Страницы

16.09.2021

Belə mürəkkəb bir şəraitdə siyasi avantüraya uymamaq lazımdır

Elşən Manafov

Azərbaycanda Qərbyönumlu siyasi qüvvələr Ermənistanın indiki iqtidarını əvvəlki ilə muqayisə edərək paralellər aparır, Köçəryan və ya Sarkisyanla müqayisədə Paşinyanı az qala sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Məqsəd bəllidir: anqlosakslardan aldıqları maliyyə dəstəyinə və tapşırıqlara rəgmən başlanmış savaşa görə Paşinyanın, əslində isə onun Qərbdəki havadarlarının bölgə ilə baglı istək və maraqlarının əsl mahiyyəti barədə Azərbaycan ictimaiyyətində gerçəkliklərdən uzaq informasiyanın formalaşdırılmasına nail olmaq.
Bu qərbpərəstlər ciddi-cəhdlə Köcəryanların deyil, məhz Paşinyanın "Qarabağ Ermənistandır" kəlamını unutdurmağa çalışırlar ki, bu iddiaya Azərbaycan prezidenti özunəməxsus ötkəmlik və siyasi iradə ilə "Qarabag Azərbaycandır və nida!" ifadəsi ilə cavab verdi.
Məhz Paşinyan sərxoş vəziyyətdə Şuşada Cıdır duzundə yallı gedərək xalqımızın milli hisslərini təhqir etməyə çalışmış və bununla baglı layiq olduğu cavabı yenə Azərbaycanın dövlət başçısından "Nə oldu Paşinyan?" ifadəsi ilə almışdı.
Məhz Paşinyan Şuşada uzdəniraq separatçı rejimin parlament binasının ucaldılması barədə göstəriş vermişdi və bütün beynəlxalq qanunlara məhəl qoymayaraq Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının iclaslarını Azərbaycana məxsus Xankəndində keçirirdi.
Lakin küçədən gəlmiş siyasətçi olaraq Paşinyanın səhvi ondan ibarət idi ki, o Qərbdə cızılmış ssenarilərə uygun olaraq Azərbaycanla munasibətlərdə gərginliyi artırmaq məqsədilə ölkəsinin təhlukəsizliyinin əsas qarantı olan Rusiyanın bu məsələdə razılığını almadan hərəkət edirdi. Bu da anlaşılandır, zira bütün bu oyunlar bölgədə Rusiyanın təsir imkanlarını zəiflətmək, onun nufuz dairəsini daraltmaq uçun duşunulmuşdu.
Azərbaycanı bu savaşda tək qoymamaq üçün anqlosakslar Türkiyə və Pakistanı da bu geosiyasi səciyyə daşıyan layihəyə qoşulmağa sövq edə bildilər. Zira bu ölkələrin Azərbaycanın yanında olmaları etnik, dini, mədəni, humanitar, tarixi reallıqlar konteksində izah edilən və anlaşılan olsa da, Britaniyanın bu oyunda "əbədi dostlar deyil, əbədi maraqlar" ampluasında çıxış etməsi şubhə dogurmurdu. Bulanıq suda balıq tutmaq istəyi isə bölgədə Türkiyə və Pakistanı Rusiyaya qarşı qoymaqla zamanında Bzejinski, Kissencer tərəfindən cızılmış layihəni gerçəkləşdirmək idi.
Lakin əvvəllər də dediyimiz kimi Azərbaycan prezidentinin siyasi uzaqgörənliyi və müdrüklüyü nəticəsində burda Suriyada tətbiq edilən, yalnız Rusiya və İranın işə qarışması nəticəsində gerçəkləşməsi mümkün olmayan siyasətin önünə sipəri İlham Əliyev özü çəkdi. Tərəflərin bölgəki maraqlarını nəzərə alan, onların arasındakı ziddiyyətlərdən məharətlə yararlanan prezident Əliyev Azərbaycana dost və qardaş ölkə olan Türkiyənin strateji partnyorumuz olan Rusiya ilə qarşıdurmasına nəinki imkan vermədi, əksinə onların arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qalxmasına töhfəsini vermiş oldu - məhz bunun sayəsində əvvəlcə Moskva razılıqları, sonra isə Şuşa bəyannaməsi əldə edilmiş oldu.
Prezidentin Şuşa bəyannaməsini 1921-ci ilin Moskva və Qars muqavilələri ilə muqayisə etməsi bu mənada təsadüfi sayıla bilməz. Məlum qüvvələrin isə cəhdləri "stəkanda fırtına" yaratmaqdan o yana adlaya bilmədi.
Məqsədimiz bu yazı ilə bölgədə geosiyasi nüfuz dairəsi uğrunda savaşın yeni mərhələyə keçməsi ilə bağlı reallıqlara diqqəti yönəltməkdir. Paşinyan Qərbin müəyyən etdiyi oyunda ötürücü qayış rolunda çıxış edir və bu mənada Moskvanın ona deyil, öz adamı sayılan Köçəryana etibar etməsi anlaşılandır. Belə mürəkkəb bir şəraitdə siyasi avantüraya uymamaq siyasətlə məşgul olan dairələr üçün prioritet əhəmiyyət kəsb edir.
Paşinyanı ğöyərçin, Köçəryana isə qırğı kimi təqdim etmək məlum siyasi dairələrin konyunktur maraqları baxımından anlaşılan olsa da, milli təhlukəsizlik maraqları baxımından daha ehtiyatlı və təmkinli qərarların qəbul edilməsini labud edir.
Paşinyan bu gün iqtidarda olan siyasi xadimdir və  Ermənistanla normal münasibətlərin, hətta böyük sülh sazişinin şərtlərinin müəyyən edilməsində onun rolu və imkanları danılmazdır. Lakin Ermənistanda ona olan etimad qısa zaman ərzində səngiyə bilər, hətta yeni siyasi quvvələr də meydana çıxa bilər.
Nəzərə alınsa ki, böyük siyasəti böyük pullar müəyyən edir, xaricdə isə bu pulları ayırmağa hazır olan quvvələr var, bu halda tərəflərin atdığı hər bir addım izlənilməli, təhlil edilməli, xalqımızın və dövlətimizin təhlukəsizlik maraqları naminə adekvat qərarlar qəbul edilməlidir.
Özü də ikili deyil, xaricdəki qüvvələrin dəyirmanına su tökməklə deyil, geosiyasi reallıqları nəzərə almaq şərtilə!

Комментариев нет:

Отправить комментарий