Страницы

17.04.2022

"Qurdlar vadisi"ndəki bozqurdlar NATO-nun əmrində

Nəzakət Məmmədova

Qladio adı Azərbaycan oxucusuna "Kurtlar vadisi" filmindən sonra tanış gəlməyə başladı. Filmdəki bir çox hadisələr bəlkə də bir xəyal ürünü olsa da, Qladio gerçəyi böyük bir həqiqətdir. Suriyadakı Rusiya təyyarəsi vurulduqdan sonra məsuliyyəti öz üzərinə "Boz qurd" təşkilatı götürdü. Rusiya hesab edir ki, "Boz qurd"un yaranması Üçüncü Reyxin SS təşkilatı ilə bağlıdır, sonradan isə ABŞ kəşfiyyat orqanları ilə əlaqədə çalışmağa davam edib. Rusiya tərəfi hesab edir ki, Türkiyə Milli İstihbarat Təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Soyuq müharibə dövründə çox yaxın əlaqədə fəaliyyət göstərib. "Boz qurd" təşkilatı isə Qladionun gizli bir qolu olub. Heç təsadüfi deyil ki, Ərdoğan təyyarənin vurulması ilə bağlı bəyan etmişdi ki, Türkiyə ordusunda ona tabe olmayan güclər var. O FETO-nu bu məsələdə ittiham etmişdi. İstər FETO, istərsə Rusiyanın iddia etdiyi kimi bozqurdlar olsun, Moskva bunu ABŞ və NATO kəşfiyyatının iki ölkənin arasını vurmaq üçün xüsusi əməliyyatı hesab edir.
Hesab edilir ki, Boz qurdlar Qladionun Türkiyə uzantısıdır. Rusiya mənbələri Alparslan Türkeşin ABŞ-ın təlimatı əsasında "Boz qurd" təşkilatı yaratdığını iddia edirlər. 1960-cı ilin may ayındakı dövlət çevrilişinin Boz qurdlar tərəfindən həyata keçirildiyi də iddialar arasındadır. Qladionun Türkiyədə 1960-cı il 27 martdan başlayaraq sonradan həyata keçirdiyi üç dövlət çevrilişi onların uğurlu əməliyyatları hesab olunur. Menderesin həbsinin və edam olunması əmrinin Qladio tərəfindən verildiyi iddia olunur.
Ərdoğanın bu təşkilatı sevmədiyi məlumdur. Türkiyə dövlət başçısının öz çıxışlarında tez-tez Menderesi sayğı ilə xatırlaması onun millətçi təşkilatlara, ABŞ-a, NATO-ya olan qəzəbi ilə vəhdət təşkil edir. Ağ Evin Menderesin asılmasına sakit yanaşması şübhə doğurur və güman edilir ki, Vaşinqton çevrilişin Türkiyənin NATO üzvlüyünə xələl gətirməyəcəyini əvvəldən razılaşdırmışdı. Üstəlik, Menderesin SSRİ-yə səfəri ərəfəsində edam edilməsi bunu təsdiq edir.
ABŞ Türkiyədə 1960-cı il çevrilişini əvvəlcədən bilirdi, Vaşinqtonun Ankaradakı səfirliyinə hələ 1957-ci ildə bu barədə məlumatların ötürüldüyü qeyd edilir. Mendereslə birgə 449 yüksək mövqeli siyasi xadim də həbs edildi və edam edildi. Qladio həmin dövrdə və ondan sonra bütün dünyada öz fəaliyyətini genişləndirmişdi. Bu təşkilat 40 ildən artıqdır ki, NATO tərəfindən yaradılıb və Türkiyədən başqa digər NATO üzvü olan və olmayan ölkələrin ərazisində gizli şəbəkə formasında fəaliyyət göstərir.
Qladio tam məxfi şəkildə fəaliyyət göstərib və onun haqda məlumatlar yalnız 90-cı illərdə gün işığına çıxıb. Buna əsas səbəb 1972-ci ildə İtaliyada törədilmiş terror aktı olmuşdu, hansı ki cəmiyyət onun solçu "Qırmızı briqada" tərəfindən törədildiyinə inandırılmışdı. Əslində isə gənc italiyalı hakim işdə çoxlu müəmmalı halların olduğundan şübhələnib 1984-cü ildə hadisə ilə bağlı təkrar araşdırma aparmağa başladıqdan sonra onun kommunistlər tərəfindən deyil, ultrasağ "Yeni qayda" təşkilatı tərəfindən planlaşdırılıb həyata keçməsini sübut etmişdi. Gənc hakim Kasson müəyyən etmişdi ki, işdə ekspert kimi iştirak edən Morin "Yeni qayda" faşist təşkilatının gizli üzvüdür və qəsdən yalançı ekspertiza rəyi verərək teraktda istifadə olunmuş partlayıcı maddənin "Qırmızı briqada"nın əvvəllər bu kimi hallarda istifadə etdiyi maddə ilə eyni olmasını yalandan əsaslandırıb. Vicdanlı hakim Kasson sübut edə bildi ki, Peteanodakı partlayışdakı maddə həmin dövrün ən güclü partlayıcısı olan C-4 olub və yalnız NATO arsenalında mövcud ola bilərdi. 1972-ci ildə Triyest yaxınlığındakı saxlancda həmin maddələrin eynisinin tapılması bu işin uzantısının NATO və onun Qladio adlanan təşkilatına qədər gedib çıxmasını göstərirdi. Burda "Yeni qayda"nın Müdafiə nazirliyinin SID adlı İtaliya hərbi kəşfiyyatının məxfi strukturu ilə gizli işbirliyi də ortaya çıxdı. 90-cı illərdə gənc hakim İtaliya baş naziri Andreottidən icazə alaraq İtaliya məxfi hərbi xidməti olan SİSMİ-nin arxivlərində işləməyə başladı və həqiqətən də Qladionun mövcudluğunu, onun NATO ilə əlaqlərini aşkara çıxardı. Baş nazir Andreotti 1990-cı ilin avqustunda parlamentdə Qladionun mövcudluğunu etiraf etdi, lakin onun fəaliyyətinin 1972-ci ildə başa çatdığını bəyan etdi. Daha sonralar isə Qladionun fəaliyyət göstərdiyini qeyd etmişdi. Bu məsələyə ictimaiyyətin diqqətindən sonra başlanan araşdırmalardan İkinci dünya müharibəsindən sonra məlum oldu ki, İtaliyada meydana çıxan təşkilat sonradan beynəlxalq gizli şəbəkəyə çevrilib və ən azından 14 Avropa ölkəsində hətta onların rəsmi hakimiyyətlərindən belə gizli şəkildə fəaliyyət göstərib.
Qladionin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və İngiltərənin MI-6 təşkilatının nəzarəti altında işlədiyi ehtimal olunur. Qladionun mövcudluğu barədə məlumatlar ortaya çıxan kimi Avropa Birliyi üzv ölkələrin onu araşdırması barədə qətnamə qəbul etsə də, əksər ölkələr bundan imtina etdi.
Təşkilatın bir çox məqsədləri var ki, onların sırasında yad bayraq altında - solçu hərəkatlar adından terror aktları, qarışıqlıq yaratmaq və s. Avropa əhalisi arasında qorxu, təşviş yaratmaqla onların təhlükəsizlikləri naminə öz demokratik hüquq və azadlıqlarından könüllü imtina etməyə məcbur etmək, eyni zamanda solçu cərəyanlara nifrət yaratmaq da Qladionun məqsədlərindəndir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin silahla təchiz etdiyi Qladionun kilsələrdə, qəbirstanlıqlarda və s. yerlərdə öz silah-sursatını gizlətdiyi məlum oldu. İtaliyanın o vaxtkı baş naziri Andreotti Qladionun ölkə daxilində terrorla məşğul olduğunu təkzib etsə də, 2000-ci illərdə parlament komissiyası araşdırması bunun əksini sübut etdi. Onun təhqiqatıının nəticəsində deyilirdi: bu partlayışlar, əməliyyatlar amerikan kəşfiyyat strukturları ilə bağlı olan İtaliyanın dövlət orqanlarının dəstəyi ilə həyata keçirilib.
ABŞ-ın İraqa hücumu ilə başlayan Körfəz müharibəsi İtaliyadakı Qladio qalmaqalını bir müddət arxa plana atdı. Lakin elə həmin dövrdə Yunanıstan baş naziri Papandreu da ölkəsində Qladionun mövcudluğu barədə bəyanat verdi. Artıq bütün Avropa üzərində Qladio kabusu dolaşmağa başladı. Almaniya əhalisi keçmiş SS üzvünün ölkədəki Qladio şəbəkəsinin üzvü olmasından şoka düşdü. Belçikanın xüsusi parlament komissiyasının araşdırması bu ölkədə də Qladionun fəaliyyətini təsdiqlədi. 1990-cı ilin oktyabrında elə həmin Brüsseldə Qlgadionun Avropanın müxtəlif ölkələrindəki şəbəkələrinin generalları ilə gizli toplantısının keçirildiyi məlum oldu. Toplantıya Belçikanın SGR məxfi hərbi xidmətinin rəhbəri general Raymond van Kalsterin başçılıq etdiyi məlum oldu. Baxmayaraq ki Fransanın o dövrkü prezidenti Mitteran Qladionun çoxdan buraxıldığını iddia edirdi, Belçika toplantısında onun təmsilçisinin də iştirak etdiyi bildirildi. Almaniya Parlamenti araşdırdı ki, Avropadakı gizli orduların koordinasiyası NATO-nun Kastadakı məxfi qərargahından idarə olunub. Oraya giriş qapısı bank seyfinə oxşayır və dövriyyədə olan sənədlər "ancaq amerikalılar üçün" qrifi ilə çap olunur. İfşa olunan faktlardan məlum oldu ki, Qladio ordularına məsul olan NATO-nun gizli planlaşdlrma komitəsi var və o sağ ekstremist qrupları təqibdən qoruyub. Komitə ABŞ, Fransa, İngiltərə tərəfindən idarə olunub, onun iclaslarında Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri iştirak ediblər. Belçika, Hollandiya, Fransa, İspaniya, Türkiyə və başqa ölkələrin gizli ordusunun olduğu məlum oldu.

correct.az

Комментариев нет:

Отправить комментарий