Страницы

01.09.2021

Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır


Deputat Azərbaycanda xarici valyutalara tələbin azalmasının, əhalinin rubl alışını artırmasının səbəblərini Sputnik Azərbaycan-a şərh edib.

Xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi 2021-ci ilin iyul ayı üçün açıqlanıb. Mərkəzi Bankın məlumatına əsasən, iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə yalnız Rusiya rublunun banklar tərəfindən satışı və ya əhali tərəfindən alışı artıb.
Digər üç valyutanın (ABŞ dolları, avro, funt-sterlinq) banklar tərəfindən satışı və ya əhali tərəfindən alışı isə azalıb. Onu da bildirək ki, dörd xarici valyutanın - dollar, funt sterlinq, avro və rublun banklar tərəfindən alışı və ya əhali tərəfindən satışı da artıb.
Bəs, niyə xarici valyutalara tələb azalıb, əhali yalnız rubl alışını artırıb?
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, xarici valyutalara tələbin azalması bir neçə səbəblə izah olunur. 2017-ci ildən etibarən manat stabilliyini qoruyub saxlayıb. Nəticədə əvvəlki dövrlərlə müqayisədə xarici valyutalara tələbin azalması və hətta kommersiya banklarının depozit portfelində manatla yığımların payının artması müşahidə olunur.
Səbəblərdən biri xarici valyutalara nisbətən manatla depozitlərin daha yüksək faizlərlə verilməsilə əlaqədardır.
Onun sözlərinə görə, eyni zamanda pandemiya səbəbindən xarici səfərlərin sayında azalmalar var. Baxmayaraq ki, bu il xarici səfərlər əvvəlki iki ilə nisbətən daha çox oldu. Amma yenə də biz 2019-cu illə müqayisə etsək, xarici səfərlərin sayında azalmalar var.
İdxalın həcmində pandemiyanın təsirləri mövcuddur. Bütün bunlar xarici valyutaya tələbi azaldır. Bu kontekstdən də biz xarici valyutalara tələbin azalmasını müşahidə etmişik.
Deputat diqqətə çatdırıb ki, Rusiya rubluna olan tələbin artması xüsusən də mövsümi olaraq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracatının yüksəlməsi ilə bağlıdır. Bu ilin ilk yarısında Azərbaycan rekord səviyyədə qeyri-neft məhsulları ixrac edib. Və ölkənin ixrac etdiyi qeyri-neft məhsullarının təxminən yarısı kənd təsərrüfatı məhsullarıdır.
İl ərzində Azərbaycan 2 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edir. Qeyri-neft ixracatımızda əsas tərəfdaşımız Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının üçdə birindən çoxu Rusiyaya göndərilir. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların təxminən 80 faizindən çoxu Rusiya bazarına yönəlib. Bu baxımdan rubla olan tələb artıb.
"Növbəti dövrdə xarici valyutalara tələbin necə dəyişməsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Çünki Mərkəzi Bank məzənnəyə məsul qurum olaraq xüsusən də manatın məzənnəsinin necə dəyişməsini birbaşa müəyyənləşdirir", - deyə deputat əlavə edib.
Qeyd edək ki, 2021-ci ilin iyul ayında banklar tərəfindən 119 105 200 ABŞ dollarının alışı, 94 189 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,2 faiz çox, satışı isə 37,6 faiz az olub. Bu dövr ərzində 548 900 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 878 600 funt sterlinq həcmində satış baş tutub.
Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 38,1 faiz çox, satış isə 1,3 faiz az olub. İyul ayında banklar tərəfindən 6 219 400 avro həcmində alış baş tutub. Dövr ərzində 17 442 200 dəyərdə avro satışı təmin edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 27,6 faiz çoxalıb, cari valyuta üzrə satış həcmi də 16,9 faiz azalıb.
Ötən ay ərzində 1 751 527 400 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 182 588 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 28,7 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyul ayı ilə müqayisədə 7,3 faiz çox olub.

Xalid Məmmədov                     sputnik.az

Комментариев нет:

Отправить комментарий