Страницы

11.06.2022

OSMANLI HAQQINDA “TUR HƏQİQƏTİ”: TÜRKLƏR İSTANBULU İŞĞAL ETMƏDİLƏR, AZAD ETDİLƏR


Aleksandr Duqin, “Turan”, 6-cı hissə

Osmanlı dövlətinin findamentini türk-pravoslav qardaşlığı qoymuşdur.
Tarixçilər bildirirlər ki, Konstantinopolun türklər tərəfindən fəthi yerli xalqlar tərəfindən faciə kimi qarşılanmışdır. Bizans İmperiyasının əsas pravoslav xalqları olan yunanlar, bolqarlar və serblər türklərdən asılı hala düşdülər ki, bu da tarixçilər tərəfindən sırf siyasi-dini fəlakət, bəd esxatoloji akkord kimi səciyyələndirilir. Roma İmperiyasının paytaxtı Konstantinopolun süqutundan sonra pravoslav dünyasında Moskvanın dünya pravoslavlarının paytaxtı kimi meydana girməsi ideologeması da meydana çıxdı: Moskva – Üçüncü Rim. Pravoslav yunanların katolik uniyasına etiraz etmələri qüdrətli pravoslav dövləti olan Moskva Rusiyasını məcbur etdi ki, Konstantinopolun süqutu ilə bağlı meydana çıxan çağırışlara cavab olaraq yeni tarixi-dini və siyasi cavablar axtarsın.
Çar İvan Qroznının dövründə rus Çarının statusunun Bizans İmperiyasının varisi kimi fiksasiyası və Moskva Rusiyasının Üçüncü Rim kimi formal təsdiqlənməsi baş verdi. Lakin maraqlıdır ki, elə həmin dövrdə İvan Peresvetov adlı müəllifin xalqa müraciəti meydana çıxdı. Bəzi tarixçilər İvan Peresvetovun elə çar İvan Qroznının özü olduğunu, bu mətni elə çarın özünün yazdığını bildirirlər.
İvan Peresvetov Konstantinopolun türklər tərəfindən fəthinə tam fərqli, qeyri-adi və gözlənilməz qiymət verirdi.
Peresvetov “Tur həqiqəti” deyilən həqiqəti açır, əsl adı Çarqrad olan, pravoslavların qədim şəhəri Konstantinopolun süqutunun əslində əhalinin pravoslav dinindən dönməsi və dövlətin siyasi cəhətdən çürüməsi ilə bağlı Allahın cəzası olduğunu bəyan edirdi.
Peresvetovun müraciətindən türklərin Konstantinopolu tutmaqla pravoslavları məhv etdikləri yox, xilas etdikləri aydınlaşırdı.
Peresvetov osmanlıların qələbəsini və bizanslıların məğlubiyyətini sonuncuların pravoslavlıqdan üz döndərmələri, pozğunluğun və korrupsiyanın baş alıb getməsi, yunan idarəçiliyinin daha effektiv olmaması ilə izah edirdi. O bildirirdi ki, siyasi idarəetmənin türk modeli yunan modelinə baxanda daha mükəmməldir, ədalətlidir və işləkdir. O Mehmed sultanı müdrik filosof adlandıraraq pozğun və korrupsiyalaşmış aristokratiya ilə əhatələnmiş iradəsiz və bivec imperator Konstantindən qat-qat üstün olmasını göstərirdi. O öz baxışını “Tur həqiqəti” adlandırırdı: onun fikrincə osmanlıların uğuru məhz idarəçiliklərindəki ədalətlə - “həqiqətlə” izah olunmalıdır.
Qeyd edək ki, bizanslıların pravoslavlıqdan üz döndərmələri Moskva – Üçüncü Rim teoriyasının rəsmi versiyasında da göstərilirdi ki, bizansllar Florensiya Uniyasının arxasınca getdilər, pravoslavlığı satdılar və buna görə də müsəlmanlar tərəfindən cəzalandırıldılar.
Peresvetov “Tur həqiqətini” izah edərkən danışırdı ki, sultan igidləri, düzləri, sədaqətliləri və ləyaqətliləri yüksəldir, rüşvəti yaxın buraxmır, hakimiyyətə bütün dinlərdən və etnoslardan olan adamları qoyur, öz şan-şöhrətinin və şəxsi maraqlarının yox, ilk növbədə dövlətçiliyin qayğısına qalır, adi əsgərləri ilə səfərlərə çıxaraq döyüşlərdə iştirak edir. Əslində İvan Qroznının özü olduğu güman edilən müəllif osmanlı paradiqmasında Turan idarəçiliyi görürdü, hind-avropa İmperiyası formulunun mahiyyətini üzə çıxarırdı: sərt mərkəzləşdirmə, hərbi aristokratiyanın cəsur və güclü əsgərlər içindən seçilməsi, etno-dini müxtəlifliyə fərq qoymadan hərtərəfli dözümlülük, dövlətin ordu kimi qurulması. Müəllif göstərirdi ki, belə “Tur həqiqətinin” mənbəsi və məramı Allah özüdür. Ona görə də müəllif bu fikrə gəlmişdi ki, Mehmed sultan elə gizli xristiandır ki var. Çünki o elə bir yol gedir ki, xristian çarı məhz o yolu getməlidir. Mehmed sultan da ona görə müdrik filosofdur ki, xristian kitablarını oxudu, İsa Peyğəmbərin nəsihətlərinə əməl etdi. Peresvetovun fikrincə belə “Tur həqiqətinə” qarşı kontrastına görə “yunan ikiüzlüyü” dururdu: rüşvət, ifrat dəbdəbə, yüksək dövlət postlarına adamları şəxsi keyfiyyətlərinə görə deyil, aristokrat tayfalardan olmalarına görə götürmək - bax bunlar da Bizans dövlətinin axırını gətirdi.
“Tur həqiqətini” İvan Qroznı dövlət proqramına çevrildi (qeyd edək ki, Qroznının anası Yelena Qlinskaya Krım xanı, etnik türk Mamayın soyundan idi). Bu yanaşma İvan Qroznının yaratdığı opriçnik ordusunda da özünü göstərdi ki, imperiya tipi ordu təşkilatı olması ilə osmanlı ordusunu xatırladırdı.
Peresvetov bildirirdi ki, rus çarında “Tur həqiqəti” pravoslav inamı ilə uzlaşmalıdır.
Görünən odur ki, məhz 15-ci əsrin ikinci yarısından Moskva dövləti qəti və birmənalı şəkildə tam Turan dövlətinə çevrilir, Çingizxanın İmperiyasını yenidən yaratmağa başlayır. Bu osmanlılarda müşahidə olunan Turan başlanğıcının (“Tur həqiqətinin”) əldə silah edilməsi sayəsində baş verir.
Beləliklə rus çarının və onun ideoloqunun “Tur həqiqətini” qavraması sayəsində Turan əhdinin qayıdışı gerçəkləşir. Bu əmanət hind-avropalılardan altaylar, xüsusən də türk-osmanlılar vasitəsilə yenidən slavyanlara çatdırılır ki, sonuncular Turan Loqosunun ilkin missiyasını öz istorialları strukturunda dərk edirlər.
Peresvetov belə deyirdi ki, əgər bizanslıların “xristian inamında Tur həqiqəti də olsaydı, onlarla mələklərin özləri söhbət edərdilər”.
Konstantinopolu tutduqdan sonra osmanlılar geopolitik Bizans İmperiyasını yenidən yaratmağa başladılar ki, bura həm pravoslavların inteqrasiyası, həm də islamın dirçəlişindən sonra itirilmiş Yaxın Şərq və Şimali Afrika torpaqlarının da qaytarılması daxil idi. Amma bu dəfə fəthlər dalğası Ərəb xilafətində olduğu kimi cənubdan şimala deyil, geri istiqamətə - mərkəzi Roma paytaxtı Konstantinopol olmaqla şimaldan cənuba baş aldı. Bu cəhətdən osmanlı sultanlarının hakimiyyəti olduqca maraqlı fenomendir. 
Dini faktoru və idarəedici elitanın etnik tərkibini (yunanların, slavyanların, farsların və s. daxil olduğu müxtəlif xalqlardan təşkil olunmuşdu) bir kənara qoysaq, biz ilk baxışda Bizansın, demək Romanın dirçəlişini görürük. 2-ci Mehmed Fatehin nəvəsi 1-ci Səlimin dövründə Yaxın Şərq və Şimali Afrika, o cümlədən Ərəbistan özü Konstantinopolun hakimiyyəti altına düşür, yəni Avropa paytaxtına tabe olur. Regionda ərəb (semit) Cənubu deyil, turan Şimali dominant gücə çevrilir. Odur ki Osmanlı İmperiyasına Bizans İmperiyasının birbaşa varisi kimi baxmaq tendensiyası da vardır. Bəzi tarixçilər bildirirlər ki, hətta 2-ci Mehmed pravoslavlığa keçmək istəyirdi ki, türkləri əsl bizanslı eləsin. Düzdür bu baş vermədi, amma bizans yunanlarının çoxu anlaqlı və könüllü şəkildə Osmanlı dövlətinə xidmətə getdilər ki, bu da dövlətin çiçəklənməsinə, möhkəmlənməsinə və qüdrətlənməsinə mühüm töhfələr verdi.
Müasir yunan geopolitiki Dimitris Kiçikis pravoslav yunanların türklərə dəstəyinin və Osmanlı İmperiyası quruculuğunda yaxından iştiraklarının izahını aydın şəkildə verir. Kiçikis öz tədqiqatlarında göstərir ki, türklər Konstantinopolu götürəndə şəhər işğal altında idi və yerli əhali yadellilərin zülmü altında inildəyirdi. Əslində türklər tərəfindən zəbt olunan zaman Konstantinopol onun həqiqi sahiblərinin – pravoslavların əlində olmayıb, genuyalıların və venesiyalıların, yəni anqlosakson katoliklərin əlində olub. Kiçikis yazır: “Konstantinopolun 1204-cü il franklar tərəfindən işğalı ilə Mistra və Trapezundun 1453-1461-ci illər arasında osmanlılar tərəfindən tutulması arasındakı dövrdə bizanslılar 2 düşərgəyə bölünmüşdülər – latın tərəfdarları və türk tərəfdarları. 1081-ci ildən etibarən Bizans imperiyası frankların müstəmləkə zülmü altında qalmışdı. Onun sakinləri daha dənizdə üzmürdülər və quruda hərəkət etmirdilər. Ticarətdən gələn bütün qazanclar xarici tacirlərin cibinə axırdı. Bunlar da əsasən venesiyalılar və genuyalılar idilər ki, eksterritorial hüquqlarla Bizans şəhərlərinin xüsusi təminatlı məhəllərində yaşayırdılar. Latınlar tərəfindən edilən belə iqtisadi istismar və pravoslav kilsəsindən tam tabeçilik tələb edən Romanın dini dözümsüzlüyü qarşısında zor gücü ilə tam latınlaşdırılacağını görən xalq üçün türklərin gəlişi yaranmış vəziyyətdən çıxış yolu kimi görünürdü”.
Bizansda türk tərəfdarları partiyasına xalq kütlələri dəstək verdilər ki, torpaq aristokratiyasının ağalığının güclənməsindən sonra acınacaqlı hala düşmüşdülər. Sosial krizisdən başqa dini krizis də vardı. Nəhəng monastır mülklərində kəndliləri istismar edib qul kimi işlədirdilər. Din xadimlərinin çoxu var-dövlət eşqi ilə alışıb yanırdılar, pozğun həyat tərzi sürürdülər, monaxlar isə ibadətxanalara məşuqələrini gətirirdilər. Xristian dininə etinasızlıq yaranmışdı. Türklər imperiyadakı bu cür ikiqat sosial-mənəvi krizisi görürdülər. Belə bir şəraitdə türklərin Konstantinopolu götürməsinə və Bizans məmləkətinə yiyələnməsinə yerli xalqlar özləri xeyir-dua verdilər.
Türklərin özlərini xarici səyahətçilər 15-ci əsrin birinci yarısında o dərəcədə yüksək mənəviyyatlı adamlar hesab edirdilər ki, “türk” adı sosial ədalətə can atan xeyirverən insanın sinoniminə çevrilmişdi. Nəticədə həm yunanlar, həm də türklər Bizansın osmanlılar tərəfindən götürülməsinə Allahın qisməti kimi yanaşmağa başladılar.
Beləliklə osmanlılar Konstantinopolu zəbt etməmişlər, yerli xalqların razılığı ilə götürmüşlər. Katolik zülmündən bezən pravoslavlar Konstantinopolun fəthindən sonra nəinki türklərə qarşı çıxdılar, əksinə onlara dəstək verdilər. İlkin Osmanlı dövləti elə türk-pravoslav dövləti olmuşdur. Fənərlilər – Konstantinopolun mərkəzində Fənər rayonunda yaşayan pravoslav yunanlara deyilirdi ki, onlar Osmanlı dövlətinin elitası sayılırdılar. Ümumdünya Pravoslavları Patriarxının rezidensiyası da bu rayonda yerləşirdi və Osmanlı dövlətinin himayəsi altında idi. Pravoslav ictimai-siyasi və din xadimləri Osmanlı sultanına sığınmışdılar. İoann 8-ci Paleoloqun katoliklərlə uniya bağlamaq üçün Florensiyaya 1439-cu il səfəri zamanı onu məsləhətçi qismində müşayiət edən 4 məşhur filosofdan 3-ü ordan geri türkmeylli qayıtdılar və Osmanlı hakimiyyətinə üz tutdular. Katoliklərlə uniya imzalanmasına qarşı çıxan Georgi Sxolariy Konstantinopolun fəthindən sonra 2-ci Mehmed tərəfindən Ümumdünya Patriarxı təyin olundu. Trapezund imperatorunun islamla siyası yaxınlaşma yolları axtaran kamerqeri Georgi Amirutsi 1461-ci ildə imperatoru Trapezundu könüllü şəkildə 2-ci Mehmedə verməyə inandıra bildi, sonra isə sultanın yanında xidmətə götürüldü və onun ən yaxın adamlarından birinə çevrildi. Georgi Amirutsinin islamı qəbul etmiş oğlu sultan tərəfindən nazir postuna təyin olundu. 1453-cü ilə kimi İtaliyaya gəlmiş Georgi Trapezundski Konstantinopolun fəthindən iki ay sonra 2-ci Mehmedə məktub göndərərək türk və yunan xalqlarını siyasi cəhətdən birləşdirməsini xahiş etdi. Beləcə latınmeyllilərin Qərblə ittifaqa olan bütün ümidləri puça çıxdı və türklərin yolu açıldı. Xalq latınları yox, türkləri dəstəklədi. Konstantinopolu tutduqdan sonra 2-ci Mehmed kilsənin arzusunu yerinə yetirərək pravoslav xalqını öz himayəsi altında bir yerə yığdı (11-ci əsrdə İmperiya qurulandan sonra bir neçə yerə - latınların, serblərin, bolqarların, türklərin yaratdırdıqları dövlətlərə bölünmüşdülər).
Georgi Trapezundski ellinizmlə türkizmin vəhdətinin və qarşılıqlı əlaqəsinin region üçün vacıbliyinə əsaslanaraq Türk-Yunan siyasi birliyi proyekti hazırladı. 2-ci Mehmed Fatehin Konstantinopola daxil olmasının səhəri günü Georgi Trapezundski ona 2 məktub göndərərək sultana gerbində ikibaşlı qartal olan türk-yunan dövləti yaratmağı məsləhət verdi. Konstantinopolun fəthindən iki ay sonra isə o “Xristian inamının həqiqəti barədə” adlı araşdırma hazırlayaraq sultana göndərdi. Bu araşdırmada o sübuta yetirirdi ki, islam və xristianlıq o qədər də prinsipial fərqlərə malik deyillər və sultan hər iki dindən olanları bərabərlik əsasında bir skipetr altında birləşdirməlidir. 2-ci Mehmed də öz növbəsində regionun layiqli imperatoru olmaqla pravoslav kilsəsinə ilk əvvəldən türk-ellin birgə hökmranlığının fundamentini təşkil edən və düz 19-cü əsrə kimi get-gedə artan imtiyazlar verdi.
Varisi olduğu Bizans İmperiyası qismində mövqeyinə görə Aralıq regionu ölkəsi olmaqla elə özünün qərbdəki Vena və şərqdəki Pekin analoqları kimi Osmanlı imperiyası da ümumdünya mahiyyətinə malik idi.
Bu dövlətin ümumbəşəri məna daşıdığını Georgi Trapezundski də 1466-cı ildə 2-ci Mehmed Fatehə yazdığı məktubunda göstərirdi: “Heç kəsin şübhəsi yoxdur ki, siz hüquqi cəhətcə romalıların imperatorusunuz. Həqiqilikdə imperator o adam sayılır ki, qanunla imperiya taxt-tacinin sahibi olsun. Roma İmperiyasının taxt-tacı isə Konstantinopoldur. Məntiqlə kim bu şəhərin sahibidir, o da imperatordur. Sən qılıncınla fəth etdiyin taxt-tacın insanların adından deyil, Allah tərəfindən sahibisən: demək sən elə romalıların qanuni imperatorusan. Və kim ki romalıların imperatorudur – o bütün dünyanın imperatorudur”. Bu namədə osmanlı sivilizasiyasının xüsusi missiyası aydın şəkildə ifadə olunub.
Tarixçilər Konstantinopoldakı Müqəddəs Sofiya Məbədinin məscidə çevrilməsinə pis hal kimi baxırlar. Onlar həmin məsələni müzakirə edərkən bunu qalibin məğlub edilən üzərində kobud dini zorakılıq aktı kimi səciyyələndirirlər. Elə müsəlmanlar özləri də bu işə yaxşı yanaşmırlar. Belə ki müsəlmanların nəzərində xristianlar da kitab əhlidirlər və onların ziyarətgahlarının təhqir edilməsi Qurana zidd sayılır. Məscidlər ayrıca tikilməlidir, minarələri isə kilsələrin günbəzlərindən uca olmalıdır ki, islamın üstünlüyü ifadə olunsun. Həm də kilsənin məscidə çevrilməsi islamı xristianlıqla eyniləşdirmək mənasına gəlir ki, bununla islamın mahiyyəti bir növ “aşağı salınır”. Beləliklə osmanlıların bu jesti nə müsəlmanlar, nə də xristanlar tərəfindən başa düşülür. Əslində isə bu məsələnin mahiyyəti tam fərqlidir. Türklərin din anlamında əsas tərəfi dini sinkretizm tutur. Türklər üçün müqəddəs məkan elə müqəddəs məkandır – o necə qurulub və onda hansı tanrıya ibadət edirlər, bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Türklər bu jestləri ilə bir daha bütün dünyaya mənəvi sivilizasiyanın varisləri olduqlarını göstərdilər. Sübut etdilər ki, Bizans irsinin layiqli davamçılarıdır. Onlar başqalarının bunu necə qəbul edəcəyinə fikir də vermədən bunu etdilər. Bəli, bu yad dindən olanların müqəddəs məkanını təhqir etmək deyil, bu teoloji cəhətdən səmimi, türk təfəkkürü kontekstində tam başa düşülən sinkretik bir gedişdir.
Analoji sinkretizmi biz yeniçərilərdə görürük ki, Osmanlı dövlətində ən nüfuzlu sufi ordeni olan bektaşilərin qollarından idi və dövlətin həyatında vacib sosial-siyasi rol oynadılar. Yeniçərilər əsasən xristian ailələrindən seçilirdilər. Onları uşaq yaşlarından götürüb tərbiyələndirirdilər və spesifik dini məzmunlu dövlətçilik ideyasının daşıyıcılarına çevirirdilər ki, bu məzmunda sufi islamı ekstatik praktikalar daxil olmaqla xristian monaxlığının bəzi asketik formaları ilə çuğlaşırdı. Onların analoqları Orta Asiya türklərində olan qulamlar və Səfəfilərdə olan qızılbaşlar idi. Sufi döyüşçüləri olan yeniçərilər osmanlı ordusunda hələ 1365-ci ildən, Konstantinopol alınmamışdan qabaq döyüş bölmələrindən biri kimi meydana çıxmışdılar və 1826-ci ildə, Osmanlının qürubu dövründə ləğv olundular. İmperiyanın bir çox dövrlərində yeniçərilərin rolu həlledici oldu. Onlar nəinki sultanın seçmə və sadiq qoşununu təşkil edirdilər, həm də osmanlı elitasının ali administrativ kadrları üçün mənbə rolu oynayırdılar. Yeniçəri ordusuna yalnız qeyri-türk ailələrə məxsus uşaqlar düşürdü. Bu yolla sultanlar “Tur həqiqətini” təsdiqləməyə və möhkəmlətməyə çalışırdılar: klan, ailə və korrupsiya strategiyalarından qaçırdılar ki, bu hallar ali hakimiyyəti laxladır və şəxsi maraqları dövlət maraqlarından yüksəyə qoya bilir. Türk yeniçəriləri ilə rus opriçnikləri arasında da paralellər aydın görünür. Yeniçəriləri “Portanın qulları” adlandırırdılar ki, bu da onların sırf İmperiyaya sədaqətli olmalarının göstəricisi idi. Yeniçərilər ordenində dini sufi ayinlər sıx şəkildə İmperiyanın metafizikası ilə onun iki versiyasında – bizans-xristian və turan versiyalarında birləşirdi. Hərb sənətindən başqa yeniçərilər xəttatlığı, hüququ, ilahiyyatı, ədəbiyyatı və dilləri öyrənirdilər.
Beləliklə Osmanlı İmperiyasında dominantlıq edən islam əvvəlki ərəb xilafətlərindəki islamdan bir çox fərqliliklərə malikdir. Ərəb xilafəti ilə Türk xilafəti arasındakı bu köklü fərqliliklər elə nominal şəkildə Abbasilər sülaləsinin sonuna qədər mövcud olmuşdur. Türk xilafəti dövründə isə Abbasilər dövründən yığılıb qalmış sintetik və universal cizgilər ön planda qabarmışdır. Nəticədə xüsusi sivilizasiya fenomeni olan türk islamı, yaxud osmanlı islamı meydana çıxmışdır.
Konstantinopolun fəthindən sonra türk-pravoslav qardaşlığının katolik Avropaya qarşı yeni müzəffər erası başlandı.

Комментариев нет:

Отправить комментарий