibi işləmiş Hacı Əlinin yazdığı kimi, bu ona gətirib çıxardı ki, dağlılar günü gündən zəiflədilər və kasıbladılar, daha belə imamət uğrunda vuruşmaq onlarçün maraqsız oldu. Əvvəlcə sadə camaat, sonra isə naiblər ruslarla danışıqlara getdilər, onlardan yaranmış acınacaqlı vəziyyəti nizama salmaq üçün kömək istədilər.
Şamil özünü Dağıstan masştabında necə aparırdısa onun yerlərdəki ardıcıllıarı da özlərini o cür aparırdılar. Şamilin avarların Teletl elinə təyin etdiyi naibi Kibit Məhəmməd öz elinin tam ağası olmaq üçün qanı su yerinə axıtdı. O xalqı varlıların üstünə qaldırdı, bundan istifadə edərək bir günün içində Teletl elinin 33 bəyini öldürdü, onların evlərini arvad-uşaqları ilə birgə yandırıb köklərini kəsdi. Özü də Kibit Məhəmməd bu cinayətkar əməllərini şəriət qururam adı altında etdi. Bu yolla Kibit Məhəmməd qırdığı bəylərin həm var-dövlətlərini, əmlaklarını ələ keçirib varlandı, həm də Teletlin şəksiz ağasına çevrildi. Şamilin yaratdığı şəriət qaydasının məğzində də elə bu dururdu- soyğunçuluq yolu ilə varlanmaq.
Ağlar günlərə qalmış Teletl camaatını Şamilin canavarlarından qurtarmaq üçün köməyə yenə də rus əsgərləri gəldilər. Rus qoşunun Teletlə üz tutduğunu eşidən Şamil 300 atlısı ilə birgə Kibit Məhəmmədin köməyinə tələsdi. Yolda Axvax kəndinin sakinləri onun qabağını kəsdilər, keçməyə qoymadılar, lakin hədə-qorxulardan sonra yolu açmalı oldular. Mənbələrin çoxunda bildirilir ki, indi milli qəhrəman və xilaskar səviyyəsinə qaldırılmış Şamilə həmin dövrdə bütün Dağıstan nifrət edirdi, elə öz soydaşları olan avarlar ona düşmən olmuşdular. Qidatl kəndini keçəndə kənd sakinləri Şamilin dəstəsini gülləbaran etdilər. Şamil başının dəstəsi ilə geri qaçmalı oldu, yolda Axvax kəndinin hiddətlənmiş arvadları onun adamlarının bütün ərzaq və ləvazimatlarını əllərindən aldılar. Şamil ətraf kəndlərin əhalisinin qorxusundan 12 gün mağarada gizlənməli oldu. Sonra gecə gizli yolla Teletlə yollanmaq istəyərkən Qid körpüsünə çatanda Qidatl kəndinin camaatı onun dəstəsini körpüdən keçməyə qoymadı. Şamil dağlardan keçməklə Teletlə getməli oldu. Teletldə o Kibit Məhəmmədlə birləşib rus qoşununa qarşı müqavimət göstərdi. Qısa döyüşdən sonra rus əsgərləri kəndi tutdular. Şamillə Məhəmməd məsciddə gizləndilər. Onlar regionun hörmətli adamlarından olan Məhəmməd Mirzə xanın yanına gizllicə məktub göndərdilər, məktubda yalvar-yaxar etdilər ki, ruslarla danışsın, onları mühasirədən çıxarsın. Məhəmməd Mirzə xan rus generalı ilə danışdıqdan sonra o humanistlik göstərib yolu açdı. Şamilin bacısı oğlu və Məhəmmədin qardaşı oğlu sülh qarantını təmin edəcək girov kimi rus hərbçilərinə verildikdən sonra ruslar kənddən çıxdılar. Beləcə Şamillə Kibit Məhəmməd canlarını qurtarıb kənddən qaçdılar. Halbuki Teletl elinin camaatı Şamilin öldürülməsini, Kibit Məhəmmədin isə ümumiyyətlə kökünün kəsilməsini tələb edirdilər.
İlk növbədə onu araşdırmaq lazımdır ki, Şamil umurunda olduğu imaməti nəyə görə doğulduğu Avarıstanda qurmamışdı, Çeçenistana köçərək orda qurmuşdu? Bax kələfin ucu da elə burda görünür. Bunun sadə bir səbəbi vardı: Şamili doğma vətəni Avarıstandan qovmuşdular.
Şamilin 1839-cı ildə Çeçenistana getməsini elə tədqiqatçıların çoxu onun Dağıstandan qovulması ilə əlaqələndirirlər. Həmzət bəy öldürüldükdən sonra növbə Şamilin idi. Avarıstan xanı Baxu Bikə xanımı ailəsi qarışıq qırdıqlarına, hətta nəsillərini kəsdiklərinə görə avarlar əvvəl-axır bu qisası Şamildən alacaqdılar və onu da öldürəcəkdilər. Şamil məhz buna görə Dağıstandan çıxıb qaçmalı olmuşdu. Və bir də ərtafında 300-400 çeçen yaraqlısı olmasa, öz doğma avar torpağına girməyə cəsarət etməmişdi.
Quldurluq etdiyi vaxtlar soydaşlarının başına min oyun açan Şamil avarların ona hər yerdə qənim kəsildiyini və qisas zəminində öldürmək niyyətində olduqlarını görüb 1939-cu ildə Avarıstanı tərk edərək üzüsula Çeçenistana getdi. Sonrakı 30 il ərzində - 1840-cı ildən 1859-cu ilə kimi o Dağıstanda yaşamayıb, Çeçenistanda qalıb. Yalnız çeçenlərin də ondan tam üz döndərməsindən sonra yenidən Dağıstana qayıdıb və burda ruslara təslim olub.
Yəni araşdırsaz görərsiz ki, Şamil özü avar olmasına baxmayaraq, qurduğu imamət dövlətinin nə Avarıstana, nə də Dağıstana aidiyyatı olmayıb, o bu dövləti Çeçenistan kəndlərində qurub və burda fəaəliyyət göstərib. 1840-cı ildən 1845-ci ilə kimi imamətin paytaxtı Çeçenistanın Darqo kəndi, 1845-ci ildən 1859-cu ilə kimi isə Çeçenistanın Vedeno kəndi olub. Bəs niyə Dağıstanın kəndləri imamətin ərazisinə qatılmayıb? Çünki həmin dövrdə Dağıstanın əksər hissəsi Şamilə düşmən kəsilmişdi. Şamil özü də Kaluqada olanda Rus dövlətinin nümayəndəsi poruçik Runovskiyə bunu etiraf etmişdi: “Bəli, mən dağıstanlılara və çeçenlərə qarşı qəddar olmuşam. Siz də onlara qarşı belə olmalısınız”.
Müasir tarixçilər bəzən qəsdən hadisələrə belə yön vermək istəyirlər ki, guya Şamilin rəhbərliyi altında bütün Dağıstan və Çeçenistan ruslara qarşı üsyana qalxmışdı, az qala bütün Qafqaz Şamilin tərəfindəydi və onu dəstəkləyirdi. Əslində belə deyildi. Fakt bundan ibarətdir ki, Dağıstanın əksər hissəsi Şamilə dəstək verməyib, ruslara qarşı döyüş əməliyyatlarında iştirak etməyib, əksinə Şamillə düşmən vəziyyətində olub. Müasir tarixçilər nədənsə Şamil “ümummilli hərəkatından” danışarkən o faktı unudurlar ki, Şamilin bandasını likvidasiya etmək üçün yürüşə çıxan rus qoşunlarının əksər hissəsini ruslar deyil, kumıklar və elə avarların özləri təşkil edirdi. Dağıstan elləri onun qanına susamışdılar və qisas tələb edirdilər. 1839-cu ildə Axulqo kəndində mühasirəyə salınarkən də Rus qoşununun əsas hissəsi Əhməd xan Mextulinin dəstəsindən və avar süvarilərdən ibarət idi. Kənd camaatının ona düşmən münasibət bəslədiyini görən Şamil müqavimətin əbəs olduğunu başa düşdü, öz azyaşlı oğlu Cəmaləddini barışıq üçün rusların yanına göndərdi, sonra isə gecəylə kənddən çıxaraq sıldırımdan aşağı çay sahilinə düşdü, üç gün qaya altında gizləndikdən sonra dördüncü gecə qaçıb canını qurtara bildi. Şamilin bütün xəzinəsi və çoxlu ailə üzvləri rus hərbçilərinin əlinə keçdi. O vaxtdan Şamil Çeçenistanda məskunlaşmağa getdi.
Araşdırsaz görərsiz ki, islamdan, şəritədən, dindən-imandan ağızdolusu dəm vuran bu “qəhrəmanın” davası ruslardan da çox müsəlmanlarla olmuşdur və o ruslardan da çox müsəlmanları qırmışdır. Azca ona tabe olmayan və ya şübhə doğuran kəndi gücsüz və müdafiəsiz görən kimi hücum edib dağıtmağı əmr vermişdir, çünki elə varlanmağın ən tutarlı yollarından biri də budur. Şamil Qafqazda kifayət qədər adam qırmış, çox yurdları dağıtmış və elləri xaraba qoymuşdur. Şamil dəfələrlə çeçen abrekləri ilə birləşib öz doğma avar kəndlərinə də hücumlar etmişdir.
Rus hərbçiləri Ləzgi Kordon Liniyası çəkərək Ləzgistana və Gürcüstana gedən yolları bağladılar. Bir müddət çörəksiz qalan Şamil nicat yolunu öz doğma avar kəndlərini çapıb talamaqda gördü. Bundan sonra o çeçen qaçaq-quldurlarına qoşulub öz doğma avar kəndlərini soymağa başladı. Şamil öz bandası ilə 3 il ərzində yaxınlıqda olan İqali, Xaraçi, Araderix, Muşuli, Qumbet, Andi kəndlərinə gün verib işıq vermədi, bu kəndlərə hücum edib sakinlərin son tikəsini də əlindən alaraq ac-yalavac qoydu. Bu kəndlərin camaatı daim Şamilin bandası ilə döyüşdü, çoxlu itkilər verdi, nahaq qanlar axdı. Şamil avarların başına o qədər oyunlar açdı, yurdlarını o qədər çapıb taladı ki, avar ağsaqqal və üləmaları 1835-ci ildə toplaşıb Tiflisə yollandılar, Rus komandanlığna kömək üçün müraciət etdilər ki, bu azğını sakitləşdirin. Rus komandanlığı avar ağsaqqal və üləmalarının xahişini nəzərə alaraq onların yurdlarını qorumaq üçün general-mayor Fezinin rəhbərliyi altında ora qoşun göndərmək qərarına gəldi.
1835-ci ildə Koysubuli avarları silaha sarılıb Şamilin yaşadığı Qimrı kəndinə hücum etdilər və onu öldürmək istədilər. Regionda hörmətli adam sayılan şamxal Süleyman işə qarışandan koysubulilər sakitləşib getdilər, Şamil canını güclə qurtara bildi. Lakin 1836-cı ilin fevralında Şamilin dəstəsi çeçenlərlə birgə yenidən avar məskənlərinə hücum etdi, İqali, Araderix, Balaxanı kəndlərini yağmaladı. Həmin ilin martında Şamil 200 çeçenlə birlikdə yenidən həmin əraziyə basqın edərək avarların İqali, Urada, Arakani, İrqanay, Kodux, Unçukul kəndlərini çapıb taladı. Şamilin çeçenlərin də qoşulduğu həmin qoşununu rus generalı Fezi darmadağın etdikdən sonra avar kəndlərinə hücumlar səngidi.
Şamil dəfələrlə çeçen abreklərini gətirib öz soydaşları olan avarların kəndlərinə hücum etdi. Avarlar hər dəfə Rus hərbçilərinin yanına adam qaçırdılar, köməyə gələn rus əsgərləri canlarını fəda etməklə avar kəndlərini müsibətdən xilas etdilər. Şamil 1841-ci ilin noyabrında onun hakimliyini tanımayan və qovan avarlardan qisas almaq məqsədilə çeçenlərdən ibarət dəstəsini Andalal və Koysobuli camaatının yaşadığı kəndlərə yeritdi. 1843-cü ildə Şamil çeçenlərdən ibarət böyük qoşunu ilə avaların Unçukul kəndinə gəlib burda qırğın törətdi. O dəstəsindəki adamlara əmr etdi ki, kəndin önündəki dağa çıxsınlar, kənd camaatı onları görüb həyəcan qaldıranda isə düşüb geri qayıtsınlar. Dağın döşündəki atlı dəstəsini görən Unçukul camaatı elə bildilər həmişəki kimi yenə hansısa xırda çapqınçı dəstədir. Kəndin cavanları atlara minib dağa sarı gəldilər. Bu zaman Şamilin qoşunu onlara hücum edib gülləbaran etdi. Cavanlar atlarını geri çapıb kəndə qaçmağa başladılar. 100-ə yaxın Unçukul cavanının meyidi yollarda tökülüb qaldı. Şamilin qoşunu Unçukul qalasındakı 25 nəfərdən ibarət rus qarnizonunu darmadağın etmək üçün buranı mühasirəyə aldı. Kənddən 500-ə yaxın avar rusların köməyinə gəldi və onlarla birgə şamilçilərə qarşı vuruşmağa başladı. Avarlar rus komandirinə bildirdilər ki, Şamil bizim də düşmənimizdir. Avarlar və ruslar birgə Şamilin azğınlaşmış müridlərinə qarşı döyüşdülər. Yalnız 1000 nəfərdən çox itki verdikdən sonra Şamil 4 gündən sonra güc-bəla ilə 25 nəfər rusun olduğu qülləni tuta bildi. Rus əsgərləri və avarlardan sağ qalanlar əsir götürüldülər. 1843-cü ildə Şamilin qoşunu Xunzaxdakı rus qarnizonunu mühasirəyə alarkən də rusların köməyinə qazikumıklar, andalallar və çudaxarlar gəldilər. O cümlədən 1848-ci ildə Şamilin qoşunu rus qarnizonunun oturduğu Axtı qalasına hücum edərkən də çöldə bir qrup ləzgi ona kömək edirdisə, içəridə bir xeyli ləzgi ruslara qalanı qorumaqda kömək edirdi.
Çeçenlərdən ibarət qoşunu məğlub edildikdən sonra Şamil Çeçenistana üz tutdu, Darqo kəndini öz qərargahı elədi və burdan ara-sıra düzənlikdəki kəndlərə basqanlara başladı. Həmişə olduğu kimi o rus qoşunları ilə birbaşa, üzbəüz döyüşə girmir, qəfildən hücum edərək qısamüddətli zərbədən sonra qaçmağa üstünlük verirdi. Şamilin müharibə taktikası üzbəüz döyüşdən də çox “yandırılmış torpaq” taktikası idi. 1845-ci ildə rus ordusu Şamilin bandasını likvidasiya etmək üçün dağlar boyunca yürüşə çıxanda Şamil yol üstündəki kəndləri yandıra-yandıra geri çəkildi və sarayının yerləşdiyi Darqo kəndinə gəldi. Ruslar Darqoya çatmaqdaykən oranı da yandırıb dağlara qaçdı. Şamilin belə ziyankar və fəsadlı fəaliyyəti xalqda böyük narazılıq yaratdı. 1850-ci illərin ortalarında xalq artıq müridizmin iç üzünə bələd olmuşdu və əksər yerlərdə rusların tərəfinə meyllənmişdi. Xalq mənasız müharibədən və ard-arda dağıntılardan bezmişdi. Bir camaat digərinin ardınca rusların tərəfinə keçməkdəydi, dağlılar rus administrasiyası ilə əməkdaşlıq etməyə can atırdılar.
Şamil dəfələrlə Azərbaycanın Car-Balakən ərazisinə soxularaq qabağına çıxan ləzgi kəndlərini çapıb talamışdı. Dəfələrlə yanından ötdüyü Çudaxar və digər kəndlərə basqınlar edib mal-heyvan sürülərini aparmışdı. Yaxınlıqdakı kumık kəndlərini çapıb talayaraq onlara qan uddurmuşdu. 1843-cü ildə kumık torpağına girən Şamilin qoşunu 200 arabadan ibarət olan tacir karvanını soyub apardı. Tarku şamxallığının varlı kəndlərinə basqın etmək istəsə də orda kumıkların kəskin müqaviməti ilə üzləşdi və geri çəkilməli oldu. Tarku şamxallığının və Mextuli xanlığının əhalisi silaha sarılıb ruslara Şamilin bandası ilə mübarizədə kömək etdi. Bir çox çeçen kəndləri onun tərəfinə keçsə də, şamxal kəndləri daim rus qoşunu ilə birlikdə ona qarşı döyüşdü. Şamilin hərəkatına osetinlər qoşulmadığı halda ləzgilər qoşulmuşdular, düzdür, lakin onlar da sonradan peşman oldular. 1848-ci ildə Şamil Samur vadisinə daxil olub ləzgi kəndlərinə dini moizələr oxudu, ruslarla “müqəddəs müharibəyə” və “ölüm-dirim savaşına” çağırdı, nəticədə böyük qrup ləzgi cavanı ona qoşuldu. Axtı qalasına hücum zamanı ruslar kəskin müqavimət göstərdilər, Şamilin gətirdiyi dəstə hücumda iştirak edən ləzgiləri qoyub qaçdı. Şamilin naibləri müşavirə keçirdilər və belə bir fikrə gəldilər ki, əgər Şamil qalanı alsa geri dönməyəcək və bütün qışı burda qalacaq. Onlar məsləhətləşərək aradan çıxdılar. Başının dəstəsinin qaçdığını görən Şamil də onların ardınca qaçmalı oldu. Axtı qalasına hücumda köməksiz qalan ləzgi cavanları qırıldılar. Bundan sonra ləzgilər Şamili satqın və qorxaq elan etdilər.
Şamil 1853-cü ildə qoşunu ilə Ləzgi Kordon Liniyasını yararaq Azərbaycan ərazisinə girdi, Zaqatalanı tutaraq soyub taladı, burdan gürcü elinə yürüş etməyə hazırlaşdı. Lakin o ləzgilərdən lazımi dəstək ala bilmədi. Şamil onları şəriətə çağırdı və öz mühacirlərini onlara naib təyin etmək istədi. Ləzgilər bildirdilər ki, biz sənsiz də islam dininin qanunlarına qaydasınca riayət edirik, sənin gəlmə-gəlinti mühacirlərinin bizə rəhbərlik etməsinə isə ehtiyacımız yoxdur. Ləzgilər tələb qoydular ki, Şamil onların torpağını tərk etsin. Şamil 10 minlik rus qoşununun əraziyə göndərildiyini eşidib tələsik oranı tərk etdi və dağlara qaçdı.
Beləcə indi Qafqaz xalqlarının milli qəhrəmanı kimi sırıdılan bu adam demək olar ki bütün Qafqaz xalqlarını zinhara gətirərək nifrətini qazanmışdı. Şamil axırıncı dəfə qaçıb Qunib istiqamətində gedəndə onun ardınca düşən Yevdokimovun qoşununda çoxlu çeçenlər, Vrangelin qoşununda dağıstanlılar, knyaz Melikovun qoşununda ləzgilər vardı. Ətrafındakı çeçenlər də 1950-ci illərdən onun xislətini başa düşüb ondan aralanmağa başladılar. Çeçen naibi Molla Süleyman Mustafinov hələ 1847-ci ildə rusların tərəfinə keçmişdi. “Qafqaz” qəzetində onun Şamilə ittiham məktubu dərc olunmuşdu. Tarixçi-memuarist Arnold Zissermanın göstərdiyinə görə, 1851-ci ildə çeçen mənbələri bildirirdilər ki, daha Şeyx Şamil çeçenlərə etibar etmir, ətrafına tavlinləri toplamaq istəyir. 1856-cı ildə Şamilin əsas məsləhətçisi sayılan naibi Hacı Yusif Səfərov başının dəstəsi ilə rusların tərəfinə keçdi. 1857-ci ildə tanınmış çeçen komandirlərindən Eski Xulxulinski ruslara təslim oldu və ona Braqunıda yaşamaq üçün yer verildi. 1858-ci ildə çeçen naibi Səydulla Qexinski öz dəstəsi ilə rusların tərəfinə keçdi və və rus qoşunlarının tərkibində Şamilə qarşı döyüşməyə başladı. Həmin il Çantiy camaatının böyüyü Duqa Şamilə qarşı üsyan qaldırdı və Rus komandanlığından ona dəstək verilməsini istədi. 1858-ci ilin sentyabrında çeçen naibi Batuko Kurçaloevski rus ordusuna təslim oldu. 1859-cu ilin yanvar-fevral aylarında çeçen naibləri Talxiq Şalinski, Edil Vedenski və Umalat Auxovski Şamili tərk edərək rus ordusunun tərəfinə keçdilər. Həmin ilin aprelində naib Xota Mamayev Çar ordusunun tərəfinə keçdi və Şamil ordusuna qarşı vuruşmağa başladı. Çar hökuməti ona 50 desyatin torpaq və zabit rütbəsi verdi. Kiçik Çeçenistanın müdiri Səydulla Osmanov da Şamillə aralarında yaranmış mübahisəyə görə rusların tərəfinə keçdi, hərbi əməliyyatlara qoşuldu və mayor rütbəsi aldı. Beləcə də çeçenlər bütünlüklə Şamildən ayrılıb Rus hökumətinin tərəfini tutdular.
Şamil çeçen xalqını aldadaraq fəlakətlə, hətta yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu barədə Çeçenistan lideri Ramzan Kadırovun aşağıdakı fikirləri diqqətəlayiqdir: “1840-cı ildə Dağıstan imamı Şamil özünün 400 adamı ilə Çeçenistana gəldi. 8 martda Urus-Martanda o özünü Çeçenistan və Dağıstan imamı elan etdi. O gündən 20 il ərzində dağıdılmamış, bir neçə dəfə yandılımamış bircə kənd də qalmadı, Çeçenistan sakinləri məcbur qaldılar ki, dağlara getsinlər, qadınlar, uşaqlar və qocalar soyuqdan və aclıqdan qırıldılar. İmam Şamil əmr vermişdi ki, Rusiya ilə sülh barədə danışan istənilən çeçen öldürülsün. O yaşayış məntəqələrini yandırırdı, ağsaqqalları məcbur edirdi Qurana and içsinlər ki, xalq Rusiyaya qarşı müharibə aparacaq. 1859-cu ilin aprelində imam Şamil Vedenodan Qunibə köçdü. Dörd ay sonra 26 avqust 1859-cu ildə imam təntənə ilə Rusiyaya təslim oldu. Şamilin Çeçenistanda olduğu müddətdə çeçen xalqının sayı 2 dəfədən çox azaldı, kişilərin sayı isə 70 faiz azaldı. Bəs Şamilin taleyi necə oldu? 3 dəfə imperatorla, imperatriça ilə görüşdü, şahzadə Aleksandrın toyunda iştirak etdi. Çeçen ağsaqqallarını Qurana and içməyə məcbur edən imam özü iki oğlu ilə birgə təntənəli şəkildə Rusiyaya sədaqət andı içdi, imperator isə onu isri dvoryanlıq verməklə yüksəltdi. Çeçen xalqını dəhşətli faciəyə gətirib çıxarmış şəxs dvoryanlıq titulunun əvəzinə özü Rusiyaya sədaqət andı içdi. Həqiqəti demək vaxtıdır, yoxsa yalan yeni yalan doğur və bunun sonu olmur. Bilmək istəyirik, Çeçenistanda olarkən 19 il Rusiya ilə vuruşan, qəsdən Çeçenistanı və xalqını məhv edən şəxs necə oldu ki, Dağıstana qayıtdıqdan 4 ay sonra Rusiyaya təslim oldu və dvoryan oldu? Bu Çeçenistana və çeçen xalqına qarşı şüurlu terror deyilsə, bəs nədir? Yoxsa ikili standartlar hələ 19-cu əsrdə yaranıb?”
1840-cı ilin martında Şamil inquşları da “qazavata” qoşmaq istədi, lakin inquşlar Sunja çayı sahilində onun qoşununu məğlub etdilər və geri qovdular. Şamil 1846-cı ilin aprelində Kabardaya daxil olub hər tərəfə “islamın təntənəsi naminə” ona dəstək vermək tələbi ilə məktublar göndərsə də kabardinlər, adıgeylər və çerkeslər nəinki ona dəstək verdilər, əksinə ona qovmaq üçün rus hərbçilərinə müraciət etdilər və silahlanıb ruslara köməklik də göstərdilər. Hər tərəfdən rus qoşunları ilə mühasirə olunmaq təhlükəsi ilə üzləşən Şamil Kabardadan çıxıb qaçmalı oldu.
1859-cü ilin mayında yerli sakinlər Rus komandanlığına xəbər verdilər ki, Akdı kəndindəki evlərdən birində Şamilin pritonu yerləşir, qaçaq-quldurlar burdan ətraf ellərə basqınlar etmək üçün baza kimi istifadə edirlər. Onlar bildirdilər ki, rus əsgərlərinə ehtiyac yoxdur, bizə silah verin, özümüz həmin quldurları darmadağın edərik. Didoylardan 84 nəfər ovçu seçildi və quldurların dərsini vermək üçün göndərildi. Didoy kəndlərində Şamilin quldurları ilə mübarizə aparmaq üçün milis dəstələri yaradıldı və onlar yolları nəzarətə götürdülər.
Şamil necə imam idi ki, qılıncının dalı da, qabağı da kəsən vaxtlarda heç kəsə rəhm etmirdi? Daim ağına-bozuna baxmadan azca günah işlədənlərin, hətta acza şübhəli bildiklərinin belə başını kəsirdi! 1943-cü ilin sentyabrında Balaxanı qalasındakı azsaylı rus qarnizonunu ələ keçirərkən döyüşdə yaralanmış və əsir düşmüş kazakların hamısının başını kəsdi, qılıncla tikə-tikə doğradı. Bu necə imamdır ki, əsirə rəhm etmir, ölüm ayağında olan yaralının başını kəsir? 1844-cü ildə ordusu rus qoşunu tərəfindən məğlub edilərkən əmr verdi ki, Çeçenistandakı və Dağıstandakı bütün rus əsirlərinin başı kəsilsin, amma özü və “əyan-əşrəfi” əsir düşərkən ruslar onu öldürmədilər, sağ buraxdılar. İndi deyin, kim dinə-imana uyğun hərəkət edirdi: ruslar, ya Şamil?!
Şamil 1847-ci ilin yazında imamətin bütün naiblərini, böyüklərini və hörmətli adamlarını çağırıb yığıncaq keçirdi və bu yığıncaqda özündən sonra oğlu Qazi Mühəmmədi imamət başçısı olacağını bəyan etdi. Halbuki imamət başçısı olmağa tərcübəsiz Məhəmməddən daha layiqli adamlar vardı. Hansılar ki Məhəmməddən fərqli olaraq Şamilin bütün yürüşlərində iştirak etmişdilər və imamət yolunda can qoymuşdular. Məhz həmin yığıncaqda Şamilin adamları ilk dəfə olaraq ona qarşı açıq çıxış etdilər. Böyük mübahisə düşdü və hay-küy yarandı. Şamilin üzünə dedilər ki, sən islam yolunda yox, daim var-dövlət yığmaq uğrunda əlləşmisən və indi də bu var-dövləti öz bivec oğluna ötürmək fikrindəsən. Bundan sonra bir sıra əsas naibləri Şamildən aralandılar, avtonom şəkildə quldurluqla, kəndləri çapıb talamaqla məşğul olmağa başladılar. Şamilin sağ əli sayılan, ondan sonra imamət rəhbəri olmağa hazırlaşan Hacı Murad ümumiyyətlə rusların tərəfinə keçdi. İmamətdə əsl qarışıqlıq və xaos yarandı. Ən böyük ağçılığı isə Şamilin harınlamış oğulları etməyə başladılar; onlar atalarının nüfuzundan istifadə edərək hər cür rəzilliklərə əl qoydular. Şamilin xəzinədarı və oğulları öz mövqelərindən və səlahiyyətlərindən istifadə edərək xalqın başına min bir oyun gətirdilər. Hər bir naib Şamilin şəriətini özü bildiyi kimi təqdim etməyə və yeritməyə başladı. Geniş xalq kütlələrində müridizmə qarşı böyük ikrah yarandı. Şamilin var-dövlət hərisliyi ona gətirib çıxardı ki, yerlərdəki naibləri də onun əmrlərini qulaqardına vurub hər cür özbaşına yollarla var-dövlət toplamağa girişdilər.
Bundan sonra Şamil ordusunun qara günləri başladı. Bir çox atıb vuran adamları onun dəstəsindən aralandılar. 1850-ci illərdə çeçen kəndləri artıq Şamilin oyunlarından bezib Rusiya protektoratlığı altına girməyi qərarlaşdırmışlar, rus qarnizonlarına çaparlar göndərməkdə idilər və Şamilin qamçısından müdafiə olunmaları üçün danışıqlar aparırdılar. Çar hökuməti çeçenləri qorumaq üçün hərbi dəstələr göndərmişdi və çeçenlər Rusiyanın nəzarəti alan yerlərə, əsgərlərin mühafizəsi altında olan məntəqələrə köçməkdəydilər. Şamilin adamları ara-sıra həmin çeçenlərin köçərək məskunlaşdığı yerlərə hücumlar edirdi və rus əsgərləri ilə aralarında atışma düşürdü.
Çeçenistan Elmlər Akademiyasının prezidenti, professor Şaxruddin Qapurov bildirir: “1840-cı ildə Çeçenistanda üsyan qalxanda üsyana Terek çeçenləri qoşuldular. 3-4 ildən sonra insanlar başa düşdülər ki, müharibənin perspektivi yoxdur. Ən əsası, Şamil öz dövlətində həddən artıq sərt və kobud qaydalar yaratmışdı ki, adamları ən xırda pozuntulara görə də cəzalandırırdılar. Bundan sonra Terekyanı çeçenləri Rusiya komandanlığından xahiş etdilər ki, onlara əvvəlki yerlərinə qayıtmağa icazə verilsin. 40-cı illərin birinci yarısında onların çox hissəsi Şamilin imamətindən getdi və Terek boyunca öz ərazilərinə qayıtdı. 19-cu əsrin 40-cı illərinin axırları 50-ci illərin əvvəllərində çeçenlər böyük itkilər verərək, hədsiz dərəcədə müharibədən yorularaq belə nəticəyə gəldilər ki, Rusiya hakimiyyətini tanımaq və silahlı müqavimətə son qoymaq lazımdır. Amma Şamil buna kəskin surətdə maneəçilik törədirdi. Çünki o başa düşürdü ki, çeçenlər ondan aralansalar, imamət davam gətirməyəcək. Sonradan gördüyümüz kimi 1859-cu ilin aprelində onun Çeçenistandakı paytaxtı süqut etdi, avqustda isə o əsir düşməyə məcbur qaldı”.
İmamətin get-gedə çökməsinə baxmayaraq Şamil hər vəchlə sülh əhval-ruhiyyəsinə qarşı çıxır, Rusiya hökuməti ilə barışıq olmasını istəmirdi. Çünki o qədər qanlar tökmüş və cinayətlər törətmişdi ki, Rusiya hökumətinin onu sağ qoyacağına inanmırdı. Həmin dövrdə Şamil çaşqınlıq içində qalmış və dəlilik həddinə çatmışdı. Bir dəfə çeçenlər ruslarla sülh danışıqlarına girmək üçün icazə almaq məqsədilə Şamilin yanına nümayəndə heyəti göndərmişdilər. Lakin heyət üzvləri Şamilin qəzəblənəcəyindən və onları cəzalandıracağından çəkindiklərindən qərar gəlmişdilər ki, Şamilə bu istəklərini anası vasitəsilə çatdırsınlar. Şamilin anası ona bildirmişdi ki, çeçenlər Rusiya hakimiyyətini qəbul etmək üçün ondan icazə istəməyə gəliblər. Şamil qəzəblənsə də nə cavab verəcəyini, necə hərəkət edəcəyini bilməmişdi. O nümayəndə heyətinin qabağına çıxıb demişdi ki, “mən Allahla məsləhətləşməliyəm” və üç gün məscidə girib çölə çıxmamışdı. Üç gündən sonra o nümayəndə heyətinin qabağına çıxıb bildirmişdi ki, Allah mənə Rusiya ilə sülh bağlamağı qəti surətdə qadağan etdi və anam da mənə belə bir təkliflə müraciət etdiyinə görə cəzalandırılmalıdır. Şamil əmr vermişdi ki, anasına 100 çubuq vurulsun. Lakin düzgün anlaşılmayacağını və nüfuzunu tam itirəcəyini görən Şamil çaşıb qalmışdı, nə geri gedə bilmişdi, nə də qabağa. Onda Şamil anasının əvəzinə özünün çubuqlanmasına hökm verməkdən başqa ağıllı heç nə fikirləşə bilməmişdi. Anasına 5 çubuq çəkiləndən sonra o özü yerə uzanmışdı və qalan 95 çubuğu özünə vurdurmuşdu. Lakin bu hərəkəti onun nəinki düşmüş hörmətini qaldırmış, əksinə bütün Çeçenistanın ondan iyrənməsinə səbəb olmuşdu.
Professor Şaxruddin Qapurov bildirir: “50-ci illərdə get-gedə daha çox dağlılar Rusiya hökumətinə qarşı müqavimətin tam dayandırılması fikrinə meyllənməyə başladılar. Daha Şamilin qələbə çalacağına inanmırdılar, “ağ çarın” hakimiyyətini tanımağa hazır idilər. Di gəl ki imam özü mübarizəni saxlamaq fikrində deyildi, və hər cür üsullarla get-gedə surətlənməkdə olan imamətin dağılması prosesini dayandırmağa çalışırdı”. 6 iyul 1858-ci ildə Şamil çeçen döyüşçülərini Şatoy kəndinə yığdı, onlara müraciət etdi ki, bütün Çeçenistanı rus ordusuna qarşı döyüşə qaldırsınlar. 16 iyulda Şamil çeçen naib və üləmalarını Şali kəndinə topladı, bu dəfə onlara açıq-aşkar yalvardı ki, onu tək qoymasınlar. 1 aprel 1859-cu ildə Şamil yenidən çeçen naib və üləmalarını Ersenoy kəndinə yığıncağa dəvət etdi, onları bir az ordan-burdan təriflədi, çeçenləri müsəlmanarın dayağı adlandırdı, ruslara qarşı müqavimətə çağırdı və xahiş etdi ki, rus ordusundan müdafiə olunmaqda ona olan-qalan qüvvələrini qoşsunlar. Lakin onun “Mən Çeçenistanda ta o vaxta qədər vuşaşacağam ki, burda bircə ağac da salamat qalmasın” sözləri yığışanlara necə təsir etdisə, onlar əsəbləşərək hiddətlərini bildirdilər, Şamili cəfəng müqaviməti dayandırmağa, haqq yoluna qayıtmağa çağırdılar və dağılışıb getdilər. Onun əsl xislətini başa düşən çeçenlərin əsas hissəsi faktiki olaraq ondan üz döndərdilər. Şamil qəm-qüssə içində qaldı və bütün ümidlərini itirdi.
Şamilin adamları çeçenlərə ümid verib deyirdilər ki, rus qoşununu qırıb çatmaq çətin məsələ deyil, canfəşanlıqla vuruşsalar Moskvanı da tuta bilərlər. İnandırmağa çalışırdılar ki, darıxmayın, mətin olun, Türkiyə və İngiltərədən bizə kömək gəlir, yoldadırlar. Camaat arasında şayiə buraxırdılar ki, Avropa Rusiyaya qarşı müharibəyə başlayıb, tezliklə rus komandanlığı burdakı qoşunlarını avropalılarla döyüşə göndərəcək. Lakin çeçenlər artıq Şamilin hap-goplarına inanmadılar və özləri bildikləri kimi hərəkət etməkdə israrlıydılar. 1858-ci ildə Şatoy qazisi Molla Suraip general Yevdokimova müraciət edərək Şatoy camaatının Rusiya təbəəliyinə keçmək istədiyini bildirdi. 1859-cu ilin 5 aprelində Çeberloy camaatı, 12 aprelində Aux camaatı, 12 mayında İçkeriya camaatı Rusiya təbəəliyini qəbul etdi.
1859-cu ilin fevralında rus qoşunları imamətin paytaxtı Vedeno kəndinə yaxınlaşdılar. Şamil qorxusundan atlı dəstəsi ilə çıxaraq Ersenoy kəndinə qaçdı, Vedenonun müdafiəsinə isə oğlu Qazi Məhəmmədin rəhbərliyi altında kiçik bir qarnizon saxladı. “Gəlmişin-keçmişin ən böyük müqavimət lideri” adlandırılan bu adam öz dövlətinin paytaxtının müdafiəsində iştirak etməyərək aranı cırdı. Bəhanəsi də o oldu ki, Vedeno qalasında atların yeməsi üçün ot yoxdur. Şamilin oğlu Qazi Məhəmməd mühasirədən çıxıb qaça bildi və atasının yanına getdi. Vedenonun müdafiəsində hədər yerə çoxlu çeçen qırıldı, yaxınlıqdakı Ersenoy kəndində oturan Şamil isə atlı qoşunu ilə onların köməyinə getmədi. Şamil başa düşdü ki, bu dəfə çeçenlər onu bağışlamayacaqlar. Bu dəfə o Çeçenistandan çıxaraq Avarıstana qaçdı.
1859-cu ildə Şamil avar naib və üləmalarını Avarıstanın paytaxtı Xunzaxda topladı, onları din yolunda ruslarla vuruşmağa çağırdı, onların ruslara vuruşacaqlarına əmin olmaq üçün Qurana and içmələrini istədi. Lakin avar böyükləri Şamilə keçmiş əməllərinə görə nifrət edirdilər, Şamilə qoşulan cavanlar isə pərişan olmuşdular, ruhdan düşmüşdülər və o birilər kimi ruslarla danışıqlara girmək üçün yollar axtarırdılar. Şeyx Şamillə köhnə silahdaşı Həmzət bəy avarların sevdiyi və böyük hörmətlə yanaşdığı Avarıstan xanı Baxu Bikə xanımı ailəsi qarışıq qırmışdılar, hətta 11 yaşlı oğlu Bulaçı qayadan atıb öldürmüşdülər ki, nəsli kəsilsin və xanlıq onlara qalsın. Üstündən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq avarlar bu cinayəti unutmamışdılar. Avarların Şamilə nifrətinin digər səbəbi isə o idi ki, atıb vuran çağlarında dəfələrlə çeçenləri gətirib avar kəndlərini çapıb talamışdı. İndi  Şamilin onlardan kömək istəməsinin mənası yox idi.
Avar kəndləri 1940-cı illərdə Şamilin xislətini tanıyıb ona qarşı qarşı üsyana qaxmışdılarsa, çeçen kəndləri də 1950-ci illərdə ona qarşı çıxdılar. Şamilin katibi Hacı Əli bu barədə 1873-cü ilə yazdığı kitabında göstərirdi: “Dağlılar Şamilin şallağı altında kölə kimi və əzilmiş halda qaldılar, bilmədilər kimin tərəfini tutsunlar, qüssəyə bataraq bütün əzab-əziyyətə dözməli oldular. Şamil və naibləri xalqı sıxışdırmaqdan, günahsız yerə öldürdürməkdən və talançılıqdan əl çəkmədilər. O ağıl-kamal sahiblərinin məsləhətlərini eşitmədi, hər bir sağlam fikir söyləyəni axmaq yerinə qoydu, ziyanlı adamı isə xeyirli saydı. Pozğunluqda ad çıxarmışları naib təyin etməkdə, çuğulçuların, gözümçıxdıya salanların şər-böhtanlarını dinləməkdə davam etdi. Bu o vaxta kimi davam etdi ki, o və yaxınları hər cür hökm verməyi itirdilər. 1859-cu ildə rus ali komandanı böyük bir dəstə ilə Çeçenistandan keçdi və Andi dağlarının ətəyində Andi-Ratlyad gölü yanında dayandı. Xalq hər tərəfindən böyük dəstələrlə onun pişvazına çıxdı və təzim etdi. Ali komandan təzim edənləri nəzavişlə qarşıladı və səxavətli hədiyyələr payladı. Xalq onun əliaçıqlığına heyran qaldı, hansı ki belə əliaçıqlığı heç vaxt Şamildən görməmişdilər. Hamı hədiyyə almaq üçün ali komandanın yanına tələsdi. Onlar Şamili də, Şamilə verdikləri andı da unutdular, qızıl və gümüşə uydular. Əsas da onları cəlb edən bu oldu ki, ruslar onları zorakılıqdan və təcavüzdən qoruyacaqlarına söz verdilər. Şamilin hətta ən yaxın, etibarlı adamları, naibləri və uşaqları belə gizlicə ruslara biət etməyə can atdılar. Şamilin isə bundan xəbəri də yox idi. Ali komandan orda çox qaldı və yolları düzəltməyi əmr verdi. Hətta Şamilin mirzəsi Əmir xan Çirkeevski ali komandanın səxavəti haqqında eşidib, əlində imamın möhürü onun hüzuruna gəldi”.
Həmin vaxtdan sonra Şamilin işləri enişə getdi, uğuru demək olar ki olmadı. Sıravi əsgərləri daha onu eşitmədilər, çünki artıq imamət uğrunda mübarizənin cəfəngiyyat olduğunu, “qazavatın” əslində bir qrup qoluzorlunun şəxsi mənafeyi uğrunda aparıldığını, xalqın hədər yerə qırğına verildiyini anlamışdılar.
General Vrangel böyük bir qoşunla onun üzərinə yeriyərkən Şamil adamlarına Soqratl körpüsünü partlatmağı əmr verdi, lakin onlar bu əmri yerinə yetirmədilər və ruslara qarşı müqaviməti qurmaqdan imtina etdilər. 1859-ci ilin payızında Şamilin naibi İbaydullanın rəhbərlik etdiyi Ançux camaatı Rus təbəəliyinə keçmək üçün müraciət etdi. Akuşa sakinləri də rusların tərəfinə keçdiklərini bəyan etdilər. Ləzgi liniyasının komandanı knyaz Melikov öz dəstəsi ilə Zaqataladan yürüşə çıxıb Şamilin üzərinə yeriyərkən Çunta, Ançux, Taş, Tumaral, Ançraso, Xonal, Qbelal, Tindal kənd sakinləri onu duz-çörəklə qarşıladılar, hansı ki Şamil bu dağ kəndlərinin ruslarla vuruşacağına böyük ümidlər bəsləyirdi. Qazikumık xanlığının rəisi general Tarxanov öz qoşunu ilə Şamilin üzərinə yeriyərkən Çox, Soqratl, Erib, Rasib və Maqar kəndlərinin camaatı ona təzim etdilər və alqışladılar. Şamilin ən yaxın silahdaşı sayılan Daniyal bəy əvvəlcə öz oğlu Musa bəyi general Tarxanovun yanına göndərdi, sonra isə özü onun yanına gəlib könüllü təslim oldu. Daniyal bəy strateji məntəqə sayılan, qaçaq-quldur məskəni olan İrib kəndini döyüşsüz təslim etdi və imamətin burdakı silah arsenalını ruslara verdi. Buna görə Rus hökuməti Daniyal bəyin general rütbəsini, pensiyasını və mülkiyyət hüququnu qaytardı. General Manyukin öz qoşunu ilə Şuradan tərpənərkən Şamilin istehkam qurduğu Araqani kəndi, sonra isə bütün Koysubuli camaatı ona könüllü təslim oldu. Dargin dairəsinin rəisi polkovnik Lazarev öz dəstəsi ilə irəliləyərkən Ullu-Qala, Kikuni, Maali, Koroda, Kuyada onun qarşısına çıxıb təzim etdilər.
Şamilin ətrafında əli qana bulaşmış azsaylı dəstə qaldı, o ruhdan düşdü. Katibi Hacı Əlinin yazdığı kimi, o müdafiə istehkamı qurduğu İçiça kəndindən qorxu və səksəkə içində çıxıb doğulduğu Qunib kəndinə qaçdı. Qaçarkən təkcə 6 atın yükü bu vaxta kimi yığdığı qızıldan ibarət etdi, halbuki həmin vaxt özünü imam adlandıran bu adamın əlinin altındakı kəndlərin camaatı aclarından qırılırdılar. Şamil hətta onun yürüşlərində ailə başçısını itirmiş arvad-uşaqlara ac-yalavac olduqları halda yardım etmirdi, amma bu qədər qızılı öz övladları üçün saxlamışdı. İçiçadan çıxıb qaçarkən 6 qızıl yüklü atın ardınca yüklənmiş 40 at da gedirdi ki, bunlarda da Şamilin arvadlarının pal-paltarları, müxtəlif geyimləri aparılırdı. İmamın bu “hicrətində” təkcə arxadan gələn 3 ata silah-sursat yüklənmişdi.
Lakin onilliklər boyu topladığı qızılı yemək imama nəsib olmadı. Şamilin nüfuzu o dərəcədə düşmüşdü ki, yolda Teletl, Ruqudja, Kuyada kəndlərinin camaatı hücum edərək onun karvanını çapıb taladılar, var-dövlətini apardılar. Beləcə xalqın qanını içərək yığdığı sərvəti sonda ağsaqqala nəsib olmadı.
Qunibdə yaşadığı son aylarda Şamil tam ruhdan düşmüşdü və ümudlərini bircə Osmanlıya bağlamışdı. Onun 1859-cu ilin aprelində kömək üçün İstanbula göndərdiyi elçini sultan qəbul etmədi. Əvvəla sultanın rus nəzarətində olan Qafqaza girməyə cəsarəti yox idi. Digər səbəb də vardı.
Hələ fəaliyyətinin şıdırğı çağlarından Şamil Osmanlı sarayı ilə yazışırdı, köməyinə çatmalarını, ona “imamət qurmaqda” dəstək vermələrini xahiş edirdi. O emissarlar vasitəsilə antirus koalisiyasında olan ölkələrlə - Osmanlı və İngiltərə ilə danışıqlar aparır, ruslara qarşı vuruşmaqda onlardan kömək- silah-sursat və və maliyyə istəyirdi. Krım müharibəsi vaxtı Rusyaya qarşı vuruşan osmanlıların və qərblilərin böyük ümidləri vardı ki, Şamil də ordusu ilə bu müharibəyə qoşulacaq, ruslara arxadan zərbələr vuraraq koalisiyaya kömək edəcək. Osmanlı sultanı birgə hərbi əməliyyatlar keçirmək üçün ona rəsmi çağırış göndərmişdi. İngiltərə baş naziri lord Palmerstonun planına görə, Şamil Qafqazı rusların əlindən alıb Osmanlının tərkibinə qatmaqda əsas güc rolu oynamalıydı. Şamilin Dağıstanda yaratdığı 5-10 kənddən ibarət “imamətinə” isə həmişə olduğu kimi kağızda formal “müstəqil” dövlət adı veriləcəkdi və region İngiltərə-Türkiyə koalisiyası tərəfindən idarə olunacaqdı. İngiltərə Şamili həvəsləndirmək üçün ona “Qafqazın şahı” dəbdəbəli titulu vermişdi, Osmanlı sultanı Şamili “Çerkez və gürcü ordusunun generalissimusu” rütbəsinə layiq görmüşdü, oğlu Qazi Məhəmmədi isə “paşa” elan etmişdi. Bu barədə Avropa və Amerika qəzetlərində xəbərlər dərc olunmuşdu. Osmanlı elçiləri Vedenoya sultan fərmanını, bayraq və üç-dörd orden gətirib Şamilin sinəsinə taxmışdılar. Şamil bu barədə hər yerdə ağızdolusu danışırdı ki, döyüşçülərinin arasında hörmətini qaldırsın və onları həvəsləndirsin. Lakin Şamil əvvəl-axır genişmiqyaslı müharibəyə qatılmadı və osmanlı komandanlğının təəccübünə səbəb olan gözləmə mövqeyi tutdu. Osmanlı sultanı sonradan başa düşdü ki, Şamilin ordusu müharibə ordusu deyil, soyğunçu ordusudur.
1853-cü ildə Krım müharibəsi başlayarkən Kutaisiyə girən osmanlı sərkərdəsi Ömər paşa Şamilə məktub göndərdi ki, qoşununu üzü bəri gətir və osmanlı qoşunu ilə birləşdir. Lakin Şamil dağlardakı naiblərini topladı və Gürcüstana soyğunçuluq yürüşünə çıxdı. Bu yürüşdə Şamilin ordusuna erməni Musa bələdçilik edirdi. Dağlılar birbaşa Kutaisi istiqamətində gedərək osmanlı ordusu ilə birləşmək əvəzinə yollarından döndülər və onların miqyasında varlı sayılan gürcü ellərini soymağa girişdilər. Oğlu Qazi Məhəmmədin rəhbərlik etdiyi qoşun irəli gedərək vadidəki kəndləri çapıb taladı, sonra isə erməni Musanın tuşatması ilə məşhur gürcü knyazı Çavçavedzenin mülkünə soxuldular. “Şəriətçilər” knyazın evini talan etdilər, külli miqdarda görmədikləri qızıl ələ keçirdilər, hətta gürcü çarı İraklinin tacını götürdülər, Çavçavadzenin arvad-uşaqlarını, qız-gəlinlərini əsir tutub apardılar. Gedəndə Çavçavadzenin evinə od vurub yandırmağı da unutmadılar. Qaçhaqaçda Çavçavadzenin 4 aylıq körpə qızı Lidiya anasının əlindən düşdü və dağlıların atlarının ayaqları altında tapdalanaraq öldü. Şamilin quldurları yollarda gürcülərin köməyinə yetməyə çalışan, gürcü knyazının rəhbərlik etdiyi rus hərbçiləri ilə rastlaşdılar, bir neçə xırda toqquşmalardan sonra qorxuya düşdülər və geri qaçmağa üz qoydular. Yol boyu gürcü kəndlərindən çoxlu mal-qara da çıxarıb qabaqlarına qataraq apardılar. “Din uğrunda canlarını qurban deyən” Şamilin qoçaqları arvad-uşaq qarışıq 894 gürcünü əsir götürmüşdülər ki, sonradan həmin gürcüləri qaytarılması üçün bütün Gürcüstandan pul toplandı. Dağıstanın qul bazarlarında əsirin qiyməti düşdü. Şamilin katibi işləyən, özü də tanınmış ruhani olan Məhəmməd Tahir bu münasibətlə yazırdı ki, “Allah belə əsirlərimizin ard-arasını kəsməsin, davamlı olsun”. Rəsmi sənədlərdə göstərilirdi ki, yürüş nəticəsində Telav qəzasında 81 kişi və 14 qadın öldürülmüş, 322 kişi və 349 qadın əsir götürülmüş, kəndlilərin 283 evi və 273 təsərrüfat binası yandırılmış, 3411 mal-heyvanı aparılmışdı. Beləliklə son ucda osmanlı qoşunu ilə birləşməni nəzərdə tutan Gürcüstan yürüşü soyğunçuluqla başa çatdı. Şamil bəhanə üçün Ömər paşaya belə bir məktub yazdı: “Mən sizin yanınıza böyük qoşunla gəlirdim, lakin gürcü knyazı ilə aramızda baş vermiş döyüş ucbatından sizinlə birləşmək mümkün olmadı. Biz onların mal-qara sürüsünü, var-dövlətini, arvad-uşaqlarını ələ keçirdik, içində böyük qənimət olan qalalarını tutduq və təntənə ilə geri qayıtdıq. Odur ki, bizimlə birgə siz də sevinin”. Darqodakı iqamətgahına gələndə Şamil yəqin ki özü bildiyi hansısa “şəriət” qanununa əsasən kişi əsirləri qadın əsirlərdən ayırdı: o əsir götürdüyü gürcülərdən kişi xeylaqlarını zindana atdı, gözəl qadın xeylaqlarını isə öz sarayına gətirərək burdakı təmtəraqlı otaqlara yerləşdirdi. Özünə imam adı qoymuş adamın tanınmış gürcü knyazının qız-gəlinlərini girov götürüb evində saxlaması regionda ona qarşı böyük hiddət doğurdu və tam nüfuzdan düşməsinə səbəb oldu. Şamilin nalayiq hərəkətləri hətta regionda oturan, üzü üzlər görmüş ingilis hərbi bomandanlığında belə dəhşət doğurmuşdu. Şamillə məktublaşaraq əlaqə saxlayan ingilis hərbi komandanlığı ona öz hiddətini bildirərək biabırçı əməllərdən çəkinməyə çağırmışdı. Qarsda oturan, Osmanlı ordusunu kurasiya edən ingilis generalı Uilyam Fenuik Şamilə göndərdiyi cavab məktubunda yazırdı: “Bu nə quldurluqdur törədirsiniz? Məgər siz xalqı ağıllı-kamallı moizələrlə haqq yoluna çəkməli deyildiniz? Əgər sən elə əvvəldən bu yolu tutub getmisənsə, bil ki axırın olmayacaq! İşlərin pozulacaq və böyük zərərlə üzləşəcəksən. Odur ki nəticələri yaxşı fikirləş və qadınları, körpələri, xəstə qocaları əsir götürmək kimi açlaq hərəkətlərə əl atma. Sonra peşman olacaqsan və bütün hakimlərin nifrətini qazanacaqsan!” General Arqutinski də Şamilə xəbər göndərdi ki, kişisən, kişi olan bəndə qadını girov götürməz.
Bu çağırışlar Şamilə elə dərin təsir göstərdi ki, o talançılıq yürüşlərindən əl çəkmək qərarına gəldi. Lakin bir müddət sonra naiblərinin təkidi ilə yenidən soyğunçuluğu davam etdirməyə girişdo, çünki başa düşdü ki, soyğunçuluq olmasa ətrafındakı adamları qaçıb dağılışacaq.
Gürcüstana girən osmanlı ordusu burda rus ordusu tərəfindən darmadağın edildi. Şamil sonradan osmanlı emissarının “Niyə köməyə gəlmədiniz?” sualına belə cavab vermişdi ki, bol qənimət ələ keçirən döyüşçülərim Dağıstanda ac-yalavac qalıb onları səbirsizliklə gözləyən ailələrinin yanına tələsdilər, ona görə də alınmadı. Yaxın silahdaşları isə emissara bildirmişdilər ki, osmanlı sultanı bura yarım kisə orden göndərincə yarım kisə barıt göndərsəydi yaxşı olardı. Sultanın Şamilin elçisini öz sarayına buraxmamasının səbəblərindən biri də bu idi. Ona görə də Qunibə sığınarkən Şamil tam ümidsizlik içində qalmışdı. Katibi Hacı Əlinin yazdığına görə, Şamil həmin vaxt ruslarla vuruşa başladığına görə peşmançılıq çəkirdi və deyirdi ki, ruslara etibarım olsaydı, onların yanına gedərək bağışlanmamı xahiş edərdim və Məkkəyə getməyimə izn istəyərdim.
1859-cu ilin avqustunda rus qoşunu Şamili dağlar qoynundakı Qunib kəndində mühasirəyə aldı. Şamilin əsir götürüldüyü Qunib döyüşündə ruslar tərəfdən 21 nəfər, dağlılar tərəfdən 360 nəfər öldü. Əvvəlcə rus komandanlığı Şamilə xəbər göndərdi ki, könüllü təslim olsun, adamları qırğına verməsin. Əgər könüllü təslim olsa, heç kəsə toxunulmayacaqdı, Şamilə arvad-uşağı ilə birgə Məkkəyə getməyə şərait yaradılacaqdı, hətta yol xərcləri də Çar hökuməti tərəfindən ödəniləcəkdi. Lakin Şamil saysız-hesabsız qanlı əməllərinə görə rusların onu sağ buraxacaqlarına inanmadı və döyüşə hazırlaşdı. Doğulduğu kəndin bəzi cavanları onun müdafiəsinə qoşuldu. Kəndə girib tez bir zamanda yarısına kimi tutduqdan sonra ruslar atəşi saxladılar, Şamilə yenə təklif etdilər ki, adamları hədər yerə qırğına vermə, təslim ol. Məscədə sığınmış Şamil ilə oğulları Qazi Məhəmməd və Məhəmməd Şəfi arasında dava düşdü. Şamil sonadək vuruşmaq istədiyi bildirsə də, oğlanları dedilər ki, bizim ölmək fikrimiz yoxdur, təslim oluruq, ölmək istəyirsənsə çıx özün tək vuruş. Bundan sonra Şamil adam göndərib barışığa razı olduğunu bildirdi və aman istədi. Şamil ata minib gedərkən üzünü oğullarını tutaraq dedi: “Siz əvvəl-axır mənim işlərimi pozdunuz və qorxaqlıqla başa çatdırdınız”. Təslim olarkən də maraqlı nüanslar ortalığa çıxdı. Məsciddən çıxıb at belində ruslara yaxınlaşarkən onu görən kazaklar “Ura!” qışqırdılar, həyəcan içində olan Şamil əvvəl bundan qorxuya düşərək geri qaçdı, lakin müridləri onu sakitləşdirib yenidən geri qaytardılar ki, qorxma, ürəkli ol, öldürməyəcəklər. Rus komandanlığı Şamilin həm özünə, həm də təslim olan adamlarına rəhm etdi. Onların ailə-uşaqlarına toxunmadılar, hətta yerbəyər edərək maddi dəstək də verdilər. Halbuki Şamil və müridləri özləri belə vəziyyətlərdə düşməni yerindəcə dizi üstə otuzdurub qılıncla başını atdırırdılar.
Rus komandanlığı Şamilə və ailəsinə böyük lütfkarlıq göstərərək hörmət və izzətlə yanaşdı. Rus hərbçiləri Şamilin hisli-paslı çerkeskasını və sürtülmüş beşmetini çıxarıb bahalı paltar geyindirdilər, xatirə şəkillərini çəkdilər. Onu bahalı karetada Moskvaya apardılar. Rusiya dövlətçiliyi ilə düşmənçilik etməsinə və ziyan vurmasına baxmayaraq, Çar Şamillə böyük ədəb-ərkanla görüşdü ki, bu da Şamili olduqca mütəəssir etdi. Çarı 2-ci Aleksandr onu sarayın qapısında qarşıladı, qucaqlayaraq bağrına basdı və saqqalından öpdü. O Rusiyaya qarşı vuruşduğuna görə peşman olduğunu bildirdi. Şamil və oğlanları Rusiyaya sədaqət andı içdilər. Şamil bir aya qədər sarayda qonaq qaldı, özü ilə birgə ailə üzvlərinə və 40-a qədər adamına süfrə açıldı, görmədiyi yeməklərdən yedi, təamlardan daddı, şərəf və izzətə layiq görüldü. Şamili oğulları ilə birgə Böyük Teatrda “Nayada və balıqçı” tamaşasına apardılar ki, onlar ömrü boyu tamaşa görmədikləri üçün riqqətə gəldilər və müharibə dövründən qalma binoklları ilə səhnəni diqqət və maraqla seyr etdilər. Şamilin tamaşadan mütəəssir olmuş oğlu Qazi Məhəmməd xahiş etdi ki, onu Nayadanın özünü çaya atdığı yerə aparıb göstərsinlər. Şamil Ruiya dövlətçiliyinə heyran qaldı. Hökumət ona Kaluqada böyük və hər cür şəraiti olan ev verdi. Çar onu irsi dvoryanı (zadəgan) rütbəsinə layiq gördü və ona o dövr üçün yüksək məbləğ olan 10 min rubl pensiya ayırdı. 1868-ci ildə Şamil bildirdi ki, Kaluqanın havası mənə düşmür və Çar onu daha mülayim havası olan Kiyevə göndərdi. 30 avqust 1869-cu ildə Çar ona ailəsi ilə birgə Məkkəni ziyarətə etməyə icazəsi verdi. 1870-ci il martın axırlarında həcc ziyarətinin başa çatmasından sonra Şamil Mədinədə yaşamağa başladı və 1871-ci ildə orda vəfat etdi.
Şamili Qafqazdan imperiyanın paytaxtı Peterburqa aparanda onun təəccübdən gözləri kəlləsinə çıxmışdı. O Rusiyanın genişliyini və möhtəşəmliyini görüb heyrətə gəlmişdi. O vaxta kimi Şamil elə bilirdi dünya dağlardan ibarətdir. Dağlardakı vertikal cansıxıcılıq Rusiyada yox idi, burda genişlik, düzənlik, səliqə-səhman, tumar və mehribançılıq vardı. Odlu din inqilabçısı ruslara bildirmişdi ki, əgər Rusiyanın bu qədər nəhəngliyini və müvafiq olaraq potensial qüdrətini bilsəydi, heç vaxt ona qarşı silah qaldırmazdı. Onu da qeyd edək ki, Rusiya ilə bağlı yanlış baxışlarında o heç də sələflərindən- əvvəlki Qafqaz imamlarından uzağa getməmişdi. Rusiya barədə qəti anlayışı olmayan müridizmin banisi Şeyx Mansur onun ardınca gedən çeçenlərə deyirdi ki, “arxayın olun, biz tez bir zamanda rus kəndlərini şütüyüb keçəcəyik, onlar bizə baş əyərək qanunlarımıza tabe olacaqlar”. Moskva barədə yarımifik anlayışı olan Qazi Məhəmməd də ona inanan dağlılara deyirdi ki, “az qalıb, Moskvanı tezliklə alacayıq və rusların qoluna qandal vuracayıq”. Dünyanı yeni rakursda qavramaq ona gətirmişdi ki, Şamil ruslara qarşı vuruşmaqda peşman olduğunu dönə-dönə dilə gətirmişdi.
Şamil təslim olandan sonra onun rəhbərliyi altında ruslara qarşı vuruşan dağlılar da peşman olmuşdular. Şamilin mirzəsi Çar barəsində yazırdı: “Böyük Rus İmperatoru yeddi ölkə baçısıdır. O Yer üzünün bütün hakimlərini öz qanadları altına alaraq qoruyur. Onun qılıncından və gücündən 62 xalq qorxur. Heç kim ona qarşı çıxmaq və onunla düşmənçilik etmək gücündə deyil. Onun qüdrəti düşmənlərinin taxt-taclarını və saraylarını titrədir. O günahkarlara qarşı mərhəmətli, istəyənlərə qarşı əliaçıq, bütün dünyanın sığındığı və kömək umduğu böyük bir dəryadır. Alicənablıq, mərdlik, yaxşılıq ümmanı, nəhəng qüdrət, misilsiz xəzinədir. Kişilik və mərdlik mənbəyidir. Xoş əməllər, rəhm və şəfqət təcəssümüdür”.
Avar camaatı rus qoşunlarını sevinclə qarşılamışdı və bildirmişdilər ki, Şamilin müridləri xalqı çoxdan cana yığıblar. Öz zəhməti ilə dolanan sadə insanlar rus komandanlığına belə deyirdilər: “Biz düz 16 ildir Şamilin çubuğunu dadırıq və gözləyirik ki, siz bizim dadımıza çatasız. Nəhayət ki onun istibdadına son qoyuldu”. Sənədlərdə göstərilir ki, elə gün olmurdu rus komandanlığının yanına tanınmış ağsaqqal, nail, abrek və icma rəhbərlərindən kimsə gəlməsin. Keçmiş döyüşçülər bildirirdilər ki, bizim ruslara qarşı mübarizəmiz səhv idi və peşman olmuşuq. Çar dövrünün çeçen mənşəli yazıçısı İ.D. Tsiskarov bildirir ki, Şamlin süqutuna daha çox onun əməllərindən və gətirdiyi bəlalardan cana doymuş çeçen və inquşlar sevinirdilər; onlar rusların qələbə çalmasını səbirsizliklə gözləmişdilər. Rus hərbçiləri aullardan keçərkən dağlılar onların qabağına təntənə ilə və sevinc içində çıxırdılar. Xalq ruslara xilaskar kimi baxırdı, çünki onlar mürudizm adlı bəlaya son qoymuşdular. Karata, Tlox və Qolotl kəndlərinin camaatı rus əsgərlərini toy-bayram imiş kimi qol açıb oynamaqla, şadlıq qışqırıqları ilə, göyə güllə atmaqla qarşılamışdılar. Çox kəndində hamılıqla rus hərbçilərinin qabağına çıxmışdılar, onların ayaqları altında cöngələr, qoçlar kəsmişdilər, bildirmişdilər ki, Şamil bizim ümumi düşmənimizdir. Çar hərbi xadimi Nikolay Qlinoetski bildirirdi ki, rus əsgərləri onların aullardan keçəndə avarlar hörmət mənasında papaqlarını çıxarırdılar. Şamil öləndə Dağıstan kəndlərində qurbanlar kəsirdilər. Amma indi onu Qafqaz xalqlarını xilaskarı, imam-peyəmbər kimi bizə sırımaqdadırlar.
Şamilin oğlu Məhəmməd Şəfi də Qunib aulunun süqutundan sonra Sankt-Peterburqa aparılmışdı, sonra isə Kaluqaya göndərilmişdi. O Rus ordusunda xidmət etmək istədi və Çarın şəxsi mühafizəsinə baxan xüsusi təyinatlı Qafqaz eskadronunda leyb-qvardiya korneti kimi işə götürüldü. Məhəmməd Şəfinin birinci arvadından uşağı olmamışdı. Tezliklə o ikinci arvad aldı. Onun Cariyat adlı ikinci arvadı da dağlı qızı idi və həmin arvaddan Məhəmməd Şəfinin Məhəmməd Zaqid adlı oğlu doğulmuşdur. 25 yaşlı Məhəmməd Şəfiyə 3 il hərbi xidmət eməmiş poruçik rütbəsi verildi, bundan 2 il sonra isə ştabs-rotmisr oldu. 3 ildən sonra hərbi xidməti ilə bağlı Rusiya xaricinə ezamiyyətə göndərildi. Ezamiyyət dövründə o Fransa, İngiltərə, Almaniya, Türkiyə və İtaliya ölkələrini gəzdi. Rusiyaya qayıtdıqda 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi və Qafqaz eskadronununa gənc dağlıların cəlb edilməsi üçün Qafqaza ezam olundu. Tezliklə qüsursuz xidmətlərinə görə ona rotmistr rütbəsi verildi və Çarın mühafizə xidmətində bölük komandiri təyin edildi. 1873-cü ildə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olundu. 37 yaşı bitməmiş ona polkovnik rütbəsi verildi. Rusiya-Osmanlı müharibəsi illərində osmanlılara qarşı döyüşmək üçün cəbhəyə getmək istəsə də, Çar buna razılıq vermədi. 1885-ci ildə general-mayor rütbəsi aldı. 45 yaşında üçüncü dəfə 18 yaşlı qızla evləndi. Qızın atası tacir idi və qızına cehiz olaraq Kazanda ikimərtəbəli ev verdi. Məhəmməd Şəfi ömrünün sonuna qədər həmin evdə yaşadı və 1902-ci ildə Kislovodskda sanatoriyada müalicə alarkən vəfat etdi. Qeyd edək ki, rus ordusunda xidmət etməsinə baxmayaraq heç kəs onu dinini dəyişməyə məcbur etmədi, axıra kimi müsəlman qaldı. Sonuncu nigahdan onun iki qızı var idi. Hər ikisi növbə ilə tanınmış ictimai-siyasi xadim Maxaç Daxadayevin (Maxaçkala şəhəri onun şərəfinə adlanır) arvadı olmuşdur. Bu da “qaniçən” Rusiyanın Şamil irsinə münasibəti!
Şamilin digər oğlu Qazi Məhəmməd də 1871-ci ildə Çarın icazəsi ilə həcc ziyarətinə getdi. Lakin o bir də Rusiyaya qayıtmadı. Qazi Məhəmməd Rusiya dövlətinə sədaqət andı içməsinə baxmayaraq Osmanlı dövlətinə hərbi xidmətə girdi. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsində osmanlı diviziyasına komandanlıq edərək ruslara qarşı vuruşdu. Bəyazidin mühasirəsində iştirak etdi və marşal rütbəsi aldı. Rus hökumətinin yaxşılığının, onu sağ qoymasının əvəzini belə ödədi. Bəzi tarixçilər Qazi Məhəmmədi hələ imamətın qızğın dövründən Osmanlının emissarı hesab edirdilər. Qazi Məhəmməd Dağıstanın Osmanlıya birləşdirilməsi təbliğatını aparırdı. Osmanlı sultanı 1-ci Əbdülməcid 1855-ci ilin mayında Qazi Məhəmmədə dövlət bayrağı və qızıl suyuna çəkilmiş, əslində qızıl olmayan orden də göndərmişdi. Hətta 1877-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayarkən Qazi Məhəmməd öz əlaqələrindən istifadə edərək Qafqazda ruslara qarşı üsyan qaldırılmasına da cəhd göstərdi. Osmanlının dəstəyi ilə bu dəfə 22 yaşlı (!) Hacı Əlibəy Aldanov Qafqazın baş imamı elan oldu və o iğtişaşlar yaratmağa çalışdı. Lakin bu üsyana çox adam qoşulmadı və qısa bir zamanda yatırıldı.
Şamilin katibi işləmiş Hacı Əli vaxtilə onun harınlamış oğullarının xalqın başına gətirdiyi oyunlar barədə belə yazırdı: “Şamilin kiçik oğlu Məhəmməd Şəfi tez-tez qalmaqal yaradırdı və süründürməçiliyə meylli idi. Bir yaxşı xüsusiyyəti vardı ki, səxavətli idi. Ortancıl oğlu Qazi Məhəmmədə Şamil bütün naibləri tabe etmişdi, Dağıstanın idarəçiliyini ona tapşırmışdı, fikirləşirdi ki, atasının yolunu davam etdirəcək. Camaat Qazi Məhəmmədə imam deyirdi. Naiblər həmişə Şamilə yaltaqlanırdılar ki, oğlu Qazi Məhəmməd gözəl insandır, onun hərəkətlərini tərifləyirdilər və pis əməllərini gizlədirdilər. Bununla da onlar Şamilə xəyanət edirdilər. Naiblər bütün işlərin Qazi Məhəmmədə tapşırılmasını istəyirdilər, çünki onun zəifliyindən və təcrübəsizliyindən istifadə edirdilər. Onlar Şamilin üzünə belə deyirdilər: “Oğlun yaxşı adamdır və səndən də tədbirlidir”. Bununla belə gözəl bilirdilər ki, Qazi Məhəmməd xəsis, axmaq və qorxaqdır. Mühacirlər və dəliqanlılar daim çalışırdılar ki, soyğunçuluqdan əldə etdikləri puldan onun xəzinəsinə versinlər. Dağıstanın nə qədər igid adamları onların yolunda öldü, nə qədər ailələr başsız qaldı! Ələ keçirdikləri qənimətin təyin edilmiş hissəsini beytül-mala vermədiklərinə, gizlətdiklərinə görə çoxları öldürüldü və ev-eşikləri əllərindən alındı. Belə öldürülənlər barədə Şamil ilk əvvəl əmr vermişdi ki, belələrinin həm yürüşdən çapıb gətirdikləri, həm də şəxsi əmlakları müsadirə edilsin. Onda belələrinin ailələri hər şeydən məhrum olaraq çöllərə düşməyə məcbur qalırdılar. Lakin Şamil sonra əmr verdi ki, belələrinin əmlakına toxunulmasın, öldürülənin arvad-uşağı orda qalıb yaşaya bilsin. Lakin naiblər Şamilin bu əmrlərini yerinə yetirmirdilər, Qazi Məhəmmədin dəstəyi ilə çoxlarını qəsdən öldürürdülər ki, əmlaklarını ələ keçirib onunla bölüşsünlər. Bu isə Şamilin hakimiyyətini zəiflədirdi və xalqın ruhunu aşağı salırdı. Belə tədbirlərin nəticəsi o oldu ki, kişi xeylaqlarının sayı azaldı, qadınların sayı isə çoxaldı. Məhsul əkib-becərməyə və yığmağa adam olmadı, xalq müxtəlif xəstəliklərə yoluxdu. Allaha and olsun ki, dağlılar bəzən on günlərlə acından ot yeməyə məcbur qalırdılar. Amma belə vəziyyətə baxmayaraq onlar yenə Şamilə və oğluna itaət edirdilər. Nəhayət ki ruslar hər tərəfdən Dağıstana girdilər. Xalq bilmirdi neyləsin. Şamil öz təbəələrinə diqqət verməyərək çox kəndləri yandırdı və Qunibə qaçdı. O dağlıları hər tərəfə səpələnmiş qoyunlar kimi qoyub getdi. Allahın qəzəbi Şamili tutdu. Allah imkan verdi ki, düşmənləri onun xəzinəsini, qızıllarını və mal-mülkünü ələ keçirsinlər. Odur ki Qazi Məhəmməd Dağıstan sakinlərindən gileylənməsin ki, atasını və onu köməksiz qoydular, ayıbdır. Allaha and olsun ki, dağlılarin igidliyi olmasaydı, Şamilin oğlanları indi də Qimrıda yaşayaraq dədə-babaları kimi eşşək quyruğu dartırdılar, soğan satırdılar. Dağıstanlılar Qazi Məhəmmədin əlindən olmazın zülmlər çəkdilər. Hətta açıq-aşkar öldürə bilməyəndə o bəzi müridlərini, yaxınlarını və alimləri boğaraq öldürürdü. Dağlıları qabağında qul kimi işlədirdi və camaat Şamilin ona rəğbətini görüb ondan şikayətlənməyə qorxurdular. Əgər Qazi Məhəmmədin ürəyində azca da olsa cəsarət olsaydı, Karatanı qoyub qaçmazdı, əlində qılınc Karatanın girişini qoruyardı, ölənədək vuruşardı. Heç olmasa dövlət, imamət və xəzinə yolunda bir damla qanını axıdardı. O həm də simic idi və xalqa baxmırdı. Şamilin oğlanları uşaqlıqdan atalarının günbəgün artan hakimiyyətini və var-dövlətini görmüşdülər. Yeniyetməlik həddinə çatanda onların gözü var-dövlətdən, şöhrətdən, cah-cəlaldan və qadınlardan doymurdu. Onlar Dağıstan xanlarının bütün xəzinələrini, hətta Gürcüstan knyazlarının sərvətlərini ələ keçirmişdilər. İgid dağlıların əlində nə yaxşı silah görürdülər, götürürdülər, Çeçenistanın bütün yaxşı atlarını tutub almışdılar. Özü də bütün bunları hədiyyə et adı ilə qoparmışdılar, ya da adamı vurub öldürərək ələ keçirmişdilər. Onlar Şamilə tabe olmurdular, qulaq asmırdılar, tez-tez onun əmrlərini pozurdular. Amma ataları onlara mərhəmət və sevgiylə yanaşırdı, əməllərini görməməzliyə vurub cəzalandırmırdı. Ətraflarını müğənnilərlə və etibarsız adamlarla doldurmuşdular, ataları bunu onlara irad tutanda isə deyirdilər ki, yaxşı adamlardır. Naiblər də Şamilin oğullarına baxıb onlar kimi hərəkət edirdilər. Bütün xalq Allahı çağırırdı ki, bizi bu qaniçənlərin əlindən xilas et. Və Allah doğrudan da onların yalvarışlarını eşitdi”.
Məgər Şamilin bütün bunlardan xəbəri yox idi? Əlbəttə var idi, sadəcə böyük qazanc gəldiyini görüb bunlara göz yumurdu. Odur ki Şamilin tarixi – Dağıstanın şərəf tarixi yox, ləkə tarixidir. Şeyx Şamil 1834-cü ildən Həmzət bəy avarlar tərəfindən öldürüləndən onun yerinə keçib müridlərə başçılıq edirdi. Bildirilir ki, mürid olmaq – Allaha həqiqətən inanmaq və Allahın yolu ilə getməkdir. Bəs hanı? Yazılır ki, müridçilik – insanlara yaxşılıq etmək, dini qayda-qanunlardan kənara çıxmamaq, heç yerdə yalan danışmamaqdır. Araşdırmalar göstərir ki, nəinki Şeyx Şamilin, o dövrdə Şeyx Mansurun davamçıları olan özünə imam adı qoymuşların müridləri də bu kriteriyalardan çox-çox uzaq adamlar olmuşlar. Rüşvət almamaq, oğurluq etməmək barədə heç danışmırıq da, çünki bunlar müridizmin ən əsas şərtləridir ki, Şamilin müridlərinin bu şərtlərdən deyəsən heç xəbərləri də yox idi.
Şamilin mələk obrazını məhz Avropanın Rusiyaya qənim kəsilmiş mason dairələri hələ sağlığında ikən şişirdərək yaratdılar, onu “müqəddəsləşdirib” göylərə qaldırdılar. Alman müəllifi Fridrix Vaqner onu “mənəvi lider”, “heyranlıq mənbəyi”, “ehtiraslı orator”, “müdrik qanunverici” kimi təqdim etmişdi. Fransa mətbuatı Şamili “peyğəmbər” adlandırmışdı. Fransa şairlərinin şeirlərində o xilaskar kimi mədh olunurdu. İtalyan rəssamları onun rəsmini üzündən nur yağan aristokrat kimi çəkirdilər, halbuki Şamilin real fotolarında onun üzündən hiyləgərlik və qəddarlıq yağır. Şotland jurnalistləri Şamili qeyri-adi qüdrətə malik müzəffər, azadlıq uğrunda vuruşan qəhrəman, despotizmə qarşı çarpışan cəfakeş kimi tanıdırdılar. Osmanlı tarixçisi Albay Yaşar onu Napoleona bərabər tuturdu. Sovet dağılandan sonra isə liberal mətbuat onun “böyük müəllim”, “el atası” obrazını yeritməyə müvəffəq oldu. Lakin indi internet əsridir, elə bir zəmanədir ki, açıq mənbələrdən istənilən məsələnin mahiyyətinə varmaq olur. İnsanlarımız ayıq olmalı, onlara müsbət kimi sırıdılan neqativlərə daha geniş formada baxmalı, liberal təbliğatın qapadığı bəsirət gözü ilə nəzər yetirməyə öyrəşməlidirlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, “qazavata” çıxdığı dövrdə Şeyx Şamilin yəhudilərə xeyri müsəlmanlardan çox olmuşdur. Çoxları bilmir ki, Şamilin “islam” ordusunda çoxlu sayda yəhudi də vuruşurdu. Dağıstan və Şimali Qafqaz kəndlərindən narazı yəhudilər də Şamilə qoşulmuşdular. Onlar Şamilin hesabına varlanaraq mal-mülk sahibi olmuşdular və islam dinini qəbul edərək yerli əhaliyə qarışmışdılar. Məhz Şamilin vaxtında dağlardakı yəhudi aulları islamı qəbul etdilər, yəhudilər yerli sakinlərlə qaynayıb qarışdılar və bərabər imtiyazlar qazandılar. Şamil özü də islamı qəbul etmiş yəhudiləri yüksək qiymətləndirdiyini dilə gətirirdi. Dağ yəhudilərindən ibarət eskadronu onun ən güclü dəstələrindən sayılırdı. Nemiroviç-Dançenko özünün “Döyüşkən İsrail” əsərində yazır ki, Şamilin əsgərləri həmin eskadronda yəhudi komandirlərinin başçılığı altında vuruşmağı şərəf bilirdilər. Qafqaz müharibəsinin iştirakçısı olmuş ispan Xuan Van Qalen qeyd edirdi ki, Dağıstanın əsas məntəqələrindən olan Enderi yəhudiləri də Şamillə birləşib ruslara qarşı böyük səylə vuruşurdular. Ruslar həmin aulu tutanda yəhudilər buranı tərk edərək dağlara çəkilmişdilər. Şamilin arvadı və həkimi yəhudi idi. Şamilin həyatı boyu 8 arvadı olmuşdur; bunların içində ən sevimli arvadı Mozdokdan olan yəhudi tacirin qızı Anna Uluxanova idi ki, ən uzun nigahı da onunla bağlıdır. Şamilin həkimi dağ yəhudisi Sultan Qoriçiyev idi; Şamilin sarayında qadınların mamaçası da onun anası idi. Şamil Qoriçiyevi özü ilə Mədinəyə aparmışdı və yəhudi həkim ölən günə kimi onun yanında qalmışdı. Şamilin pul kəsəni dağ yəhudisi İsmixanov idi. Bir dəfə Şamil ondan şübhələnmişdi ki, dəmir pul düzəldən alətin dublikatını qayıraraq yəhudilərə ötürüb. Şamilin ən yaxın naibi də yəhudi idi, ticarət işlərini də yəhudi tacirlər aparırdılar. Şamil imamətin paytaxtını Çeçenistanda yəhudilərin sıx yaşadığı Vedeno kəndinə köçürmüşdü. Çar ordusunda xidmət edən kantonist yəhudilər qaçaraq Şamilin tərəfinə keçmişdilər ki, Şamil onları da Vedenoda yerləşdirmişdi və təminatlarını hərtərəfli həyata keçirmişdi. Hətta 25 illik imamlığı dövründə Qafqazda heç yerdə məscid tikmədiyi halda Vedenoda yəhudilərçün sinaqoq tikmişdi. Müsəlmanlaşmış Vedeno yəhudilərinin sonrakı nəsilləri də Rusiya dövlətçiliyinə qarşı mübarizədə aktivlik göstərmişdilər. Maraqlıdır ki, Qafqazda rus ordusunda xidmət keçmiş aşkenaz yəhudilər orda “Şamil niqunu” adlı dini mahnını mənimsəmişdilər və həmin mahnını Rusiya ərazisinə gətirirək yaymışdılar ki, bu nisgilli mahnı indi də yəhudilər arasında populyardır.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий