10.08.2011

Dan ulduzu

Mirvari Nəcəf

Üfüqdən boylananda birinin mənə baxmaqdan usanmayan  gözlərini görürəm. Dil susur, gözlərsə onun yerinə danışır.Yer üzündəki aləm  öz ağı-qarası ilə  onun baxışlarında gizlənib…
Uşaqkən çərpələngini göyün ən yüksək qatında uçurtmaq istərdi həmişə. Böyüyüb ,hələ də   mənim üfüqümə qaçmaq istəyir…
O, səkkiz   yaşında bütün qohumlarını itirmişdi.Çünki atasının ölümündə anası Gülərı günahlandırırdılar.Tanrı verdiyi canı verdiyi kimi də almışdı.  Gülərsə yad qızı idi, ocaqlarına qohum olmayan birinin kölgəsi düşmüşdü. İndi heç vaxt sevmədikləri gəlini qınamaq ələdüşməz fürsət idi.
Gülər  kasıb,namuslu ailənin qızı idi.Səlimlə ilk tanışlığı onların evinə tikdiyi pərdələri gətirərkən  olumuşdu.Səlim bu səmimi cılız qıza həmin gün ürəkdən bağlanmışdı. Bir neçə görüşdən sonra onlar bu münasibəti ciddiləşdirmək qərarına gəlmiş və evlənmişdilər. Bir ildən sonra oğullarının dünyaya gəlməsi bu ailənin mehribanlığını daha da artır. Gülərin üzünə xoşbəxtlik qapısı birdən  açılmışdı, birdən də fəlakət qapısı ilə əvəz olunur.Səlim hamının adını çəkməkdən qorxduğu bir xəstəliyə, xərçəng xəstəliyinə tutulmuşdu.
Amma Gülərə görə çox narahat deyildi. Ona mənzil və oğullarının gənc yaşlarına kimi yetəcək miqdarda pul qoyub gedirdi.Amma Səlim saydığını saymışdı, qardaşları da  öz saydıqlarını. Səlimin dəfnindən bir həftə sonra Gülər evi tərk etməli olur. “Ata malımızdır” deyən qayınları  Səlimin ardından onu da diri-diri məzara gömür və evdən qovur, pulun ucunu belə ona göstərmirlər.Gülər üzünə üz tutaraq, kor-peşman   ata evinə gedir.
Bir parça çörək dərdinə düşən Gülər Səlimlə birlikdə onunla yaşadığı  günlərin xatirəsinin izini də itirmişdi.Tək  ümidi oğlunu yaşatmaq ümidi idi. 8 yaşlı Dəmirinsə  anasının güzəranına tamaşa etməkdən  başqa əlindən heç nə gəlmirdi. Çox sakit uşaq idi Dəmir.Heç bir uşaqla dalaşmaz, heç nəyə görə anasını incitməzdi. Gülərsə onun bu halını heç sevmirdi. Dəmirin böyüyüb əmilərindən qisas alacağı günü səbirsizliklə gözləyirdi. Ana ürəyinin kini övladını məhv edə bilərdi, amma bunu heç kim duymurdu.
İllər keçdi, Dəmir təbiətinə uyğun peşəyə yiyələndi.İki aydan sonra aldığı təyinatla kənd məktəblərindən birində müəllimlik edəcəkdi.
Gülərsə oğlunun hüquqşünas olacağına ümid edirdi. “O bu yolla Səlimli günlərimin yadigarı olan evimizi geri qaytara bilər”-deyə düşünürdü həmişə. İndi ana xəyalı suya düşmüşdü...
Dəmirin getməsinə bir həftə qalırdı.Gülər möhkəm xəstələndi.
Yaşlandıqca içindəki qisas eşqi daha da artmışdı.Onu yataqlara salan da bu idi.Dəmirsə bu kin-küdurətin əbəs olduğunu düşünürdü.İçərisində insanlara qarşı böyük  sevgi vardı.Ana ürəyinin dərinliklərindəki bu nifrəti heç cür başa düşə bilmirdi.Dəmir fikrini dəyişmədikcə ananın hiddəti daha da artırdı.
Bir aydan sonra Gülər vəsiyyətini edib dünyasını dəyişdi.Dəmir ilk dəfə möhkəm sarsıldı.Anasının vəsiyyətini  yerinə yetirə bilməyəcəyi üçün iki qat sarsılmışdı, çünki Dəmir qisas ala biləcək insan deyildi…Bu onun təbiətində yox idi.Gecələr  anasını eyni şəkildə yuxuda görürdü…
Gülərin yoxluğuna alışa bilmirdi,günü-gündən həsrəti daha da yaxıb alovlanırdı.Yuxularında anasını lap  tez-tez görməyə başlayır…Hər dəfə eyni yuxu…Gülər uzaqdan ona baxıb başını yelləyir…
Bir tərəfdən işini itirməsi, bir tərəfdən də başqa  iş tapa bilməməsi,hər gecə də bu yuxunu görməsi onu haldan salır.Əvvəlki sakit Dəmir əsəbi , özündən tez çıxan , heç kimə güzəştə getməyən Dəmirə çevrilir. (Gülər oğlunun bu halını görə bilmədiyi üçün dünyasını dəyişmişdi.red.)
Bir gün kafedə iş tapır, lakin müştəri ilə kobud rəftarı onu bu işdən qoyur.Artıq özünü tanıya bilmirdi…Mən kiməm-deyə tez-tez özünə eyni bir sualı verib durur.Əvvəlki sakit Dəmir güzgüyə hər baxanda ovu əlindən alınmış şiri xatırladırdı…İnsan xasiyyəti təbiət hadisələrini xatırladır bəzən.Gah külək kimi ətrafı dağıdır,gah şimşək kimi çaxır,gah günəş kimi yandırıb yaxır, gah da sakitliyi ilə  hər şeyə sükutu gətirir.Dəmirin sükutu  uşaq vaxtı çərpələngini uçurtduğu zamanlardan qalmışdı…İndi isə pozulmuşdu.
Anasını tez-tez düşündükcə onun dedikləri də yadından çıxmırdı.Bəlkə qisasımızı alım?Bəs kimdən alım?Axı üzlərini belə xatırlamadığım insanlara necə bir nifrət bəsləməliyəm ki onlardan qisas ala bilim?Yox mən bunu bacarmaram. Amma bu anamın son istəyidi…
Son istəyi…
Nəhayət bu düşüncələr içərisində Dəmir bir neçə ay  uşaqlığı keçən, anasının xatirələrlə dolu olan köhnə evlərinin ətrafında dolanmağa başlayır.Bir gün  ürək edib qapını döyür.Əmisi açır.Taqətdən düşmüş, beli bükülmüş, üstəlik atamın cizgilərini xatırladan bu insandan nə qisas alım?-öz-özünə düşünən Dəmir “bağışlayın səhv gəlmişəm”- deyib geri qayıdır.
Yenə günlərlə anasının vəsiyyətini düşünür və təkrar həmin qapıya gəlir. Qoca qapını açır və vəziyyətinin yaxşı olmadığını görən Dəmir onu içəri aparır.O, Dəmirin kim olduğunu bilmədən ölümünün çatdığını hiss edib kimsəsiz qalacaq bu evi ona əmanət edir. “Tanrı cəzalandırdı bizi, qardaşımla mən  bu evin əsl sahiblərini burada  yaşamağa qoymadıq, əvvəl o, indi də mən bu xəstəliyə düçar olmuşuq.Böyük qardaşım ikimizi də yanında görmək istəyir, mənim də vədəm çatıb.Tanrı bizi bağışlasın”.
Dəmirin nitqi qurumuşdu...
Günlər keçir, artıq Dəmir illərlə anasının xarirələrinin tor saldığı yerdə içərisində hər zaman çovlayan qəribə səssizliyin səbəbini duyurdu.  Anası isə daha yuxularına girmirdi...Sübh açılar-açılmaz yaxınlıqda   bir ulduz (o bu evin daimi sakini idi) Dəmirin  pəncərəsindən parlayırdı...

Комментариев нет:

Отправить комментарий