Страницы

23.01.2022

Vəsfi-dildardə Təbriz də qələm sındırdı

Təbriz Hüseyni

Könlümü şad etməyə gəlmişdi canan bir dəfə,
Qismət oldu gördüm ol dildarı pünhan bir dəfə.

Ey mənə rişxənd edən, sən əsl aşiqsənsə gər,
Mən təki pərvanə ol, şəm eşqinə yan bir dəfə.

Yarı kəbəm bildiyimdən Həqqi düz zikr etdim,
Səhvi yüz bir dəfə etdim, zikri doxsan bir dəfə.

Eşqə canın kim fəda etmişsə min-min qəm görər,
Zövq alar qəmdən Xuda verməklə dərman bir dəfə.

Təbriz, eşq uğrunda canın da tamam məhv eyləsə,
Sevdiyi canan deməz əfsus ona can bir dəfə.

Eşq rahın çox adam dərk eyləmir, eşqin özü
Qəm verir min bir dəfə, amma alır can bir dəfə.

Qiymətin mən bilmədim, bildikdə canan gəlmədi,
Çərxi-kəcraftarı dövrün verdi imkan bir dəfə.

Qarşısında canımı qurban verərdim, ol nigar
Lütf edib ləli-ləbindən etsə ehsan bir dəfə.

***
Badeyi-eşqi verəndən bəri qəm sındırdı,
Rəhmsiz yarım edib qəddimi xəm sındırdı.

Necə insafü-mürüvvətdən uzaqdır ki gedib
Həm mənim qəlbimi məhv eylədi, həm sındırdı.

Bildi əhvalımı Məcnun da ağıllandı daha,
Fərhad öz tişəsini, əhdi Kərəm sındırdı.

Öldü sevda deyilən səltənətin sultanı, 
Ləşkəri-eşqdə bayraqdar ələm sındırdı.

Gördü bir dəfə mübarək üzünü ar elədi,
Vəsfi-dildardə Təbriz də qələm sındırdı.

Комментариев нет:

Отправить комментарий