Страницы

16.11.2022

Valeri Korovin: Quduz çaqqalların hücumları nə qədər artırsa, Rusiya bir o qədər güclənir


Valeri Korovin: “Rusiya Qərbə qalib gələrək Katexon İmperiyası quracaq”

Rusiyalı politoloq, İzbor Klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovin “Ednews”a müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Sizcə, Rusiya Federasiyası ilə Qərb arasında Ukrayna böhranı ilə bağlı qarşıdurma fonunda dünyada hələ də nüvə müharibəsi təhlükəsi varmı?
- Bu gün nüvə müharibəsi təhlükəsi son dərəcə yüksəkdir. Məhz ona görə ki, Qərbin birqütblü layihəsi sonuna doğru irəliləyir, lakin Qərbin özü, daha doğrusu onun başında duran bir dəstə cin yoluxmuş manyak bütün vasitələrlə artıq ölmüş, legitimliyini itirmiş, bəşəriyyətin əksəriyyətinin rədd etdiyi şeydən yapışaraq, bunu etiraf etmək istəmir. Məhz mütləq çoxluq ilə azlığın mövqeləri arasındakı labüd narazılıq dünyanı ehtimal olunan nüvə apokalipsisi zərbəsi altına qoyur. Rusiya dünya səhnəsinə qayıdır, döyüş meydanlarında baş verənlər ABŞ hökmranlığının alternativinin olmadığı, birqütblü dünyanın isə “obyektiv reallıq” olduğu bir vaxtda dünyaya alternativ ümid verir. Artıq heç kəs Qərbin təkbaşına hökmranlığı ilə razılaşmır. Hətta Avropa da ABŞ-ın ona hakim olması ilə razı deyil. Amerikanın mühafizəkar çoxluğu da liberal demokratik azlığın dominantlığı ilə barışmır. Bu gün qlobalist post-insan azlığı siçovul sürüsü kimi küncə sıxışdırılıb, lakin əllərində hələ də nüvə arsenalı var və bu fakt dünyanın sonunu gətirə bilər.

- Rus qoşunlarının Xersondan geri çəkilməsini necə izah edərdiniz? Rusiya Silahlı Qüvvələrinin əsas strateji səhvi nədir?
- Rusiya hökumətində prezidenti daim təslim olmağa, “taxıl sövdələşməsinə” getməyə, hər şeyi “əvvəlki vəziyyətə” qaytarmaq üçün Qərblə “danışıqlar” aparmağa təhrik edən liberal Qərb ideya daşıyıcılarının, necə deyərlər altıncı kolonun olduğu şəraitdə Xersondan geriçəkilmə tamamilə başadüşüləndir. Prezident onları dinləyir və onlara inanır, axı “dostlarıdır”. “Məğlubiyyət və xəyanət partiyası” olduqlarına inanmadığı üçün onlardan ayrılmağa qərar verə bilmir. O heç cür inana bilmir ki, Yeltsin dövründən hakimiyyətdə (yem təknəsində) olan adamlar bədxahdır, öz şəxsi maraqlarını ümumi dövlətdən üstün tuturlar. Amma o nəyinsə Rusiyadan vacib olmasına yol verə bilməz. Xersonun təhvil verilməsi rusları daxilən təmizləyir. Həmişə olduğu kimi, faciə və dram vasitəsilə, yüzlərlə və minlərlə insanın həyatı bahasına. Başqa cür desək, prezident (qlobalist Qərblə Ukrayna ərazisində müharibəyə kifayət qədər gec başlasa da), görünür illüziyalardan ayıla, ən yaxın çevrəsində satqınların və xəyanətkarların olduğunu dərk edə bilmir. Başqa cür ola da bilməz. Onun inanması üçün dəyər kifayət qədər yüksək olmalıdır, çünki bu gün o çoxqütblülük, Qərb hökmranlığına alternativ yolunda dünyanın ümid yeridir. Bunu bütün bu illər ərzində prezidentin ən yaxın çevrəsindəki agentlərə dəstək verən qlobalist Qərb də yaxşı başa düşür. “Təslimçilik partiyası”nın ideoloqları MKİ-nin birbaşa agentləri, sözün əsl mənasında ABŞ Demokrat Partiyasının adamları, ən yüksək kreslolarda oturan zəif iradəli axmaqları fırladan təcrübəli geyşalardır. Ancaq prezident onları heç bir şəkildə görə bilmir, görəndə də təkcə onu deyil, həm də Rusiyanı (legitimlikdən məhrum edərək) satdıqlarına inanmır. Ümid yalnız ona qalır ki, Xerson dramı, onun qurban edilməsi Putinin gözlərinin açılması üçün kifayət edəcək. Əks halda hər kəs üçün çox pis olacaq.

- Müharibənin Rusiya Federasiyası üçün sonrakı nəticəsini necə görürsünüz?
- Rusiya mütləq qalib gələcək. Ukraynaya deyil, bu yaxınlaracan zəfərin zirvəsində olan, iblisin kürsüsündə oturan Qərbə. Onu qayıdışını Müqəddəs Ataların proqnozlaşdırdığı yeni Rus Pravoslav Katexon İmperiyasının çatısı altına sürükləyəcək. Bu, simasını dəyişmiş Rusiyanın Məsih yolunda çarpışanların gücüylə yeni qayıdışı olacaq. Ancaq bu, Qərbin ölüm kimi qəbul etdiyi ağır qış yuxusundan oyandıqdan sonra baş verəcək. Bu, ölümcül atəşlə paklanmaqdan, alçaldılma və məğlubiyyət dramından keçən bir transformasiya olacaq. Biz başqa cür bacarmırıq, oyanmırıq, oyananda da baş verənlərin həqiqiliyinə inanmırıq. Xalq bir əsrdən artıq qadağan olunmuş, özümüzün utandığımız, adını çəkməyə qorxduğumuz Rus ideyasını qəbul edəndən sonra ayılacaq. Amma Rus ideyası oyandıqdan sonra xalq ənənəyə, ulu babaların inamına, Tanrıya qayıdış yolu ilə ayılacaq. Onda yolundakı hər şeyi süpürüb atan qələbə olacaq. Amma o zaman artıq dayanmaq olmaz, 1945-ci ildə bitirmədiyimiz və Qərb ideologiyasının - liberalizmin, satanizmin qloballaşmasının, insan haqlarının və digər üfunət iy verən Qərb infeksiyalarının xərçəng şişi kimi yenidən Yer kürəsinə yayılan bir toxumunu belə saxlamaq olmaz. Yeni dünyada heç bir Qərb olmamalıdır. Qoy bu bizim həmişəlik qələbəmiz olsun.

- Necə düşünürsünüz, tərəflərin artıq əsirləri dəyişdirdiyini nəzərə alsaq, müharibənin indiki mərhələsində Moskva ilə Kiyev arasında danışıqları bərpa etməyin mənası varmı?
- Kiyevlə danışıqları yalnız Kiyev alındıqdan sonra aparmaq olar. Əgər qərargahlarda, düz prezidentin ətrafında məğlubiyyət əhval-ruhiyyəsi və xəyanət olmasaydı, bunu 2022-ci ilin martında etmək olardı.

- Sizcə, Aİ Rusiya qazına kifayət qədər ciddi alternativ tapıbmı? Yoxsa avropalılar gələn il də enerji böhranından qaça bilməyəcəklər?
- AB Vaşinqton qarşısında alçaltmağa davam edərək, ABŞ-ın Avropa müstəmləkəsi olaraq itaətkarlığının əvəzini ödəməli olacaq. Qullara isə isti olmaz, onlar labüd olaraq Avropaya gedəcək rus qışında donacaqlar. Ta ki Avropanın böyük bir sivilizasiya olduğunu xatırlayana və Amerika işğalından azad olana qədər. O vaxta qədər Rusiyadan nə qaz, nə neft, nə də başqa resurslar olmayacaq. Bu yalnız Putinin çevrəsində satqınlar olduğu halda mümkün ola bilər. Onların güllələnmə siyahısı da prezidentə o zaman məlum olacaq.

- Sizcə, Ukraynadakı müharibənin yaratdığı maliyyə-iqtisadi böhrandan çıxmaq üçün Rusiya Federasiyasının kifayət qədər resursları varmı? Yoxsa Moskva hələ də regional müttəfiqlərinin və tərəfdaşlarının, məsələn, Çinin köməyinə ümid edir?
- Rusiya qitə, imperiya, sivilizasiyalar dövlətidir, onun resursları tükənməz, qüvvələri isə saysız-hesabsızdır. Müharibənin Rusiyanı hər hansı şəkildə zəiflədə biləcəyinə yalnız bütün dünyanın gözü önündə ağlını itirmiş, Alzheimer xəstəliyinə tutulmuş və ölüm ayağında olan qocanın əllərini öpən miskin qullar inana bilər. Müharibə Rusiyanı yalnız oyandırır, canlandırır, sağaldır, səfərbər edir. Quduz çaqqalların hücumları nə qədər şiddətli olarsa, Rusiya da bir o qədər güclü olacaq və Qərbə doğru irəliləyəcək, çünki “Rusiyanın sərhədləri heç yerdə bitmir” tezisi nəhayət reallığa çevrilmişdir.

https://t.me/xeber_dalgasi

Комментариев нет:

Отправить комментарий