Страницы

17.09.2021

"İyrənc donuz" təfəkkürü və onu daşıyanlar

Nadir Qocabəyli

Rusiyada Jirinovskini dəstəkləyən xeyli insan var. Bu səbəbdən onun adı məzmununa uyğun gəlməyən Liberal-demokrat partiyası illərdir Dövlət Dumasında üçüncüdür. Ancaq Jurunovskiyə səs verənlər, ona əl çalanlar, onu dəstəkləyənlər üçün nə onun partiyasının adı, nə də məzmunu önəmli deyil. Mən də bu yazıda bundan bəhs etməyəcək, bu mövzuda danışmayacağam.
Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” məşhur operettasında liberal Həsən bəy məclisə belə bir sual verir: “Məşədi İbadın nəyi Rüstəm bəyin xoşuna gəlib ki?” İndi bu Jirinovskinin nəyi və harası o boyda rus xalqının xoşuna gəlir ki, illərdir onu parlament sayca üçüncü saxlayır? Jirinovski ağıllı deyil. İntellektual da deyil. Ona dövlətçi, millətçi, vətənpərvər də demək olmaz, çünki Jirinovski sadəcə hay-küyçü provokator, populist araqarışdırandır. Rusiyadakı ağıllı adamların, siyasətçilərin, ictimai xadimlərin, incəsənət ustalarının ondan xoşu gəlmir. Onunla əksər normal, sağlam düşüncəli ruslar arasında kobud dava-dalaş olub və konflikt var. Jirinovski əxlaqlı adam da deyil, tərbiyəli həyat tərzi keçirmir. Əyyaş və pozğundur. Bu haqda zaman-zaman video-süjetlər də yayılıb...
Elə isə, axı nəyi?! Gəlin bu suala cavab tapmağa çalışaq. Jirinovskini tanıdan, “ala itdən məşhur” edən nədir? Əlbəttə ilk növbədə həyasızlığı və abırsızlığı. Gəlin düşünək, dava salan, səs-küy qaldıran, necə deyərlər, tumanını başına keçirən adama hər yerdə diqqət olur. Jirinovski də hər zaman özünəməxsus həyasız ritorikası, mırıltını xatırladan səsi, utanmaz mimikaları və jestləri ilə yadda qalır. Etiraf edək ki, insanların, xüsusilə də kütlənin belə şeylərə marağı güclü olur. Ancaq Jirinovski təkcə çığırıb-bağırmaqla, söyüş və təhqir yağdırmaqla, dəli kimi əl-qol atmaqla kifayətlənmir. O həm də siyasi şüarlar söyləyir və bu şüarlar millətçi-şovinist, imperialist xarakterdə olur. Düşünün: millətçi-şovinist, imperialist şüarları bütün ölkələrdə və cəmiyyətlərdə dəstəkləyənlər var. Bunlar məhz özünü başqalarından üstün sayan, üstün yaradıldığını düşünən, başqalarını əzib, onların hesabına yaşamağı fəxr bilən pis adamlardır. Ən mədəni, inkişaf etmiş ölkələr belə onlardan sığortalanmayıb. Alman Hitlerin, italyan Mussolininin həmin bədniyyət, bədbəxt adamları başlarına toplayıb, dünyanın başına açdıqları müsibət hər kəsin yadındadır. Hazırda Fransada Mari Le Penin başçılıq etdiyi partiya buna ən bariz örnəkərdən biridir. Onlar gələn il prezident seçkilərində iştirak edəcəklər və millətçi-şovinist, mühafizəkar xanım seçkinin favoritlərindən hesab olunur.
Əlbəttə, yüksək intellektə malik, bilikli, səviyyəli adam şovinist, etnik millətçi ola bilməz. Onun üçün yaxşı insan, yaxşı münasibətlər, faydalı əməkdaşlıq, dostluq, inkişaf, tərəqqi önəmlidir. Ancaq təəssüflər olsun ki, bəşəriyyət hələ bütün insanların yüksək düşündüyü mərhələyə qədəm basmayıb. İrqi, etnik, şovinist meyillərdən, dini və hər cür digər fanatizmdən, şəxsiyyətə, bütə, kanonlara pərəstişdən qurtula bilməyən insanlar bütün millətlərdə mövcuddur və sayları da kifayət qədərdir. Bəşəriyyətin onlardan nə vaxt qurtulacağı tarix bəlli deyil. Hələlik görünən odur ki, onlar çoxdur, bəzi hallarda mütəşəkkildirlər və aparıcı olmasalar da, müəyyən gücə sahibdirlər. Eyni zamanda onları dəstəkləyən, onlara pul verən, onlardan öz xeyrinə istifadə edən hiyləgər insanlar, siyasətçilər, dövlətlər, böyük güclər var. Əksəriyyətə bəllidir ki, millətçi, etnik, şovinist şüarlarla ortaya çıxıb yaxasını cıran, şüvən salan şəxslərin milli kimliyini araşıdıranda onların çox zaman başqa millətlərdən olduğu ortaya çıxır. Görürsən ki, türkçülük edən adam heç türk-filan deyil, eyni zamanda slavyanofillik edənin də salavyanlıqla heç bir əlaqəsi yoxdur. İrançılar da onlar kimi.
Rasist, nasist, şovinist, faşist ovqatlı insanlar incisələr də, gec-tez dərk etməlidirlər ki, bu düşüncə son dərəcə geri və primitivdir. Əsas səbəb insanlığın kökünün bir olması, həm elmi, həm də dini baxımdan bir mənbəyə, qaynağa gedib çıxmasıdır. Dinlər də hamısı vahid və tək Tanrıya aparır. Odur ki, insanlar arasında lazımsız, yersiz mübahisələr, ədavət yaratmaq, münaqişələrə, müharibələrə rəvac vermək sadəcə böyük günahdır. Bu adamlar bilməlidir ki, etdikləri pisliklərdən təkcə başqaları yox, özləri də ziyan çəkir.
Bəzi soydaşlar Jirinovskiyə onun öz tərzində cavab verən İsfəndiyar Vahabzadəyə haqq qazandırır. Hətta onu tənqid edənləri təhqir edənlər, sağlam düşüncəyə təcavüz edənlər də var. Əlbəttə, oğru və əyri həmişə doğrudan bərk qışqırır. Ağıllılarsa axmaqlara borcludurlar. Odur ki, sağlam düşüncə sahibləri təmkinli və səbrli olmalıdırlar.
Gəlin bir anlıq hamımız səbrli davranaq və soyuq başla mühakimə yürüdək. Jirinovski kimisinə onun öz tərzində cavab vermək yaxşı hərəkət sayıla bilərmi? Əgər söyüş söymək, hər hansı xalqı təhqir etmək pisdirsə, Jirinovskinin bütöv bir xalqı “qoyun” adlandırması yekəbaşlıq və ədəbsizlikdirsə, İsfəndiyarın başqa bir xalqa “iyrənc, üfunətli donuz” deməsi necə yaxşı ola bilər? Jirinovski bizi söyübsə, biz də ellikcə onlarımı söyməliyik? Yaxud söyəni alqışlamalıyıq? Bu necə məntiq, necə sağlam təfəkkürdür?
Bəlkə Jirinovskinin bu mövqeyini bəyənməyən, təqdir etməyən ruslarla Vahabzadənin cavabını qəbul etməyən azərbaycanlıların birliyinə nail olaq? Çünki bu mövqe daha mütərəqqidir və müsbət nəticə verər, dostluğa, sağlam mühitin yaranmasına, əlaqələrin genişlənməsinə, ticarətə, alverə, qazanca, sevgiyə səbəb olar. Əksini düşünək: ruslar iki ayaqlarını bir başmağa dirəyib Jirinovskini müdafiə, bizi təhqir edir, azərbaycanlılar da Vahabzadənin ətrafında cəm olur və başlayırıq Rusiya ilə müharibəyə. Peşman olmayacağınızdan, ağlamayacağınızdan, göz yaşları tökməyəcəyinizdən əminsiniz? Mən əmin deyiləm.
Vaxtilə Zəlimxan Yandarbiyevin Boris Yeltsinin qarşısında papağını çıxarmaq istəməməsini böyük qəhrəmanlıq sayanlar Çeçenistanın sonrakı aqibətini gördülər. Əgər sonunda Çeçenistanı Ramzan Kadırov kimi birinə qoyacaqdılarsa, bütün bunları etməyinə dəyərdimi? Yandarbiyev o zaman ağıllı, müdrik, uzaqgörən siyasətçi olardı ki, papağını çıxarıb qoyardı qarşısına, böyük ölkənin rəhbəri ilə dil tapmağa çalışardı və xalqını bəlalardan qoruyardı.

azvision.az

Комментариев нет:

Отправить комментарий