Страницы

15.07.2023

AZƏRBAYCANA YENİ MÜTTƏFİQLƏR AXTARMAQ VACİBDİR


Valeri Korovin
“YENİ EPOXA” SAYTI ÜÇÜN MÜSAHİBƏ, 24.04.2018

—İlham Əliyev yeni prezidentlik müddətinə seçildi. Sizin fikrinizcə, Azərbaycanın xarici siyasət kursu Əliyevin sayəsində saxlanılacaqmı? Axı ABŞ təkcə Rusiyaya təzyiq göstərmir, onun müttəfiqlərini də sanksiyalarla cəzalandıracağını bildirir. Azərbaycan isə Rusiyanın müttəfiqlərindən biridir. Bakı tab gətirəcəkmi? Avrasiya oriyentirlərini saxlayacaqmı?

—Suriyada ABŞ-ın öz müttəfiqləri Britaniya və Fransa ilə birgə çıxardığı oyunlardan sonra istənilən sağlam düşüncəli siyasətçi başa düşür ki, belə dövlətlərdən, ümumiyyətlə sivil Qərbdən bacardıqca uzaq durmaq lazımdır – qeyri-adekvatlığına, dəyişkənliyinə, ağlına gələni etdiyinə, nəinki beynəlxalq hüququ, hətta elementar məntiqi və sağlam təfəkkürü belə qulaqardına vurduğuna görə. Qərbin bu üç ölkəsi heç kimin rəyini nəzərə almadan özlərini Qərb sivilizasiyasının başına qoyublar. Onlar ağına-bozuna baxmadan, yollarının üstündəkiləri söküb dağıdaraq dünya hegemonluğuna cumublar, bu məcrada dövlətləri, xalqları, bütöv dünya regionalarını məsrəfə buraxıblar.

Bu gün Qərbin müttəfiqi olmaq ağır fəsadlara gətirib çıxarır. Bu dövlətçiliyin özünə birbaşa təhlükə kəsb edir, belə ki Qərb təkcə öz düşmənləri ilə və neytral qüvvələrlə deyil, həm də öz müttəfiqləri ilə də hesablaşmır, onları da sərt şəkildə diz çökdürür və öz iradəsinə tabe olmağa məcbur edir. Bu gün Almaniya və İtaliya kimi ölkələr belə yalvarırlar ki, onları Rusiyaya qarşı sanksiyalara qoşulmağa qatmasınlar. Belə bir vəziyyətdə Azərbaycandan nə danışaq ki, Qərb onu gözünü belə qırpmadan həzmi-rabedən keçirə bilər!

Bu mənada Azərbaycanın özünü qoruması üçün Qərbdən uzaq durması, onunla əməkdaşlıq etməməsi, öz ölkəsində onun fəaliyyətini həm iqtisadi, həm mədəni, həm də ümumilikdə sivilizasion sahələrdə bacardıqca qısaltması gərəkdir. İkincisi, Azərbaycan bu gün formalaşan çoxqütblü dünya modeli çərçivəsində özünə yenə müttəfiqlər axtarmalıdır. Aydındır ki, heç bir ölkə təkbaşına yaşayıb sağ çıxa bilməz. Qərb sadəcə təhlükədir – dəlinin təhlükəli olduğu kimi; amma bu dəli yaxşıca silahlanmışdır, heç də adi dəli kimi stula otuzdurulub hər tərəfdən iplə bağlanmamışdır, əli-qolu açıqdır.

Azərbaycan yeni müttəfiqlərini Qərbdə axtarmamalıdır. Öz sivilizasion blokunu tapmaq lazımdır ki, Azərbaycana orda komfortlu və təhlükəsiz olsun, onun daxilində uzunmüddətli strateji inkişaf imkanı yaransın. Azərbaycan üçün belə blok Avrasiya blokudur. Odur ki hətta indilərdə Rusiya rəhbərliyinin Avrasiya inteqrasiyasının inkişafı sahəsində tələsməməsinə baxmayaraq, xarici faktorların təsirlərinə görə Azərbaycanın regionda Rusiya ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Eyni zamanda Türkiyə və İranla münasibətləri saxlamalıdır, yeni çoxqütblü dünyanın əsas mərkəzlərindən biri olacaq Avrasiya sivilizasion blokunun yaradılması çərçivəsində özünün strateji perspektivini nəzərə almalıdır.

—Dağlıq Qarabağ problemi hələ də qalır. Bu problemin son illərdə məhz Azərbaycan və Ermənistan liderlərinin hörmətləri və xarizmaları hesabına dondurulmuş halda qalmasını demək olarmı?

—Azərbaycan və Ermənistan liderlərinin xarizmaları hələ bir müddət də Qarabağ konfliktini dondurulmuş vəziyyətdə saxlamağa imkan verəcək. Mahiyyətcə bu konfliktin iki milli dövlət – Azərbaycan və Ermənistan respublikalarının qarşılıqlı münasibətlər modeli çərçivəsində həlli yoxdur. Vətəndaş və sosial siyasət unifikasiyasını, individuumların, alverçi burjuaların, yeknəsaq siyasi standartların atomar cəmiyyətini ehtiva edən milli dövlətin özü belə konfliktlərin həll imlkanından xaricdir. Belə konfliktlər yetərincədir və məhz milli dövlət modelinin önə çıxdığı zamanlardan, kolonial dünyanın tam demontajından sonra ortalığa çıxmışlar. Elə Donbasda, Dnestryanıda, Abxaziyada, Fələstində və Avropa da daxil olmaqla dünyanın bir çox nöqtələrində olduğu kimi, bu konflikt də milli dövlət quruluşunun mövcud və dominant oluduğu bir şəraitdə həll edilə bilməz. Axı bu problem Azərbaycan və Ermənistan üçün eksklüziv deyil, süni yaradılmış milli dövlətlərin olduğu müasir Modern dünyasının, parçalanmalar dünyasının məhsuludur – sistematikdir.

Odur ki fəaliyyətdə olan müasir model çərçivəsində bu konfliktin həlli mümkün deyil. Yaxşı, beş rayon verildi, lap yeddisi qaytarıldı, tutaq ki dördü tutuldu, yaxud altısı fəth edildi – prinsipial olaraq bu heç bir vəziyyəti dəyişmir. Baxmayaraq ki bu Azərbaycan və Ermənistan elitalarını müəyyən mənada tonusda saxlayır və ümumilikdə region Rusiyaya təsir nöqtəsidir. Əgər bu sizin xoşunuza gəlirsə, kifayət qədər uzun müddət davam edə bilər.

Konfliktin sistemli həlli isə milli dövlət quruluşu formatından böyük bloklar formatına keçidlə bağlıdır ki, daxilindəki subyektləri atomar individuumlardan təşkil olunmuş süni siyasi millətlər deyil, xalqlardır, təbii kollektiv camiələrdir. Lakin bu da böyük Avrasiya məkanının çoxqütblü dünya modeli üzrə yenidən formalaşdırılması, böyük Avrasiya məkanının yaradılması və Avrasiya xalqlarının subyektliliyinin bərpası ilə bağlıdır.

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий