Страницы

17.12.2022

İSA HƏBİBBƏYLİ, BU QƏDƏR VƏZİFƏ TUTMAQLA SİZİ YENƏ DƏ ÖZÜNÜZDƏN BAŞQA HEÇ KİM VƏ HEÇ NƏ DÜŞÜNDÜRMÜR?!

İdris Abbasov

Vəzifələr tutub yalnız özünü güdənlərin özlərinin, övladlarının, nəvə-nəticələrinin hər şeyi olduğu halda, Vətən övladlarının Vətəndə adi daldalanacağı, bir tikə çörəyi də olmamamlıdırmı, İsa müəllim?! Sizlərdən nə zaman Azərbaycanımızın canı qurtaracaq?!
Deputatsızınız, direktorsunuz və sairəsiniz, başa düşdük. Bəs onda niyə AMEA prezidenti postunu da tutmusunuz? Siz və sizin əhli-əyalınız eyş-işrət içində yaşadığı halda mən rəhbəri olduğunuz akademiyanın şöbə müdiri ola-ola qışın günündə niyə ehtiyac içində şəraitsiz gecəqondularda zülm  çəkməliyəm?! Bəyəm dövlətini sevən, xalqına xəyanət etmək fitrətinə sahib olmayan, millət balalarına doğruları deyən, rüşvət almayan, büdcəni talamayan, sövdələşib qrant yeməyən, dürüstlüyə üstünlük verən bir alim ehtiyac və xəstəlik içində çırpınmalı, siz isə vəzifələrin belində, məsuliyyətdən kənarda bolluq, israf içində yaşamalısınız?! Bunu bəndə də götürsə Allah götürməz!
Ey insanlar! Diplomlardan ötrü əyilməyin, şəxsiyyətinizi alçaltmayın, başınızı uca tutun! Diplom – elm deyil, diplom – mənəviyyat deyil, ləyaqət deyil, diplom şəxsiyyət, mənlik, qeyrət, namus deyil... Hətta bir çox hallarda diplom riyakar, satqın və xəyanətkarların əlində dövləti, xalqı soymaq uçün bir vasitədir, vəssalam!  
Bu kağız parçalarına görə əyilib ləyaqətinizi itirdinizsə, ömür boyu qədd-qamətiniz düzəlməyəcək, millət olaraq ətalət və geriliyin məngənəsində məhv olacaqsınız! 
Bilin ki, yaşadığımız real şəraitdə verilən bu elmi ad və dərəcələr su üzərində sabun köpüyü kimidir. 
O gün bir cavan dissertant deyir ki, müdafiə prosesində akademik-professor heyətinin ona verdiyi bütün işgəncələrə, aşağılamalara ona görə dözür ki, diplom alandan sonra əvəzini ikiqat çıxacaq.  Bu səbr etməyi ona rüşvət və mənəviyyatsızlıq qazanında bişib cızdağı çıxmış, 5 diploma sahib, akademşəbəkənin qırılmaz həlqəsi, əlahiddə fırıldaqçılıq və cibgirlik səriştəsi olan elmi rəhbəri tövsiyə edib. Deyib ki, bala, yaxın vaxtda diplomunu alıb bu gün payladığın pulların iki-üç qatını çıxaracaqsan. Yeni nəsil daha yeməlidir. Mənim yetişdirməmsən, bilirəm nəyə qadirsən, heç kəsə acımayacaqsan, qarşına çıxan tələbənin, dissertantın canını alıb dərisini soyacaqsan. Elmi dərəcə diplomunun qüdrətini biləndən sonra yerə, göyə sığmayacaqsan!!!   
Bəli, cavan dissertantlar rəhbərlərinin yolunu getməyə bir növ and içirlər.  Rüşvət qanına qəltan edilmiş və əhd bağlanmış, işbazlara və heysiyyətsizlərə fəaliyyət imkanı yaratmış bu naməzmun dissertasiya müdafiələri (yaxud alverləri) və əcaib diplomlaşdırmanın milli təhlükəsizliyimizə hansı problemlər yaradacağı haqqında yəqin ki bir gün dərindən düşünüb-daşınmaq və hərəkətə keçmək zərurəti yaranacaq! 
Müqayisə üçün deyim ki, aşağı-yuxarı mənim qədər diploma sahib olan İsa Həbibbəylinin (hazırkı baş akademikin!) timsalında məlum alim-akademiklər bu qədər pulu, mülkü hansı yolla əldə ediblər? Elmi əsər məsələsi deyil, çünki eləyə qalanda onlardan mənim də var (Hərçənd ki ölkədə sanballı elmi fəaliyyət imkanları tam məhdudlaşdırılıb. Ona görə də müqayisədə deyirəm. Təklikdə isə bir onu bilirəm ki, heç nə bilmirəm). Bunlarınkı xalqa xidmət və ya dürüstlük, sədaqət məsələsi deyil, çünki mənimlə rəqabət aparmağa yaxın düşmək iqtidarında deyillər.
Bu gün mən bir mənzilin kirayə haqqını ödəyə bilmədiyim, bir dəstəkləyici müalicə ala bilmədiyim halda bunların bu qədər pulları, mülkləri hardandır? Mən hələ xeyli imkana sahib rüşvətxor rektor, prorektor, direktor, dekan, kafedra müdiri, şöbə müdiri və digərlərini demirəm. 
Bu miqyasda ədalətsizlik heç müasir Qərbi Afrika respublikalarında da ola bilməz!
Buyurun, bu da mənim diplomlarım + üstəgəl 30 ilə yaxın əmək stajım= 638 AZN maaş!
Deməli, məndə “üstəgəl” işarəsində rüşvət, millətə nifrət, alıb-aldatma, dövlətə, xalqa xəyanət, qrant mənimsəmə, dövlətin ayırdığı büdcəni yemə və s. kimi elementlər çatışmır! Yəqin Allah eləməmiş bu qəbih elementlərdən biri, ya ikisi olsaydı, onda ən azı bu dünyada müvəqqəti yaşamaq üçün ortabab mənzilə malik olar və ya normal tibbi xidmətdən yararlanardım...
PS. Hesab edirəm ki, Allah-Təala işbazların sui-istifadə etdikləri bu diplomları ona görə mənə əlçatan edib ki, milləti əlaltdan məhv edən, dövləti zəif salan həqiqətləri heç olmasa olduğum, gözümlə gördüyüm müəssisələrdə dilə gətirim. 
İnsanlıq hissini itirmiş, nəinki dövlətçilik, həmçinin insanlıq şüurundan məhrum, diplomları, titulları, vəzifələri və cild-cild cızma-qaraları ilə gəncliyi aldadıb yanlış yönləndirən, dövlətə arxadan zərbə vuran, inkişafa qənim kəsilən adlı-titullu alim-akademiklərin əməlləri mümkün qədər ifşa edilməli və onların hörmətəlayiq olmadıqları cəmiyyətə çatdırılmalıdır...

Комментариев нет:

Отправить комментарий